Məhkəmə qərarları › İş №1(058)-23/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-23/2025

15.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-23/2025 15.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Ələkbər bəy Rəfəbəyli küçəsi, 6-cı dalan, ev 11, mənzil 50-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 2024-cü ilin fevral ayının istintaqa dəqiq məlum olmayan gündə və saatda Zərərçəkmiş şəxs məxsus Samux rayonu, Sarıqaya kəndi ərazisində yerləşən "Əli müəllimin ferması” kimi tanınan fermanın həyətindəki xırda buynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuş kənarları taxta materiallardan hasara alınmış saxlanc yeri olan xal-xala qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 1 ədədinin qiyməti 90 manat olmaqla, cəmi 10 ədəd ümumi dəyəri 900 manat olan dəmir materialdan hazırlanmış, hər birinin qalınlığı 10 sm, uzunluğu 6 metr, çəkisi 250 kiloqram, 0.5 diametrlik bütöv borunun yarıya bölünmüş formasında hazırlanmış su qablarını (kalot), həmçinin, 2024-cü ilin mart ayının istintaqa dəqiq məlum olmayan bir günündə və saatında həmin fermaya aid açıq torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd qalınlığı 1 sm dəmir materialdan hazılranmış 20 ton tutumlu ümumi dəyəri 2600 manat olan su çənini, ümumilikdə 3500 manat dəyərində əmlakını gizli yolla talayaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 -cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, çobanlıq edərək özünü dolandırır. Onun anası Xavər evdar qadın, atası Ehtiram isə anası Xavərdən təxminən 12 ildir ki, ayrılmış, lakin atası onların evlərində başqa bir otaqda, özləri isə başqa otaqda qalır. Təxminən 9 ay olar ki, atası onu evdən qovmuş, 7 ay çöldə qaldıqdan sonra 2 ay müddətinə Mürsəl adlı tanışının evində müvəqqəti olaraq yaşamışdır. Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. Əvvəllər Samux rayonu, Sarıqaya kəndində “Boz Dağ” massivində Fərman adlı şəxsə məxsus fermada çoban işləmiş, Zərərçəkmiş şəxs də Fərmanın fermasının yaxınlığında ferması olmuşdur. Həmin fermaya kənd arasında “Əli Müəllimin yatağı” deyirlər. Zərərçəkmiş şəxs oradan tanımışdır. Bundan əlavə də Zaurun Goranboy rayonu ərazisində iribuynuzlu heyvan saxladığı ferması var və təxminən bu hadisədən 4-5 il əvvəl Zaurun Goranboy rayonu ərazisində olan fermasında 2-3 gün çoban işləmişdir. O, Fərmanın fermasında işləyən zaman 2023-cü ilin sonlarında eşitmişdir ki, Zaurun Samux rayonu, Sarıqaya kəndində “Boz Dağ” massivində yerləşən “Əli Müəllimin yatağı” adlan ferması bağlanmış və həmin ferma fəaliyyətini dayandırmışdır. Fərmanın yatağında heyvan otaran zaman Zaura məxsus Samux rayonu, Sarıqaya kəndində “Boz Dağ” massivində yerləşən “Əli Müəllimin yatağı” adlanan fermanın ərazisində olan 20 tonluq sun çəni və dəmir borudan hazırlanmış su qabları (kalotlar) diqqətini cəlb etmişdir. 2024-cü ilin yanvar ayında Fərman onu işdə yola vermədiyi üçün işdən çıxmışdır. İşdən çıxdıqdan sonra dolanmaqda çətinlik çəkmiş və bir qədər də borca xərcə düşmüşdür. Ona pul lazım olduğu üçün Zaura məxsus Samux rayon Sarıqaya kəndində Boz Dağ massivində yerləşən “Əli Müəllimin yatağı” adlanan fermada olan 20 tonluq sun çənini və dəmir borudan hazırlanmış su qablarını oğurlayıb satmaq fikrinə düşmüşdür. Həm də düşünmüşdür ki, həmin çən və kalotlar lazımsızdır, əgər lazım olsaydı Zaur özü götürərmiş. Təxminən fevral ayının sonları olarmış ki, yaşadığı evdən çıxaraq Gəncə şəhərinə “Dəyirman Dairəsi” adlanan yerə gəlmiş, orada olan “QAZEL” markalı yük taksilərindən birinə yaxınlaşmışdır. Adını bilmədiyi “QAZEL” markalı yük taksisinin sürücüsünə yaxınlaşaraq ona demişdir ki, “ özümə məxsus Samux rayonu Sarıqaya kəndi ərazisində dəmir kalotlar var onu götürüb Gəncə şəhərinə metalloma gətirmək lazımdır.” Həmin yük taksisinin sürücüsü ona həmin kalotların oğurluq olub olmadığını soruşmuş, o, “QAZEL” markalı yük taksisinin sürücüsünə kalotları iş yerindən maaşının əvəzinə verildiyini demişdir. Bundan da əlavə olaraq yük taksisinin sürücüsünə bildirirmişdir ki, kalotları gətirmək üçün iki dəfə gedib gəlməli olacaqlar. O, həmin şəxslə 70 manata razılaşmış və bundan sonra “QAZEL” markalı yük taksisi ilə Samux rayonu, Sarqaya kəndinə getmişdir. Zaura məxsus Samux rayonu, Sarıqaya kəndində “Boz Dağ” massivində yerləşən “Əli Müəllimin yatağı” adlanan fermaya çatan zaman saat təxminən 17 radələri olarmış. O, Fermanın həyətində olan taxta çəpərdən hazırlanmış xalxalın dəmir qapısını açmışdır. Həmin dəmir qapının kilidi yox imiş. O, həmin dəmir qapıdan daxil olduqdan sonra orada 10 ədəd dəmir kalot olmuşdur. Oradan 03 ədəd kalotu yük taksisin sürücüsünün köməyi ilə Qazelə yığmışdır. O, 03 ədəd kalotu Qazelə yığdıqdan sonra Gəncə şəhərinə “Savxoz Nizami” dairəsinə getmişdir. “Savxoz Nizami” dairəsinin yaxınlığında Murad adlı şəxs dəmir alqı satqısı ilə məşğul olduğunu bilirmiş. O, Qazel ilə Muradın yanına gəlmiş və Murada özünə məxsus dəmir kalotların olduğunu və həmin kalotları satmaq istədiyini demişdir. Murad ona həmin kalotları dəmir kimi kiloqramı 30 qəpikdən aldığını bildirmişdir. Yük taksisinin sürücünün köməyi ilə kalotları avtomobildən düşürmüş və Murada vermişdir. Murad həmin kalotları çəkmiş və kalotların çəkisi 400 kq olmuşdur. Murad həmin kalotlara görə ona 120 manat pul vermişdir. O, Muraddan pulu aldıqdan sonra yenidən gəlmiş olduğu Qazellə Zaura məxsus Samux rayon Sarıqaya kəndində Boz Dağ massivində yerləşən “Əli Müəllimin yatağı” adlanan fermaya getmişdir. İkinci dəfə ora çatan zaman 19 radələri olarmış. Onlar eyni qaydada geridə qalan 07 ədəd dəmir kalotu Qazelə yığıb Gəncə şəhərinə qayıtmışdırlar. Murad dəmiri ucuz aldığı üçün onun yanına yox “Musayevin qarajı” adlanan metal qəbul etmə məntəqəsinə getmişdir. Musayevin qarajında şəxsiyyət vəsiqəsini təqdim edib 07 ədəd kalotu 480 manata satmışdır. Bundan sonra öz yaşadığı evə gəlmiş və kalotları satıb qazandığı pullarla öz borclarını vermişdir və bir qədər də özünə yeyib içmək almışdır. Bir müddət sonra pulum qurtardığı üçün düşünmüşdür ki, Zaurun fermasında olan dəmir çənidə aparıb satsın. O qeyd etmişdir ki, əvvəldən planı Zaurun fermasında olan dəmir çəni və kalotları oğurlamaq imiş. Buna görə də Samir adlı tanışının yanına getmişdir ki, çəni gətirmək üçün ona nəqliyyat vasitəsi tapsın çünki, bakı Qazellə gətirmək mümkün deyilmiş. O, Samirlə söhbət edən zaman ona demişdir ki, “mən işlədiyim yerin yaxınlığında 16 baş qoyun verib çən almışam, həmin çəni gətirmək üçün mənə maşın lazımdır, mənə köməklik et sənində hörmətini edəcəm”. Samir isə ondan çənin oğurluq olub olmadığını soruşmuşdur. O da Samirə çənin oğurluq olmadığını demişdir. Sonra Samir demişdir ki, onun xalası oğlu var və xalası oğlu evakuator sürücüsüdür, o çəni gətirməkdə bizə köməklik edə bilər. Samir onu öz xalası oğlunu tanış etmişdir. Samirin xalası oğlunun adını xatırlamır. Samirin xalası oğlu çəni Sarıqaya kəndindən gətirmək üçün ondan 150 manat pul istəmişdir, o da onunla razılaşmış və demişdir ki, çəni satdıqdan sonra pulunu verəcək. Təxminən 2024-cü ilin mart ayının 10-11-i saat 17 radələrində Samir və Samirin xalası oğlu Samirin xalası oğlununun idarə etdiyi evakuatorla Zaura məxsus Samux rayonu, Sarıqaya kəndində Boz Dağ massivində yerləşən “Əli Müəllimin yatağı” adlanan fermaya getmişlər. Çən fermaya məxsus olan açıq torpaq sahəsində olmuş, ora çatdıqdan sonra Samir və onun xalası oğlu köməkli çəni evakuatora yükləyib Gəncə şəhərinə “X9 Etmə məntəqəsi” adlanan metal qəbul etmə məntəqəsinə getmişlər. Orada həmin çəni 800 manata satmışdır. Həmin puldan 50 manat Samirə vermiş, 170 manat isə Samirin xalası oğluna vermişdir. Digər pulları isə öz ehtiyyacları üçün xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, özünü təqsirli bilir, həqiqətən də cinayət əməlini o, törətmişdir. O, törətdiyi cinayət əməlini ehtiyacı olduğu üçün törətmiş və tək törətmişdir. Cinayət əməlini törətməsində ona heç kim köməklik göstərməmişdir. Onun hazırda ziyanı ödəməyə imkanı yoxdur. Əgər azadlığa buraxılsa gələcəkdə ziyanı ödəyər. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Samux rayonu Sarıqaya kəndi Bozdağ massivində yerləşən özünə məxsus ferması vardır. Həmin fermanın özünə məxsus 100 hektardan artıq torpaq sahəsi mövcuddur. Fermada bir ədəd heyvan saxlamaq üçün nəzərdə tutulmuş tövlə vardır. Tövlənin qarşısında kənarları taxta çəpərlərlə hasarlanmış xalxal vardır və xalxalın dəmir materialdan hazılanmış giriş darvazası mövcuddur. Onun Sarıqaya kəndi ərazisində Bozdağ massivində yerləşən fermasına kənd arasında “Əli müəllimin ferma”-sı deyrilər. O, həmin fermada əvvəllər qoyun quzu saxlayırmış. Lakin sonradan başqa yerdə ferma aldığı üçün hal-hazırda həmin ferma fəaliyyətini dayandırmışdır. Onun ferması yerləşən ərazidə su olmadığı üçün oraya 01 ədəd qalınlığı 1 sm, dəmir materialdan hazırlanmış, təmiz çəkisi 3 ton, sovet istehsalı yanacaq üçün nəzərdə tutulmuş dəmir materialdan hazırlanmış 20 ton tutumlu su çəni qoymuş və su gələndə həmin çəni doldurub heyvanlara su verirmiş. Həmin çən fermanın kənarında olan açıq sahədə imiş. Bundan başqada həmin fermada 10 ədəd qalınlığı 10 sm, dəmir materialdan hazırlanmış hər birinin uzunluğu 6 metr, hər birinin çəkisi 250 kiloqram, 0.5 diametrlik bütöv borunun yarıya bölünmüş formasında hazırlanmış su qablarının (kalot) var imiş. Həmin qablardan qoyun quzu su içirmiş. Həmin 10 ədəd hər birinin uzunluğu 6 metr, 0.5 diametrlik bütöv borunun yarıya bölünmüş hissəsindən hazırlanmış xırda buynuzlu heyvanların bəslənməsində istifadə edilən su qabları fermada olan tövlənin qarşısında hasarlanmış sahənin içərisində idi. O, 1 ildən artıq müddətdir ki , həmin fermanın fəaliyyətini dayandırmışdır. Sonuncu dəfə 15 fevral 2024-cü il tarixdə gedib fermaya nəzarət etmişdir. Həmin tarixdə fermaya gedən zaman çən və su qabları fermada imiş. 12 mart 2024-cü il tarixdə fermasına baxan zaman görmüşdür ki, fermanın kənarında olan açıq sahədə 01 ədəd qalınlığı 1 sm, dəmir materialdan hazırlanmış, təmiz çəkisi 3 ton, sovet istehsalı yanacaq üçün nəzərdə tutulmuş dəmir materialdan hazırlanmış 20 ton tutumlu su çəni və fermada olan tövlənin qarşısında hasarlanmış sahənin içərisində olan 10 ədəd qalınlığı 10 sm, dəmir materialdan hazırlanmış hər birinin uzunluğu 6 metr, hər birinin çəkisi 250 kiloqram, 0.5 diametrlik bütöv borunun yarıya bölünmüş formasında hazırlanmış su qabları (kalot) orada yoxdur. Bundan sonra bilmişdir ki, onları kimsə oğurlamışdır. Sovet istehsalı yanacaq üçün nəzərdə tutulmuş 20 ton tutumlu su çəninin qiyməti 2500 manat, 10 ədəd hər birinin uzunluğu 6 metr, 0.5 diametrlik bütöv borunun yarıya bölünmüş hissəsindən hazırlanmış xırda buynuzlu heyvanların bəslənməsində istifadə edilən su qablarının qiyməti isə 1500 manatdır. Oğurluq nəticəsində ona 4000 (dörd min) manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus fermadan təqsirləndirilən şəxs oğurluq etmişdir. Təqsirləndirilən şəxs oğlurluq hadisəsini tək törətməmiş, həmin hadisədə başqa şəxslərində iştirakı olmuşdur. Ona görə ki, oğurlanmış çənin və digər dəmir boruların çəkisi çox ağırdır. Təqsirləndirilən şəxs həmin əşyaları tək apara bilməzdi. Təqsirləndirilən şəxs dəymiş ziyan ödəməmişdir. Təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır və onun yaşadığı evin yaxınlığında yaşayır. Bir-iki dəfə də Orxanla birlikdə fəhlə kimi işləmişdir. 11 mart 2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı evin qapısının döyüldüyünü eşitmiş, qapını açan zaman qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Təqsirləndirilən şəxs iş olduğunu demiş, Orxandan nə iş olduğunu soruşduqda Orxan Samux rayonunda işlədiyi fermada 16 baş qoyun verib çən aldığını və həmin çəni Gəncə şəhərində satmaq üçün gətirməli olduğunu, eyni zamanda bu barədə ona kömək etməsini xahiş etmişdir. Orxandan ona nə qədər pul verəcəyini soruşmuş, Orxan da ona cavab olaraq çəni yaxşı qiymətə satsa 100 manat, ucuz satsa 50 manat pul verəcəyini bildirmişdir. Orxandan çənin həqiqətən də özünə məxsus olması ilə bağlı maraqlandıqda isə, Orxan çəni aldığını və çəni öz şəxsiyyət vəsiqəsi ilə satacağını demişdir. Məhz bu sözlərə görə Orxana inanmışdır. Orxan çəni götürmək üçün evakuator lazım olduğunu dedikdə Orxana xalası oğlunun-Yaqubun evakuator sürücüsü olduğunu və həmin çəni Yaqubun apara biləcəyini bildirmişdir. Bundan sonra küçədən keçən şəxslərdən birinin telefonunu alıb Yaquba Samux rayonundan çən gətirmək lazım olduğunu, həmçinin, Yaquba telefonlarının olmadığını və hazırda Gəncə şəhərində yerləşən “Aura Park”-ın yanında olduqlarını söyləmişlər. Bir qədər sonra Yaqub gəlib Orxanla söhbət etmiş və Orxan çəni 16 baş qoyun qarşılığında aldığını demişdir. Yaqub Orxandan şəxsiyyət vəsiqəsini istədikdə isə Orxan şəxsiyyət vəsiqəsinin evində olduğunu bildirmişdir. Bundan sonra onlar evakuatora əyləşib Gəncə şəhəri “Savxoz Nizami” dairəsinə getmişlər. Orada Orxan binalardan birinə girib şəxsiyyət vəsiqəsini gətirdikdən sonra onlar Samux rayonu Sarıqaya kəndi ərazisində yerləşən fermaya getmişlər. Onlar saat 17:30 radələrində ora çatmışlar və orada olan fermanın həyətində təxminən 20 ton həcmli çəni köməkli şəkildə Yaqubun evakuatoruna yükləmiş, daha sonra Gəncə şəhərinə Poçt qəsəbəsində yerləşən “X9 Etmə Məntəqəsinə” gedib həmin çəni orada düşürtmüşlər. Ardınca Təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsi ilə çəni satmış və ona 50 manat pul vermişdir. Yaquba isə yol haqqı olaraq 150 manat, evakuotorda sınan dəmirə görə isə 20 manat da əlavə pul verimişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, Rəsmi olaraq “156 EVAKUATOR Xidmətində” sürücü işləyir. Həmin şirkətdə "HYUNDAİ 78" markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobil təhkim olunmuşdur. Xidməti vəzifəsi şirkətə daxil olmuş sifarişləri icra etməkdən ibarətdir. Samir Məlikov onun doğma xalası oğludur. Samir Məlikov da əqli gerilik var. 11 fevral 2024-cu il tarixdə xalası oğlu Samir istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq tanışına məxsus Samux rayonu, Lək kəndi yaxınlığında 5 ton çəkidə dəmirdən hazırlanmış çən olduğunu və həmin çəni Gəncə şəhərinə "Musayevin Qarajına" aparmaq lazım olduğunu bildirmişdir. Həmçinin hazırda Gəncə şəhərində yerləşən “Aura Park”-ın yanında olduqlarını və başqa şəxsin telefonu ilə ona zəng vurduğunu söyləmişdir. Bundan sonra "HYUNDAİ 78" markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərində yerləşən "AURA PARK"-a getmiş və Samirin adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs adlı şəxslə dayandığını görmüşdür. Avtomobildən düşüb onlarla söhbət edərkən Təqsirləndirilən şəxs işlədiyi yerdən 16 baş qoyun verib çən aldığını və hazırda ona pul lazım olduğu üçün həmin çəni satmaq istədiyini bildirmişdir. Sonra Orxandan çənin ona məxsus olub-olmadığını dönə-dönə soruşmuş və ondan şəxsiyyət vəsiqəsini götərməsini istəmişdir. Orxan da hazırda şəxsiyyət vəsiqəsinin Gəncə şəhəri "X6" adlanan yerdə evində olduğunu söyləmişdir. Orxana çəni Gəncə şəhərinə 150 manata aparacağımı bildirdiyi zaman Orxan da onunla razılaşmış, lakin ödənişi satış olduqdan sonra verəcəyini qeyd etmişdir. Orxanla razılaşdıqdan sonra Orxan və Samir avtomobilinə əyləşmiş və onlar Gəncə şəhəri "X6" adlanan yerə getmişdilər. Orada Təqsirləndirilən şəxs avtomobildən düşüb orada olan binaların birinə girib kimliyini götürüb qayıtdıqdan sonra onlar oradan çıxıb Samux rayonu Lək kəndindən keçib, Sarıqaya kəndindən sol tərəfə dönüb daşlıq yolla təxminən 15 km getdikdən sonra saat təxminən 17:30 radələrində çöllük bir ərazidə olan fermanın yanında dayanmışdırlar. Orada təxminən 20 ton su tutumu olan dəmir materialdan hazırlanmış bir ədəd çəni Orxan göstərərək həmin çənin ona məxsus olduğunu və onların bu çəni götürüb aparmalı olduqlarını bildirmişdir. Həmin çəni birlikdə evakuatora yüklədikdən sonra saat təxminən 18 radələrində həmin fermadan çıxıb Gəncə şəhərinə getdmişdilər. Gəncə şəhərinə gələrkən Orxan ona həmin çəni "Musayevin Qarajı"-da satmaq istədiyini bildirmişdir. Orxana "Musayevin Qarajının uzaqda olmasını, ondansa, Poçt qəsəbəsində “X9 etmə məntəqəsinə” aparmağı təklif etmişdir. Orxan da onunla razılaşmış və Poçt qəsəbəsinə "X9 Etmə Məntəqəsinə" getmiş və çəni "X9 Etmə Məntəqəsi"-nə boşaltmışlar. Bundan əlavə evakuatorunun dəmiri qırıldığı üçün 20 manat lazım olmuşdur. Orada gözlətdikdən sonra Orxan 150 manat pul vermiş, həmçinin, çəni yükləyəndə qırılan dəmirin təmiri üçün 20 manat lazım olduğunu dedikdə Orxan 20 manat əlavə olaraq pul vermişdir. Eyni zamanda, Orxan 50 manat da Samirə ona kömək etdiyi üçün pul vermişdir. Həmçinin çəni aparmazdan əvvəl Orxanın videosunu çəkmiş və həmin görüntüləri də istintaqa təqdim etdiyini qeyd etmişdir. Çəni 11 mart 2024-cü il tarixdə saat 17:30 radələrində Samux rayonu Sarıqaya kəndindən Təqsirləndirilən şəxs və xalası oğlu Samirlə birlikdə götürmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, Gəncə şəhərində yerləşən “X9 etmə məntəqəsi” adlanan yerdə metal qəbul etmə məntəqsində metal alqı satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin mart ayının xatırlamadığı bir günündə Təqsirləndirilən şəxs Evakuator ilə işlədiyi Gəncə şəhərində yerləşən “X9 etmə məntəqəsi” adlanan metal qəbul etmə məntəqəsinə gedərək dəmir satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs 01 ədəd dəmir 20 tonluq su çəni gətirmiş, həmin çəni tərəzidə çəkmişlər və çəkisi 1600 kiloqram olmuşdur. O, dəmirin kiloqramını 50 qəpikdən Təqsirləndirilən şəxs almış və Təqsirləndirilən şəxs 800 manat pul vermişdir. Təqsirləndirilən şəxs almış olduğum dəmir çəni Bakı şəhərinə göndərib satmışdır. Təqsirləndirilən şəxs satmış olduğu dəmir çənin oğurluq olmasından xəbərim olmamış, Orxan həmin çəni şəxsiyyət vəsiqəsini təqdim edərək satmışdır. Onu polislər çağırdıqdan sonra bilmişdir ki, Təqsirləndirilən şəxs ona satmış olduğu dəmir çən oğurluqdur. Orxan həmin çənin ona məxsus olduğunu deməmişdir. Şahidlər Şahid1 və Şahid2 ibtidai araşdırma dövründə verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan fermadan oğurlandığı su çəninin və hər birinin uzunluğu 6 metr, 0.5 metrlik bütöv borunun yarıya bölünmüş formasında hızırlanmış su qablarının (kalot) olduğu yerini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 yanvar 2025-ci il tarixli, 9\10063 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 01 ədəd qalınlığı 1 sm, dəmir materialdan hazırlanmış, təmiz çəkisi 3 ton, sovet istehsalı yanacaq üçün nəzərdə tutulmuş dəmir materialdan hazırlanmış 20 ton tutumlu su çəni- 2600,00 manat, 10 ədəd qalınlığı 10 sm, dəmir materialdan hazırlanmış hər birinin uzunluğu 6 metr, hər birinin çəkisi 250 kiloqram, 0,5 diametrlik bütöv borunun yarıya bölünmüş formasında hazırlanmış su qabları (kalot) – 900,00 (10 ədəd x 90 manat) manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il müddətinə Azadlğın Məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən, hökm qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, iltizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmaqla, 02 (iki) gün müddəti cəza müddətinin bir gününə bir gün hesablanaraq cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkzi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Ələkbər bəy Rəfəbəyli küçəsi, 6-cı dalan, ev 11, mənzil 50-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmiş və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmən 2 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli 3-16-17/41/2-2923 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Samux Rayon Məhkəməsinin hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmiş və iş üzrə məhkəmə hazırlıq iclası 26 may 2025-ci il tarixə, saat 11:50-yə təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2025-cü il tarixdən 15 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar