Məhkəmə qərarları › İş №1(058)-19/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-19/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-19/2025 21.04.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Samux rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Samux rayonu, Lək kəndində qeydiyyatda olan, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 11 may 2025-ci il tarixdə saat 11 radələrində yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evin qonaq otağında olan saxlanc yeri hesab olunan və qapısı qıfılla bağlanmış sandığın qapısının arxa hissəsindən burğulu vintləri qəsdən qanunsuz olaraq burağac (atvyorka) vasitəsi ilə açaraq, arvadı X2 qeyd olunan sandığın içərisində saxladığı və arvadı X2 bacısı Zərərçəkmiş şəxs məxsus olan 1485 manat dəyərində 01 ədəd qızıldan hazırlanmış 16.5 qram 583 əyyarlı qızıl “Rekert” sepi gizli yolla talayaraq, qəsdən saxlanc yerinə qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1485 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, Samux rayonu, Qarayeri qəsəbəsində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 arvadıdır, onunla rəsmi nigahdan 1 qızı vardır. X4 onun baldızı, yəni arvadı Ceyhunənin doğma bacısıdır. Şəlalə ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Şəlalə təxminən iki il olar ki, öz qızıllarını saxlaması üçün arvadı Ceyhunəyə vermiş, Ceyhunə də həmin qızılları yataq otağında olan sandıqda saxlayırmış və həmin sandığın qapısında qıfıl var imiş və qıfıl şifrə ilə açılırmış. Ceyhunə qıfıl kodunu ona deməyibmiş və qıfılın kodunu bilmirmiş. Onun mobil telefonu yox imiş və özünə mobil telefon almalı imiş, həmçinin dükanada bir qədər borcu var imiş. O, qərara gəlmişdir ki, Şəlalənin qızıllarından birini oğurlayıb satıb bir qədər pul əldə etsin. Arvadı Ceyhunə qızı ilə birlikdə xx.xx.2024-cü il tarixdə Samux rayonu Sərkar kəndinə anası Rənanın evinə getmişdir. Qeyd etmişdir ki, yaşadıqları evdə onlardan başqa anası Minarə də yaşayır. O, Ceyhunənin evdə olmamasını fürsət bilib Şəlalənin qızılını oğurlamağı qətiləşdirmişdir. Belə ki, anası qoca insan olduğu üçün otaqda nə etdiyindən xəbəri olmayacaqmış. xx.xx.2024-cü il tarixdə işdən icazə alıb yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evə gəlmişdir. Evə gələn zaman saat 11 radələri imiş. Evə gələn zaman anası evin həyətində imiş və həyətdə onunla salamlaşmışdır. Anası evə nə yaxşı gəldiyini soruşan zaman ona elə belə evə gəldiyini demişdir. Bundan sonra yaşadığı evin yataq otağına açıq qapıdan daxil olmuş, otağa daxil olduqdan sonra otağın pəncərəsinin yanında olan sandığı bir qədər irəli çəkmiş, qıfılı qırmaq şübhə çəkəcək deyə əvvəlcədən özü ilə burağac (Atvyorka) gətirmişdir ki, sandığın şuruplarını açsın və qızılı götürdükdən sonra yenidən bağlasın. O, burağacla (Atvyorka) sandığı açmış və oradan 1 ədəd qızıl “Rekert” sep götürmüşdür. Sandığın içərisində Şəlaləyə məxsus digər qızıllarda var imiş, lakin oradan ehtiyacı olan 01 ədəd “Rekert” qızıl sep götürmüşdür. O, sepi götürdükdən sonra sandığı bağlamış və əvvəlki yerinə qoymuşdur. Bundan sonra yol maşını ilə Gəncə şəhərində yerləşən “Nizami küçəsi” adlanan yerə getmişdir. Nizami küçəsində “Keçəllər” adlanan yerin yaxınlığında yerləşən tanımadığı qızıl mağazasına daxil olub satdıq qızılının olduğunu demişdir. Orada işləyən adını bilmədiyi qızılın alqı satqısı ilə məşğul olan şəxs ondan qızılın kimə məxsus olduğunu soruşmuş və ona qızılın özünə məxsus olduğunu demiş, bundan sonra həmin şəxs ondan şəxsiyyət vəsiqəsini tələb etmiş və o, şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, həmin şəxs də onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra qızılı tərəziyə qoyub ölçmüşlər və qızıl 16.5 qram olmuşdur. O, qızılın qramını 38 manatdan satmış və cəmi 630 manat pul almışdır. Qızılı sataraq əldə etdiyi pulla həmin yerin yaxınlığında olan dükandan 180 manata “Xiomi” markalı mobil telefon almışdır. Həmin tarixdə saat 14 radələrində arvadı Ceyhunə ona zəng vuraraq fermanın sahibi Nərimanın ona zəng edərək işdən icazə alıb getdiyini və işə qayıtmadığını demiş və harada olduğunu soruşmuş, o, Ceyhunəyə şəhərdə olduğunu və birazdan qayldacağını demişdir. Saat 15 radələri olarmış fermaya qayıtmışdır. Bundan sonra Ceyhunə ona zəng edərək qızılı götürüb götürmədiyini soruşmuş, ilk öncə deməmiş, lakin sonradan oğurluq etdiyini demişdir. Sonra Ceyhunə və bacısı Şəlalə yanına gəlmişlər, qızılı oğurladığını etiraf etmiş və qızılın pulu ilə aldığım telefonu Şəlaləyə qaytarmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadı Şahid1 doğma bacısıdır. Zərərçəkmiş şəxs evində təmir işləri apardığından, evdə usdalar işlədiyindən, özünə məxsus qızıl əşyalarını gətirib bacısı Ceyhunəyə vermişdir ki, saxlasın. Onun həmin qızıl əşyalarının qonaq otağında olan sadığın içərisində olduğundan məlumatı olmuşdur. O, özü fermada çoban işləyir. xx.xx.2024-cü il tarixdə işdən icazə alıb yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evə gəlmişdir. Bundan sonra yaşadığı evin yataq otağına açıq qapıdan daxil olmuş, otağa daxil olduqdan sonra otağın pəncərəsinin yanında olan sandığı bir qədər irəli çəkmiş, qıfılı qırmaq şübhə çəkəcək deyə əvvəlcədən özü ilə burağac (Atvyorka) gətirmişdir ki, sandığın şuruplarını açsın və qızılı götürdükdən sonra yenidən bağlasın. O, burağacla (Atvyorka) sandığı açmış və oradan 1 ədəd qızıl “Rekert” sep götürmüşdür. Sandığın içərisində Şəlaləyə məxsus digər qızıllarda olmuş, lakin oradan ehtiyacı olan 01 ədəd “Rekert” qızıl sep götürmüşdür. O, sepi götürdükdən sonra sandığı bağlamış və əvvəlki yerinə qoymuşdur. Bundan sonra yol maşını ilə Gəncə şəhərinə getmiş və qızılı satmışdır. Qızıl 16.5 qram olmuşdur. O, qızılın qramını 38 manatdan satmış və cəmi 630 manat pul almışdır. Qızılı sataraq əldə etdiyi pulla həmin yerin yaxınlığında olan dükandan 180 manata “Xiomi” markalı mobil telefon almışdır. Saat 15 radələri olarmış fermaya qayıtmışdır. Bundan sonra Ceyhunə ona zəng edərək, qızılı götürüb götürmədiyini soruşmuş, ilk öncə deməmiş, lakin sonradan oğurluq etdiyini demişdir. Sonra Ceyhunə və bacısı Şəlalə yanına gəlmişlər, qızılı oğurladığını etiraf etmiş və qızılın pulu ilə aldığı telefonu Şəlaləyə qaytarmışdır. Əməlindən peşmandır. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Göygöl rayonu Zurnabad kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Dəmir yolunun altı Azadlıq küçəsi ev 21-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Şahid1 bacısı, Təqsirləndirilən şəxs isə bacısı Ceyhunənin əridir. Onlarla heç bir düşmənçilik və ədavəti olmamışdır. Onun 4 azyaşlı uşağı var, balaca qızı əlildir. Onun özünə məxsus 5 ədəd qızıl sep, 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl kişi üzüyü və 2 ədəd qızıl klonu var imiş və həmin qızılları özü almışdır. O, çox vaxt yaşadığı evdə olmadığı üçün həmin qızılları saxlaması üçün 2 il bundan əvvəl, yəni 2022-ci ildə bacısı Ceyhunəyə vermiş və Ceyhunə onun gözünün qabağında həmin qızılları özünün yaşadığı Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən evinin yataq otağında olan sandığa qoymuşdur. Həmin sandığın qapısı üzərində kod olan qıfılla bağlanmış və həmin kodu bacısı Ceyhunədən başqa heç kim bilmirmiş. 12 may 2024-cü il tarixdə bacısı Ceyhunə ona zəng edərək ona nə qədər qızıl verdiyini soruşmuş, o da Ceyhunəyə 5 ədəd qızıl sep, 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl kişi üzüyü və 2 ədəd qızıl klon verdiyini demiş, Ceyhunə bundan sonra telefonunu keçirmiş, 10-15 dəqiqə sonra Ceyhunəyə zəng vurmuş və Ceyhunə ağlayaraq bildirmiş ki, əri İsmixan 1 ədəd sepi oğurlayıb. Bundan sonra o, Samux rayonu Qarayeri qəsəbəsinə Ceyhunənin evinə getmişdir. Ceyhunə ona demişdir ki, qızılın oğurlanmasını bildiyi gündən 3-4 gün qabaq anası Rənanın evinə qonaq getmiş, xx.xx.2024-cü il tarixdə isə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinə gələn zaman evin yataq otağında olan sandığın sındırıldığını görmüş və zəng edərək sandığın içərisində nə qədər qızıl olduğunu soruşmuş, daha sonra sandığı açaraq qızılları yoxlayan zaman 1 ədəd qızıl sepin oğurlanmasını bilmiş və İsmixana zəng edərək qızılı götürüb götürmədiyini soruşmuş, İsmixan ilk öncə boynuna almamış, polisə şikayət olunacağını dedikdən sonra etiraf etmiş ki, ehtiyyacı olduğu üçün sandığı sındıraraq 1 ədəd qızılı oğurlayıb satmışdır. O, İsmixandan qızılını hara satdığını soruşmuş və demişdir ki, qızılı satdığı yeri desin və pulu verib qızılları geri qaytarsın. Lakin İsmixan ona qızılların yerini deməmiş və buna görə polisə zəng edərək hadisə barədə məlumat vermişdir. İsmixan sandıqda olan qızılların ona məxsus olduğunu əvvəlcədən bilirmiş və İsmixan ona məxsus olan 01 ədəd qızıldan hazırlanmış 16.5 qram 583 əyyarlı “Rekert” sepini oğurlayaraq 2300 manat maddi zərər yetirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı Şahid1 əridir. O evində təmir işləri apardığından, evdə usdalar işlədiyindən, özünə məxsus qızıl əşyalarını saxlanılması üçün bacısı Ceyhunəyə vermişdir. 12 may 2024-cü il tarixdə bacısı Ceyhunə ona zəng edərək bildirmişdir ki, əri İsmixan 1 ədəd sepi oğurlayıb. Bundan sonra o, Samux rayonu Qarayeri qəsəbəsinə Ceyhunənin evinə getmiş, Ceyhunə ona demişdir ki, qızılın oğurlanmasını bildiyi gündən 3-4 gün qabaq anası Rənanın evinə qonaq getmişdir. xx.xx.2024-cü il tarixdə isə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evinə gələn zaman evin yataq otağında olan sandığın sındırıldığını görmüş və zəng edərək sandığın içərisində nə qədər qızıl olduğunu soruşmuş, daha sonra sandığı açaraq qızılları yoxlayan zaman 1 ədəd qızıl sepin oğurlanmasını bilmiş və İsmixana zəng edərək, qızılı götürüb götürmədiyini soruşmuş, İsmixan ilk öncə boynuna almamış, polisə şikayət olunacağını dedikdən sonra etiraf etmiş ki, ehtiyyacı olduğu üçün sandığı sındıraraq 1 ədəd qızılı oğurlayıb satmışdır. O, İsmixandan qızılını hara satdığını soruşmuş və demişdir ki, qızılı satdığı yeri desin və pulu verib qızılları geri qaytarsın. Lakin İsmixan ona qızılların yerini deməmiş və buna görə polisə zəng edərək, hadisə barədə məlumat vermişdir. İsmixan sandıqda olan qızılların ona məxsus olduğunu əvvəlcədən bilmiş və İsmixan ona məxsus olan 01 ədəd qızıldan hazırlanmış 16.5 qram 583 əyyarlı “Rekert” sepini oğurlayaraq, 2300 manat maddi zərər yetirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmişdir, ondan şikayətçi deyil, təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs 21 aprel 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur, ailəsi ilə birlikdə onunla qalır. Zərərçəkmiş şəxs gəlini Ceyhunənin bacısıdır. Əvvəllər Samux rayonu Lək kəndində yaşamışlar, sonra isə Samux rayonu Qarayeri qəsəbəsinə köçmüşlər. İsmixan Samux rayonunda yerləşən fermada çobanlıq etmiş və çobanlıq etdiyi fermada qalmışdır. İsmixan təxminən 15 gündən bir istirahət götürərək yaşadıqları evə gəlir və bir gün qaldıqdan sonra yenidən fermaya qayıtmışdır. xx.xx.2024cü il tarixdə İsmixan yaşadıqları evə getmiş, həmin vaxt o, evin həyətində olmuşdur. İsmixan onunla görüşdükdən sonra evin yataq otağına tərəf getmiş, təxminən 15-20 dəqiqədən sonra İsmixan evdən çıxıb getmişdir. Həmin günün sabahısı gəlini Ceyhunə gəlmiş və Ceyhunə gəldikdən sonra ona İsmixanın evdən Şəlaləyə məxsus 1 ədəd qızıl sep oğurladığını bildirmişdir. Sonradan İsmixandan nə səbəbə oğurluq etdiyini soruşan zaman İsmixan ona pula ehtiyyacı olduğu üçün Şəlalənin qızılını oğurladığını bildirmişdir. Onun evdə qızıl olmasından xəbəri olmamışdır. Həmçinin İsmixanında qızılı oğurlamasını hadisədən sonra gəlini Ceyhunədən eşitmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux rayonu Qarayeri qəsəbəsində əri İsmixan, qızı Elcanə və qaynanası Minarə ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əridir. İsmixanla əvvəllər Samux rayonu Lək kəndində yaşamışlar, sonra isə Samux rayonu Qarayeri qəsəbəsinə köçmüşlər. İsmixan Samux rayonunda yerləşən fermada çobanlıq etmişdir. Zərərçəkmiş şəxs onun doğma bacısdır. Şəlalə işi ilə əlaqədar çox vaxt evdə olmadığı üçün Şəlalə ona qızıllarını saxlamağını demişdir. O, Şəlaləyə heç bir etiraz etməmişdir. 2022-ci ilin xatırlamadığı bir günündə bacısı Şəlalə 5 ədəd qızıl sep, 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl kişi üzüyü və 2 ədəd qızıl klonu saxlamaq üçün ona vermişdir. Həmin qızılları bacısı Şəlalənin gözü qarşısında yaşadığı Samux rayonu Qarayeri qəsəbəsində yerləşən evin yataq otağında olan sandığa qoymuş və sandığın qapısını qıfılla bağlamışdır. Həmin qıfılın kodunu ondan başqa heç kim bilməmişdir. xx.xx.2024-cü il tarixdə Samux rayonu Sərkar kəndinə anası Rənanın evinə getmiş, evdən çıxmamışdan öncə sandığa baxmış və qızıllar orada olmuşdur. xx.xx.2024cü il tarixdə İsmixanın işlədiyi fermadan ona zəng edilmiş və İsmixanın işdən icazə alıb getdiyini, lakin işə qayıtmadığını demişdirlər. O, da İsmixana zəng etmiş və harada olduğunu soruşmuşdur. İsmixan telefonda səsi titrəyərək ona şəhərdə olduğunu və birazdan qayıdacağını demişdir. O, narahat olmuşdur çünki Şəlalənin qızıllarını evdə qoyub çıxmışdır. Bundan sonra yaşadığı Samux rayonu Qarayeri qəsəbəsinə qayıtmışdır. O, evin yataq otağına daxil olmuş, sandığı açıb baxan zaman qızılların içərisində olan 01 ədəd “Rekert” sepin yerində olmadığını görmüşdür. Sandığın kilidi sınmamış, lakin sandığın arxa tərəfində olan şuruplar açılıb yenidən yerinə bağlanmışdır. Həm də sandıq yerindən tərpənmişdir. O, qaynanası Minarədən İsmixanın evə gəlib gəlmədiyini soruşmuş, Minarə isə İsmixanın saat 11 radələrində evə gəldiyini təxminən 15-20 dəqiqə sonra isə İsmixanın qayıtdığını bildirmişdir. Bundan sonra bilmişdir ki, İsmixan bacısı Şəlaləyə məxsus sepi oğurlamışdır. O, bundan sonra İsmixana zəng etmiş və qızılı götürüb götürmədiyini soruşmuşdur. İsmixan telefonda qızılı götürməyini boynuna almamışdır. Bundan sonra bacısı Şəlaləyə zəng vuraraq, İsmixanın qızılı oğurladığını demişdir. O, bacısı Şəlalə ilə birlilkdə İsmixanın iş yerinə getmiş, İsmixan orada da boynuna almaq istəməmiş, İsmixana polisə müraciət edəcəklərini deyəndə İsmixan onlara qızılı oğurladığını etiraf etmiş və qızılı satıb puluna telefon aldığını və qalan pulla isə borclarını verdiyini demişdir. Bundan sonra İsmixana qızılı satdığı dükanı göstərməsini demişlər. Lakin İsmixan qızılı satdığı dükanı onlara deməmişdir. Bundan sonra bacısı Şəlalə İsmixanın oğurluq etməsi barədə polisə məlumat vermişdir. Hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş, İsmixanın bacısı Şəlaləyə məxsus qızılları saxladığı sandığı açmağa icazə verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ceyhunə Masayeva bacısı Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd qızıl boyunbağı saxladığı sandığı göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 1 ədəd oğlurladığı boyunbağının yeri göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 dekabr 2024-cü il tarixli, 9\9287 nömrəli rəyindən görünür ki, 01 ədəd qızıldan hazırlanmış 16,5 qram 583 əyyarlı «Rekert» sepin hadisə baş verən tarixə, yəni 2024-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1485.00 manat (16,5 qram x 90.00 manat) müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu və Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “boyunbağı” Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Qarayeri qəsəbə ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu və Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar