Məhkəmə qərarları › İş №1(058)-26/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-26/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-26/2023 04.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Samux rayonu Hacallı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04-00 radələrində Zərərçəkmiş şəxs Zeynalabdi qızının Samux rayon Hacallı kəndində yaşadığı evində aralarında baş vermiş ailə münasibətləri zəminində mübahisə zamanı əli ilə qəsdən həyat yoldaşı Zərərçəkmiş şəxs Zeynalabdi qızının sol göz nahiyyəsinə bir dəfə vuraraq sonuncuya sol göz nahiyyəsinin hematoması, yumşaq toxumaların əzniyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Samux rayonu Hacallı kəndində yaşayır, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs ilə 2019-cu il tarixdə ailə həyatı qurmuş, 3 övladı var. Zərərçəkmiş şəxs ev işlərində və uşaqlara baxmaqda təmiz olmadığı üçün ona dəfələrlə irad bildirmiş, bu səbəbdən aralarında dəfələrlə mübahisələr olumuşdur. O, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində evində yatan zaman uşaq altını islatdığı üçün natəmiz iy gəlmiş, bu səbəbdən Zərərçəkmiş şəxs uşağın altını dəyişmədiyinə görə iradını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs uşağın altını dəyişmək istəməmiş, o, bu səbəbdən əsəbləşmiş, əsəbini cilovlaya bilməydiyi üçün sol əlinin arxa hissəsi ilə Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə bərk vuraraq döymüş, bu səbəbdən Zərərçəkmiş şəxs sol göz nahiyyəsindən xəsarət almışdır. O, buna əhəmiyyət verməmiş, həmin gün səhər tezdən durub işə getmişdir. Həmin gün axşam saatlarında işdən evə qayıtmış, Zərərçəkmiş şəxs evdə olmadığını görmüş, onun harada olması barədə qonşu və qohumlardan soruşmuş, bu zaman Zərərçəkmiş şəxs Goranboy rayon Qızılhacılı kəndində yaşayan baldızı Əfsanə Məmmədovanın yanında olmasını müəyyən etmişdir. O, Əfsanə Məmmədova ilə telefon əlaqəsi saxlamış, Zərərçəkmiş şəxs orada olduğunu və onun barəsində polis orqanına şikayət etdiyini bilmişdir. Məhkəmənin 22 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında Zərərçəkmiş şəxs Zeynalabdi qızı məhkəməyə notarial qaydada təsdiq olunmuş barışıq ərizəsi təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını və Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 aprel 2023-cü il tarixli, 526 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Zeynalabdi qızının bədəni üzərində müəyyən edilmiş xəsarət - sol göz nahiyəsinin hematoması, yumşaq toxumanın əzilməsi- bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 1-2 günə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Zeynalabdi qızı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkumluq barədə arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni 2012-ci, 2014-cü və 2015-ci illərdə bir neçə dəfə CMnin 128-ci maddəsi ilə təqsirli bilinərək ona müvafiq cəzalar verilmiş, eyni zamanda 2018-ci ildə onun CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş, habelə 2022-ci ildə onun barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2771 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1644 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir. Hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, o, daha əvvəl də CM-nin 128-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini bir neçə dəfə törətmiş, ona həmin maddənin sanksiyası hüdudlarında müvafiq cəzalar verilmiş, bir dəfə isə həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, həmçinin əvvəllər onun CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Ona görə də o, təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələblərini də nəzərə alır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması,məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsi və hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamamsını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı 11 saat, məhkəmədə isə 18 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 174 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 240 (iki yüz qırx) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 29 saat hüquqi yardıma görə 174 (yüz yetmiş dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ **********5860355255 VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar