Məhkəmə qərarları › İş №1(058)-50/2023

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-50/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-50/2023 18.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2 saylı İstintaq Təcridxanasında cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 17:30-da Samux rayon İnstitut qəsəbəsi ərazisində yerləşən “LYUKS” yanacaq doldurma məntəqəsində aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir neçə dəfə zərbə endirərək ona alın nahiyyəsinin hər iki göz ətrafının, hər iki almacıq nahiyyələrinin hematomalarından, hər iki qaş, alt dodaq nahiyyələrinin əzilmiş yaralarından və hər iki gözün ağlı qişalarına qansızmalardan ibarət qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, özünə məxsus “MERCEDES” markalı avtomobillə 13 may 2023-cü il tarixdə saat 17:30 radələrində Samux rayonu İnstitut qəsəbəsində yerləşən “LYUKS” yanacaq doldurma məntəqəsinə avtomobilə benzin tökməyə getmiş, idarə etdiyi avtomobildə ondan başqada tanışı Şahid1 da olmuşdur. Avtomobilinə benzin tökən zaman əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Səməd oğlu əli ilə onu yanacqdoldurma məntəqəsinin sahibi Firdovsiyə göstərərək bildirmişdir ki, avtomobilin sahibinin 48 manat borcu vardır. O isə avtomobildən düşmüş və Zərərçəkmiş şəxs bildirmişdir ki, məni tanımadığın halda niyə mənə böhtan atırsan. Onun həmin yanacaq doldurma məntəqəsinə heç bir borcu olmamışdır və Zərərçəkmiş şəxs onu kiminləsə səhv salmışdır. O, avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxsla sözlə mübahisə etməyə başlamış və Zabitin ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra əsəbiləşərək əli ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir neçə dəfə zərbə endirmişdir. Bundan sonra orada olan şəxslər onları aralamışlar və o, avtomobilə əyləşəkərək oradan uzaqlaşmışdır. Hadisə baş verən zaman orada o, Zərərçəkmiş şəxs, Şahid1 və LYUKS Yanacaq Doldurma məntəqəsinin sahibi Firdovsi olmuşdur. Baş vermiş dava-dalaş təxminən 1 dəqiqə davam etmiş, dava-dalaş zamanı o, xəsarət almamışdır. Hazırda o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2 Saylı İstintaq təcridxanasında saxlanılır. 3 azyaşlı uşağının olmasını və hazırda üzərində çəkilməli olan cəzasının olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2022-ci ildən 2023-cü ilin may ayının sonlarına kimi Firdovsi adlı şəxsə məxsus olan Samux rayonu, İnstitut qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsində kassir-operator kimi işləmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2023-cü ilin may ayının əvvəllərində tanımadığı şəxs, işlədiyi Samux rayonu, İnstitut qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə yaşıl rəngli “MERCEDES” markalı avtomobillə gələrək 50 manat pulu xırdalamağı ondan xahiş etmişdir. O, isə həmin şəxsə xırda pulu olmadığını demişdir. Həmin şəxs ondan 2 manatlıq benzin tökməsini istəmişdir. O, isə həmin şəxsin avtomobilinə 2 manat dəyərində 2 litr benzin tökmüş, həmin şəxsdən pulu istəyən zaman o, 50 manat pul verdiyini bildirmiş, bu zaman o, şəxsin həqiqətən də ina 50 manat pul verdiyini zənn etmiş və ona həmin pulun qalığı kimi 48 manat pul vermişdir. Həmin şəxs getdikdən sonra yanacaq doldurma məntəqəsinin müşahidə kamerasına baxmış, həmin şəxsin ona pul vermədiyini müəyyən etmişdir. Bu hadisədən bir neçə gün sonra həmin yaşıl rəngli, “MERCEDES” markalı avtomobil yenə yanacaq doldurma məntəqəsinə gəlmiş, həmin vaxt avtomobili idarə edən bir neçə gün əvvəl 2 manatlıq benzin vuraraq ondan 48 manat pul alan şəxs deyil, Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs sözügedən hadisəni danışmış, İsmayıl isə ona bildirmişdir ki, həmin şəxsi taparaq gətirəcək. Bundan sonra 13 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs yaşıl rəngli “MERCEDES” markalı avtomobillə onun işlədiyi Samux rayonu İnstitut qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinə yenidən gəlmişdir. Təqsirləndirilən şəxs gələn zaman yanacaq doldurma məntəqəsinin sahibi Firdovsi də orada olmuşdur. Firdovsi İsmayıldan pulu niyə verməsəməsini soruşaraq İsmayılla sözlə mübahisə etməyə başlamış və İsmayıla “benzini sən tökümüsən, 48 manat pulu da sən aparmısan” demişdir. İsmayıl Firdovsidən soruşanda ki, bunu sənə kim deyib, Firdovsi İsmayıla demişdir ki, bunu ona Zabit deyib. Bundan sonra İsmayıl avtomobildən düşərək onu təhqir etmiş və əli ilə üzünə bir neçə dəfə zərbə endirmişdir. Sonradan orada olan iş yoldaşı İlkin və tanımadığı bir nəfər şəxs onları aralamışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq baş verənlər barədə polisə məlumat vermişdir. Hadisə zamanı o, İsmayılı vurmamışdır. 13 may 2023-cü il tarixdə onun və Təqsirləndirilən şəxs arasında mübahisə Samux rayonu İnstitut qəsəbəsində yerləşən “LYUKS” yanacaq doldurma məntəqəsində baş vermiş, mübahisə 3-4 dəqiqə davam etmiş, mübahisə zamanı orada Firdovsi, İlkin və tanımadığı bir nəfər şəxs olmuş, konkret olaraq ona xəsarəti Təqsirləndirilən şəxs yetirmişdir. Lakin hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunub, ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun dostudur, Zabit Hüseynou isə əvvəllər tanımamışdır. İsmayılın yaşıl rəngli “MERCEDES” markalı avtomobili olmuşdur. 13 may 2023-cü tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Samux rayonu İnstitut qəsəbəsində yeləşən “LYUKS” yanacaq doldurma məntəqəsinə benzin vurmağa getmişlər. Ora çatan zaman adını sonradan Firdovsi kimi bildiyi şəxs İsmayılla sözlə mübahisə etməyə başlamışdır. Firdovsi İsmayıldan 50 manat pul istəmiş, İsmayıl isə ona borcu olmadığını bildirmişdir. Firdovsi İsmayıla əli ilə yanacaq doldurma məntəqəsində işləyən Zabit adlı şəxsi göstərmiş və İsmayılın 50 manat borcu olmasını ona Zabitin dediyini bildirmiş, bundan sonra İsmayıl avtomobildən düşərək əli ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrinə vurmağa başlamış, orada olan şəxslər İsmayıl və Zabiti aralamışlar. Məhkəmə iclasında Şahid2 göstərdi ki, Samux rayonu İnstitut qəsəbəsində ona məxsus “LYUKS” yanacaq doldurma məntəqəsi vardır. Zərərçəkmiş şəxs 2022-ci ildən ona məxsus olan həmin yanacaq doldurma məntəqəsində kassir-operator kimi çalışır. 2023-cü il ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs ona bildirmişdir ki, İsmayıl adlı şəxs ona məxsus olan Samux rayonu İnstitut qəsəbəsində yerləşən “LYUKS” yanacaq doldurma məntəqəsinə gələrək 2 manatlıq benzin vurmuş, benzinin pulunu vermədiyi halda üstəlik 48 manat pul almışdır. Zərərçəkmiş şəxs bu məsələni ona dedikdən sonra o, müşahidə kamerası vasitəsi ilə kameraya baxmış və həqiqətən də “MERCEDES” markalı avtomobilin sürücüsünün pul vermədən benzin tökməsini və 48 manat pul alaraq çıxıb getdiyini müəyyən etmişdir. Lakin müşahidə kamerasında baxan zaman avtomobilin içərisi görsənməmiş və buna görədə həmin avtomobilin sürücüsün kim olduğunu dəqiq görə bilməmişdir. 13 may 2023-cü il tarixdə o, özünə məxsus yanacaq doldurma məntəqəsinə gəlmiş, bu zaman saat 17:30 radələri olmuşdur. Yanacaq doldurma məntəqəsinə çatan zaman iki nəfərin bir biri ilə əlbə- yaxa dalaşdığını görmüş, onlara yaxınlaşan zaman həmin şəxslərdən birinin adını sonradan bildiyi Təqsirləndirilən şəxs digərinin isə onun işçisi Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Orada bir nəfər də tanımadığı şəxs olmuş və həmin şəxs YDM-ə benzin doldurmaq üçün gələn şəxs olmuşdur. Həmin şəxsin köməyi ilə İsmayıl və Zabiti aralamışlar. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Zabitlə Təqsirləndirilən şəxs arasında mübahisə sözügedən 48 manat pula görə baş vermişdir. Hadisə zamanı orada ondan başqa Zərərçəkmiş şəxs və İlham adlı şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 07 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyyəsinin hər iki göz ətrafının, hər iki almacıq nahiyyələrinin hematomaları, hər iki qaş və alt dodaq nahiyyələrinin əzilmiş yaraları və hər iki gözün ağlı qışalarına qansızmalar- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 ay 26 gün hissəsi Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası ilə qismən, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası ilə tam toplanaraq ona qəti olaraq 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Samux rayonu İnstitut qəsəbəsi inzibati ərazi dairəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi və mənəvi ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin, Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş onun sağlamlığına qəsdən yüngül zərər vurması öz təsdiqini tapmışdır. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdiriən hal kimi nəzərə alınır, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, hazırda cinayətlərin residivini yaratmasa da əvvəllər bir neçə dəfə cinayət törətməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını və hazırda həmin cəzanı çəkməkdə olmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir və buna görə də təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzaların, cəzanın məqsədləri üçün yetərli olmadığı qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı da nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə məsuliyyət müəyyən edən maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə məhkəmə xərci təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilməli puldan ibarətdir. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 41 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 246 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 1(125)- 115/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası isə tam toplanılmaqla Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 02 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 41 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 246 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə (təqsirləndirilən şəxs tərəfindən isə həm də həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsilə) Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Həmin müddət ərzində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar