Məhkəmə qərarları › İş №1(058)-27/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-27/2024

22.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-27/2024 22.04.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, zərərçəkmişh şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü ildə Kəlbəcər rayonu İstibulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu İstibulaq kəndində qeydiyyatda olan və Samux rayonu Kolayır kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə Samux rayonu Kolayır kəndində yaşadığı evin mətbəxində aralarında baş vermiş şəxsi münasibətlər zəmnində mübahisə zamanı, mətbəxdə qənd qabı ilə qəsdən Zərərçəkmiş şəxs alın nahiyyəsinə vuraraq - alın nahiyəsinin çapılmış-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kürəkəni, yəni qızının əridir. xx.xx.2024cü il tarixdə yaşadığı evin mətbəxində olan zaman Qüdrət evə gəlmiş, Qüdrət onun haqqında nalayiq ifadələr işlətməməsini deyərək Əfsanə ilə mübahisə yaratmışdır. Mübahisə zamanı Qüdrət Əfsanənin baş nahiyyəsinə əli ilə vuraraq döymüş, o, həmin vaxt nə edəcəyini bilməmiş, stolun üstündə olan qənd qabını əlinə alaraq Qüdrətin baş nahiyyəsindən qəsdlə vurmuşdur. Həmin vaxt qənd qabı hissələrə bölünərək qırılmış, qənd qabının qırıqları onun sağ əlinə xəsarət yetirmişdir. Sonra isə qızı Əfsanə ilə o, həyətə çıxmış, Qüdrət yaşadığı evdən çıxıb getmiş, Əfsanə isə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, xx.xx.2024-cü il tarixdə Samux rayon xəstəxanasına getmiş, həmin vaxt əlinin bıçaqla kəsilməsi barədə səhv başa düşülmüşdür. Onun əlini qırılan qənd qabı kəsmişdir. Qüdrəti vurmağının səbəbi isə Qüdrətin onun qızı Əfsanəni vurması olmuşdur. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynanası, yəni arvadının anasıdır. xx.xx.2024-cü il tarixdə mobil telefonla danışan zaman Əfsanə onun ünvanına nalayiq ifadələr işlətmiş, onu söyüb təhqir etmişdir. O, yaşadığı evdən çıxıb Samux rayonu Kolayır kəndinə gəlmiş, Kolayır kəndində baldızı Əfsanədən onun haqqında nalayiq ifadələr işlətməsinin səbəbini soruşmuşdur. Həmin vaxt aralarında mübahisə olmuş, mübahisə zamanı Əfsanə nalayiq ifadə işlətdiyinə görə Əfsanənin baş nahiyyəsindən əli ilə vurmuşdur. O, Əfsanəni vuran kimi qaynanası Yasəmən onun baş nahiyyəsinə qənd qabını vurmuş, onun baş nahiyyəsindən qan gəldiyini Əfsanə və Yasəmən görən zaman tez küçəyə qaçmışdır. O, Samux RPŞ-nə ərizə müraciət edərək məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısının əri, Təqsirləndirilən şəxs onun anasıdır. xx.xx.2024-cü il tarixdə o, Qüdrətin həyat yoldaşı olan bacısı və digər bacısı ilə üçlükdə Vatsapp sosial şəbəkəsində qrup halında telefonla danışmış, Qüdrət bunu bilən zaman onunla mübahisə etməyə başlamışdır. Telefonda onun ünvanına nalayiq ifadələr işlətmiş, o da Qüdrətin ünvanına nalayiq ifadələr işlətmişdir. Bir az sonra Qüdrət onun yaşadığı evə gəlmiş, evə gələndən sonra onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Qüdrət onun baş nahiyyəsindən vuraraq onu döymüşdür. Həmin vaxt anası Təqsirləndirilən şəxs stolun üzərində olan qənd qabı ilə Qüdrətin baş nahiyyəsindən vurmuş, Qüdrətin başından qan axdığı üçün o və anası evdən çıxıb getmiş, sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 53 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- alın nahiyəsinin çapılmış-kəsilmiş yarasıdır ki, bu xəsarət – iti kənara malik əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "YÜNGÜL" zərər vurmaya aid edilir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayıb. İş materiallarına əlavə edilmiş Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayətin daxil olmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, işin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı və məhkəmədə cəmi 39 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə ümumilikdə 234 anat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 39 saat hüquqi yardıma görə 234 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar