Məhkəmə qərarları › İş №1(058)-42/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-42/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-42/2024 29.08.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Samux rayonu, Qədili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Samux rayonu, Qədili kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə 31 dekabr 2023cü il tarixdən 01 yanvar 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu, Qovlarsarı kəndində yerləşən fermanın həyətinə açıq sahədən qanunsuz daxil olaraq fermanın həyətində yerləşən saxlanc yeri hesab olunan tövləyə tövlənin qapısını açmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus ümumilikdə 1270 (bir min iki yüz yetmiş) manat dəyərində 3 (üç) baş qoyundan ibarət əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla talama məqsədilə 02 fevral 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixə keçən gecə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Samux rayonu, Qovlarsarı kəndində yerləşən fermanın həyətinə açıq sahədən qanunsuz daxil olaraq fermanın həyətində yerləşən saxlanc yeri hesab olunan tövləyə tövlənin qapısını açmaqla qanunsuz daxil olub oradan sonuncuya məxsus ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində 2 baş quzudan (toğlu) ibarət əmlakını gizli yolla talayıb qəsdən zərər çəkmiş şəxsə ziyan vurub saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 31 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı evdə “Yeni il” bayramını keçirdərkən bir qədər araq içmiş, siqaret və içki almaq üçün pul olmadıından qərara gəlmişdir ki, oğurluq etsin. Yaşadığı evə “Elşənin yatağı” adlanan ferma yaxın olduğundan qərara gəlmişdir ki, həmin fermadan oğurluq etsin. O, əvvəllər həmin fermada ot bağlaması yığmış, fermanın giriş-çıxışını tanımışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 01 radələrində o, piyada tək olaraq fermaya getmiş, gedərkən orada itlərin olduğunu bilib özü ilə çörək də götürmüşdür. Fermaya çatan zaman itlər hürüdüyündən o, itlərin hər birinə çörək vermiş, onlar da hürüməyi kəsmişlər. Bundan sonra heyvanların yatdığı tövləyə getmiş, qapını açıb tövləyə daxil olmuş, 3 (üç) baş qoyunu tövlənin qarşısına çıxartmış və özü ilə gətirmiş olduğu iplə bağlayaraq yaşadığı evə gətirib evin həyətində olan tövləyə salmışdır. Həmin günün sabahısı anası heyvanları tövlədə görən zaman heyvanları haradan aldığını soruşmuş, o, da anasına pul ilə aldığını demişdir. Həmin heyvanları bir həftə saxlayaraq bazar günü, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhərində yerləşən “Mal” bazarında tanımadığı bir şəxsə üçü birlikdə 460 manata satmışdır. Heyvanları ucuz satdığından tez almışlar. O, heyvanları bazara aparmaq üçün Samux rayonu, Qarayeri qəsəbəsinə gedib ağ rəngli “VAZ 21011” markalı dövlət qeydiyyat nişanını bilmədiyi bir avtomobil tutub aparmış, avtomobillə yaşadığı evə gedərək heyvanları aparmış, yol pulu olaraq 20 manat vermişdir. Heyvanları satandan sonra əldə etdiyi 460 manat pulu özü üçün xərcləmişdir. Bundan başqa 02 fevral 2024-cü il tarixdə pulu olmadığından qərara gəlmişdir ki, yenə oğurluq etsin. 02 fevral 2024-ci il tarixdən 03 fevral 2024-cü il tarixə keçən gecə saat 01 radələrində o, piyada tək olaraq Elşənə məxsus fermaya getmişdir. Gedərkən orada itlərin olduğunu bilib özü ilə yenə də çörək götürmüşdür. Fermaya çatan zaman itlər hürüdüyündən o, onların hər birinə çörək vermiş, onlar da hürüməyi kəsmişlər. Bundan sonra heyvanların yatdığı tövləyə getmiş, tövləni açaraq işəri daxil olmuş, 2 (iki) baş quzunu (toğlunu) tövlənin qarşısına çıxartmış və özü ilə gətirmiş olduğu iplə bağlayaraq, yaşadığı evə aparıb evin həyətində olan tövləyə salmışdır. 04 fevral 2024-cü il tarixdə səhər saatlarında o, heyvanları bazara aparmaq üçün Samux rayonu, Qarayeri qəsəbəsinə gedib sarı rəngli “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını bilmədiyi bir avtomobil tutub aparmış, avtomobillə yaşadığı evə gedərək heyvanları aparmış, yol pulu olaraq 15 manat vermişdir. Heyvanları satandan sonra əldə etdiyi 350 manat puldan 15 manatını taksiyə vermiş, 5 manatına isə özünə siqaret almışdır. Sonradan bilmişdir ki, Elşənə məxsus fermada Zərərçəkmiş şəxs da heyvan saxlayırmış, oğurlamış olduğu heyvanlar ona məxsus olmuşdur. Zərərçəkmişə dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşmandır. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatla məşğul olaraq ailəsini dolandırır. O, tanışı Elşən adlı şəxslə birlikdə Samux rayonu, Qovlarsarı kəndi ərazisində yerləşən fermada xırda buynuzlu heyvan olan qoyunquzu saxlayır, ferma Elşənə məxsusdur, o, onunla kirvə olduğundan birlikdə heyvanlara baxırmış. Adətən o, çox vaxtı ailəsi ilə birlikdə həmin fermada qalırmış, ona kömək üçün oğlu İntiqam da onunla birlikdə qalırmış. 01 yanvar 2024-cü il tarixdə o, fermada olarkən səhər saat 08 radələrində yuxudan durub heyvanları otarmaq üçün otlaq sahəsinə apararkən fermanın giriş qapısının tərsinə bağlandığını görüb şübhələnmiş və qərara gəlmişdir ki, heyvanları saysın. O, heyvanları köməkli ailə üzvləri ilə birlikdə sayarkən 401 baş qoyun-quzudan 3 baş qoyunun əksik olduğunu görmüşdür. Fikirləşmişdir ki, yəqin heyvanlar sahədə qalarmış, buna görə də heyvanları bir qədər axtarmış, ancaq tapa bilmədiyindən oğlu İntiqam DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Qoyunlarının itdiyini, yaxud oğurlandığını dəqiq bilməmişdir. Bununla bağlı Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtdan sonra o, və ailə üzvləri axşam və səhər olmaqla heyvanları iki dəfə saymağa başlamışlar. Bundan başqa 03 fevral 2024-cü il tarixdə səhər saat 08 radələrində yuxudan durub heyvanları otarmaq üçün otlaq sahəsinə apararkən fermanın giriş qapısının rəzəsinin o, bağladığı kimi bağlanmadığını, həmçinin qapının qarşısına qoymuş olduğu ağac kötüyünün və daşın eyni formada olmadığını görüb şübhələnmişdir ki, kimsə fermanın qapısını gecə vaxtı açmışdır. Buna görə də o, yenə heyvanları saymağa başlamış, sayan zaman 392 baş qoyun-quzudan 2 baş hələ doğmamış şişək, ilkinə olan qoyunların olmadığını və naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişdir. Qərara gəlmişdir ki, sabah bazar günü, yəni heyvan bazarı olduğundan gedib mal bazarına baxsın, bəlkə heyvanını kimdənsə tapar. Buna görə də həmin günü, yəni xx.xx.2024-cü il tarixdə heç kimə məlumat verməmiş və bu gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 05 radələrində o, oğlu İntiqam və kirvəsi Ramizlə birlikdə Gəncə şəhərində yerləşən mal bazarına getmişlər. Mal bazarını bir qədər gəzibdolaşdıqdan sonra Ağcabədi sakinindən 2 baş heyvanlarını tapmışdır. Tapandan sonra isə o, bununla bağlı polisə müraciət etmiş və heyvanları fermaya aparmışdır. Birinci dəfə Samux rayonu, Qovlarsarı kəndində yerləşən fermadan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ona məxsus 3 baş xırda buynuzlu heyvan oğurlanmış, həmin heyvanlardan biri yerli cinsə məxsus, boğaz, əvvəllər iki qarın doğmuş, diri çəkisi 50 kq, təmiz çəkisi 25 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, 1 kq ətin qiymətinin 15 manat olmasını nəzərə alıb 375 manat dəyərində olan dişi qoyun, digəri Beyləqan cinsinə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 80 kq, təmiz çəkisi 40 kq olan, boz-qomral rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, quyruğu qırıq 1kq ətin qiymətinin 15 manat olduğunu nəzərə alıb 600 manat dəyərində dişi qoyun və digəri isə yerli cinsə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli, nişanı olan 1 kq ətin qiymətinin 15 manat olmasını nəzərə alıb 450 manat dəyərində qoyun imiş. Ona birinci dəfə oğurlanmış heyvanlara görə ümumilikdə 1425 manat maddi ziyan dəymişdir. İkinci dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə iki baş qoyun, biri yerli cinsə məxsus, doğmamış, 1 yaş yarım olan, diri çəkisi 40 kq, təmiz çəkisi 20 kq olan, qırmızı rəngli, çiyin hissəsində yaşıl rəngli nişanı olan, 1 kq ətin qiymətinin 16 manat olmasını nəzərə alıb 320 manat dəyərində olan dişi quzu (toğlu), digəri isə biri yerli cinsə məxsus, doğmamış, 1 yaş yarım olan, diri çəkisi 30 kq, təmiz çəkisi 15 kq olan, boz-ağ rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, 1 kq ətin qiymətinin 16 manat olmasını nəzərə alıb 240 manat dəyərində olan dişi quzu (toğlu), imiş. Oğurluq nəticəsində 560 manat maddi ziyan dəymişdir, cəmi hər iki oğurluq hadisəsi üzrə ona 1985 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs 06 iyun 2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs doğma oğludur, ailəsi ilə birlikdə onunla qalır. Ailəsinə məxsus xırda buynuzlu heyvan olan qoyunları vardır və oğlu Ruslan qoyunlara baxır, həm də gündəlik olaraq fəhləliklə məşğul olaraq ailəsini dolandırır. 2023-cü ilin dekabr ayının axırlarında xatırlamadığı bir gündə, “Yeni il” bayramından təxminən 2-3 gün əvvəl oğlu evdə olarkən xahiş etmişdir ki, ona 500 manat məbləğində borca pul versin ki, Gəncə bazarından özünə əlavə olaraq doğar qoyun alsın, o, da oğlu Ruslana o qədər pulu olmadığını demiş və ona məsləhət vermişdir ki, qardaşının ailəsində əgər olsa onlardan borc olaraq alsın, işini görsün, sonra da yavaşyavaş qaytarar. Ruslan da ona “yaxşı, onlardan borc istəyərəm” demişdir. 31 dekabr 2023cü il tarixdə axşam saatlarında “Yeni il” bayramı ilə bağlı o, stol açmış, Ruslan həmin günü spritli içki qəbul etmiş və sonra evin həyətinə çıxmış, o, da gedib yatmışdır. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə yuxudan durub evin həyətinə çıxan zaman tövləyə baxmış və tövlədə əlavə olaraq 3 (üç) baş qoyun görmüşdür. Bundan sonra o, Ruslanın yanına getmiş, ondan həmin 3 (üç) baş qoyunları haradan gətirdiyini soruşan zaman Ruslan ona demişdir ki, həmin 3 (üç) baş doğar qoyunu pulnan onun tanımadığı şəxsdən almışdır, o da bir qədər sorğu-sual edən zaman ona demişdir ki, borca pul almış və həmin pulnan da heyvanları almışdır. Oğlu Ruslanın həmin heyvanları almasından təxminən bir həftə keçmişdir ki, görmüşdür ki, almış olduğu 3 (üç) baş qoyun tövlədə yoxdur, buna görə də o, Ruslandan həmin heyvanları nə etdiyini soruşmuş, Ruslan da ona demişdir ki, borca almış olduğu pulu qaytarmalı olduğu üçün məcbur olub həmin heyvanları Gəncə şəhərində yerləşən “Mal” bazarında satmış, sonra da borca almış olduğu pulu geri qaytarmışdır. 04 fevral 2024-cü il tarixdə o, evdə olarkən ona xəbər çatmışdır ki, oğlu Ruslanı Samux rayon Polis şöbəsinin əməkdaşları saxlamışdırlar. O, da digər oğlu Şirinlə birlikdə Samux rayon Polis şöbəsinə getmiş, orada öyrənmiş ki, oğlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə Samux rayonu, Qovlarsarı kəndində yerləşən fermadan sonradan adını Zərərçəkmiş şəxs kimi bildiyi şəxsə məxsus 2 baş qoyun oğurlamış və onları taksi ilə Gəncə şəhərinə aparıb orada satmış, daha sonra isə mal bazarında həmin heyvanlar tapılaraq sahibinə qaytarılmışdır. Sonradan məlum olmuşdur ki, oğlu Ruslanın evə gətirmiş olduğu 3 baş qoyun da oğurluq imiş, belə ki, oğlu həmin vaxt yalan danışmış, heç kimdən borca pul almamış, həmin fermadan oğurlayıb evə gətirmiş, sonra isə onları satmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun atasıdır fərdi təsərrüfatla məşğul olaraq ailərini dolandırlar. Tanışları Elşən adlı şəxslə birlikdə Samux rayonu, Qovlarsarı kəndi ərazisində yerləşən fermada xırda buynuzlu heyvan olan qoyun-quzu saxlayır, ferma Elşənə məxsusdur. Adətən o, çox vaxtı ailəsi ilə birlikdə həmin fermada qalırmış. 01 yanvar 2024-cü il tarixdə atası fermanın giriş qapısının tərsinə bağlandığını görüb şübhələnmiş və heyvanları saymışlar heyvanları sayarkən 401 baş qoyun-quzudan 3 baş qoyunun əksik olduğunu görmüşdür. Heyvanları bir qədər axtarmışlar, ancaq tapa bilmədiklərindən O, DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Qoyunlarının itdiyini, yaxud oğurlandığını dəqiq bilməmişdir. Bununla bağlı atası iman Samux rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin vaxtdan sonra o, və ailə üzvləri axşam və səhər olmaqla heyvanları iki dəfə saymağa başlamışlar. Bundan başqa 03 fevral 2024-cü il tarixdə yenə heyvanları saymağa başladıq, sayan zaman 392 baş qoyun-quzudan 2 baş hələ doğmamış şişək, ilkinə olan qoyunların olmadığını və naməlum şəxs (şəxslər) tərəfindən oğurlandığını aşkar etmişlər. Buna görə də xx.xx.2024-cü il tarixdə səhər saat 05 radələrində o, atası İman və kirvəsi Ramizlə birlikdə Gəncə şəhərində yerləşən mal bazarına getmişlər. Mal bazarını bir qədər gəzibdolaşdıqdan sonra Ağcabədi sakinindən 2 baş heyvanlarını tapmışlar. Tapandan sonra isə atası İman bununla bağlı polisə müraciət etmiş və heyvanları fermaya aparmışlar. Birinci dəfə Samux rayonu, Qovlarsarı kəndində yerləşən fermadan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə ona məxsus 3 baş xırda buynuzlu heyvan oğurlanmış, həmin heyvanlardan biri yerli cinsə məxsus, boğaz, əvvəllər iki qarın doğmuş, diri çəkisi 50 kq, təmiz çəkisi 25 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, 1 kq ətin qiymətinin 15 manat olmasını nəzərə alıb 375 manat dəyərində olan dişi qoyun, digəri Beyləqan cinsinə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 80 kq, təmiz çəkisi 40 kq olan, boz-qomral rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, quyruğu qırıq 1kq ətin qiymətinin 15 manat olduğunu nəzərə alıb 600 manat dəyərində dişi qoyun və digəri isə yerli cinsə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli qoyun imiş. Hazırda onlara dəyən ziyan ödənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Şahidlər X2, Şahid2 və Şahid3 ibtidai araşdırma dövründə verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməli tam təsdiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Samux rayon Qovlarsarı kəndindən ona məxsus tövlədən oğurlanmış 5 (beş) baş qoyunun yerini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Qovlarsarı kəndindən yaşayan Zərərçəkmiş şəxs məxsus fermadan 5 ədəd qoyunun oğlurladığı yeri göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 18 mart 2024-cü il tarixli, 9\1252 nömrəli rəyindən görünür ki, 1(bir) baş yerli cinsə məxsus, boğaz, əvvəllər iki qarın doğmuş, diri çəkisi 50 kq, təmiz çəkisi 25 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan dişi qoyun – 400 manat, 1 (bir) baş Beyləqan cinsinə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 80 kq, təmiz çəkisi 40 kq olan, boz-qomral rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan, quyruğu qırıq dişi qoyun – 450 manat, 1 (bir) baş yerli cinsə məxsus, boğaz, əvvəllər bir qarın doğmuş, diri çəkisi 60 kq, təmiz çəkisi 30 kq olan, sarı-kürə rəngli, bel hissəsində yaşıl rəngli, nişanı olan dişi qoyun – 420 manat, 1 (bir) baş yerli cinsə məxsus, doğmamış, 1 yaş yarım olan, diri çəkisi 40 kq, təmiz çəkisi 20 kq olan, qırmızı rəngli, çiyin hissəsində yaşıl rəngli nişanı olan dişi quzu – 320 manat, 1(bir) baş yerli cinsə məxsus, doğmamış, 1 yaş yarım olan, diri çəkisi 30 kq, təmiz çəkisi 15 kq olan, boz-ağ rəngli, bel hissəsində yaşıl rəngli nişanı olan dişi quzu – 250 manat ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1840 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icrratının dayaqdırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gəlmədinindən cinayət işinin icrratı dayandırılaq barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə könüllü olaraq istintaqa gəldiyindən cinayət işinin icrratı təzələnərək həmin tarixdə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Qədili kəndində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 05 (beş) ədəd “qoyun” saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu, Qədili kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar