Məhkəmə qərarları › İş №1(058)-41/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-41/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-41/2024 25.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Samux şəhərində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd “Winston” adlı siqaret qutusunda təmiz çəkisi 22.01 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 05 mart 2024-cü il tarixdə saat 17 radələrində Samux rayon Polis şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Sərkar kəndində saxlanılaraq Samux rayon Polis şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd “Winston” adlı siqaret qutusunda təmiz çəkisi 22.01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisidir. 2022-ci ildə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həbs olunanadək üzərində elektron nəzarət qolbağı olmuşdur. 2024-cü ilin fevral ayının sonlarında yaşadığı Samux rayonu Kolayır kəndində zibil atmağa getmiş, zibil atan zaman zibil qutularının yanında yerdə bir ədəd “Winston” markalı siqaret qutusu diqqətini cəlb etmiş, həmin siqaret qutusunu götürüb baxan zaman qurudulmuş marixuana olduğunu görmüş və gələcəkdə istifadə etmək məqsədi ilə həmin marixuananı cibinə qoymuşdur ki, istifadə etsin. 05 mart 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Samux rayonu Kolayır kəndində yerləşən evindən çıxmış, həmin zaman marixauana üzərində olmuşdur. O, piyada Samux rayonu, Sərkar kəndinə getmiş, oradan isə heç kimin onu görə bilməyəcəyi əkin sahələrinə gedib marixuananı istifadə edəcəkmiş. Samux rayonu, Sərkar kəndində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan gödəkcənin sağ yan cibində olan bir ədəd “Winston” markalı siqaret qutusu təqdim etmiş və bildirmişdir ki, qutunun içərisində marixuana vardır. O, həmin narkotik vasitəni özü təqdim etmiş, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişdirlər. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 28 qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Samux rayon Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir və 05 mart 2024-cü il tarixdə Samux rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu, Sərkar kəndinə getmişlər. Samux rayonu, Sərkar kəndində saat 17 radələrində Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmişlər və onlara birlikdə Samux rayon Polis şöbəsinə getməyi təklif etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Samux rayon Polis şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən üzərində “Winston” yazısı olan siqaret qutusu təqdim edərək içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “Winston” yazısı olan siqaret qutusu içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Bundan sonra həmin siqaret qutusu elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlə qutu ilə birlikdə ümumi çəkisi 28 qram (iyirmi səkkiz) olmaqla ağ kağız zərfə qablaşdırılmışdır və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan gödəkcənin sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb cibində saxladığı 1 (bir) ədəd “Winston” markalı siqaret qutusundan təmiz çəkisi 28,00 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/306 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” imzalar olan kağız paketdəki, bir ədəd “Winston” markalı siqaret qutusundan təmiz çəkisi 22,01 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 22.01 qram, tədqiqata sərv edildi – 0.02 qram, qalıq 21.99 qram) ekspertiza xərci 64.80 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs cibində saxladığı 1 (bir) ədəd “Winston” markalı siqaret qutusu təqdim edir. Həmin “Winston” markalı siqaret qutusunun içərisindən marixuanaya bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 28,00 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin marixuanaolduğunu, ona məxsus olduğunu, həmin marixuananı tapdığını, arabir marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən daxil olmuş 15 aprel 2024-cü il tarixli tələbnamə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 iki il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Samux rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(058)- 9/2023 nömrəli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 il 6 ay 10 gün hissəsi, 9 ay 5 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)-78/2023 nömrəli qərarı ilə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(058)-9/2023 nömrəli qərarı ləğv edilərk ona 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixə 4 ay 16 gününü çəkmiş, çəkilməmiş cəzası 10 (on) ay 26 gün qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)-78/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsinin başqa cəza növü ilə əvəz edilməsinə dair Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(058)-9/2023 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 iyun 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 ay 14 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablansın. Bu müddət və onun azadlığın məhdudlaşdırılması cəzasının çəkmiş olduğu 11 ay 16 gün, cəmi 1 il 2 ay 14 gün müddət nəzərə alınmaqla Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-85/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il 3 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli 4(058)-11/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 mart 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)-78/2023 nömrəli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 1 il 3 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının həbs olunduğu günə qədər 4 ay 16 gününü çəkmiş, çəkilməmiş cəzası 10 ay 26 gün təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 558 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkamaniya Xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, himayəsində az yaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.2-ci maddəsinə əasan hökmlərin məcmusu üzrə təyin edilmiş və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan qəti cəzanın müddəti və ya həcmi, bu Məcəllənin Ümumi hissəsində həmin cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)-78/2023 nömrəli qərarı ilə üzərində qəti olaraq saxlanılmış 1 il 3 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(104)- 78/2023 nömrəli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 21.99 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 64.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 26 (iyirmi altı) gün müddəti Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 05 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisənidə çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 21.99 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 64.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar