Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-34/2023 18.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Samux şəhərində fərdi fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Samux rayonu, Alabaşlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 35.904 qram, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Samux rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsində saxlanılaraq, Samux rayon Polis Şöbəsinin inzibati binasına aparılmaqla üzərində video çəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 35.904 qram, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində bildirdi ki, o narkotik vasitə və psixotrop maddə istifadə etmir. 31 yanvar 2023-cü il tarixdə saat təxminən saat 14 radələrində Gəncə şəhəri, Dəmir yol vağzalı adlanan ərazidə yerləşən çayçının qarşısında qardaşı Eşqin Əliyev və dayısı oğlu Kəmalləddin ilə birlikdə olmuş və anası Gülnazın mobil telefonu onda olmuşdur. Həmin telefonu ustaya aparıb düzətdirməli idi. Həmin telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil sim kartlar olmuşdur. Həmin telefon işlək vəziyyətdə olmuş, telefonu evdə olanda anası çölə çıxan zaman isə özü istifadə etmişdir. Həmin çayçının yanında olan zaman qardaşı Eşqin və Kəmaləddin yaxınlıqda olan aptekə girmişlər. Bu zaman Samux RPŞ-nin əməliyyat müvəkkili Səxavət müəllim ona yaxınlaşmış, Səxavət ona demişdir ki “bayaqdan yolun o biri tərəfindən sənə siqnal verib səni çağırdım, deyəsən fikirli idin, qardaşın yanında idi deyə yaxınlaşmadım, Turan müəllim maşındadır sənlə işi var”. O, Turan müəllim oturan maşına yaxınlaşmış, maşına yaxınlaşan zaman Səxavət ona demişdir ki, otur maşına. O, Səxavətin maşınına oturmuş, maşına oturan kimi Səxavət maşının qapılarını bağlamış, bundan sonra Səxavət Samux istiqamətində avtomobilini sürərək onu Samux RPŞ-nin inzibati binasına aparmışdır. O, Samux RPŞ-nin binasına girən zaman Səxavət onun qoluna girmiş və arxa cibindən anası Gülnazın mobil telefonunu götürmüş və demişdir ki, “rəis baxır ona görə sənin qoluna girirəm”. Onu inzibati binada Turan müəllimin otağına aparmışlar. Turan otaqda onu təhqir etmiş və ona demişdir ki, “divardakı təpik izlərinə bax mən nə desəm sakit dur və mənə qulaq as, əks təqdirdə səni döyəcəm”. Sonra Turan ona demişdir ki, “gəl sənə yarım qram patı verim”. O, isə demişdir ki, “patı yox mənə kakos ver, mən onu götürürəm”. Bundan sonra Turan demişdir ki,” mən gözdə gedib gəlirəm”. Turan yenidən otağa qayıtmış və ona bildirmişdir ki, “sənə 35 qram tiryək qoyacam, narahat olma tutqusu yoxdur, tutqu 55 qramdan yuxarıdır”. O, nə qədər Turana yalvarsa da xeyri olmamış və Turan ona demişdir ki, “ağzını açsan səni öldürəcəm”. Bundan sonra onu Səxavətin otağına aparmışlar. Səxavətin otağında olan zaman Turan kiməsə zəng vuraraq bildirmişdir ki, “Səxavəti göndərirəm, tiryəki ona ver gətirsin”. Həmin şəxs isə Turana bildirmişdir ki, “yalnız özün gəlsən verə bilərik”. Bundan sonra Turan Səxavətə demişdir ki, get aptekdən Şpris, duz al gətir”. Səxavət isə bildirmişdir ki, “mən Samuxdan sən dediklərini ala bilməyəcəm”. Bu söhbət olandan sonra Səxavət və Turan otaqdan çıxmışlar, onu isə tanımadığı bir nəfər polis əməkdaşının yanında qoymuşlar. Təxminən 40 dəqiqə sonra Səxavət ona bir çet patı və bir çet kakos vermiş və o həmin narkotik vasitəni Səxavətin otağında istifadə etmişdir. Bundan sonra onu Turanın otağına aparmışlar. Otaqda Turan onu tiryəknən tanış eləmiş və demişdir ki, kamera qarşısında bildir ki, bu tiryəki 10 gün bundan qabaq Samux rayonu, Qarayeri qəsəbəsində ağacın dibindən tapmışam və onu 10 gün üzərində üzərində gəzdirmisən və səni guya ki, Qarayeridə körpünün üzərində nənən gilə gedən zaman tutmuşlar. Bundan sonra qara rəngli sellofan bükümdə olan plastinə oxşar qara rəngli maddəni əynində olan qırmızı rəngli gödəkcənin cibinə qoymuşlar. Bundan sonra Turan ona demişdir ki, “bu tiryəki Zaqatalada toyda verillər, bunun heç bir ziyanı yoxdur”. Bundan sonra onu təhqiqatçının otağına aparmışlar. Həmin otaqdan vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman mən əynində olan gödəkcənin yan cibində Turanın cibinə qoymuş olduğu 01 ədəd sellofan bükülüdə olan narkotiki özü təqdim etmişdir. Turanın ona vermiş olduğu narkotik vasitə çəkilən zaman 36.87 (otuz altı tam yüzdə səksən yeddi) qram olmuşdur. Bundan sonra onu Samux RPŞnin Müvəqqəti Saxlama yerinə aparmışlar. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Tağı oğlu ifadəsində bildirdi ki, o, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, vəzifəsində işləyir. 31 yanvar 2023-cü il tarixdə xx.xx.1990-cı il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 31 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 ilə birlikdə Samux rayonu Qarayeri qəsəbəsinə getmişlər. Samux rayon Qarayeri qəsəbəsində yerləşən Yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs üzü Samux rayonu, Alabaşlı qəsəbəsi istiqamətində piyada getdiyini görmüş, Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmış və xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və onlarla birlikdə Samux RPŞ-nə getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs də heç bir etiraz etməyərək, Samux rayon Polis Şöbəsinin inzibati binasına aparılmışdır. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sol yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketin içərisində ilk baxışdan tiryəkə bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkildi, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 36.87 (otuz altı tam onda səksən yeddi) qram olmaqla ağ kağız zərfə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra şahid qismində dindirilmiş Şahid1 Tağı oğlu ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs göstərdikləri yalandır. Ona hər hansı təzyiq göstərilməmiş, sorğu zamanı özü onda narkotik vasitə olan tiryək olmasını etiraf etmiş, Təqsirləndirilən şəxs bütün hüquqları lazımi qaydada təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 Tağı oğlu ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis mayoru vəzifəsində işləyir. 31 yanvar 2023-cü il tarixdə xx.xx.1990-cı il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qrupunun rəhbəri Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1, üzvləri Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2, Samux RPŞ-nin TQ-nun təhqiqatçısı polis baş-leytenantı Rəcəb Cəbrayılov və PPX-nun manqa komandiri Namiq Tağıyev olmuş, əməliyyat qrupu yaradıldıqdan sonra Təqsirləndirilən şəxs 31 yanvar 2023cü il tarixdə saat 17:30 radələrində Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 və Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 tərəfindən Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində müəyyən edilərək Samux RPŞ-nə aparılmış və üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə olan tiryək aşkar olunmuşdur. Həmçinin Şahid3 istintaqa ifadə verən zaman iş üzrə Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları təkzib edərək, Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri xüsusatların yalan olduğunu keçirilmiş əməliyyat axtarış tədbirlərində iştirak etmədiyini buna görə də Təqsirləndirilən şəxs necə və harada tutulmasını bilmədiyini, Əfsunla aralarında heç bir ünsiyyəti və razılaşması olmadığını, Təqsirləndirilən şəxs Samux rayon Polis Şöbəsinin inzibati binasına gətirilən zaman xatırladığı qədəri ilə şöbənin inzibati binasında olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. Əfsun təxminən 3 il bundan əvvəl üzərindən polislər narkotik vasitə tutduqdan sonra bilib ki, Əfsun narkotik istifadə edir. Bundan sonra X6 Dispanserdə müalicə etdirmişdir. Müalicə aldıqdan sonra oğlu Əfsun narkotik vasitə istifadə etmirdi. Əfsun Gəncə şəhərində yaşadığı evin qarşısında olan tikintidə fəhlə işləyib. 2022-ci ilin noyabr ayında Turan oğlu Əfsunu Samux rayon Polis Şöbəsinə çağıraraq oğlu ilə danışmış və oğluna təklif etmişdir ki, “gəl iki yüz otuz dördün birini yüklüyək onsuzda sənə qandal verəcəklər, tutqu yoxdur”. Təxminən xatırladığı qədəri ilə yanvar ayında saat təxminən 4-5 radələrində Samux RPŞ-nin əməliyyat müvəkkili Şahid1 və Samux RPŞ-nin CAB-nin rəisi Şahid3 onun yaşadığım evə gəlmişlər. Onlar onu evdən çağıraraq söhbət etmişlər, söhbət zamanı Turan ona deyib ki “ oğlu Əfsunu tutacam”. O isə Turana deyib ki, “kim mənim oğlumu əsassız tutsa gedib ondan şikayət edəcəm”. Turan isə ona deyib ki, “hara istəyirsənsə şikayət elə”. Bu söhbətdən sonra yanvar ayının 31-də telefonunu düzəltdirmək üçün Əfsuna vermiş, Əfsun digər oğlu Eşqinlə birlikdə telefonun düzəltdirmək üçün Gəncə şəhəri Dəmir yolu vağzalına getmişlər. Eşqin orada dayısı oğlu Kamələddinlə rastlaşmış və birlikdə aptekə dərman almağa girmiş, həmin vaxt Samux RPŞ-nin əməliyyat müvəkkili Şahid1 Əfsuna yaxınlaşıb deyib ki, gəl bura bu şəkilə bax gör tanıyırsan”. Bundan sonra Əfsunu maşına otuzdurmuş və qapıları bağtlayaraq Samux RPŞ-nə gətirmiş, bundan sonra oğluna dəfələrlə zəng etsədə onun telefonuna zəng çatmamışdır. O, 1 gün oğlunu axtardıqdan sonra vağzalda olan taksi sürücüləri ona deyib ki, sonuncu dəfə Əfsun bir nəfər şəxslə söhbət edərək metal rəngli avtomobilə oturaraq naməlum istiqamətə getmişdir. Sonradan oğlu Eşqin isə ona bildirib ki həmin maşın Səxavətin maşıdır. Bundan sonra o, Samux Rayon Polis Şöbəsinə gəlmiş, Samux Rayon polis şöbəsindən ona bildiriblər ki, oğlu Əfsun narkotik vasitə üzərində daşıdığı üçün tutulmuş və hazırda Samux rayon Polis şöbəsinin MSY-də saxlanılır. Daha sonra onlar vəkil Müdafiəçila müqavilə bağlamışlar, Elxan məllim Polis şöbəsinə gəlib, ancaq oğlunu qorxudaraq Elxan məllimdən imtina etdirmişlər. Onun oğlu günahsızdır heç bir təqsiri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Onların himayəsində 2 azyaşlı övladları vardır. Gülnaz Əliyeva isə onun qaynanasıdır. Gülnaz Əliyevanın anası X10 rayonu, Alabaşlı qəsəbəsində yaşayır. Adilə Hacıyeva xəstə olduğu üçün ona tez-tez baş çəkirlər. xx.xx.2023-cü il tarxdə o, əri Təqsirləndirilən şəxs və qaynanası Gülnaz Əliyeva illə birlikdə Samux rayonu, Alabaşlı qəsəbəsinə Adilə Hacıyevaya baş çəkmək üçün getmişlər. Həmin tarixdə axşama kimi Adilə Hacıyevanın evində olduqdan sonra yaşadığı Gəncə şəhərinə qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları onun əri Əfsunu gəlib aparıblar, polisdə onu şərləyərək boynuna narkotik qoyublar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2023-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkçəsinin sal yan cibindən 1 ədəd sellofan paketdə təmiz çəkisi 36,87 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 bölməsinin xx.xx.2023-cü il tarixli, 16/169 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” imzalar olan kağız paketdəki, bir ədəd sellofan paketdə təmiz çəkisi 35,904 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir (tiryəkin təmiz çəkisi – 35.904 qram, tədqiqata sərv edildi – 0.1 qram, qalıq 35.804 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sal yan cibində olan bir ədəd sellofan paket təqdim edir. Həmin sellofan bükümün içərisindən narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 36,87 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan tiryək olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan tiryəki istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2022 ci il tarixdə cəza müddəti bitmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 384 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və video diski tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi təmiz çəkisi 35,904 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin onun üzərindən çıxması video görüntü ilə, şahid ifadələri ilə yanaşı, ekspertiza rəyi və eləcə də işin digər faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirib onu ittihamı təkzib edən sübut kimi qəbul etmir və cəzadan boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Onun cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan qəsdən olaraq təmiz çəkisi 35,904 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkin onun üzərindən çıxması istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən Turan Şıxıyev və Şahid1 tərəfindən fiziki və psixoloji təzyiqə məruz qaldığını narkotik vasitənin ona məxsus olmasını etiraf etməməsi, təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə narkotik vasitənin ona məxsus olması baxış video görüntüsü, iş üzrə dindirilmiş şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin məhkəmə istintaqında təkzib olunan hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Həmçinin istintaq dövründə zorakılığa məruz qalması ilə bağlı aidiyyatı orqanlara müraciət etməmişdir. Bütün bu xüsusatlar o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı bildirdikləri işin həqiqi hallarına uyğun deyildir. Təqsirləndirilən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər mənbədən əldə edilmiş sübutlarla, yəni CD diskdə olan video çəkilişlə, həmçinin çarpaz dindirmə zamanı şahid ifadələri ilə təkzib olunmuşdur. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı istinad etdiyi dəlillər əsassızdır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini təqsirləndirilən şəxsin ailə vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşması növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux Rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35.804 qram təşkil edən narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı ) ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkamaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 35,804 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-34/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-34/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver