Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-48/2023 30.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Ş. İ. Xətai pr, ev 115, mənzil 39-da qeydiyyatda olan və Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd “ROTHMANS” markalı siqaret qutusunda, təmiz çəkisi 11.72 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 14 iyun 2023-cü il tarixdə saat 15:30 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Nəbiağalı qəsəbəsində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd “ROTHMANS” markalı siqaret qutusunda təmiz çəkisi 11.72 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 özünü ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərdi ki, özü narkotik istifadəçisidir. 2021-ci ildə qanunusuz olaraq narkotik vasitə üzərində daşımağına görə məhkum olunmuş, 2022-ci il tarixdə isə azadlığa çıxmışdır. Xatırladığı qədər ilə xx.xx.2023-cü il tarixdə yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində küçədən keçən zaman bir ədəd sellofan büküm diqqətini çəlb etmiş, həmin sellofan bükülünü götürən zaman əvvəllərdə istifadə etdiyi üçün tanıdığı qurudulmuş marixuana olduğunu görmüş, həmin bükülünü tez cibinə qoymuş ki, ondan özü istifadə etsin. Daha sonra yaşadığı evə getmişdir. Evə getdikdən sonra həmin bükülünü “ROTHMANS” markalı siqaret qutusunun içərisinə qoymuşdur ki, gələcəkdə ondan az- az istifadə etsin. O, marixuananı siqaretin içərisində olan tütünü boşaldıb, içərisinə marixuananı dolduraraq yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Tapmış olduğu marixuananı “ROTHMANS” markalı siqaret qutusunun içərisinə qoyduqdan sonra cibində gəzdirmişdir. 14 iyun 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman saat təxminən 15 radələrində mülki şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə Samux RPŞ-nin inzibati binasına gəlmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan şalvarın cibindən bir ədəd “ROTHMANS” markalı siqaret qutusunu təqdim etmiş və bildirmişdir ki, həmin siqaret qutusunun içərisində marixuana vardır. Həmin narkotiki özüm təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişlər. Həmin narkotik vasitəni Samux rayonu Nəbiağalı qəsəbəsindən tapmış və özü istifadə etdiyi üçün üzərində gəzdirmişdir. Üzərində saxladığı narkotik vasitə çəkilən zaman 16.22 qram olmuşdur. Onda narkotik vasitə olduğunu heç kəs bilməmişdir. Əvvəllər heç kəsdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Samux Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə xx.xx.1967-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş Ş.İsmayıl PR ev 115 m39-da qeydiyyatda olmaqla Samux rayonu Nəbiağalı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 14 iyun 2023-cü il tarixdə saat 15:30 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Samux rayon Nəbiağalı qəsəbəsinə gedilmiş, Samux rayon Nəbiağalı qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və ona polis şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Ehtiram Qafarov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən üzərində “ROTHMANS” yazısı olan siqaret qutusu təqdim edərək içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzərində “ROTHMANS” yazısı olan siqaret qutusu içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Bundan sonra həmin siqaret qutusu elektron tərəzidə çəkilmiş, marixuanaya bənzər kütlə qutu ilə birlikdə ümumi çəkisi 16.22 qram olmaqla ağ kağız zərfə qablaşdırılmış və kağız zərf AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünü bir neçə gün bundan əvvəl yaşadığı Samux rayonu Nəbiağalı qəsəbəsində küçədən tapdığını, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 14 iyun 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılan zaman ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi ona təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli şalvarının sağ yan cibində olan üzərində “ROTHMANS” markalı siqaret qutusu təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu bildirmiş, həmin siqaret qutusu elektron tərəzidə çəkilərək ümumi çəkisnin 16.22 qram olduğu müəyyən edilmiş, qablaşdırılaraq zərfə qoyulmuş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş 14 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Samux Rayon Polis Şöbəsinin TQ-nun təhqiqatçısı Ehtiram Qafarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 16 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə bioloji ekspertizasının 15 iyun 2023-ci il tarixli 16/627 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd ROTHMANS markalı siqaret qutusunda təmiz çəkisi 11.72 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2023-cü il tarixli 1422 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin psixotrop maddə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs özü də, ona ittaham elan olunmuş cinayət əməlinin törədilməsində özünü təqsirli bilir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci madəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən ona xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş cəzanın çəkilməmmiş qalan hissəi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət hesab edildiyindən hazırkı cinayət işi üzrə cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 16 iyun 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi nəzərə alınmaqla hökmün icrasını təmin etmək məqsədilə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmdə zalından dərhal həbsə alınmalı, cəzasının əvvəli hökmün elan edildiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İşdə mülki iddia və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak yoxdur. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 11.68 qram tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul X4 tutularaq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, X6 ibtidai istintaqda və məhkəmədə göstərdiyi 48 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla cəmi 288 (iki yüz səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməlidir. Məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 11,68 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişin qeyd edildiyi bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Göstərdiyi 48 saat hüquqi yardıma görə 288 (iki yüz səksən səkkiz) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ 013501**********2944; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ ******************** VÖEN: **********). Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-48/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-48/2023
30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver