Məhkəmə qərarları › İş №1(058)-20/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-20/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-20/2023 25.05.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, İİ qrup əlil, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Nizami küçəsi dalan 3, ev 8-də qeydiyyatda olmaqla Göygöl rayonu Üçtəpə qəsəbəsində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf polietilen kəsiyində təmiz çəkisi 1.069 qram kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 04 yanvar 2023-cü il tarixdə saat 21:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən “Azpetrol” X3 yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf polietilen kəsiyində təmiz çəkisi 1.069 qram, kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamin ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik istifadəçisidir, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərinin Yeni Yerevan adlanan əraziyə getmiş, orada olan zaman yerdə bir büküm görmüş, bükümü açan zaman əvvəllər də istifadə etdiyi üçün tanıdığı narkotik maddə olan metenfitanin olduğunu görmüş və onu tez cibinə qoymuş ki, gələcəkdə ondan istifadə etsin. xx.xx.2022-ci il tarixdə Samux rayonu ərazisində restoranlarda afsiant işi axtarmağa gəlmiş, Samux rayonuna gələrkən xx.xx.2022-ci il tarixdə Gəncə şəhərinin Yeni Yerevan adlanan ərazisindən tapmış olduğu metanfitamin onun üzərində olmuşdur. Bir neçə restorana getsə də iş tapa bilməmişdir. Həmin tarixdə axşam saatlarında piyada Gəncə şəhərinə yaşadığı evə gedərkən Samux rayonu Nəbiağalı qəsəbəsində yerləşən “Azpetrol” X3 yaxınlığında olan zaman saat 21 radələrində mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmiş, ondan harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan gödəkcənin sol cibindən bir ədəd şəffaf sellefonda olan narkotik maddə olan metanfitamini təqdim etmişdir. Polis əməkdaşlarının onda narkotik vasitənin olduğunu bildiklərini yəqin etdiyi üçün üzərində olan sellofan bükülüdəki narkotik vasitəni özü təqdim etmişdir. Onun üzərində saxladığı narkotik maddə çəkilən zaman 1.3 qram olmuş. Hazırda isə əməlini səmimi olaraq etiraf edir. O, həmçinin göstərmişdir ki, onda narkotik vasitə olduğunu heç kəs bilməyib və heç kəsin də bundan xəbəri olmayıb, əvvəllər heç kəsdən narkotik vasitə almayıb, heç kimə də narkotik vasitə və ya psixotrop maddə satmayıb. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, vəzifəsində işləyir. 04 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında 04 yanvar 2023-cü il tarixdə axşam saat 21:40 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə getmişdirlər. Samux rayon Nəbiağalı qəsəbəsində “Azpetrol” X3 yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və ona birlikdə getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və o, Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Murad Balakişiyev tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkcəsinin sol döş cibindən bir ədəd şəffaf bükülünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükülünün içərisində metanfitamin vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan metanfitaminə bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 1.3 ( bir tam onda üç ) qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü 1 həftə əvvəl, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərində Yeni Yeravan adlanan ərazidən tapdığını və özü istifadə etdiyi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək S.Nağıyevin ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: 04 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 04 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, CAB-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Samux RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis mayoru Şahid2, Samux RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6, Samux rayonu ərazisində fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra üzərində qanunla nəzərdə tutulmuş qaydada qadağan edilmiş maddənin, əşyanın, predmetin olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli qış gödəkçəsinin sol döş cibindən bir ədəd şəffaf sellofana bükülünü təqdim edərək içərisində “metafetamin” olduğunu bildirmişdir. Həmin bükülü açılan zaman ilk baxışdan metafetaminə oxşar ağ rəngdə kristal halda kütlə olması müəyyən olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 1.3 qram olmuşdur. Kütlə qablaşdırılaraq götürülmüş və zərfə qoyularaq baxış iştirakçıları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. 06 yanvar 2023-cü il tarixli Samux RPŞ-nin İQ-nun müstəntiqi, polis baş-leytenantı X2 qərarına əsasən Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizanın 05 yanvar 2023-ci il tarixli 16/11 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs o..” yazılar və imzalar olan kağız paketdəki,1(bir) ədəd şəffaf polietilen kəsiyində təmiz çəkisi 1.069 qram maddə, kustar üsulla hazırlanmış psixotrop madə-metanfitamindir. Məhkəmə narkoloji ekspertizasının 03 mart 2023-cü il tarixli 385 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. psixotrop maddə olan metanfetamindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş amblator məhkəmə psixatrik ekspertizasının 28 fevral 2023-cü il tarixli 136 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırda X5 pozuntusu XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun məcburi müalicə tədbirlrinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Samux RPŞ-nin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis mayoru Murad Balakişiyev tərəfindən Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu 1(bir) ədəd “CD” disk maddi sübut hesab edilmiş və cinayət işində saxlanılır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.019 qram kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamin iş üzrə maddi sübut hesab edilmiş və Samux RPŞ-nin saxlanc yerində saxlanılır. Göygöl Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 1(066)-134/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlli xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatacaq. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 24 gün hissəsini çəkmişdir. Cəzasının çəkilməmiş hissəsi 11 ay 06 gün təşkil edir. Göygöl rayon İHB-nın Üçtəpə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası müvafiq həddə təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Göygöl RayonMəhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(066)-134/2022 saylı hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs hazırda Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(066)-134/2022 saylı hökmünə əsasən çəkilməmiş 11 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası qaldığından, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Göygöl Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli 1(066)-134/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay, 06 gün gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə, 05 ay 21 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il, 02 ay, 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 25 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclası zalından dərhal həbsə alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 1.019 qram kustar üsulla hazırlanmış psixotrop maddə metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi 48 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 ay 6 gün hissəsi azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə 05 ay 21 gün azadlıqdan məhrumetməyə bərabər tutulmaqla hazırkı hökmlə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə bir gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 1,019 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmədə göstərdiyi 48 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar