Məhkəmə qərarları › İş №1(058)-32/2024

Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-32/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-32/2024 07.06.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Xüsusi ittihamçı X1 vəkili Müdafiəçi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafəçisi X2 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Qəzənfər Xalıqov adına 1 Saylı orta məktəbin direktoru vəzifəsində işləyir. Barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X6 onunla ailə qurmaq adı ilə 15 oktyabr 2022-ci il tarixdə nişanlanmış, 7 noyabr 2022-ci il tarixdə toyları olmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Belə ki, İlham Əkbərovun ailə qurmaq və bir ailə kimi yaşamaq niyyətinin olmadığını və məqsədinin başqa olduğunu anlayaraq rəsmi nikaha girilməmişdir. Onlar birlikdə qısa müddət yaşayaraq 24 fevral 2024-cü il tarixdə faktiki ayrılmışlar. Bundan sonra İlham Əkbərov onu təhqir etməyə, qohumlarına, iş yoldaşlarına onun barəsində yalan və təhqirlər dolu əsassız sözlər işlətməyə başlamış, iş yerinə və yaşadığı əraziyə gələrək bu halları davam etdirmişdir. Bundan sonra sosial şəbəkələrdə bu təhqirləri davam etdirmiş və heç bir xəbərdarlığa məhəl qoymamışdır. 2023-cü ilin iyun ayında Yasamal Rayon Polis İdarəsinin 29-cu PB-nə müraciət edərək, araşdırma aparılmış və X8 Əkbərovla profilaktik xarakter daşıyan söhbətlər aparılmış və onu bir daha narahat etməməsi barədə ondan yazılı iltizam alınmışdır. 7 noyabr 2023-cü ildən başlayaraq yenidən facebook sosial şəbəkəsi vasitəsilə öz adından və digər nömrələr vasitsilə başqa adlarla qeydiyyatdan keçməklə onu təhqir etməklə yanaşı böhtan xarakterli yazılar yazmışdır. Belə ki, İlham Əkbərov tərəfindən yaradılmış şərti adları “Xəzər” “Seymur” “Caid Xəlilov” “Cahid” “Kaspi Dəniz” “Xəzər Qobu” “Seymur Caniev” “Cexiya Oslo” “Cexiya” “İlham Əkbərov” “Orxan” “Vasif Cəlilov” “Kəpəz” “Qartal Qartal” “Yer Okean” “илхам” “İlham” adlı istifadəçi adları ilə müxtəlif vaxtlarda onun sosial şəbəkədə paylaşılan foto şəkillərin alt hissəsində təhqirlər yazılmış və sms bölməsinə təhqir dolu sözlər göndərilmişdir. Həmin təhqirlər sosial şəbəkədən foto şəkilində çıxarılaraq kağız daşıyıcıda məhkəməyə təqdim edilir. Həmin materiallardan göründüyü kimi adı çəkilən istifadəçi adları ilə istər facebook sosial şəbəkəsinin hər kəsə açıq olan platformasından, istərsə də sms bölməsindən dayanmadan müxtəlif təhqiredici və onun şərəf və ləyaqətini alçaldan ifadələr yazılmış, bu hal onun işgüzar nüfuzuna cəmiyyətdəki mövqeyinə zərbə vurmuşdur. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticəsi olmamış, sonuncu dəfə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə bununla bağlı etdiyi şikayətin nəticəsi olaraq müəyyən araşdırma aprılmış və orada X6 təqsirini boynuna almış və bu barədə izahat yazmış, həmçinin iltizam vermişdir. Lakin bundan sonra yenə həmin şər, böhtan və təhqirlərinə davam etmişdir. Onun cəmiyyət içində olan nüfuzuna xələl gətirmiş, onun şərəf və ləyaqətinə toxunan əməllər törətmişdir. Göründüyü kimi, X6 bilərəkdən, qəsdən, qərəzli şəkildə, törətdiyi əməlin qanuna zidd olduğunu, böhtan və yalan olduğunu şürlu şəkildə bilə-bilə onu kütləvi informasiya vasitəsində (saytda) şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Buna görə də X4 CM-nin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması xahiş olunmuşdur. Məhkəmə iclasında X1 vəkili Müdafiəçi bildirdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs öz əməlindən peşman olduğu üçün, gələcəkdə bir daha belə təhqir və böhtanlara yol verməyəcəyinə dair söz verdiyi üçün onlar arasında barışıq əldə olunmuşdur, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X6 ifadə verən zaman özünü qeyd olunan ittihamla qismən təqsirli bilərək göstərdi ki, xüsusi ittihamçı ilə vaxtilə ailəli olub, aralarında müəyyən narazılıqlar olmuşdur. O, bir neçə dəfə əsəbi olduğu üçün Ş.Qasımovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Xüsusi ittihamçının iş materiallarına əlavə etdiyi, sosial şəbəkədə yazılan yazıların bəziləri onun tərəfindən yazılıb, lakin bəzi yazılar ona aid deyil. Hazırda əməlindən peşmandır, xüsusi ittihamçı ilə barışmışlar. Buna görə də barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin X4 vəkili X5 bildirdi ki, X6 ilə X3 vaxitə ailəli olub, ailə münaqişəsi zəminində əsəbi olaraq sonuncuya qarşı qeyri-etik sözlər işlətmişdir. Hazırda əməlindən peşmandır, xüsusi ittihamçı ilə aralarında barışıq əldə olunub, odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X1 vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, barəsində şikayət edilən şəxsin əməlindən peşman olduğu və gələcəkdə bir daha təhqir və böhtana yol verməyəcəyinə söz verdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs X6 tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o, əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, gələcəkdə bir daha təhqir etməyəcəyini və böhtan atmayacağına söz verdiyini qeyd edərək zərərçəkmiş şəxslə barışmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan və bununla əlaqədar olaraq ittiham tərəfi xüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən imtina etdiyindən, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, məhkəmə xərci, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət təqibinə və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar