Məhkəmə qərarları › İş №1(058)-3/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-3/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-3/2023 31.08.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Samux rayon X14 Hissəsində sürücü işləyən, Samux rayonu institut qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra–CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə ne t d i Təqsirləndirilən şəxs, (bundan sonra–Təqsirləndirilən şəxs) xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman təqribən saat 14 radələrində Samux rayon X14 X2 məxsus Samux rayonu, Sərkar kəndində yerləşən köşkdə yanğın hadisəi baş verməsi barədə daxil olmuş məlumatla əlaqədar yanğının söndürülməsi üçün 1-ci çağırış əsasında xidmətdə olan Şahid3, Şahid4, Şahid2, Şahid1, X19 və X16 ilə birlikdə onun idarə etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin balansında olan “KAMAZ-65115” markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilini Samux rayonu, Samux şəhəri istiqamətindən Sərkar kəndi istiqamətində Samux-Sərkar olunun 1-ci km-də idarə edərkən “Yol Hərəkəti haqqında” Azərbaycan Respubikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasına dair bu Qanunun 1 saylı əlavəsinə uyğun olaraq, nəqliyyat vasitələrinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli olduğu halda, eləcə də həmin Qanunun 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq qadağan olunmasına baxmayaraq Qanunun bu tələblərini pozaraq “KAMAZ-65115” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilinin arxa sol və sağ qapılarının qıfıllarının 1-ci gedişli mexanizminin nasaz vəziyyətdə olmasını vaxtında aşkar etməyə imkanı olduğu halda bu nasazlığı aşkar etmədən qeyd olunan avtomobili nasaz vəziyyətdə istismar etmiş, həmçinin mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpədərək və ya onun hərəkəti zamanı qapıları açmaq qadağan olunmasına baxmayaraq, idarə etdiyi avtomobilin arxa sol qapısı 1-ci gedişdə örtülmüş, yəni qapı kip bağlanmadığı vəziyyətdə avtomobili idarə etmiş, nəticədə onun ehtiyatsızlığından X16 avtomobilin arxa sol qapısının açılması nəticəsində hərəkətdə olan avtomobildən asfalt yolun üzərinə yıxılaraq subdural, subaraxnoidal qansızmalar, baş beyin mədəciklərinə və beyin toxumasına qansızma, sol alın-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı, başın sol alın-təpə, ənsə nahiyələrində yumşaq toxumalara qansızma, sol baldır sümüklərinin (qamış və inci) qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol alın-təpə, hər iki gözətrafı və sol baldır nahiyələrinin hematoması, sağ əlin arxa səthinin qançırı, sağ diz nahiyəsinin sıyrığı, qapalı küt kəllə-beyin travması nəticəsində baş vermiş ağır dərəcəli əzilmə və kəllə sümüklətinin sınması ilə müşayiət edilən, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan X8 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdən əvvəl xidmətində olan “KAMAZ-65115” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilin salonun arxa sağ və arxa sol qapılarının 2 dəfəyə tam bağlandığını bilmiş, lakin qapıların 1-ci dəfə yüngül örtüləndə içəridən təzyiq olunsa açılacağını bilməmişdir, xx.xx.2022-ci ildə avtomobili təhvil aldıqdan sonra avtomobildə hər hansı qüsur aşkar etməmiş, təslim zamanı ona da kimsə belə bir məlumat verməmişdir. Odur ki, heç bir qüsur aşkar etmədiyi üçün heç kimə də məlumat verməmişdir. Avtomobildə qapının tam bağlanmamış olması real deyil, belə olsaydı avtomobil hərəkətdə olan zaman qapı döngəli yolda açılardı, o, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edən şəxs olmamaqla həmin vəzifə növbə rəisinə məxsusdur. O, sürücü qismində onun üzərinə qapıların tam bağlanmış vəziyyətdə olmasına əmin olduqdan sonra hərəkətə başlaması ilə bağlı öhdəlik qoyulsa da qanunvericilikdə bu əminliyin müəyyən edilməsinin dəqiq halları göstərilməmişdir. Belə ki, o, avtomobilin yan güzgülərindən baxaraq avtomobilin qapılarının örtülü olduğunu gördükdə, həmçinin növbə rəisinin şifahi sorğusuna cavab olaraq heyət üzvlərinin qapıların bağlı olmasını bildirməsi ilə qapının tam bağlanmış vəziyyətdə olduğuna əmin olmuşdur. Məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirdi ki, onu oğlu X16 2012-ci ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Samux rayon X14 Hissəsində böyük yanğın söndürən vəzifəsində işləmiş, mehriban, kiminləsə problemi olmayan şəxs olmuşdur. T.Məmmədov ailəli olmaqla himayəsində 3 azyaşlı övladları olmuşdur. 25 fevral 2022-ci il tarixdə saat təxminən 14 radələrində qohumlarından ona zəng edərək, oğlunun iş zamanı yıxılaraq xəsarət alması və X5 aparılması, burada müalicə olunması barədə məlumat vermişdir. 05 mart 2022-ci il tarixə kimi oğlu xəstəxanada huşsuz olaraq oksigen aparatına qoşulu vəziyyətdə qalmış, görülən müalicə tədbirlərinə baxmayaraq həmin gün axşam vaxtlarında xəstəxanada vəfat etmişdir. 06 mart 2022-ci il tarixdə oğlu Samux rayon Kolayır kənd qəbirstanlığında dəfn edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux rayon X14 Hissəsində yanğınsöndürən vəzifəsində işləyir. Onun vəzifəsi yanğınla bağlı həyəcan siqnalı daxil olduqda dərhal döyüş paltarını və ləvazimatları geyinib yanğınsöndürən avtomobilinə oturmaq, yanğın yerinə çatdıqda isə yanğının söndürülməsi üçün döyüş açılışı, yəni, su şlanqlarının açılışını həyata keçirmək o cümlədən, yanğının söndürülməsini təmin etməkdən ibarətdir. 24 saat xidmət apardıqdan sonra 48 saat istirahət edir. Xidmət 3 növbədən ibarət olmaqla 1, 2 və 3 yanğın söndürmə növbələrinə bölünür. Hər gün bir növbə xidmət göstərir, eyni zamanda gündəlik idarə heyəti də xidmətdə olur. Xidmətin hər növbəsində 3 çıxış olur. İlk həyəcan siqnalı üzrə 2 avtomobil çıxır. Bir maşın isə ehtiyatda qalır. 25 fevral 2022- ci il tarixdə Sərkar kəndində baş verən yanğın hadisəsi bağlı həyəcan siqnalı üzrə yanğın yerinə gedərkən o, 2-ci növbənin tərkibində 1-ci çıxışda olmuş, onunla birlikdə 7 nəfər olmuşdur. 1-ci çıxışda xidmət yoldaşları - növbə rəisi Şahid4, manqa komandiri Feruz Cəfərov, sürücü - Təqsirləndirilən şəxs, yanğın söndürənlər Asif Qəribov, Tural Məmmədov və Əhəd Xəlilov olmuşlar. xx.xx.2022-ci il tarixdə Həyəcan siqnalı verildikdə o və növbə yoldaşları dərhal döyüş paltarını və ləvazimatlarını geyinib 1-ci çıxışın heyətini gözləyən “KAMAZ-65115” markalı, **-JC-*** qeydiyyat nişanlı yanğınsöndürmə avtomobilinə oturmuşlar.Təxliyyə işləri görülməsi məqsədilə 3 nəfər yanğınsöndürən geyinməsi üçün oksigen balonları avtomobildə yerləşdirilmişdir. Salonunun ön hisəsi ilə arxa hissəsini ayıran yerdə həm oksigen balonlarını, həmdə əlilərində olan ləvazimatları qoymaq üçün istifadə etdikləri hündürülüyü təxminin 1 metr, uzunluğu 2 metr, eni isə 70-80 sm olan masa tipli hissə vardır. Salonun ön hissəsində sürücü, manqa komandiri Feruz Cəfərov, növbə rəisi Şahid4, salonun arxa hissəsində sol qapının yanında Tural Məmmədov, onun yanında özü, arxa hissənin sağ qapısının yanında Əhəd Xəlilov, onun sol tərəfində Asif Qəribov oturmuşlar. Yanğın hadisəsinin baş verdiyi Sərkar kəndinə getməkdən ötrü Samux şəhəri, H.Əliyev prospekti ilə avtomobil hərəkətdə olmuşdur. Samux mərkəzi dairəsinə çatmamış növbə rəisinin verdiyi əmrə əsasən Tural Məmmədov avtomobilin salonunda olan oksigen balonunu masadan götürüb kürək nahiyəsinə keçirməyə kömək etmək üçün ona vermiş, özü isə qoruyucu kəmərini açıb bir az irəli istiqamətlənmişdir. Samux şəhəri mərkəzi dairəsinə çatdıqda dairədə sürücü təxminən 20 km/säat sürət ilə avtomobili Sərkar kəndinə getməkdən ötrü sağ tərəfə hərəkət etdirmişdir. Avtomobil dairəni keçib düz yola istiqamətləndikdən təxminən 2-3 saniyə keçmiş salonun arxa sol qapısı qəfildən açılmış, həmin vaxt onun sol tərəfində oturan Tural Məmmədov arxası üstə yerə yıxılmış, balon isə onun əlində qalmışdır. Həmin vaxt o qışqıraraq “düşdü,düşdü” demişdir. Sürücü avtomobili saxlamış, onlar avtomobildən düşüb Tural Məmmədovun yanına getmiş və baxdıqda onun üz nahiyəsindən qan axmasını görmüşdür. Bu zaman 2-ci çağırış komandası onlara çatmışdır. Həmin vaxtı manqa komandirinin tapşırığına əsasən sürücü ilə növbə rəisi Tural Məmmədovla məşğul olmuş, özləri isə hadisə yerinə getmişlər. 05 mart 2022-ci il tarixdə X24 Beynəlxalq xəstəxanasında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, 2009-cu ildən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 xidmətinin Samux rayon X14 hissəsində işləməklə, 2017-ci ildən hissədə texnika üzrə rəis müavini vəzifəsində işləyir. Onunv vəzifəsinə yanğın avtomobillərinin texniki təhlükəsizliyi vəziyyətinə nəzarət etmək həmçinin avtomobildə olan ləvazimatlara və avadanlıqların sazlığına nəzarət etmək aiddir. Bu nəzarətə əsasən gündəlik olaraq avtomobillərin sürücüsü avtomobilə ətraflı baxış keçirərək avtomobildə hər hansı nasazlıq olub olmamasını yoxlayır və nəticəsi barədə ona məruzə edir. Bu məruzənin nəticəsində əgər avtomobildə hansısa yüngül nasazlıq olduqda hissə rəisinin razılığı ilə nasazlığın aradan qaldırılması üçün sürücü tərəfindən texniki işlər görülür. Lakin nasazlığın aradan qaldırılması üçün idarədə həyata keçirilməsi mümkün olmayan işlərin görülməsi zərurəti yarandıqda avtomobil barədə Bakı şəhərinə X14 xidmətinin Texnika şöbəsinə məlumat verilir və şöbənin razılığı ilə avtomobil servisə göndərilir. Belə ki, onun vəzifəsinə şəxsən avtomobilə texniki qulluq edib ona baxış keçirmək aid deyil. Yanğınsöndürmə avtomobilinə texniki qulluq sürücü tərəfindən aparılır. Onların yanğından mühafizə hissəsində 5 yanğınsöndürən avtomobili olmuşdur. Onlardan 1-nin buraxılış ili 2006-ci il, 1-nin 2007-ci il digər 3-nün isə 2019, 2020 və 2021-ci il olmuşdur. xx.xx.2022-ci il tarixdə növbəyə cəmi 2 çıxış və 1 ehtiyat avtomobili buraxılmışdır. 1-ci çıxış 65115 Kamaz markalı **-JZ-***, 2-ci çıxış isə 65115 Kamaz markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili idi. 3-cü ehtiyat çıxış avtomobili isə iveco Kamiva markalı **-FH-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili idi. Saat təxminən 13-14 radələrində Samux rayonu, Sərkar kəndində baş verən yanğın hadisəsi ilə bağlı həyəcan siqnalı üzrə 1 -ci çıxış olan 65115 Kamaz markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili texniki qulluqda olduğu üçün onun əvəzindən çıxış 1-ci olaraq 65115 Kamaz markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilinə tapşırıldı. Onun arxası ilə 2-ci çıxışa İveco Kamiva markalı **-FH-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili çıxdı. 65115 Kamaz markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili həmin gün saat 10:00-dan 11:40 radələrinə kimi texniki qulluqdan keçmişdir. Avtomobilin sürücüsü isə Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2022-ci il tarixdə və ya ondan əvvəl bu avtomobilin qapılarında hansısa nasazlıq barədə ona heç bir məlumat verilməmişdir. Avtomobil 2020-ci ildə buraxılmış avtomobildir. Həmin avtomobilin arxa qapıları qapını ilk dəfədən səthi örtdükdə tam bağlanmır. Lakin qapını təzyiqlə örtdükdə qapı kilidlənir və tam bağlanır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon X14 Hissəsinin əməkdaşları-Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Manqa komandiri Şahid3 və növbə rəisi Şahid4 həmçinin bildirmişlər ki, Tural Məmmədov yanğın avtomobilindən yıxılarkən başında kaska olmamışdır. Belə ki, həmin vaxt o, növbə rəisinin oksigen balonunu geyin göstərişini icra etdiyindən bu balonu geyinmək üçün qaydaya əsasən belindən kəmərini açmış və başından isə baş dəbilqəsini çıxarmışdır. Məhkəmə iclasında dindirilmiş ekspert Hikmət İbişov ekspert rəyinə uyğun izahat verərək, bildirdi ki, “Kamaz 65115” markalı yanğınsöndürən avtomobilin qabaq sol və sağ qapılarının qıfılları 2 dəfəyə bağlanma mexanizminə malik olmaqla 1-ci gedişlə örtüldükdə qapılar tam bağlanmır, 2-ci gedişdə isə qapılar kip bağlanır və 1-ci gedişdə, yəni qapılar kip bağlanmadığı vəziyyətdə salondan və xaricdən qapılara kənar təsir edildikdə qapıların öz-özünə açılması baş vermir. Qabaq sağ və sol qapıların qıfıllarının bağlama mexanizmlərində hər-hansı deformasiya izləri aşkar edilməmişdir. Avtomobildə arxaya sol qapıya baxış zamanı həmin qapının qıfılı 2 dəfəyə bağlanma mexanizminə malik olmaqla 1-ci gedişlə örtüldükdə qapı tam bağlanmır, 2-ci gedişdə isə qapı kip bağlanır. 1-ci gedişdə, yəni qapı kip bağlanmadığı vəziyyətdə salondan və xaricdən kiçik qüvvə ilə təsir edildikdə qapının öz-özünə açılması baş verir. Həmin hal arxa sağ qapıda da təkrarlanır, yəni 1-ci gedişdə qapı kip bağlanmadığı vəziyyətdə salondan və xaricdən kiçik qüvvə ilə təsir edildikdə qapının öz-özünə açılması baş verir. Arxa sağ və sol qapılar 2-ci gedişdə, yəni kip bağlandığı vəziyyətdə salondan edilən təsir nəticəsində qapıların öz-özünə açılması baş vermir. Arxa sol və sağ qapıların qıfıllarının bağlanma mexanizmilərinə baxış zamanı onların plastmas dillərinin aşağı çıxıntısı tam yeyilmiş vəziyətdədir və bu uzunmüddətli istismar nəticəsində yaranmışdır. “Kamaz 65115” markalı yanğınsöndürən avtomobilin arxa sol qapısının 1-ci gedişli örtülmədə salondan edilən kiçik təsir nəticəsində öz-özünə açılması baş verdiyindən, qapının 2-ci gedişli kip örtülməsində salondan edilən təsir nəticəsində öz-özünə açılması baş vermədiyindən hadisədən əvvəl avomobilin arxa sol qapısı 1-ci gedişdə, yəni qapı kip bağlanmadığı vəziyyətdə örtülmüş və belə vəziyyətdə avtomobil yolun sağa döngəli hissəsini keçərkən avtomobilə təsir edən mərkəzdənqaçma qüvvəsi nəticəsində salonda sol tərəfdə olan sərnişinin arxa sol qapıya sıxılması, bunun nəticəsində qapının öz-özünə açılması və avtomobil yolun döngəli hissəsini keçdikdən sonra sərnişinin avtomobildən yerə yıxılması baş vermişdir. “Kamaz 65115” markalı yanğınsöndürən avtomobilin arxa sol qapısının qıfılının 1-ci gediş mexanizmi nasaz vəziyyətdə idarə edilməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə olunmuş sxem və fotocədvəldəngörünür ki, hadisə Samux şəhəri, H.Əliyev prospektində yerləşən, üzərində “Yaxşı yol” sözləri yazılmış beton dirək yerləşdirilmiş dairədən Samux-Sərkar avtomobil yolunun 1-ci kilometrliyində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2022-ci il tarixli 398/2022 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan, həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə Samux şəhəri, H.Əliyev prospektində yerləşən, üzərində “Yaxşı yol” sözləri yazılmış beton direk yerləşdirilmiş dairədən Samux-Sərkar avtomobil yolunun 1-ci kilometrliyində baş vermişdir. Hadisə yerinə baxışda sürücü Təqsirləndirilən şəxs iştirak etməklə, protokol baxış iştirakçıları, o cümlədən sürücü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AD 886270 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, KAMAZ-65115 markalı, 99JC659 dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobili xx.xx.2020-ci il tarixdən Fövqəladə Hallar Nazirliyinin balansındadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2021-ci il tarixdə verilmiş sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək qüvvədədir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibi Ekspertiza və X10” Publik Hüquqi şəxsin Gəncə Şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli 26 nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum 1991-ci il təvəllüdlü X8 bədəni üzərində subdural,subaraxnoidal qansızmalar, baş beyin mədəciklərinə və beyin toxumasına qansızma; sol alın-təpə sümüklərinin kəllə əsasına keçən qəlpəli sınığı; başın sol alıntəpə, ənsə nahiyələrində yumşaq toxumalara qansızma; sol baldır sümüklərinin (qamış və inci) qapalı sınığı; sınıq ətrafı yumşaq toxumalara qansızma; sol alın-təpə, hər iki gözətrafı və sol baldır nahiyyələrinin hematoması, sağ əlin arxa səthinin qançırı, sağ diz nahiyəsinin sıyrığı. Bu xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləriqərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsrətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilir. X3 ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən Samux rayon X14 Hissəsinin yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində özünü yaxşı bir əməkdaş kimi göstərmiş, rəhbərlik və rəis heyəti tərəfindən verilmiş əmr və tapşırıqları düzgün icra etmiş, xidmət və döyüş nizamnamələrinin tələblərinə düzgün riayət etmişdir. Yanğın avtomobilinin vəziyyətinə və saz vəziyyətdə olmasına xüsusi fikir vermiş, yanğın texniki vasitələrindən istifadə etməyi bacarmışdır. Yol hərəkəti qaydalarına diqqətlidir, peşə hazırlığını artırmağa çalışır, yoldaşları arasında hörməti var. Fiziki cəhətdən sağlamdır. Dövlət və xidmət sirrini saxlamağı bacarır. Hərbi geyim formasının daşınması qaydalarına ciddi riayət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il 313 nömrəli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Samux rayon İnstitut qəsəbəsində yaşayır və ailə tərkibi - atası X17, anası X1 ibarətdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon İcra Hakimyyəti Başçısının İnstitut qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 8/1229 nömrəli ekspert rəyindən görünür ki, hadisədən əvvəl “KAMAZ-65115” markalı, 99JC659 dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobil arxa sol və sağ qapıların qıfıllarının 1-ci gedişli mexanizmi nasaz vəziyyətdə istismar edilmiş və sürücü Təqsirləndirilən şəxs həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs “KAMAZ-65115” markalı yanğınsöndürən avtomobili arxa sol qapısı 1-ci gedişdə örtülmüş, yəni kip bağlanmadığı vəziyyətdə idarə etmiş və avtomobilin arxa sol qapısının 1-ci gedişi mexanizmi nasaz vəziyyətdə idarə edilməsi ilə hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. “KAMAZ-65115” markalı 99JC659 dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsibnin 3-cü bəndinn, 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 8/1771 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə “Kamaz 65115” markalı ** JZ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol qapısı tam şəkildə bağlandı, sonra qapıya kənar təsir zamanı qapının açılması baş vermədi. xx.xx.2022-ci il tarixdə “Kamaz 65115” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilə ekspert tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, hadisədən əvvəl “Kamaz 65115” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobil arxa sol və sağ qapıların qıfıllarının 1-ci gedişli mexanizmi nasax vəziyyətdə istismar edilmiş və sürücü Təqsirləndirilən şəxs həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur. Hadisədə əvvəl sürücü Təqsirləndirilən şəxs Kamaz 65115 markalı yanğınsöndürən avtomobili arxa sol qapısı 1-ci gedişində örtürmüş, yəni qapı kip bağlanmadığı vəziyyətdə idarə etmiş və avtomobilin arxa sol qapısının qfılının 1-ci gedişli mexanizmi nasaz vəziyyətdə idarə etməsi ilə hadisənin baş verməsi apasında səbəbli əlaqə olmuşdur. Kamaz 65115 markalı ** JC *** dövlət qeydiyyat nişanlı yanğınsöndürən avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunun şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin məddələrinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağı texniki imkanı olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi X4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və gələcəkdə də şikayəti və tələbi olmayacaq. Məhkəmə iclasında tədqiq edilmiş və iş materialarında olan xx.xx.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməməkhaqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməli istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, CM-in 263.2-ci maddəsiilətəqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi məhkəmə tərəfindən tənqidi yanaşılaraq özünü müdafiə xarakterli kimi qiymətlədirilir, iş üzrə dindirilmiş şahid ifadələri, eləcə də 29 iyun 2022-ci il tarixli 8/1229 nömrəli və 19 iyul 2023-cü il tarixli 8/1771 nömrəli ekspertiza rəyləri ilə tamamilə təsdiq olunur. CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsiilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyükimi Təqsirləndirilən şəxs, cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 41.2. maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1. maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayət əməlinə görə CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1, 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 263.2-ci maddəsi ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə aid olduğundan və həmin maddənin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, cəzasını həmin Məcəllənin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə qetməmək haqqında iltizam”qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan RespublikasınınCPM-nin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə 29 iyun 2022-ci il tarixli yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 228 (iki yüziyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə mülki iddia yoxdur.CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 06 ay (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam ”qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərcicəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, Az.MEM-in VÖEN **********, AZ34 CTRE********************. X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı hesabakeçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar