Məhkəmə qərarları › İş №1(058)-3/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-3/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-3/2024 16.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X7 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1976-cı ildə Samux rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir, belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 10 fevral 2015-ci il tarixdən başlayaraq 25 noyabr 2003-cü il təvəllüdlü X2, 23 avqust 2005-ci il təvəllüdlü X1 və 19 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-224/2015 saylı, 08 iyul 2015-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Samux Rayon Məhkəməsinin 06 aprel 2016-ci il tarixli, 3(058)- 109/2016 saylı, 18 yanvar 2018-ci il tarixli, 3(058)-21/2018 saylı, 05 yanvar 2022-ci il tarixli, 3(058)-13/2022 saylı qərarları ilə müvafiq olaraq 10 gün, 15 gün və 20 gün müddətlərinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2016-cı il, xx.xx.2018-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 9120,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2002-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahları isə 03 sentyabr 2014-cü il tarixdə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 25 noyabr 2003-cü il təvəllüdlü X6, 23 avqust 2005-ci il təvəllüdlü X4 və 19 yanvar 2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. O, Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)-224/2015 saylı, 08 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən ondan 10 fevral 2015-ci il tarixdən hesablanmaqla 25 noyabr 2003-cü il təvəllüdlü X2, 23 avqust 2005-ci il təvəllüdlü X1 və 19 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun yaşadığı yer üzrə Samux rayonu İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyətim izah edilmiş, Samux Rayon Məhkəməsinin 06 aprel 2016-cı il, 18 yanvar 2018-ci il və 05 yanvar 2022-ci il tarixli qərarları ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək müvafiq olaraq 10 gün, 15 gün və 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyindən təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixdək 9120,00 manat aliment borcu yığılıb qalmışdır. O, bir neçə dəfə aliment borcundan qismən ödəmək istəsə də zərərçəkmiş şəxs bununla razılaşmamış və aliment borcunun tam ödənilməsini tələb etmişdir. Maddi durumunun aşağı olması səbəbi ilə də aliment borcunu tam ödəməyi mümkün olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq aliment borcunu tam şəkildə tələb etdiyini bildirmiş, bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2003-cü ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə xx.xx.2014-cü ildə rəsmiləşdirilmişdir. Həmin nikahdan 25 noyabr 2003-cü il təvəllüdlü X6, 23 avqust 2005-ci il təvəllüdlü X4 və 19 yanvar 2012-ci il təvəllüdlü X8 adında övladları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur və qazancı 400-500 manat təşkil edirdi. Həmin müddətdə onlar Samux rayonu, Qarayel qəsəbəsində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da, ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də nigahın pozulması, uşaqların saxlanması üçün aliment tələbinə dair məhkəmədə iddia qaldırmış və Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 10 fevral 2015-ci il tarixdən hesablanmaqla 25 noyabr 2003-cü il təvəllüdlü X2, 23 avqust 2005-ci il təvəllüdlü X1 və 19 yanvar 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 70,00 manat olmaqla, cəmi 210,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilsə də qətnamə qərəzli olaraq icra edilməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Samux rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsədə aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Samux Rayon Məhkəməsinin 06 aprel 2016-ci il, 18 yanvar 2018-ci il, 05 yanvar 2022-ci il tarixli qərarları ilə müvafiq olaraq 10 gün, 15 gün, 20 gün müddətlərinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli təqdimat əsasında, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 08 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən 9120,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Samux Rayon Məhkəməsinin 08 iyul 2015ci il tarixli, 2(058)-224/2015 saylı qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2005-cı il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqi və ona əlavə olunmuş qətnamə xx.xx.2015-ci il tarixdə Samux rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasını təmin edilməsi üçün bildiriş göndərilmişdir. Borclunun ölkədən getmək hüququ Samux Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 8(058)-130/2015 saylı qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs aliment üzrə yaranmış borcu icra etməmiş, onun izahatı alınmış, həmçinin rəsmi xəbərdarlıq edilmiş və bütün bunlara baxmayaraq icra sənədi üzrə borclu tələbin icrasından yayınmışdır. Borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2016-cı il tarixdə inzibati protokol tərtib edilərək Samux Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli, 3(058)- 109/2016 saylı qərarı ilə Təqsirləndirilən şəxs inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs növündə tənbeh edilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2016-cı il tarixli ərizə ilə şöbəyə müraciət edərək, borclunun ona olan aliment borcunu tam şəkildə ödədiyini və borclu barəsində məcburi icra tədbirlərinin ləğv edilməsini xahiş etmişdir. Bu əsasla borclu aliment borcunu tam şəkildə ödədiyi üçün onun ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyət götürülmüşdür. İnzibati tənbehlərdən sonra borclu Təqsirləndirilən şəxs yeni icra müddətləri verilmiş, habelə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilməklə qeyd olunan aliment üzrə borcunu ödəməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı nəzərinə çatdırılmışdır. Sonradan borcluya dəfələrlə bildiriş, xəbərdarlıq edilmiş, həmçinin yenidən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Samux Rayon Məhkəməsinə təqdimat verilmiş və Təqsirləndirilən şəxs ölkədən getmək hüququ məhkəmənin xx.xx.2017-ci il tarixli, 8(058)- 101/2017 saylı qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasından qərəzli yayındığından barəsində verilmiş xx.xx.2018-ci il tarixli təqdimata əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və Samux rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(058)-32/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilib və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə işin icraatına xitam verilmişdir. Bundan sonra borclu Təqsirləndirilən şəxs aliment üzrə öhdəlikdən boyun qaçırmış, çoxsaylı xəbərdarlıqlar verilmiş, əmlak vəziyyətinə baxış keçirilmiş tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir və nəticədə barəsində xx.xx.2022-ci il tarixdə inzibati protokol tərtib edilərək, Samux Rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(058)-13/2022 saylı qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs növündə tənbeh edilmişdir. Borcluya yaranan aliment borcu ilə əlqadər cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıq edilməklə yaranmış aliment borcunu ödəməyəcəyi halda yenidən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə izah edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs aliment üzrə heç bir ödəniş etməmiş, habelə alimenti və yaranmış aliment borcunu ödəməkdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıqlar olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınmışdır. Həmçinin borclu xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli izahatlarında qərəzli mövqe tutaraq, aliment borcunu ödəməkdən imtina etdiyini və aliment pulunu ödəməyəcəyini bildirmişdir. Borclu Təqsirləndirilən şəxs alimentin və yaranmış aliment borcunun ödənilməsindən qərəzli olaraq yayındığından 2022-ci ilin dekabr ayı daxil olmaqla 9120 (doqquz min yüz iyirmi ) manat aliment borcu yaranmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinin məzmunu ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(058)- 224/2015 saylı, 08 iyul 2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etmədiyini göstərmişdir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 07 iyul 2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə anadan olmuş X6, xx.xx.2005-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 ananın himayəsində saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs sabit pul məbləğində hər uşağa, hər ay 70 manat olmaqla, cəmi 210 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyirinə verilməsi qət edilmişdir. 25 avqust 2015-ci il tarixdə Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şöhrət Tağıyev tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin könüllü icrası üçün Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. 10 sentyabr 2015-ci il tarixdə Təqsirləndirilən şəxs icra sənədini icra etməsi barədə xəbərdarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)130/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olan və orada yaşayan borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasını tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Samux Rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 3(058)-21/2018 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün inzibati qaydada həbs edilmişdir. Samux Rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 1(058)-32/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin müvafiq icra sənədini icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixdə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin müvafiq icra sənədini icra etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimat veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi və üzrsüz səbəblərdən məhkəmənin çağırışlarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 7 iyul 2015-ci il tarixli qətnaməsinin icra olunması ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə bir neçə dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq həmin qətnamə borclu tərəfindən icra edilməmişdir. Cinayət işinin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxs maddi vəziyyətinin imkan verməməsi ilə əlaqədar qətnaməni icra edə bilməməsini qeyd etmiş və borcunu yaxın müddətdə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasları dəfələrlə təxirə düşsə də, Təqsirləndirilən şəxs borcundan heç bir ödəniş etməmiş, qətnamənin icra edilməsi ilə bağlı demək olar ki, heç bir əməli tədbir görməmiş, üstəlik məhkəmənin çağırışlarına gəlməkdən boyun qaçırmışdır. Göründüyü kimi təqsirləndirilən şəxsin qətnamənin icrasına olan qərəzli münasibəti şübhə doğurmur. Təqsirləndirilən şəxsin dəfələrlə borcunu ödəyəcəyini bildirib daha sonra məhkəmənin çağırışlarına gəlməməsi onun qətnaməni icra etməməsinin qərəzli münasibətdən qaynaqlandığını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələrinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır. Beləliklə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictmai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması, alimentin ödənilməməsi nəticəsində uşaqların qanunla qorunan mənafelərinin pozulması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 8-ci, 41-ci, 58-ci maddələrinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasından yüngül cəza növünün təyin olunması mümkün deyildir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni 26 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həmçinin həbsdə saxlama yerinin müdiriyyəti vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətlər ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar