Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-23/2024 23.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məkum olunmuş, məhkumluğu ödənilməmiş Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 4/3, mənzil 12-də qeydiyyatda olan, Gəncə şəhəri, 3-cü MİK, bina 8, mənzil 37-də yaşamış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 340 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib 2(iki) ədəd iç-içə keçirilmiş polietilen torbada daşıyaraq saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 16 yanvar 2024-cü il tarixdə saat 19:40-da Samux rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Samux şəhərində yerləşən “Qoşqar” Şadlıq sarayının yaxınlığında saxlanılaraq, Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əlində saxlayaraq daşıyıb saxladığı 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 340 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, narkotik istifadəçisidir. Təxminən həbs olunmamışdan bir-iki ay əvvəl Gəncə-Samux yolu, üzü Samux rayonu Lək kəndindən çıxıb piyada evinə gedərkən yolun kənarında olan kolların yaxınlığında sellofan torba görmüş, həmin torba onun diqqətini çəkmiş və o, torbanı götürüb içinə baxan zaman içərisində görünən otun nəşə, yəni marixuana olduğunu görmüşdür. Həmin torbadakı nəşədən az-az istifadə etməyi düşünmüşdür. Həmin vaxt şübhələnmişdir ki, polislər onu tutar deyə Samux rayon Nəbiağalı qəsəbəsi ərazisində Samux rayon Füzuli-Hacalllı kəndi istiqamətində, yolun sol tərəfində yerləşən meşəlik sahənin içində bir palıd ağacının dibində gizlətmiş və sonra isə evə getmişdir. 16 yanvar 2024-cü il tarixdə Samux rayon Nəbiağalı qəsəbəsinə gələrək gizlətmiş olduğu narkotik vasitə olan qurudulmuş marixuananı götürmüşdür ki, Gəncə şəhərinə aparsın və istifadə etsin. Qurudulmuş marixuananı götürüb piyada Samux şəhərinin mərkəzində “Qoşqar” şadlıq sarayının arxa tərəfində taksilər dayanan yerə piyada gedən zaman həmin vaxt tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq polis vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib ona demişlər ki, onlarda onun barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə əməliyyat məlumatı vardır. Bundan sonra onlar ona təklif etmişlər ki, onlarla birlikdə Samux rayon Polis şöbəsinə getsin. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Polis şöbəsinin xidməti otaqlarının birində polis əməkdaşı olan təhqiqatçı tərəfindən dövlət hesabına dəvət edilmiş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş hər hansı bir narkotik vasitə olub-olmamasını, əgər varsa təqdim edilməsini təklif etmişlər. O, da həmin vaxt əlində olan torbanı təqdim edib içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Həmin narkotik vasitə olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,355 kiloqram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis başleytanantı vəzifəsində işləyir. 16 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, 3-cü mikrorayon, bina 8, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri, əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyatın müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 16 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Samux rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili polis baş-leytenantı Şahid2 ilə birlikdə Samux şəhərinin mərkəzinə gedilmişdir. Samux rayonu, Samux şəhərinin mərkəzində yerləşən “Qoşqar” Şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux rayon Polis şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar şöbəyə getmişlər. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis mayoru Murad Balakişiyev tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qırmızı rəngli, ağ ləkələri olan 1 (bir) ədəd polietilen torbanı təhqiqata təqdim edərək içərisində “nəşə, yəni narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş həmin torba elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0.355 kiloqram olmaqla ağ kağız zərfə qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2024-cü il tarixli 16/80 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözlər və imzalar olan kağız paketdəki 2(iki) ədəd iç-içə keçirilmiş polietilen torbada təmiz çəkisi 340 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. (marixuananın təmiz çəkisi 340 qram, təqdiqata istifadə olundu cəmi -0.05 qram qalıq-339,95 qram) Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 27 fevral 2024-cü il tarixli 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış 22 yanvar 2024-cü il tarixli tələbnamə ilə Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Həmçinin ibtidai istintaq zamanı müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 01 il 05 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hal-hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-114/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Əməlində cinayətin residivi olduğundan cəzasını ciddi rejimli cəza çəkmə müəsisəsində çəkilməsi və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen torba təqdim edir. Həmin şəffaf sellofan paketin içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 340 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü uşağının olması cəzasını yüngülləşdirən haldır və əməlində cinayətin residivinin olması cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törədilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən, “… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-114/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci ilə təqsirli bilinib ona qəti olaraq, 01 il 11 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-114/2024 nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 339,95 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 24 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi hesabına 144 (yüz qırx dörd) manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 yanvar 2024-cü il tarixdən 18 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Gəncçə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli hökmü ilə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 339,95 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 32.40 manat Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-23/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-23/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver