Məhkəmə qərarları › İş №1(058)-5/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-5/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-5/2024 03.07.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə, ünvan 1 ünvanında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, “Aqrar İnnovasiya və Təchizat şirkəti" MMC-də satıcı-anbardar vəzifəsində işlədiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində qəsdən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda özgə əmlakını talamaq məqsədilə, ona etibar edilmiş həmin MMC-nin ünvan 3 ünvanında yerləşən anbarından 1 kq 1.80 manat olan, ümumi dəyəri 7657.09 manat olan cəmi 4253.94 kq Ammofos /Apatit/ Phosagro (12: 52 NP) 50 kq gübrəni, 1 kq. 0.89 manat olan ümumi dəyəri 4693.86 manat olan cəmi 5274 kq Ammonium Nitrat/Evroxim (34.4%AN) 50 kq Agrolizinq logolu gübrəsini, 1 kq 0.76 manat olan ümumi dəyəri 38.00 manat olan cəmi 50 kq Ammonium Nitrat/ Rustavi Azot (34.4% AN) 50 kq gübrəni, 1 litr 5.50 manat olan ümumi dəyəri 352 manat olan cəmi 64 litr Fosfor Turşusu/Prayon (75 % included) 32 litir düz gübrəsini, 1 kq 2.78 manat olan ümumi dəyəri 146.59 manat olan cəmi 52.73 kq Kalium Nitrat/İCL Nova (13-0-46 N-K) 25 kq gübrəni, 1 kq 2.05 manat olan ümumi dəyəri 194.75 manat olan cəmi 95 kq Kalium Sulfat/ İCL Nova (0-0-50+46 SO3 SOP) 25 kq gübrəni, 1 kq 1.42 manat olan ümumi dəyəri 34.58 manat olan cəmi 24.35 kq Kalsium Nitrat/Ducanit Duslo (15-0-0+ 26%CaO) 25 kq gübrəni, 1 kq 1.11 manat olan ümumi dəyəri 160.94 manat olan cəmi 144.99 kq Kalsium Nitrat/Himdiviziyon (15-0-0+ 30.5%CaO)25 kq gübrəni, 1 kq 1.60 manat olan ümumi dəyəri 24.27 manat olan cəmi 15.17 kq Kalsium Nitrat/İCL Nova(15-0- 0+27%CaO) 25 kq gübrəni, 1 kq 0.525 manat olan ümumi dəyəri 1961.93 manat olan cəmi 3737 kq Karbamid Marka B/SOCAR 40 kq gübrəni, 1 kq 2.97 manat olan ümumi dəyəri 70.86 manat olan cəmi 23.86 kq Maqnezium Nitar/İCL Nova (11-0-0+15 MgO MagN) 25 kq gübrəni, 1 kq 15.6 manat olan ümumi dəyəri 390 manat olan cəmi 25 kq Mikrochelat/ İntermag (Fe13% EDTA) 25 kq gübrəni, 1 kq 5.17 manat olan ümumi dəyəri 386.56 manat olan cəmi 74.77 kq X12/İCL Nova (12-61-0 MAP) 25 kq gübrəni, 1 kq 1.45 manat olan ümumi dəyəri 0.09 manat olan cəmi 0.06 kq Nitroammofos/Minudobreniya (NPK 16-16-16) 50 kq gübrəni, 1 kq 3.50 manat olan ümumi dəyəri 17.50 manat olan cəmi 5 kq NPK Nutrivant/Nutritech (Drip 17-3-35+TE) 25 kq gübrəni, 1 kq 4 manat olan ümumi dəyəri 200 manat olan cəmi 50 kq NPK VS Polyamix/Anorel (10-10-36+2MgO+TE) 25 kq gübrəni, 1 kq 4.47 manat olan ümumi dəyəri 558.75 manat olan cəmi 125 kq NPK VS Polyamix/Anorel (12- 12-34+2MgO+TE) 25 kq gübrəni, 1 kq 3.80 manat olan ümumi dəyəri 102.60 manat olan cəmi 27 kq NPK VS Polyamix/Anorel (24-10-10+2MgO+TE) 25 kq gübrəni, 1 kq 4.70 manat olan ümumi dəyəri 75.20 manat olan cəmi 16 kq Pekacid/İCL Nova (60-20) 25 kq gübrəni, 1 kq 0.75 manat olan ümumi dəyəri 1497.75 manat olan cəmi 1997 kq buğda toxumu Qırmızı gül/Region Aqro (R1) 45 kq toxumunu, 1 kq 9.9 manat olan ümumi dəyəri 142.86 manat olan cəmi 14.43 kq yonca toxumu Artemis Dor 4.5/5 Barenburg 25 kq toxumunu, 1 kq 9.9 manat olan ümumi dəyəri 107.22 manat olan cəmi 10.83 kq yonca toxumu Plate/Freudenberger 10 kq toxumunu, yəni cəmi 17065.57 manat dəyərində 13993.87 kq və 64 litr müxtəlif növlü kübrələri, cəmi 1747.83 manat dəyərində 2022.26 kq buğda və yonca toxumlarından ibarət ona etibar edilmiş özgə əmlakını ibtidai istintaqla müəyyən oluna bilməyən şəxslərə satıb, həmin məhsulların satışından əldə etdiyi xeyli miqdar hesab olunan cəmi 18813.4 manat pulu, habelə 17.04 manat məbləğində daxil olmamış vəsait də nəzərə alınmaqla cəmi 18830.44 (on səkkiz min səkkiz yüz otuz manat qırx dörd qəpik) manat miqdarında ona etibar edilmiş özgə əmlakı olan pul vəsaitini “Aqrar İnnovasiya və Təchizat şirkəti" MMC-nin hesablaşma hesabına köçürməyərək, qəsdən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıb zərər çəkmiş şəxs-“Aqrar İnnovasiya və Təchizat şirkəti" MMC-yə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin Samux rayonu filialında satıcı-anbardar vəzifəsinə qəbul olunmuş. O, həmin şirkətdə işə düzəldikdən sonra tanışı Məhəmmədlə birlikdə eyni obyektə satış etməyə başlamış. Məhəmmədin icarəyə götürdüyü obyekt çox böyük olduğuna görə çox hissəsini istifadə etmirmiş. Həmçinin də Məhəmmədin gübrə və toxum məhsullarından yaxşı məlumatı olduğu üçün o, məhsulların necə satılmalı olduğu barədə Məhəmməddən kömək də almışdır. 2020-ci ilin sonlarından Məhəmməd öz razılığı ilə obyektən çıxmış. Onun həmin anbarda vəzifəsi Bakı şəhərində yerləşən "xxxx" QSC-nin Samux Rayon filialına göndərdiyi müxtəlif növ və çeşidli, markalı və müxtəlif həcimli, əsasən kənd təsərüffatında istifadə edilən gübrə və toxum məhsullarını qəbul edərək satmaqdan ibarət olmuşdur. Şirkətdən ona göndərilmiş məhsulları faktura (akt-qaimə) sənədinə imza edərək qəbul etmişdir. 2022-ci ilin əvvəllərində şirkətdə aparılan yoxlama zamanı onun tərəfindən qəbul olunmuş gübrə və toxum məhsullarının qiymətində çatışmamazlıq olduğundan, yəni şirkətin 17990.57 manat məbləğində əmlakı əskik olduğu müəyyən edildiyindən şirkətə dəvət olunmuş və şirkətin müvafiq əməkdaşları əskikliyin audit yoxlaması nəticəsində müəyyən edildiyini ona bildirmişlər. Həmin vaxt o, həmin əskik olan məbləğlə əlaqədar izahat verərəkən 17990.57 manat məbləğində mənimsədiyi əmlakın pulunu yaxın vaxtlarda ödəyəcəyimə söz vermiş, lakin sonra maddi vəziyyəti ilə əlaqədar bu məbləği ödəyə bilməmişdir. 2020-ci ilin sonlarında şirkət tərəfindən göndərilmiş 8500 manat dəyərində gübrənin Samux rayonu ərazisində maldarlıqla məşğul olan Pərvanə adlı qadına vermişdir. Pərvanə ona 8500 manat dəyərində məhsulunun pulunu sonra verəcəyini deyərək məhsulu almış, lakin sonra məhsulun pulunu verməmişdir. O, dəfələrlə Pərvanə ilə telefonla danışan zaman onun borcunu qaytaracağına söz verməsinə baxmayaraq pulunu bu günə qədər verməmişdir. Eləcə də 2500 manat dəyərində gübrə kisələri isə tərəfindən açılaraq tamlığı pozulduğu üçün sata bilmədiyi üçün şirkət tərəfindən yararsız məhsul kimi sənədləşdirilmişdir. Pərvanəyə 8500 manat məbləğində gübrə və toxum məhsullarını verməyi ilə bağlı heç bir sənədi olmamışdır. Pərvanədə olan 8500 manat pulu ala bilmədiyini şirkətə bildirmiş, lakin şirkətdən ona nisyə gübrə və toxum məhsullarının verilməsi nəzərdə tutulmadığından yaranmış borcun onun tərəfindən ödənilməli olduğunu bildirmişlər. Şirkətin təqdim etdiyi əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədə olan imzalar onun tərəfindən çəkilməmiş, lakin aralarında rəsmi müqavilə olmamasına baxmayaraq o, "xxxx" QSC-nin Samux Rayon filialına satıcı-anbardar vəzifəsində işləmiş, həmin şirkətə gələn gübrə və toxum məhsullarını qəbul etmiş və buna görə şirkətdən əmək haqqı almışdır. Həmçinin də həmin şirkətin məhsullarını satdıqda satılan məhsula uyğun ona də faiz verilmişdir. Məhsulun satışına görə verilən faiz satışa uyğun olaraq dəyişirmiş. Satıcıanbardar vəzifəsini faktiki icra etdiyinə, yaxşı işçi olduğuna, şirkətə xeyli miqdarda xeyir verdiyinə və şirkətin tapşırıqlarını yaxşı icra etdiyinə görə həmin şirkət məhsulları ona etibar etmişdir. O, Samux rayonunda olan anbara gələn müxtəlif çeşiddə olan gübrə və toxum məhsullarını qəbul edərək müxtəlif şəxslərə satmış və həmin məhsulların pulunu kartla və nağd şəkildə alaraq kartla birbaşa şirkətin hesablaşma hesabına ödəmişdir. Orada işlədiyi müddətdə xeyli miqdarda məhsullar satmış və bütün satılan məhsulların pulunu həmin şirkətin hesabına keçirmişdir. O, məhsulları satıb pulunu şirkətin hesabına vaxtında keçirirmiş, lakin sonradan bir hissəsini Pərvanə adlı qadına verib pulunu ala bilmədiyinə, 2400 manat miqdarında məhsul xarab olduğuna görə və digər hissəsini isə şəxsi ehtiyaclarına sərf etdiyinə görə şirkətin hesabına keçirə bilməmişdir. Onun ümumilikdə şirkətə 18830.44 manat məbləğində olan borcundan 6250 manatını işin istintaq mərhələsində zərərçəkmişə ödəmiş, işin məhkəmə araşdırması dövründə isə vurulmuş ziyanın əvəzi qismində zərərçəkmişə 6100 manat ödəmişdir. Qalan məbləği də ödəməkdən boyun qaçırmır. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-nin hüquqşunası vəzifəsində işləyir. 2022-ci ilin fevral ayında şirkətin Samux rayonu ərazisindəki filialında satıcı-anbardar işləyən Təqsirləndirilən şəxs şirkətə məxsus əmlakı mənimsəməsi və şirkətin rəhbərliyi tərəfindən təyin edilmiş audit yoxlaması nəticəsində Təqsirləndirilən şəxs tərəfindən şirkətin cəmi 17990.57 manat dəyərində gübrə və toxum məhsullarının satış pulunu mənimsədiyi müəyyən edilmişdir. Həmin mənimsəmə ilə bağlı Təqsirləndirilən şəxs şirkətə dəvət olunaraq ona mənimsədiyi pulu şirkətə ödəməsi təklif olunmuş, Təqsirləndirilən şəxs isə şirkətə vurduğu ziyanı qısa vaxt ərzində ödəyəcəyinə söz verməsinə baxmayaraq dediyi vaxt ərzində həmin ziyanı ödəməmişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs bir neçə dəfə şirkətə təkrar müraciət edərək ödəməli olduğu maddi ziyanı ödəməsinə söz verməsinə baxmayaraq yenə də söz verdiyi müddətdə şirkətə ödəməli olduğu ziyanı ödəmədiyinə görə şirkət tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış sənədlər onun barəsində müvafiq qaydada tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Baş Prokurorluğa göndərilmiş sənədlər aidiyyat üzrə Samux Rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs həmin mənimsədiyi əmlakın 5900 manatını 4 dəfəyə şirkətin hesabına ödəmiş və qəbzlərini şirkətə vermişdir. Təqsirləndirilən şəxs anbarda tamlığı pozulmuş məhsullar kimi təqdim etdiyi gübrə və toxum məhsullarının qiymətində, çəkisində və çeşidlərində müxtəlif fərqliliklər olduğu üçün həmin gübrə və toxum məhsulları təmsil etdiyi şirkətə məxsus olmadığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 iş üzrə məhkəmə hazırlıq iclasında məhkəmədə mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə "xxxx" Açıq Səhmdar Cəmiyyətini mülki iddiaçı qismində tanınaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 11740,57 manat məbləğində vurulmuş maddi ziyanın, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinin, 126 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun, cəmi12366,57 manat məbləğində vəsaitin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" ASC-də mütəxəsis vəzifəsində işləmiş və vəzifəsi həmin şirkətin maliyyə-nəzarət departamentində sayım üzrə mütəxəsis kimi şirkətin bütün ölkədə fəaliyyət göstərən gübrə və toxum məhsullarının satışı ilə məşğul olan mağazalardakı satıcılarla görüşüb şirkət tərəfindən daxil olmuş gübrə və toxum məhsullarının sayına nəzarət etmək, yəni hansı miqdarda satış edilməsini müəyyən etməkdən və əldə etdiyi məlumatları şirkətə ötürməkdən ibarətdir. Samux şəhərində satıcı-anbardar kimi işləmiş Təqsirləndirilən şəxs işə qəbul olunduğu vaxtdan tanımışdır. Əvvəllər Hüseynin həmişə şirkətin gübrə və toxum məhsullarını yaxşı satmasına baxmayaraq 2021-ci ilin axırlarında satışda müəyyən geriləmələr olduğunu görmüşdür. 2022-ci ilin əvvəllərində o, Hüseynin işlədiyi mağazaya gəlib malları sayan vaxt şirkətdən göndərilmiş kübrə və toxum kisələrində çatışmamazlıq olduğunu görmüş və bu barədə şirkətə məlumat vermişdir. Onun da iştirak etdiyi audit yoxlaması nəticəsində Hüseynin şirkətin ona satmaq üçün verdiyi 17990.57 manat dəyərində əmlakı mənimsədiyi müəyyən edilmişdir. Hüseyn tərəfindən həmin məbləği ödəməsinə görə şirkətdən müəyyən vaxt almasına baxmayaraq söz verdiyi vaxta kimi ödəməmişdir. Sonra şirkət tərəfindən bu barədə tərtib edilmiş sənədlərin Hüseynin barəsində qanunamüvafiq tədbir görülməsi üçün Samux Rayon prokurorluğuna göndərilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs gübrə və toxum məhsullarını necə mənimsəməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2021-ci ilin aprel ayından "xxxx" ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Onun vəzifəsi 6 rayon ( Samux, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Goranboy) üzrə şirkət tərəfindən həmin rayonlarda fəaliyyət göstərən gübrə və toxum məhsullarının satışı ilə məşğul olan mağazalardakı satıcılarla görüşüb şirkət tərəfindən daxil olmuş gübrə və toxum məhsullarının satışının aparılması vəziyyəti, hansı miqdarda satış edilməsini müəyyən etməkdən və əldə etdiyi məlumatları şirkətə ötürməkdən ibarətdir. Samux rayonunda satıcı-anbardar kimi işləmiş Təqsirləndirilən şəxs işə qəbul olunduğu vaxtdan tanımışdır. Əvvəllər Hüseynin həmişə şirkətin gübrə və toxum məhsullarını yaxşı satmasına baxmayaraq 2021-ci ilin axırlarında satışda müəyyən geriləmələr olduğunu gördükdən sonra 2022-ci ilin əvvəllərində o, Hüseynin işlədiyi mağazaya gəlib malları yoxladığı vaxt şirkətdən göndərilmiş kübrə və toxum kisələrində çatışmamazlıq olduğunu müəyyən edib bu barədə şirkətə məlumat vermişdir. O, məlumat verdikdən sonra şirkət tərəfindən təyin edilmiş audit yoxlaması nəticəsində Hüseynin şirkətin ona satmaq üçün verdiyi 17990.57 manat dəyərində əmlakı mənimsədiyi müəyyən edilmişdir. Sonradan Hüseyn tərəfindən həmin məbləği ödəməsinə görə şirkətdən müəyyən vaxt almasına baxmayaraq Hüseyn həmin məbləği söz verdiyi vaxta kimi ödəmədiyinə görə şirkət tərəfindən bu barədə tərtib edilmiş sənədlər Hüseynin barəsində qanunamüvafiq tədbir görülməsi üçün Samux Rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs gübrə və toxum məhsullarının pulunun bir hissəsinin Samux Rayon ərazisində böyük fermer təsərrufatı olan Pərvanə adlı qadında olduğunu ona demişdir. Həmçinin o, şirkətə əskiklik olması barədə məlumat verdikdə şirkət anbarda olan 10000-15000 manat dəyərində olan toxum və gübrə məhsullarını həmin anbardan başqa anbara daşınmasını da bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2020-ci ilə qədər Samux rayonun mərkəzində icarə əsasında götürdüyü obyektdə toxum məhsulları satmışdır. O, həmin toxum məhsullarını müxtəlif şəxslərdən almışdır. 2020-ci ilin əvvəlində "xxxx" ASC-nin Samux Rayon filialında qaynı X1-anbardar vəzifəsində işləməyə başlamışdır. Hüseyn həmin şirkətdə işə düzəldikdən sonra onunla birlikdə eyni obyektə satış etməyə başlamış, onun icarəyə götürdüyü obyekt çox böyük olduğuna görə çox hissəsini istifadə etməmişdir. Həmçinin də onun gübrə və toxum məhsullarından yaxşı məlumatı olduğu üçün o, məhsulların necə satılmalı olduğu barədə Hüseynə kömək etmişdir. Gübrə satışı ilə məşğul olan başqa bir şirkətlə, yəni “Agroline” şirkəti ilə müqavilə bağlayıb Hüseynin icarəyə götürdüyü bina ilə üzbəüz, Qoşqar şənlik evinin yanından icarəyə obyekt götürüb gübrə satışı ilə məşğul olmağa başlamışdır. 2022-ci ilin əvvəllərində Hüseynin müqaviləsi olduğu şirkətdən qəbul etdiyi gübrələrin əksiklik olması ilə əlaqədar şirkət tərəfindən yoxlama aparılmaqla təqribən 18000 manat əksiklik yarandığı ona məlum olmuşdur. Həmin vaxt şirkətin əməkdaşları tərəfindən Hüseynə verilmiş gübrə və toxum məhsulları ondan qəbul edilərkən onun icarəyə götürüb işlədiyi anbarda qalan, açıq kisələrdə olan gübrələr yararsız olması səbəbindən qəbul edilmədiyinə görə Hüseyn həmin gübrələri salafan torbalarda və plastik qablarda onun icarəyə götürərək işlətdiyi obyektin anbarına müvəqqəti saxlamaq üçün yığmışdır. Hazırda da həmin gübrələr onun icarəyə götürüb işlətdiyi obyektədir. Həmin gübrə və toxum məhsullarına baxış keçirilərkən 2424.66 manat dəyərində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs gübrə və toxum məhsullarının pulunu ala bilmədiyi şəxslərdən yalnız Pərvanə Novruzovanı tanıyır. 2019-cu ilin sentyabr, noyabr aylarında Samux Rayon ərazisində böyük fermer təsərrufatı olan X5 hissə-hissə olmaqla təxminən 70000-80000 manat dəyərində gübrə və toxum məhsullarını götürmüş və həmin gübrənin pulunu hissə-hissə olmaqla Hüseynə ödəməsinə baxmayaraq sonda P.Novruzovanın Hüseynə təxminən 8500 manat məbləğində borcu qalmışdır. Həmin vaxtı o, Hüseynlə birlikdə dəfələrlə Pərvanə Novruzova ilə ondan pulu tələb etmək məqsədilə görüşmək istəsə də Pərvanə həm telefon zənglərinə cavab verməmiş, həm də işlədiyi obyektə onları buraxmamışdır. Zənglərinə cavab verdiyi vaxtlarda borcunu tezliklə ödəyəcəyinə söz verməsinə baxmayaraq yenə də həmin məbləği Hüseynə verməmişdir. Pərvanə ilə Hüseyn arasında mülki mübahisə olması Hüseynə izah olunmasına baxmayaraq istər o, istərsə də Hüseyn tərəfindən məhkəməyə müraciət edilməmişdir. Hüseyn ona Pərvanənin borclu olduğu pulu verməməsi barədə şirkətə məlumat verdiyini, şirkətdən isə ona nisyə gübrə və toxum məhsullarının verilməsi nəzərdə tutulmadığından yaranmış borcun Hüseyn tərəfindən ödənilməli olduğunu bildirdiklərini demişdir. 2019-cu ilin sentyabr noyabr aylarında Pərvanə Hüseyndən nisyə gübrə götürdüyü vaxtlar aldığı gübrənin 30% nəğd pulunu Hüseynə Pərvanənin özü və ya Qiyas adlı mühasibi tərəfindən ödənilmişdir. Pərvanənin iş yerində onun yanında bir neçə dəfə Pərvanə və Qiyas Hüseynə müxtəlif məbləğlərdə pul vermişdir. Həmçinin Qiyas adlı mühasib onlarla ***-***-**-** və ***-***-**-** nömrə mobil telefonlarla əlaqə saxlamışdır. Pərvanə isə ***-***-**-** mobil telefon nömrəsi ilə Hüseynlə əlaqə saxlamışdır. İş üzrə şahid X8 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş ezrə Şahid4 məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında şahid qismində iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəfindən iş üzrə şahidlər X3 və Şahid4 ibtidai istintaqda verdikləri ifadələr elan olunur. İbtidai istintaqda şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 2020-ci ildən "xxxx" ASC-də bölgə müdiri vəzifəsində işləyir. Vəzifəsi həmin şirkətdə bölgə müdiri kimi şirkətin Xaçmaz bölgəsində fəaliyyət göstərən gübrə və toxum məhsullarının satışı ilə məşğul olan mağazalardakı satıcılarla görüşüb şirkət tərəfindən daxil olmuş gübrə və toxum məhsullarının sayına nəzarət etmək, yəni hansı miqdarda satış edilməsini müəyyən etməkdən və əldə etdiyi məlumatları şirkətə ötürməkdən ibarətdir. Samux şəhərində satıcıanbardar kimi işləmiş Təqsirləndirilən şəxs işə qəbul olunduğu vaxtdan tanıyır. Əvvəllər Hüseynin şirkətin gübrə və toxum məhsullarını yaxşı satmasına baxmayaraq 2021-ci ilin axırlarında satışda müəyyən geriləmələr olduğunu görmüşdür. 2022-ci ilin əvvəllərində şirkətin nümayəndəsi Hüseynin işlədiyi mağazaya gəlib mallarının sayan vaxt şirkətdən göndərilmiş kübrə və toxum kisələrində çatışmamazlıq olduğunu görmüş və bu barədə şirkətə məlumat vermiş, audit yoxlaması nəticəsində Hüseynin şirkətin ona satmaq üçün verdiyi 17990.57 manat dəyərində əmlakı mənimsədiyi müəyyən edilmişdir. Hüseyn tərəfindən həmin məbləği ödəməsinə görə şirkətdən müəyyən vaxt almasına baxmayaraq həmin məbləği söz verdiyi vaxta kimi ödəməmişdir. O, Təqsirləndirilən şəxs işə qəbul olunarkən Şəmkir-Samux regionda bölgə müdiri işləmiş, Təqsirləndirilən şəxs ilə şirkət arasında bağlanan əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilədə olan imzaların kimin tərəfindən və hansı şəraitdə çəkilməsini bilməmişdir. Həmin müqavilələr şirkət tərəfindən Şəmkirdəki anbara göndərilmiş, Şəmkir-Samux ərazisində satış təmsilçisi işləyən Sahib adlı əməkdaş həmin müqavilələrdə olan imzaları Təqsirləndirilən şəxs çəkdirmişdir. Lakin həmin müqavilələrdə imzaların dəqiq kimin tərəfindən çəkilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Hazırda Sahib şirkətdə işləmir. Sahib 2022-ci ilin əvvələrindən şirkətdən işdən çıxmışdır. Təqsirləndirilən şəxs gübrə və toxum məhsullarını satdığı şəxslərdən pulunu tam ala bilməməsi və ya həmin gübrə toxum məhsullarını necə mənimsəməsi barədə heç bir məlumatı yoxdur. O, yalnız audit yoxlamasından sonra gübrə və toxum məhsullarında əskiklik olduğunu görmüşdür. Həmin əskiklik barədə şirkət tərəfindən yoxlama aparılana qədər Təqsirləndirilən şəxs tərəfindən şirkətə məlumat verilməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2022ci ilin oktyabr ayından X4 tərəfindən idarə olunan “Vest milk" MMC-də rəsmi mühasib işləmişdir. "xxxx" MMC-nin direktoru X6 olmasına baxmayaraq həmin MMC Pərvanə Novruzova tərəfindən idarə olunmuşdur. Eşitdiyinə görə X7 rayonu ərazisində özünə məxsus olan torpaq sahəsində taxıl məhsulları əkib becərməklədə məşğul olmuşdur. 2021-ci ilin payız aylarında Pərvanə Novruzova 3 və ya 4 dəfə ona təxminən 3000-4000 manat civarında pul verərək həmin pulu Samux şəhərində gübrə məhsullarının satışı ilə məşğul olan Məhəmməd adlı şəxsə verməyini xahiş etdiyinə görə o, Məhəmmədlə gübrə məhsullarını satdığı mağazada və “Vest milk“ MMC-nin ərazisində də görüşərək vermişdir. Bundan əlavə bir neçə dəfə də Məhəmmədin "Vest milk“ MMC-nin ərazisində də şəxsən Pərvanə Novruzovadan pul aldığını görmüşdür, lakin hansı miqdarda pul aldığı ona məlum olmamışdır. Pərvanə Novruzova ilə söhbət edərkən Məhəmmədə verdiyi pulların ondan aldığı və Kürdəmir Rayon ərazisində olan torpaq sahəsində istifadə etdiyi gübrələrin pulu olduğunu demişdir. 2021-ci ilin noyabr-dekabr aylarında Məhəmməd ona bir neçə dəfə zəng edərək Pərvanə Novruzovaya verdiyi gübrələrin pulunu tam ala bilmədiyini və onunla görüşmək istəməsini Pərvanə Novruzovaya çatdırmağımı xahiş etmişdir. O da Pərvanə Novruzova ilə bir neçə gün sonra görüşərkən Məhəmmədin onu axtarması barədə məlumat vermişdir. Həmin vaxt Pərvanə Novruzova onunla bu barədə söhbət edərkən Məhəmməddən aldığı gübrələrə görə ona 3800 manat pul borcu olduğunu, yaxın vaxtlarda borcunu qaytaracağını demişdir. Pərvanə Novruzova ilə həmin söhbətdən sonra Məhəmməd ona zəng etməmişdir. Eləcə də o, Pərvanə Novruzova ilə Məhəmmədə borclu olduğu pulu veribverməməsini soruşmamışdır. Pərvanə Novruzovanın Təqsirləndirilən şəxs tanıyıbtanımaması, ondan gübrə məhsulları alıb-almaması, ona hər hansı bir məbləğdə pul borcunun olub-olmaması barədə hər hansı bir məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1565 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə xx.xx.2022-ci il tarixdə olan (TapAgro hesabı deaktiv edilmə tarixi) satış qiymətlərinə uyğun olaraq 18.813,40 manat çatışmazlıq-əskikgəlmə və 17,04 manat məbləğində daxil olmamış vəsait nəzərə alınaraq (18.813,40+17,04) yekunda 18.830,44 manat kənarlaşmamənimsəmə müəyyən edilir. Bundan başqa iş materiallarında olan xx.xx.2022-ci il tarixli audit rəyində göstərilmiş, silinən malların 550 kg olması barədə iş materiallarında heç bir məlumat olmadığı üçün (hansı növ malların, hər maldan neçə kg olması və s.) həmin hissə hazırki hesablama zamanı nəzərə alınmamışdır. Samux rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Səməd Yusiflinin 01 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 27 iyul 2023-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətmiş və onun əməlində sözügedən cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən etirafedici ifadəsi, onun məhkəmə istintaqı gedişatında, cinayət əməli nəticəsində vurulmuş zərərin müəyyən hissəsini ödəməsi ilə yanaşı, şahid ifadələri və iş materialları ilə, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsini onun özünü müdafəsi kimi qiymətləndirir və qeyd edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittihamda tam şəkildə təqsirli olması onun vurulmuş ziyanı ödəməyə cəhd etməsi, ibtidai istintaq və məhkəmə istintaqı zamanı vurulmuş ziyanın müəyyən hissəsini ödəməsi və tədqiq edilmiş digər mötəbər sübutlarla təkzb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək ibtidai istintaq və məhkəmə istintaqı gedişatında vurulmuş ziyanın müəyyən hissəsini ödəməsini, qalan məbləği isə ödəməkdən boyun qaçırmadığını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və həmin halları cəza təyin edərkən nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə cinayət mühakimə icraatında verilmiş mülki iddiaya münasibətdə isə qeyd edir ki, mülki iddia qismən təmin edilməldir. Belə ki, mülki iddiada vurulmuş maddi ziyanın həcmi kimi göstərilmiş 11740,57 manat məbləğin 6100 manat hissəsi məhkəmə istintaqı gedişatında təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə ödənilmişdir. Bundan başqa məhkəmə, mülki iddianın auditor xidmətləri xərcinin əvəzinin tələb olunması hissəsini əsassız hesab edir və tələbin o hissədə təmin olunmamalı olduğu qənaətinə gəlir. Beləliklə mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyanın əvəzi olaraq 5640 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pul təqsirləndirilən şəxsdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə xərci məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat puldan ibarətdir. Azərbaycan Respublikası CPM-in 198-ci maddəsinə uyğun olaraq həmin xərc təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Samux rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 08:00-dək ünvan 4 ünvanı yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Samux Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Mülki iddia qismən təmin edilsin, vurulmuş maddi ziyanın əvəzi olaraq 5640 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyirinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar