Məhkəmə qərarları › İş №1(058)-25/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-25/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-25/2025 01.09.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs - xx.xx.1981-ci il tarixdə Samux rayonunda anadan olmuş, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux rayonu Hacıalılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “Həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində ictimai yer hesab olunan Samux rayonu Hacıalılı kəndində yerləşən “Osmanın çayçısı” adlanan çayxananın qarşısında Şahid1 səyyar şəkildə satdığı corabı ona daha ucuz qiymətə verməsini tələb etdikdən sonra rədd cavabı almış, bundan sonra bunu mübahisələndirərək öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirib bir daha ona bu kəndə gəlməməyini bildirərkən Şahid1la birlikdə kəndə gəlmiş qardaşı Zərərçəkmiş şəxs nə səbəbə bu kəndə gəlmələrini ona bildirməsi ilə aralarında yaranmış mübahisə zamanı qəsdən sonuncunun sifət nahiyəsinə baş nahiyəsi ilə vuraraq ona alın nahiyəsinin əzilmiş yarası, burnun və sol gözün alt qapağının qançırları ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Onu kənd arasında “Göygöz” kimi tanıyırlar. O, birinci ailəsindən ayrılmış, ikinci dəfə ailə həyatı qurmuş və hal-hazırda onun himayəsində üçü azyaşlı olmaqla beş övladı var. O, ailəsi ilə birlikdə Samux rayonu Hacıalılı kəndində yaşayır. 01 oktyabr 2024-cü il tarixdə evdə spirtli içki qəbul etdikdən sonra təxminən saat 17 radələrində yaşadığı Samux rayonu Hacıalılı kəndində “Osmanın çayçısı” adlanan çayxanaya getmiş, bir qədər keçdikdən sonra oraya “Vaz 21011” markalı avtomobil gəlmişdir. Avtomobildən üç nəfər şəxs düşüb səyyar paltar satmağa başlayıblar. Bu zaman o, sonradan adını Heydər kimi bildiyi şəxsə yaxınlaşıb corabların qiymətini soruşaraq aşağı qiymətə satmağını tələb edib. Bu zaman avtomobilin yanında dayanan və sonradan adının Eldəniz olduğunu öyrəndiyi şəxs ona “corabların qiyməti odur” deyə bildirmiş, o da Eldənizlə söhbət etmək üçün onun yanına getmişdir. Onun sözünə görə o, Eldənizin sifət nahiyəsinə baş nahiyəsiylə bir dəfə qəsdən vurmuş, bu zaman orada olan şəxslər onları aralamışdır, ancaq bildirmişdir ki, həmin vaxt o, sərxoş olduğundan özündə olmamış, hadisəni tam xatırlaya bilməmişdir. Qeyd etdiyinə görə, hətta bu gün də hadisə tam yadına düşmür, hadisə ilə bağlı Eldənizi görüb təxmini yadına salmışdır. Hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır, Zərərçəkmiş şəxs üzr istəyərək onu bağışlamasını istəmişdir. Hadisə 01 oktyabr 2024-cü il tarixdə təxminən saat 17 radələrində yaşadığı Samux rayonu Hacıalılı kəndində yerləşən “Osmanın çayçısı” adlanan çayxananın qarşısında baş vermiş, mübahisəyə səbəb isə Eldənizgilin nə üçün corabı ona aşağı qiymətə verməməsi olmuşdur. O, nə Eldənizi, nə də ki, onun yanında gələn Heydər və Asəf adlı qardaşlarını tanımır və əvvəllər onları görməyib. Mübahisə təxminən 1-2 dəqiqə çəkmiş, hadisə zamanı o Eldənizi vurmuş, ancaq nə Eldəniz, nə də qeyrisi onu vurmamışdır. Onu da qeyd etmişdir ki, mübahisə baş verərəkən hadisə yerində o, Eldəniz, Eldənizin qardaşları Asəflə Heydər və xatırlamadığı kənd camaatı olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq fəhləliklə məşğul olur. Şahid2 və Şahid1 onun doğma qardaşlarıdır. Onlar ticarətlə məşğul olur, həmçinin, ailələri ilə birlikdə Gəncə şəhərində yaşayırlar. O, keçən ilin, yəni 2024-cü ilin sentyabr ayında iş olmadığı üçün qardaşlarıyla birlikdə ticarət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə 09 radələrində o, qardaşıgilə getmiş, oradan isə səyyar ticarət etmək üçün qardaşı Asəfə məxsus “Vaz 21011” markalı 57- CB-958 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərini gəzdikdən sonra isə Samux rayonuna gəliblər. Sonuncu kənd olaraq onlar Samux rayon Hacallı kəndinə gəldikləri zaman saat artıq 17 radələri idi. Onlar “Osmanın çayçısı” adlanan çayxananın yanında asfalt yolda dayandıqdan sonra Heydər adlı qardaşı paltarlardan satmaq üçün avtomobildən düşüb çayxanaya getdi. Qeyd etdi ki, Asəf sürücü idi, o isə həmin vaxt yerə düşüb avtomobilə söykənikli dayanmışdı. Heydər çayxananın yanında olan mağazanın qarşısında dayanıb kənd camaatına paltarları göstərirdi. Həmin vaxt sonradan adının Sahir olduğunu öyrəndiyi və kənd arasında “Göygöz” kimi tanınan şəxsin qardaşına “bu corabı aşağı qiymətə ver” dediyini eşidib. Qardaşı da Sahirə “qiyməti o deyil” deyib. O, uzaqda olduğu üçün qardaşıyla Sahirin söhbətlərini tam eşidə bilməsə də, aralarında nəsə mübahisə olduğunu anlayıb. Sahir qardaşıyla mübahisə edərkən qardaşı Sahirdən aralanıb onlara tərəf gəlmiş, bu zaman Sahir arxadan onlara “bir də bu kəndə gəlməyin” demişdir. Buna görə də o, maşının yanında dayanıb Sahirə cavab olaraq “sən kimsən ki, bizə bu kəndə gəlməyək deyirsən?” deyə bildirmişdir. Sahir də ona heç nə demədən yanına gələrək onunla üzbəüz dayanmışdır. Həmin vaxt kənd camaatından kimsə “lazım deyil, bura sadəcə qonaq kimi gəliblər” demişdir. Sahir də onu əli ilə kənara itələdikdən sonra qəsdən sifət nahiyəsinə baş nahiyəsi ilə iki dəfə vurmuş, zərbənin təsirindən onun sifəti qanamış, bundan sonra qardaşları və orada olan kənd camaatı Sahiri ondan uzaqlaşdırmışdılar. Qardaşı Asəf onun döyüldüyünü görüb öz mobil telefonu ilə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişdikdən sonra polis əməkdaşları onları Samux Rayon Polis Şöbəsinə dəvət etmiş, o da qardaşları ilə birlikdə öz avtomobilləri vasitəsilə izahat vermək üçün Samux Rayon Polis Şöbəsinə gəlmişdir. O, gəlməmişdən qabaq mağazadan içib bir az özünə gəlməsi üçün pivə almışdır. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində Samux rayonu Hacıallı kəndində “Osmanın çayçısı” adlanan çayxananın qarşısında baş vermiş, hadisə baş verən zaman o, qardaşları Asəf və Heydər, Sahir, həmçinin, tanımadığı kənd camaatı olmuşdur. İlkin mübahisə qardaşı Heydərlə Sahir arasında olmuşdur. Belə ki, Sahir onun qardaşından satdığı corabı ona daha ucuz qiymətə satmasını tələb etdikdən sonra qardaşı razılaşmamış, bundan sonra onunla mübahisə etmiş və daha sonra sonuncu onlara kəndə bir də gəlməmələrini deyən zaman zərərçəkmiş şəxs ona “sən kimsən ki, bizə kəndə gəlmə deyirsən?” demişdir. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində Samux rayonu Hacallı kəndində “Osmanın çayçısı” adlanan çayxananın qarşısında baş vermiş və təxmini 5-10 dəqiqə çəkmişdir. Mübahisə olarkən həmin yerdə o, qardaşları Asəf və Heydər, həmçinin Sahir və tanımadığı kənd camaatı olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışam, mənə vurulmuş ziyanı təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbim yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq fəhləliklə məşğul olur. Şahid2 və Zərərçəkmiş şəxs onun doğma qardaşlarıdır. Onlar ticarətlə məşğul olur, həmçinin, ailələri ilə birlikdə Gəncə şəhərində yaşayırlar. O, keçən ilin, yəni 2024-cü ilin sentyabr ayında iş olmadığı üçün qardaşlarıyla birlikdə ticarət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, 01 oktyabr 2024-cü il tarixdə 09 radələrində o, qardaşıgilə getmiş, oradan isə səyyar ticarət etmək üçün qardaşı Asəfə məxsus “Vaz 21011” markalı 57- CB-958 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhərini gəzdikdən sonra isə Samux rayonuna gəliblər. Sonuncu kənd olaraq onlar Samux rayon Hacallı kəndinə gəldikləri zaman saat 17 radələri olmuş, onlar “Osmanın çayçısı” adlanan çayxananın yanında asfalt yolda dayandıqdan sonra o, paltarlardan satmaq üçün avtomobildən düşüb çayxanaya getmiş, Eldəniz isə həmin vaxt yerə düşüb avtomobilə söykənərək dayanmışdı. O, çayxananın yanında olan mağazanın qarşısında dayanıb kənd camaatına paltarları göstərmiş, həmin vaxt sonradan adının Sahir olduğunu öyrəndiyi və kənd arasında “Göygöz” kimi tanınan şəxs ona “bu corabı aşağı qiymətə ver” demişdir. O da Sahirə “qiyməti o deyil” demişdir. Sahir onunla mübahisə edərkən o Sahirdən aralanıb Eldənizə tərəf gəlmiş, bu zaman Sahir arxadan onlara “bir də bu kəndə gəlməyin” demişdir. Buna görə də qardaşı Zərərçəkmiş şəxs maşının yanında dayanıb Sahirə cavab olaraq “sən kimsən ki, bizə bu kəndə gəlməyin deyirsən?” deyə bildirmişdir. Sahir də ona heç nə demədən yanına gəlib qardaşı Eldənizlə üzbəüz dayanmışdır. Həmin vaxt kənd camaatından kimsə “lazım deyil, bura sadəcə qonaq kimi gəliblər” demişdir. Sahir də Zərərçəkmiş şəxs əli ilə kənara itələdikdən sonra qəsdən sifət nahiyəsinə baş nahiyəsi ilə iki dəfə vurmuş, zərbənin təsirindən sonuncunun sifəti qanamış, bundan sonra o və digər qardaşı, həmçinin, orada olan kənd camaatı Sahiri ondan uzaqlaşdırmışdır. X6 döyüldüyünü görüb öz mobil telefonu ilə AR DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra polis əməkdaşları onları Samux Rayon Polis Şöbəsinə dəvət etmiş, o da qardaşları ilə birlikdə öz avtomobilləri vasitəsilə izahat vermək üçün Samux Rayon Polis Şöbəsinə gəlmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində Samux rayonu Hacıallı kəndində “Osmanın çayçısı” adlanan çayxananın qarşısında baş vermiş, hadisə baş verən zaman o, qardaşları Asəf və Eldəniz, Sahir, həmçinin, tanımadığı kənd camaatı olmuşdur. İlkin mübahisə onunla Sahir arasında olmuş, belə ki, Sahir ondan satdığı corabı ona daha ucuz qiymətə satmasını tələb etdikdən sonra o razılaşmamış, bundan sonra onunla mübahisə etmiş və daha sonra sonuncu onlara kəndə bir də gəlməmələrini deyən zaman zərərçəkmiş şəxs ona “sən kimsən ki, bizə kəndə gəlmə deyirsən?” demişdir. Hadisə xx.xx.2024-cü il tarixdə axşam saat 17 radələrində Samux rayonu Hacallı kəndində “Osmanın çayçısı” adlanan çayxananın qarşısında baş vermiş və təxmini 5-10 dəqiqə çəkmişdir. Mübahisə olarkən həmin yerdə o, qardaşları Asəf və Eldəniz, həmçinin Sahir və tanımadığı kənd camaatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 02 oktyabr 2024-cü il tarixli 216 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin əzilmiş yarası, burnun və sol gözün alt qapağının qançırları - KÜT əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. 03 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. 05 mart 2025-ci il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 05 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 17:00-da tutularaq Samux RPŞ-nin MSY-nə təhvil verilmişdir. 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmişdir. 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Samux RPŞ-nin MSY-dən azad edilmişdir. 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. 18 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında“ qərardan görünür ki, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə təqsirli bilinərək 01 (bir) il müddətinə islah işləri cəzasına, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi təqsirli bilinərək 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilmişvə xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X2 adlı 3 azyaşlı uşağı var. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə aralarında barışıq əldə olunduğunu, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziaynın tam şəkildə ödənildiyini, bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Samux Rayon Məhkəmənin 07 iyul 2025-ci il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsindıə “axtarış” elan olunaraq seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən həbs edilərək 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi öz əksini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də, ona ittiham elan olunmuş cinayət əməlini törətdiyini etiraf edir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə cinayətlərin residivini yaratmasa belə təqsirləndirilən şəxsin ödənilməmiş məhkumluğunun olması, bundan əlavə iş materiallarında olan tələbnamədən də göründüyü kimi təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə cinayət əməli törətməsinə görə müxtəlif cəzalara məhkum edilməsi, dolayısıyla onun cinayət törətməyə meylli insan kimi xarakterizə olunması halı istiqamətləndirir. Məhkəmə, sözügedən bu halları Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Bu səbəbdən də, məhkəmə, cəzanın islah məqsədinə nail olunması üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu, cəzasını yüngülləşdirən halların olması nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası aşağı həddə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 mart 2025-ci tarixdən 07 mart 2025-ci il tarixədək Təqsirləndirilən şəxs tutulduğu iki gün cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 22 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 05 mart 2025-ci il tarixdən 07 mart 2025-ci il tarixədək tutulduğu iki gün cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərdiyi 39 saat hüquqi yardıma görə 429 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ **********0000002944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar