Məhkəmə qərarları › İş №1(058)-31/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-31/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-31/2025 07.07.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, Gəncə şəhəri, DOS 102, ev 148, mənzil 7-də qeydiyyatda olan, Samux rayonu, Sərkar kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 31 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açma yolu ilə açaraq qanunsuz olaraq evə daxil olub evin yataq otağının qapısının kilidini təpiklə sındıraraq orada olan güzgülü kamoddan Zərərçəkmiş şəxs məxsus 600 (altı yüz) manat nağd pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, aradabir gündəlik olaraq fəhləliklə məşğul olurmuş. 2017-ci il tarixdə Rusiyaya getmişdir, 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. O, əvvəllər Gəncə şəhərində yaşamışdır. Atası Həsən təxminən 10 ildən çoxdur ki, vəfat etmişdir. Ailədə iki uşaq o və qardaşı Sərxan olmuşdur. Sərxan 2022-ci il tarixdə Rusiyada baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Qardaşı vəfat edəndən sonra dəfnlə bağlı borcları yaranmışdır və buna görə də o, anasıyla Gəncə şəhərində olan evlərini satıb 2024-cü ilin yanvar ayından Samux rayon Sərkar kəndində həyət evi alıb ora köçmüşlər. Hal-hazırda o, anasıyla birlikdə həmin evdə yaşayır. Anasıyla yaşasa da aralarında yaxşı münasibətlər yoxdur, çünki o, işləmir, anasına baxmır, içki içir, anası da hər dəfə onu tənbeh edirdir, anası özü də artıq xəstədir. Bildirmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində o, qonaq otağında televizora baxırmış, neçə vaxtı kasıblıqdan sıxılmışdır, istəmişdir ki, özünə əyləncə təşkil etsin, anasının pulunun harada olduğunu təxmini bilirmiş, belə ki, anası pulu özünün yatdığı yataq otağında şkafın sürməsinin paltarlarının altına qoymuşdur. Həmin günü anası qardaşının qəbir üstünə gedəcəyini bilirmiş və bilirmiş ki, gedəndə qapıları bağlayacaqdır, buna görə də qonaq otağının pəncərəsini bir az açıq qoymuşdur ki, anası gedəndən sonra evə daxil ola bilsin. Təxminən saat 12 radələrində o, evin həyətində olan bisetkada imiş, anası evdən çıxanda bütün qapıları bağlamışdır, çünki ona etibar etmirmiş, adətən anası özü harasa gedəndə qapıları bağlayırmış və açarı da özü ilə aparırmış. O isə evin həyətinə bisetkada gözləyirmiş, ya da ki, harasa gedirmiş. Anası qəbir üstünə getmişdir, o da anası gedəndən sonra pəncərəyə qalxmaq üçün kapron tabletka götürüb ayağının altına qoymuşdur, ancaq boyu çatmadığı üçün nərdivan gətirmişdir, nərdivana çıxıb pəncərədən qonaq otağına daxil olmuşdur və sonra isə anasının yataq otağının qapısı bağlı olduğundan təpiklə bir neçə dəfə vurub rəzəni sındırıb otağa daxil olmuşdur, şkafın birinci sürməsini açıb dəsmalların altına baxanda sellofanda pul görmüşdür və pulları sayan zaman 1600 manat nağd pul olduğunu bilmişdir. Pulların hamısı 100-lük əskinazlardan ibarət olmuşdur. 1600 manat puldan 600 manatını götürmüşdür və özünə də başqa otaqdan cins şalvar götürüb pəncərədən evin həyətinə düşmüşdür, pəncərəni örtsə də pəncərə açıq qalmışdır, sonra isə nərdivanı yerinə qoymuşdur ki, şübhə doğurmasın. Evin həyətində əynini dəyişib spartivni şalvarı ora qoyub küçənin baş tərəfindən tanımadığı bir taksi ilə 8 manata Gəncə şəhər avtovağzalına getmişdir. Avtovağzaldan yol maşını ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə 19-20 radələrində çatmışdır. Avtovağzaldan “28 May” adlanan yerə getmişdir, ticarət mərkəzində bir az gəzib alış-veriş edib, yeyib-içmişdir, sonra isə gürcü xəngəli kafesinə getmişdir, ordan isə saunaya getmişdir axşam saunada qızla qalmışdır, səhər durub yenə yemək yeyib mobil telefon işlətmədiyindən taksafonla anasına zəng etmişdir, anası da ona demişdir ki, polisə artıq şikayət etmişdir. Həmin vaxt o, pulu sayanda 150 manat pul qalmışdır. Həmin günü də çıxıb gəlmişdir, evə gələn zaman anası onu evə buraxmamışdır o, da təslim olmaq üçün Samux rayon polis şöbəsinə gəlmişdir. Həmin puldan onda heç nə qalmamışdır, hamısını xərcləmişdir. Bakı şəhərində oğurladığı puldan özünə “Memi” adlanan mağazadan köynək və gödəkçə də almışdır. Qeyd etmişdir ki, oğurluq etməyinə səbəb kasıbçılığın olması, bir az gəzmək istəməyi olmuşdur. O, anasına məxsus yataq otağından 600 manat nağd pul oğurlamışdır, başqa heç nə oğurlamamışdır, etdiyi əməldən çox peşman olmuşdur, oğurluq cinayətini xx.xx.2024-cü il tarixdə təxminən saat 12 radələrində törətmişdir, yaşadığı evə qonaq otağının əvvəldən onun tərəfindən açıq qoyulmuş pəncərəsindən daxil olub, anasına məxsus yataq otağının qapısını sındırmaqla daxil olmuşdur, oğurluğu tək etmişdir, başqa heç kim olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, cinayət əməlini o törətmiş və oğurluğu öz evlərindən etmişdir. Hadisə olan gün anası qəbiristanlığa getmiş və o, saxlanc yeri hesab olunan sandığın ağzını açmış və oradan 600 manat pul götürmüşdür. Sonra anası evə gələndə bilmişdir ki, evdən pul oğurlanıb. Lakin anası bilməmişdir ki, pulu o, oğlurlamışdır. Bundan sonra anası polisə müraciət etmişdir. O, əməlindən peşmandır. Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər Gəncə şəhərində yaşamış, əri Həsən təxminən 10 ildən çoxdur ki, vəfat etmişdir. Evlilik dövründə iki övladı Sərxan və Orxan olmuşdur. Sərxan 2022-ci il tarixdə Rusiyada baş vermiş yol-nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. Buna görə də borcu olduğu üçün o, Gəncə şəhərində olan evini satıb 2024-cü ilin yanvar ayından Samux rayon Sərkar kəndində həyət evi alıb ora köçmüşdür. Hal-hazırda o, oğlu Orxanla birlikdə yaşayır. Oğlu Orxanla yaşasa da aralarında yaxşı münasibətlər yoxdur. Oğlu işləmir, ona baxmır. O da məcbur olub özü evə baxır. Gəncə şəhərində satdığı evdən bir qədər onda pul qalmışdır deyə onun hesabına dolanır. Özünə məxsus dəyərli əşyaları Orxandan gizli saxlamışdır. Ehtiyat edirmiş ki, oğurlayar. Bildirmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə təxminən saat 12 radələrində oğlu Sərxanın qəbir üstünə getmişdir, gedən zaman Orxan evin həyətində olmuşdur. O da Orxana demişdir ki, “çay hazırdır, özünə də yumurta bişirərsən, gedəndə qapıları bağlayarsan”. Orxan da ona demişdir ki, özü evdə olacaq. O, da hər ehtimala qarşı yataq otağının qapısını evin girəcək qapısını bağlamışdır, açarları da özüylə götürmüşdür. Qeyd etmişdir ki, oğlu Orxanda evin girəcək qapılarının və yataq otağının açarı yoxdur. Orxandan ancaq evin həyətinin darvzasının açarları vardır. O, qəbir üstünə gedib təxminən 14:30 radələrində evə gəlmişdir. Evin darvzasından içəri daxil olanda görmüşdür ki, səssizlikdir, buna görə də o, Orxanı səsləmişdir, səsləyərək məhləyə keçmişdir. Çünki Orxana siqaret almışdır, Orxanı görməmişdir və baxan zaman görmüşdür ki, Orxan əynində olan spartivni şalvarı soyunub stulun üstünə qoyub, oturmaq üçün olan yaşıl rəngli tabletka isə bisetkadan bir qədər aralıda imiş, ancaq o, gedəndə tabletkanı qaz pilitəsinin qarşısına qoymuşdur, çünki pəncərəni silmişdir. Bundan sonra o, evin girəcək qapısını açarla açıb dəhlizə keçmişdir və açarla otağına tərəf gedəndə görmüşdür ki, otağının qapısı açıqdır və qıfılı (zamok) çərçivədən qırılmışdır. Tez otağa daxil olub güzgülü kamotun birinci sürməsini açıb pula baxmaq istəmişdir, ancaq pul qoyduğu “Pinqivin” adlanan sellofanın kamotun üstündə və boş olduğunu görüb bilmişdir ki, pulu oğurlanıb. Həmin yerdə ona məxsus 600 manat 100 manatlıq əskinazlarla nağd pul var imiş, digər yerdə isə 1000 manat pulu olmuşdur, ancaq həmin pula dəyməmişdir. Oğlu Orxanı tapa bilmədiyindən bilmişdir ki, artıq Orxan oğurluq etmişdir. Orxan evə qonaq otağının pəncərəsindən daxil olmuşdur, sən demə o, əvvəldən oğurluğu planlaşdırmışdır, çünki o, qapıları və pəncərələri bağlamışdır. Orxan əvvəldən onun gedəcəyini bilib qonaq otağının pəncərəsini yarımçıq açıq qoymuşdur. Bundan sonra o, mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Həmin günün sabahısı Orxan ona zəng etmişdir, nömrə taksafon nömrəsi olmuş, Orxandan nə üçün belə etdiyini soruşmuşdur, Orxan heç nə deməmişdir, danışıqdan sərxoş olduğunu bilmişdir, ondan pulun qalıb-qalmadığını soruşmuşdur, Orxan da birinci olaraq ona pulun qaldığını, sonra isə xərclədiyini demişdir. Bundan sonra danışıq bitmişdir. xx.xx.20214-cü il tarixdə gecə saat 03-04 radələrində qapı döyülmüşdür, qapıya çıxan zaman Orxanı görmüşdür, Orxan ondan taksi ilə gəldiyini və pulu olmadığını demişdir. O da onu evdən qovalamışdır. Sonradan bilmişdir ki, Orxan polisə gedib və özü təslim olmuşdur. Qeyd etmişdir ki, o, AR DİN-nin 102 xidmətinə və Samux RPŞ-yə ərizə yazanda əsəbləşib 900 manat nağd pul və 2270 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir, ancaq həqiqətdə onun nağd olaraq 600 manat pulu oğurlanmışdır, həmin pulu da oğlu Orxan oğurlamışdır. Oğurluq xx.xx.2024-cü il tarixdə saat 12 radələrindən həmin günü saat 14:30 radələrinədək olan müddətdə baş vermişdir, oğlu Orxan əvvəlcədən özü tərəfindən açıq qoyulmuş pəncərədən evə daxil olmuş, onun yataq otağının qapısını sındırma yolu ilə daxil olub yataq otağında olan şkafdan(kamotdan) birinci sürmədən 600 manat nağd pul oğurlamışdır. Onu da qeyd etmişdir ki, göstərdiyi puldan başqa heç bir şey oğurlanmamışdır. Bildirmişdir ki, o, DİN-nin 102 xidmətinə və Samux RPŞ-yə ərizə yazanda əsəbləşib 900 manat nağd pulun və 2270 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir, ancaq həqiqətdə onun nağd olaraq 600 manat pulu oğurlanmışdır, həmin pulu da oğlu Orxan oğurlamışdır. Oğurluq olan günü istəmişdir ki, Orxan tez tapılsın, pulunu da ona qaytarsın, buna görə də bu cür məzmunda şikayət etmişdir, əslində isə 600 manat pul oğurlanmışdır. Bildirmişdir ki, Orxan o, evdə olmayan zaman yataq otağına daxil ola bilməz, o özü harasa gedəndə otağın qapısını bağlamış, həm də Orxan üçün digər otaqlar vardır. Otağında Orxana aid heç nə yoxdur, həmçinin o, bilirmiş ki, Orxan bir az narahat uşaqdır, həmişə ehtiyatını saxlamışdır, oğurluq olan günü də yataq otağının qapısını bağlamışdır, Orxana onun etibarı yoxdur. O, ancaq evdə olan zaman onun yanında otağa daxil olub nəsə soruşa, ya da götürə bilər, qalan vaxtlarda o, onu qoymurmuş, həm də digər oğlunun bütün əşyaları onun otağındadır, heç kimə icazə vermir ki, onlara dəysinlər. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxs onun doğma oğludur. O, əvvəl bilməmişdir ki, evindən oğurluğu oğlu edib. Əgər bilsəydi heç şikayət etməzdi. Hazırda ona dəymiş ziyan ödənilib, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs 17 iyun 2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onunla yaşadığı Samux rayonu Sərkar kəndində eyni küçədə qalır, qapı qonşusudur. 31 oktyabr 2024-cü il tarixdə axşam saatlarında o, yaşadığı kənddə olarkən eşitmişdir ki, Orxan anası Aidə evdə olmayan zaman yaşadığı öz evindən pul oğurlamış, belə ki, Aidə qəbir üstünə gedən zaman Orxan evdən pul oğurlamışdır. Orxanın oğurluq etdiyini anası Aidə biləndə mobil telefonla DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə şikayət etmişdir. Ancaq Orxan pulu oğurlayıb Bakı şəhərinə qaçmışdır. Sonradan bilmişdir ki, Orxan polisə gedib və özü təslim olmuşdur. Orxan anası Aidənin ona dediyinə görə nağd olaraq 600 manat pulu oğurlamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan evdən oğurlandığı pulun yerini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan evdən oğlurladığı pulun yerini göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkumluqla bağlı Məlumat Portalından görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının İstintaq Komitəsinin Rostov vilayəti üzrə İstintaq İdarəsi tərəfindən RF CM-nin 318M 2H, 30M 3H maddələri ilə ibtidai istintaq aparılmaqla barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu və Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 600 manat pulun X1 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Sərkar kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu və Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar