Məhkəmə qərarları › İş №1(058)-32/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-32/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-32/2023 13.07.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri Kəpəz rayonu 3 mkr, ev 13, mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.525 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 28 mart 2023-cü il tarixdə saat 10:50 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Nəbiağalı qəsəbəsində mərkəzdə saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.525 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərdi ki, o özü əvvəllər narkotik vasitələrdən istifadə etsə də hazırda istifadə etmir. Sözügedən psixotrop maddə onun üzərində olmamış, polis əməkdaşları onu həmin psixotrop maddənin ona məxsus olduğunu boyununa götürməyə məcbur etmişlər, halbuki o üzərində metamfetamin saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq psixotrop maddələri və narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında 28 mart 2023-cü il tarixdə axşam saat 10:50 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə getmişdirlər. Samux rayon Nəbiağalı qəsəbəsində, mərkəzin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və onlarla birlikdə getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və o, Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞnin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd şəffaf bükülünü çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bükülünün içərisində metanfetamin vardır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan metanfitaminə bənzər kütlələr olmuş, bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, psixotrop maddəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 0.6 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü bir neçə gün bundan əvvəl Gəncə Şəhəri Türk Lisseyi adlanan ərazidən tapdığını və özü istifadə etdiyi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 28 mart 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərardan görünür ki, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, zərurət yaranarsa yaşadığı ünvana təxirə salınmadan baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş 28 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi ona təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibində olan şəffaf sellofana bükülünü təqdim edərək metanfetamin olduğunu bildirmişdir. Həmin sellofan bükülü elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,6 qram olduğu müəyyən edilmiş, qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 28 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı X3 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 mart 2023-cü il tarixli, 16/365 nömrəli rəyindən məlum olur ki, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs o” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,525 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metanfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-cü il tarixli, 775 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetaminin onun üzərindən aşkar olunmadığına və onun həmin psixotrop maddəni üzərində daşımadığına dair ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaqda şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o əynində olan şalvarın cibindən bir ədəd şəffaf bükülünü özü könüllü olaraq çıxarıb təqdim etmiş və həmin bükülünün içərisində metanfetamin olduğunu, həmin psixotrop maddənin yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində hazırda narkotik vasitə və ya psixotrop maddədən istifadə etmədiyini bildirsə də, iş materiallarındakı müvafiq ekspert rəyindən görünür ki, o, narkomaniya xəstəliyindən əzab çəkir. Həmin hal təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyri-səmimi ifadə verdiyini göstərir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi xüsusatları onun özünü müdafəsi kimi qiymətləndirir və qeyd edir ki, onun ifadəsində qeyd edilən hallar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzb edilir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci madəsi ilə təqsirli bilinərək 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona qəti olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 09 gün vaxtından əvvəl şərti azad olunmuş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatməşdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 30 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınmaqla hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs məhkəmə iclası zalından həbsə alınmalı və cəzasının əvvəli hökmün elan edildiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,485 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi 49 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 294 (iki yüz doxsan dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 0,485 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Göstərdiyi 49 saat hüquqi yardıma görə 294 (iki yüz doxsan dörd) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar