Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-22/2025 07.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Samux rayonu, İstixana qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu, İstixana qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 220 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 01 fevral 2025-ci il tarixdə saat 10:15-də Samux Rayon Polis şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Ziyadlı kəndində yerləşən “OBA” marketin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 220 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, arabir epizodik olaraq narkotik vasitə istifadə edir. 2023-cü il tarixdə üzərində qanunsuz olaraq psixotrop maddə gəzdirdiyi üçün Samux Rayon Məhkəməsinin hökmü ilə azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmuş və hazırda üzərində elektron nəzarət qolbağı vardır. Hal-hazırda isə ara-bir narkotik vasitə olan nəşə, yəni qurudulmuş marixuana istifadə edir. 2024-cü ilin yay aylarının xatırlamadığı bir gündə Samux rayonu, Kür çayının sahilinə gedərək xatırlamadığı bir yerdə yabanı halda bitən çətənə kollarının yarpaqlarını toplamışdır. Samux rayonu, Kür çayının sahilində yabanı halda çətənə kollarının yetişdiyini bilmiş, yabanı halda bitən çətənə kollarının yarpaqlarını sellofan paketə yığmış və onu öz yaşadığı evin yaxınlığında kimsənin görə bilməyəcəyi bir yerdə gizlətmişdir. Narkotik vasitəni yığmaqda məqsədi ondan istifadə etmək olmuşdur. Narkotik vasitənin olması barədə heç kimə heç nə deməmişdir. O, həmin narkotik vasitə olan qurudulmuş marixuana yabanı halda olduğu üçün onu atmaq qərarına gəlmişdir. 01 fevral 2025-ci il tarixdə yaşadığı Samux rayonu, İstixana qəsəbəsində gizlətmiş olduğu yerdən qurudulmuş marixuananı özü ilə birlikdə götürərək, Samux rayonu, Ziyadlı kəndindən keçən su kanalına atmaq üçün aparmışdır. Saat 10 radələrində Samux rayonu, Ziyadlı kəndində yerləşən “OBA” marketin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu və onlar üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmaması, əgər varsa təqdim edilməsini təklif etmişlər. Polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt əlində olan sellofan paketin içərisində qurudulmuş marixuana olduğunu demiş və içərisində qurudulmuş marixuana olan sellofan paketi təqdim etmişdir. Həmin narkotik vasitə olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 240 qram olduğu müəyyən edilmişdir. İçərisində qurudulmuş marixuana olan həmin sellofan paket ağ kağız zərfə qablaşdırıldıqdan sonra möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Samux rayon Polis şöbəsinə getmişdir. RPŞ-nin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə aparılmış videoçəkiliş olan diskə baxış keçirilmişdir. Videoçəkilişlə bağlı onun heç bir etiraz və vəsatəti olmamışdır. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində bildirdi ki, rəsmi olaraq olaraq heç birdə işləmir, fəhləliklə məşğul olar. O, hərdən bir narkotik vasilərdən istifadə edir. Hadisə olan günü o, səhər vaxtı dostu ilə birlikdə işə gedən vaxt Səxavət adlı əməliyyatçı ilə qarşılaşmış, Səxavət onu Samux rayon Polis şöbəsinə aparmışdır. Polis şöbəsində ona hədə qorxu gəlmişdir ki, narkotiki qəbul etməsən ona daha da çox narkotik yüklənəcək. O, da qorxub onlarla razılaşmışdır. Sonradan hadisə yerinə çıxmışlar və çəkiliklə üzərinə baxış keçirilmiş narkotiki təqdim etmişdir. Onun təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Samux Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və Samux rayonu ərazisində gizlətməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 01 fevral 2025-ci il tarixdə saat 10:15-də Samux Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 və Samux RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X3 ilə birlikdə Samux rayonu Ziyadlı kəndində yerləşən “OBA” marketin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən müəyyən edildikdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini ona göstərərək özlərini təqdim etmişdir. Ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və buna görə də video çəkilişdən istifadə edərək üstünün yoxlanılacığını ona bildirilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan ağ-qırmızı rəngli sellofan torbanı təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən sonuncunun üzərində iş üçün əhəmiyyət kəsb edən heç bir əşya aşkar edilməmişdir. Ardınca qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 240 qram (iki yüz qırx qram) olduğu müəyyənləşdirilmişdir. Sonra həmin kütlə qablaşdırılaraq saxlanılan şəxs tərəfindən imzalanmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Samux rayonu ərazisindən keçən Kür çayının kənarından yığdığını, sonradan onu gətirib Samux rayonu Ziyadlı kəndində gizlətməsini bildirmişdir. Üstünü yoxlama Samux rayonu Ziyadlı kəndində “OBA” marketin yaxınlığında keçirilmişdir. Üstünü yoxlama zamanı <<<Samsung Galaxy S22>> markalı mobil telefon vasitəsi ilə Samux RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X3 tərəfindən video çəkiliş aparılmışdır. Sonra şahid qismində dindirilmiş Şahid1 Tağı oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona hər hansı təzyiq göstərilməmiş, sorğu zamanı özü onda narkotik vasitə olan tiryək olmasını etiraf etmiş, Təqsirləndirilən şəxs bütün hüquqları lazımi qaydada təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2025-ci il tarixli əməliyyat – axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış tədbirləri zamanı Samux rayonu Ziyadlı kəndində yerləşən “OBA” marketin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 240 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin 02 fevral 2025-ci il tarixli 16/94 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli: H. Həsənov.. yazılar və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 220 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 220 qram, tədqiqata sərv edildi – 0.05 qram, qalıq 219.95 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan amblator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 190 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda X2 pozuntusu, Özünükəsmələrlə XTB 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və kompensasiya( yaxşılaşma) mərhələsində olduğundan o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur, onun məcburi müalicə tədbirlrinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: - Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. - Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl baş vermiş hadisə zamanı və hadisədən sonra adi psixi emosional halda olmuşdur. - Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən adi psixiemosional vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. Axtarış tədbirləri zamanı Samux rayonu, Ziyadlı kəndində yerləşən “OBA” marketin yaxınlığında saxlanılaraq, orada üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış polietilen torbada təmiz çəkisi 240 qram, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar olunur. Sonra Samux Rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunur, keçirilmiş əməliyyat çəlişinə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs video çəkilişdəki şəxsi özü olduğunu və marixuananın özünə məxsus olduğunu etiraf etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 240 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin marixuanaolduğunu, ona məxsus olduğunu, həmin marixuananı tapdığını, arabir marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli 4(058)-6/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər analoji cinayət hadisəsi törətməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Samux Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə 2 il 06 müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və həmin hökm üzrə qəti olaraq 02 il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixə kimi azadlığın məhdudlaşdırılması cəzasının 01 il 07 ay 15 gün hissəsini çəkib qurtarmış, çəkilməmiş cəzası 10 ay 12 gün təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 254 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi təmiz çəkisi 219,95 qram qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın onun üzərindən çıxması video görüntü ilə, şahid ifadələri ilə yanaşı, ekspertiza rəyi və eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib onu ittihamı təkzib edən sübut kimi qəbul etmir və cəzadan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əasan hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Samux Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 12 (on iki) gün müddəti Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 05 (beş) ay 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 219.95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Samux Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 12 (on iki) gün müddəti Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 05 (beş) ay 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisənidə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 219.95 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-22/2025
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-22/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver