Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 1(058)-39/2025 02.10.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs, barəsində şikayət verilən şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməli qəsdən törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:15 radələrində Samux Rayon Məhkəməsinin inzibati binasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 tərəfindən şərəf və ləyaqəti alçaldılaraq təhqir olunmuşdur. Belə ki, Elvin Alyasov məhkəmə iclası qurtarıb hakim zaldan çıxdıqdan sonra küçə söyüşləri ilə söyərək şərəf və ləyaqətini alçaltmış, ona məhkəmədə olan insanların yanında fahişəliklə məşğul olmasını demiş, hətta hakimin köməkçisi ilə intim münasibətdə olduğunu deyərək təhqir etmişdir. X2 tərəfindən Samux Rayon Məhkəməsinin inzibati binasında və həyətində çox alçaldıcı formada onu təhqir etdiyinə görə, ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, depressiyaya düşərək səhhətində ağır psixoloji gərginlik yaranmışdır. Elvin Alyasov öz kütləvi çıxışlarında məhkəmədə olan şəxslərin yanında təhqir edərək onun şərəf və ləyaqətini nalayiq formada alçaltmışdır. Elvin Alyasovun hərəkətlərində və əməllərində Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 148-ci maddəsinin tərkibi vardır, belə ki, Samux Rayon Məhkəməsinin inzibati binasında və qarşısında nalayiq söyüşlər söyən zaman məhkəmədə olan bütün şəxslər onun təhqir olunmasını eşitmişlər və bu barədə məlumatları vardır. Bununla əlaqədar o, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmiş, müraciəti əsasında Samux rayon Polis şöbəsində araşdırma işi aparılmış və xüsusi ittiham qaydasında məhkəmədə cinayət işinin qaldırılması tövsiyyə edilmişdir. Hətta keçirdiyi psixoloji sarsıntı nəticəsində o, mənəvi zərər çəkmiş, səhhətində yaranmış problemlərlə əlaqədar həkim nevropatoloqa müraciət xərcləri ilə əlaqədar maddi ziyan çəkmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs şikayət ərizəsində göstərilənləri müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib işin məhkəmə baxışına təyin edilməsini və X1 CM-in 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilən X2 bildirdi ki, onun 5 ildir ki, ailəsi dağılmışdır, o, stress keçirmişdir. O, 5 ildir ki, hər ay aliment ödəyir, lakin uşağını görə bilmir, şikayətçini təhqir etməmişdir. Məhkəmədən barəsində verilmiş şikayətin əsassız hesab edilərək, işin məhkəmə baxışına keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Çünki Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. CPM-in 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Məhkəmədə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətində CPM-in 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Bu hal qanunvericiliyin tələblərinə ziddir. Belə ki, qanunun tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsi hesab olunur. Halbuki, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətdə təhqirə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı verilmiş xüsusi ittiham qaydasında şikayətdə Zərərçəkmiş şəxs, X2 tərəfindən təhqirə məruz qalması ümumi ifadələrlə göstərilsə də, onun sonuncu tərəfindən hansı əməllərə görə təhqirə məruz qalması konkret olaraq öz əksini tapmamışdır, yəni xüsusi ittiham qaydasında verilmiş şikayətdə X1 hansı hərəkətləri nəticəsində CM-in 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi qeyd etməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs verdiyi xüsusi ittiham qaydasında şikayətdə X2 tərəfindən məhkəmənin inzibati binasında və qarşısında təhqir edilməsini göstərsə də, məhkəmə iclasında sonuncu, Zərərçəkmiş şəxs təhqir etmədiyini və söyüş söymədiyini bildirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında verdiyi şikayətə barəsində məhkəmənin inzibati binasında və qarşısında X3 tərəfindən təhqir olunmasını təsdiq edən sübutlar əlavə etməmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən CPM-in 293-cü maddələrinin tələblərinə riayət olunmadan şikayət ərizəsi tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin məhkəmədə irəli sürülmüş ittihamın mahiyyəti üzrə işə baxılması yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri pozulduğundan mümkün olmamışdır. Ona görə də, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə məhkəmə, sadalananlara əsasən belə hesab edir ki, X1 barəsində CM-in 148-ci maddəsi ilə cinayət təqibi üzrə icraatın başlanılmasına və onun cinayət məsuliyyətinə cəlb edilməsinə dair Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında Zərərçəkmiş şəxs xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-39/2025
Samux Rayon Məhkəməsi Qərar — İş №1(058)-39/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver