Məhkəmə qərarları › İş №1(058)-30/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-30/2023

18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-30/2023 18.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, birinci dərəcəli hüququşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 51 A-da qeydiyyatda olan və Samux rayonu Poylu kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 23 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Samux rayon Poylu kəndində yerləşən fərdi yaşayış evində oğlu Zərərçəkmiş şəxs qızı Şahid1 oxuduğu Ağdaş Rayon Dövlət Humanitar kollecinə zəng edib onun haqqında nə üçün şikayət etdiyini ona irad tutduqda Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində mübahisə etmiş və mübahisə zamanı əlinin üst tərəfi ilə qəsdən sonuncunun burun nahiyəsinə bir neçə dəfə vuraraq ona burun nahiyəsində 4x5 sm ölçüdə, burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı, şişkinliyi, sol almacıq nahiyəsində bir-birinə paralel yerləşmiş 2,5x0,3 sm və 2,0x0,3 sm ölçülərdə ətraf dəri səviyyəsi ilə eyni olan qırmızımtıl rəngli qartmaqla örtülü qeyri-müəyyən formalı sıyrıqlarındn ibarət qəsdən ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmаya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o və oğlu Eşqin gündəlik fəhləliklə məşğul olurlar, qızı Ayşad isə Ağdaş rayon Dövlət Humanitar kollecində tələbədir. Əri Mehdi 2021-ci il tarixdə vəfat edəndən sonra o, uşaqlara demişdir ki, yaşadıqları evi satıb Gəncə şəhərinə köçsünlər. Eşqin də buna etiraz etmiş və həmin vaxtdan aralarında narazılıqlar başlamışdır. Buna görə də aralarında bir neçə dəfə mübahisələr olmuşdur. Axırıncı dəfə, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində oğlu Eşqin qızı Ayşadın təhsil aldığı kollecə zəng vurduğu üçün Eşinlə aralarında yenidən mübahisə yaranmışdır. Mübahisə zamanı Eşqinin üzünə əli ilə vurmuşdur. Qızı Ayşad isə əsəbləşib stulu yerə atmış, ancaq atmış olduğu stul Eşqinə dəyməmişdir. Həmin vaxt Eşqin nə onu, nə də ki, qızını vurmamış, sadəcə olaraq onlara demişdir ki, onu vurmağıyla bağlı polisə şikayət edəcəkmiş. Sonradan bilmişdir ki, oğlu Eşqin AR DİN-nin 102 xidmətinə zəng edərək onun və qızı barədə şikayət etmişdir. Oğlu Eşqini o, əliylə vurmuş, qızı onu vurmamış, sadəcə olaraq mübahisə olan vaxtı əsəbləşib stulu yerə atmış, ancaq atmış olduğu stul Eşqinə dəyməmişdir. Onun barəsində şikayət etməsində səbəb kollecdən qovdurmaq istəməsi olmuşdur. O göstərmişdir ki, mübahisəyə səbəb oğlu Eşqin onu və qızını yaşadıqları evdən çıxartmaq istəyirmiş, belə ki, axırıncı dəfə də oğlu qızının oxuduğu Ağdaş rayonunda yerləşən kollecə zəng edib şikayət etdiyi üçün və qızı da bunu ona dediyi üçün o, buna əsəbləşmiş və oğluyla mübahisə etmişdir. O göstərmişdir ki, aralarında olan davadalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı kənar şəxs yox imiş, o və qızı olmuşdur. xx.xx.2022-ci il tarixdə o, onu vurmamış, aralarında demək olar ki, hər gün mübahisə olur, ancaq o, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Zərərçəkmiş şəxs qızı Ayşadın təhsil aldığı kollecə zəng vurduğu üçün Eşqinlə aralarında yenidən mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs üzünə əliylə vurmuşdur. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. Atası Mehdi 2021-ci il tarixdə vəfat edəndən sonra anası Sahibə ona demişdir ki, yaşadıqları evi satıb Gəncə şəhərinə köçsünlər. O da buna etiraz etmiş və həmin vaxtdan aralarında narazılıqlar başlamışdır. Anasının və bacısının fikri odur ki, onu evdən çıxartsınlar, əlində nə varsa özlərinə götürsünlər. Buna görə də aralarında bir neçə dəfə mübahisələr olmuşdur. 22 dekabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində o, yaşadığı evdə qonaq otağında çörək yeyən zaman anası Sahibə başlamış öz-özünə deyinməyə və onu təhqir etməyə, o isə ona cavab qaytarmamış, anası Sahibə onu təhqir edə-edə ona yaxınlaşaraq sağ əlinin üstü ilə onun ağız nahiyəsinə iki dəfə qəsdən vurmuş, o da anasına heç nə deməmiş və evdən küçəyə çıxmışdır. Qərara gəlmişdir ki, anası barəsində şikayət etsin, buna görə də həmin günü, yəni xx.xx.2022-ci il tarixdə Samux Rayon Polis Şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Anası onu vuran zaman bacısı Ayşad da onun yanında imiş, ancaq bacısı onu vurmamış, onu anası Sahibə vurmuşdur. Axırıncı dəfə, yəni xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində o, qonaq otağında olan zaman bacısı Ayşad və anası Sahibə onu yenə söyüb təhqir etməyə başlamışlar. O da onu döyəcəklərini bilib küçəyə çıxmış və bacısı Ayşadın oxuduğu Ağdaş Rayon Dövlət Humanitar Kollecinin direktoruna zəng edərək soruşmuşdur ki, bacısı Ayşad nə üçün dərs vaxtı evdə qalır. Direktor isə ona demişdir ki, onun barəsində tədbir görəcəklər. O, məlumat üçün direktora demişdir ki, kollecdə Pərvanə adlı müəllimə var, hər şeyi o yaxşı bilir, ondan soruşa bilərlər. Bir qədər keçmiş Pərvanə müəllim bacısına zəng etmişdir və telefonda ona təpinmişdir. Bundan sonra o, evə qayıtmış və yataq otağına keçmişdir. O, yataq otağına keçəndən sonra arxasınca anası və bacısı otağa daxil olmuş, daxil olan zaman anası Sahibə o ayaqüstə olan zaman onunla üzbəüz gəlib onu təhqir edərək əlinin üstü ilə burun nahiyəsinə 3 dəfə qəsdən vurmuş, zərbənin təsirindən onun burnundan qan gəlmiş, ancaq o, anasını vurmamışdır. Bacısı da həmin vaxt otaqda olan taxta stulu götürüb onun sol qolundan bir dəfə vurmuşdur. O da yenidən evin həyətinə çıxmış və polisə zəng etmişdir. Ona əsas xəsarəti anası Sahibə yetirmiş, belə ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Samux rayon Poylu kəndində yerləşən evində yataq otağında olan zaman anası əli ilə onu vurmuşdur. Dalaşan zaman yanında heç kim olmamışdır, ancaq o, anası Sahibə və bacısı Ayşad olmuşdur. Aralarında olan hər iki dava-dalaş təxminən 1-3 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında kənar şəxs olmamışdır. Anası Təqsirləndirilən şəxs ilə aralarında heç bir barışıq yoxdur, onun barəsində qanuna müvafiq qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır, Zərərçəkmiş şəxs isə onun qardaşıdır. Aralarında mütəmadi olaraq hər gün atasından qalan mülk üzərində dava-dalaş olurmuş. 23 dekabr 2022-ci il tarixdə axşam saat 20 radələrində oxuduğu Ağdaş rayon Dövlət Humanitar kollecindən müəllimi Pərvanə Süleymanova ona zəng vurmuş, zəng zamanı Pərvanə xanım ona qardaşı Eşqinin rektor Namiq Nəbiyevə zəng vurmasını və ondan şikayət etməsini bildirmişdir. Eşqinin təhsil aldığı yerə zəng vurması barəsində anası Sahibəyə məlumat vermişdir. Anasıyla birlikdə Eşqindən nə üçün təhsil aldığı kollecə zəng vurmasını soruşmuşlar. Eşqin yaxşı etməsini bildirib onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bunun üstündə aralarında mübahisə yaranmış və mübahisə zamanı bir-birini söyüb təhqir etmişdirlər. Mübahisə zamanı əsəbləşmiş və oturacaq stulu yerə atmışdır. Sonra evdən çıxmış və Pərvanə xanım ilə yenidən telefon əlaqəsi saxlamışdır. Bu vaxt içəridən anası Sahibə ilə Eşqinin mübahisə etməsini eşitmişdir. Lakin içəridə olmadığı üçün anasının qardaşı Eşqini vurduğunu görməmişdir. Aralarında olan dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Dava-dalaş zamanı yanlarında kənar şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğlu, Şahid1 əmisi qızıdır, Təqsirləndirilən şəxs isə əmisinin arvadı olub. Onların aralarında mütəmadi olaraq hər gün atalarından qalan mülk üzərində dava-dalaş olur. 23 dekabr 2022-ci il tarixdə axşam saat 20 radələrində o, evdə olan zaman Eşqin onun mobil telefonuna zəng edərək demişdir ki, yaşadığı evdə anası və bacısı tərəfindən döyülmüşdür, ondan xahiş etmişdir ki, sabah onu Samux Rayon Polis Şöbəsinə aparsın və o, oradan da həkimə getsin. O da Eşqinə demişdir ki, “vaxtım yoxdur, səninlə gedə bilməyəcəm”. Həmin axşamı Eşqin döyülməyi və xəsarətləri olmağı barədə ona və Murad adlı polis əməkdaşına fotoşəkillər çəkərək göndərmişdir. O, şəkillərə baxan zaman Eşqinin həqiqətən də döyüldüyünü, sifətindən qan gəldiyini görmüşdür. Sonradan o, bilmişdir ki, Eşqin Samux rayon Salahlı kəndində yaşayan Tural adlı şəxsin avtomobili ilə Samux Rayon Polis Şöbəsinə getmiş, Polis Şöbəsindən göndəriş aldıqdan sonra isə məhkəmə-tibbi müayinəyə getmişdir. Zərərçəkmiş şəxs anası və bacısı ilə dalaşdığını görməmiş, həmin vaxt o, öz evində olmuş, Eşqin ona zəng edib deyən zaman hadisəni bilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2022-ci il tarixli, 2251 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- burun süümyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin qançırı, şişkinliyi, sol said nahiyəsinin qançırı, sol almacıq nahiyəsinin sıyrıqları – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayıb. İş materiallarına əlavə edilmiş Samux rayonu Poylu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni ictimai işlər cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.2-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə məhkəmə xərci dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsə müdafiəçinin göstərdiyi hüquqi yardıma görə ödənilməli məbləğdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün ibtidai istintaq zamanı və məhkəmədə cəmi 33 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi yardıma görə ümumilikdə 198 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. X1 üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan hesablansın. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Göstərdiyi 33 saat hüquqi yardıma görə 198 (yüz doxsan səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar