Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-36/2025 06.08.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X9 xx.xx.2025-ci il tarixdə “TikTok” sosial şəbəkəsində təhqir edərək ünvanına böhtan xarakterli ifadələr işlətmişdir. Belə ki, X9 “TikTok” sosial şəbəkəsində onun və ailə üzvlərinin ünvanlarına nalayiq, təhqiredici ifadələr işlətmişdir. Bununla da, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Onu ağır söyüşlərlə təhqir etmiş, qızı X3, anası X7, kürəkəni X8 təhqir edərək onu qeyrətsiz, namussuz bir şəxs kimi xarakterizə etmişdir. Hətta onu aradan götüzdürməklə hədə-qorxu gəlmişdir. Qızı Gülnarəni əxlaqsız hərəkətlərlə şərləyərək ailəsini dağıdacağnı bildirmişdir. Bundan əlavə qızının keçmiş həyat yoldaşı, hazırda onun əri olan X4 birgə nikah dövründə anadan olmuş övladı X1 atasının yanında qalmasına acıqlanaraq qızını və kürəkənini ünvanına ağır təhqiredici ifadələr işlətmişdir. X5 “TikTok” sosial şəbəkəsində çıxışları telefon vasitəsilə yazılmışdır və disk şəklində iddia ərizəsinə əlavə edilmişdir. Ümumi olaraq bildirirəm ki, qızının əmioğlu, bibioğlu vasitəsi ilə xəyanət hərəkətlərinə yol verdiyini, əxlaqsız həyat sürdüyünü, onu bir ata kimi qeyrətsizlikdə ittiham edir. X5 “TikTok” sosial şəbəkəsində onun və yaxın qohumlarımın ünvanına nalayiq ifadələr işlətməsini ən birinci olaraq ona qardaşı X12 demiş, bundan soma qonşuları, kənd camaatı, həmin “TikTok” səhifəsinə baxmışlar və onun ünvanına nalayiq, təhqiredici, böhtan xarakterli ifadələr işləndiyini demişlərdir. “TikTok” sosial şəbəkəsinə daxil olan zaman, onun, anasının, qızının və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədildiyinin şahidi olmuşdur. Həmin hərəkətlərdən əsəb sarsıntısı keçirmiş yaranan narahatçılığa görə ev şəraitində müalicə almışdır. Sosial şəbəkədə təhqir olunmağına və ünvanına böhtan xarakterli ifadələr işlədilməsi ilə əlaqədar xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsindən xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 ittihamın əsassız olduğunu, onun X10 qarşı heç bir təhqir və böhtan xarakterli ifadə işlətmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində qeyd olunan əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (həmin şəxslərin soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir və ya iş materiallarına əlavə edilməmişdir. Belə ki, ərizədə ümumi olaraq S.Həsənovanın şikayətçinin ünvanına “Tiktok” sosial şəbəkəsində təhqir və böhtan xarakterli məlumatlar yaydığı göstərilsə də ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını qeyd etməmişdir. Digər tərəfdən xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs S.Həsənovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147, hansı əməllərinə görə isə 148-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir. Bundan əlavə nəzərə almaq lazımdır ki, 147-ci maddə iki bənddən ibarətdir. Şikayətdə isə konkret olaraq S.Həsənovanın həmin maddənin hansı bəndi ilə məsuliyyətə cəlb edilməli olması da fərqləndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından və şikayəti vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-36/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-36/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver