Məhkəmə qərarları › İş №1(058)-5/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-5/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-5/2025 27.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Neft Baza Q, ev 3, mən 1-də qeydiyyatda olmaqla yaşayan barəsində “Başqa Yerə Getməmək Haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ə0dəd polietilen torbada təmiz çəkisi 25.63 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 08 iyun 2024-cü il tarixdə saat 14 radələrində Samux Rayon Polis Şöbəsinin Cinayət-axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu Qiyaslı kəndində saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 25.63 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 07 iyun 2024-cü il tarixdə Samux rayonu Qiyaslı kəndinə dostu ilə birlikdə getmişdir. Belə ki, dostunun sevdiyi qız həmin kənddə yaşamış, dostu sevdiyi qızla görüşmək üçün həmin gün Qiyaslı kəndinə getmiş, o, isə dostu ilə yol yoldaşı olmuşdur. Kəndə çatan zaman bir neçə kənd sakini onlara yaxınlaşaraq kəndə nəyə gəldiklərini soruşmuşlar və onlardan şübhələnmişlər. Belə ki, kənd sakinləri onlara bildirmişlər ki, kənddə oğurluq olub, onlar da cavabında qeyd etmişlər ki, onların oğurluq hadisəsindən heç bir məlumatları yoxdu və kəndə gəlməklərinin səbəbi oğurluq məqsədi deyil. Lakin kənd sakinləri onları yenə sorğu-suala tutmuş, daha sonra onlar həmin yerə polis maşının gəldiyini görmüşlər. Polis əməkdaşları onlara yaxınlaşaraq onlardan kəndə gəlmələrinin səbəbini soruşmuş, onlar isə bildirmişlər ki, kənd sakinlərinin yanında deyil kənarda söhbət edək. Bu zaman polis əməkdaşları onlara polis şöbəsinə getməyi təklif etmiş, onlar həmin gün, yəni 7 iyun 2024-cü il tarixdə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində onların qarşısına narkotik vasitə qoyularaq fiziki təzyiqlər olunmuş və narkotik vasitənin onlara məxsus olmasını boynuna götürməkləri tələb edilmişdir. Həmin gecə onlar polis şöbəsində saxlanılmış, gecə onlar polis əməkdaşları tərəfindən döyülmüşlər. Ona görə də məcbur qalıb narkotik vasitənin ona məxsus olmasını boynuna götürmüşdür. Vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman sözügedən narkotik vasitənin ona məxsus olduğunu demişdir. Bundan sonra onun ifadəsi alınmış, barəsində başqayerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. O, müvəqqəti saxlama yerindən çıxdıqdan sonra döyülməsi və narkotik vasitənin ona məxsus olmasını boynuna götürməyə məcbur edilməsi barədə heç bir orqana şikayət və müraciət etməmişdir. Həmçinin rayon prokuroru onu şəxsən qəbul etmiş və ondan narkotik vasitənin ona məxsus olub-olmadığını təkidlə soruşmuş, o, isə narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Daha sonra rayon prokuroru ona otaqdan çıxaraq gedib daha dəqiq fikirləşməsini və sonra fikrini doğru şəkildə bildirməsini təklif etmiş, o, otaqdan çıxmış, daha sonra yenə prokurorun yanına qayıdaraq narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Belə etməsinin isə səbəbi polis əməkdaşlarından qorxması olmuşdur. Lakin hazırda qeyd etdiyi xüsusatların doğruluğunu təsdiq edə biləcək heç bir sübutu olmadığından məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı vəzifəsində işləyir, 08 iyun 2024cü il tarixdə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 08 iyun 2024-cü il tarixdə saat 14 radələrində Samux Rayon Polis X6 Xidməti Bölüyünün polis nəfəri, polis kiçik seriantı Şahid2 Raman oğlu ilə birlikdə Samux rayonu Qiyaslı kəndinə getmişlər və Təqsirləndirilən şəxs orada olduğunu müəyyən etmişlər. O, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışlar və xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və onlarla birlikdə Samux RPŞ-nə getməyini təklif etmişdirlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuşdur və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan cins şalvarın arxa cibindən sellefon paket çıxardaraq içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Asıf Orucovun təqdim etdiyi sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmişdir, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 33.77 qaram olmaqla qablaşdırılmışdır və üzəri AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Samux rayonu Qiyaslı kəndindən tapdığını və özü istifadə etdiyi üçün üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya psixi təsirə məruz qalmadığını bildirmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş. iştirakçılara ucadan oxundu, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Raman oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyun 2024-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan açıq səma rəngli cins şalvarın arxa cibində sellofan paketdə narkotik vasitə olan marixuana olmasını bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan paketdə ilk baxışdan marixuana bənzər kütlə aşkar olundu. Həmin marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək sellofen paket ilə birlikdə ümumi çəkisinin 33.77 qram olduğu müəyyən edilmiş, həmin sellofen büküm qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq həmin zərf ekspertizaya göndərilməsi üçün götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin X5 08 iyun 2024-cü il tarixli bioloji ekspertizanın 16/667 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs A.” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 25.63 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə də təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. 10 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs barəsində 10 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 10 iyun 2024-cü il tarixdə tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2024-cü il tarixdə Samux Rayon MSY-dən azad edilməsi qərara alınmışdır. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmişdir. 03 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs — xx.xx.2000-ci -ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Neft Baza Q, ev 3 m 1-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi bina 36, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli könüllü gəlmə protokolundan görünür ki, Orucov X2 olaraq Samux rayon Polis Şöbəsinə gələrək, cinayət işi üzrə axtarışda olması barədə xəbərinin olmamasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 31 avqust 2024-cü il tarixli, 1464 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qediyyata alınması məsləhət görülür. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, maddi sübutlar, məhkəmə ekspertizalarının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin, onun üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasına və onun həmin narkotik vasitəni üzərində daşımadığına, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində həmin narkotik vasitənin ona məxsus olmasını boynuna götürməsinə dair ifadəsi özünümüdafiə xarakteri daşıyır. Belə ki, ibtidai istintaqda şəxsin üzərinə baxış müdafiəçinin iştirakı ilə, videoçəkiliş aparılmaqla keçirilmiş, təqsirləndirilən şəxs onun üzərinə baxış keçirilən zaman hər hansı etiraz bildirməmiş, əksinə o əynində olan şalvarın cibindən bir ədəd bükülünü özü könüllü olaraq çıxarıb təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə (marixuana) olduğunu, həmin narkotik vasitəni yerdən tapdığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində ümumiyyətlə heç bir zaman narkotik vasitə istifadə etmədiyini bildirsə də, iş materiallarındakı müvafiq ekspert rəyindən görünür ki, onun narkotik vasitədən epizodik istifadə halları olub. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində işin ibtidai istintaqı zamanı şübhəli şəxs kimi tutularkən müvəqqəti saxlama yerində polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını, lakin buna baxmayaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxıldıqdan sonra heç bir orqana bu barədə şikayət etmədiyini, eyni zamanda rayon prokuroru onu sözügedən cinayət işi ilə bağlı qəbul edərək narkotik vasitənin ona məxsus olub-olmadığını soruşduqda, polis əməkdaşlarından qorxduğu üçün təkidlə həmin narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Sözügedən bu hallar təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyri-səmimi ifadə verdiyini təsdiq edir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsindəki xüsusatları onun özünü müdafə cəhdi kimi qiymətləndirir və sözügedən xüsusatlar ibtidai istintaq zamanı toplanmış mötəbər sübutlarla təkzb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuana (kannabis) şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hazırki kateqoriyadan olan cinayət əməlini ilk dəfə törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, yuxarıda göstərilən halları nəzərə alaraq cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın orta həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qediyyata alınmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitələrin ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 25.58 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı video görüntülərin qeydə alınmış olduğu maddi sübut olan 1(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 1 il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs oğlunun üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Samux Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı qalığı – 25.58 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin qeyd edildiyi bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT Bik: CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə münasibətdə isə surəti ona verildiyi andan 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar