Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-52/2023 27.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədov Camal Elçin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu İstixana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 414,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib bundan 14,92 qramını üzərində daşıyaraq saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 29 iyul 2023-cü il tarixdə saat 18:40-da Samux Rayon Polis Şöbəsinin Cinayətaxtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Samux rayon İstixana qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında saxlanılaraq Samux Rayon Polis Şöbəsinin inzibati binasına gətirilməklə üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb üzərində saxladığı 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 14,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuana ondan, əməliyyat tədbirlərinin davamı kimi həmin günü, yəni 29 iyul 2023-cü il tarixdə saat 20:05-də isə Gəncə-Kür avtomobil yolunda, kənd arasında “Dudunun kafesi” adlanan yeməkxananın yaxınlığında yolun kənarında yerləşən çinar ağacının haça olan hissəsinə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin yerdə gizlədərək qəsdən qanunsuz olaraq saxladığı 1(bir) ədəd polietilen torbada təmiz çəkisi 400 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana həmin yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fəhləliklə məşğul olur. Yaşadığı qəsəbədə olan Avto-yuma məntəqəsində gündəlik olaraq avtomobil yumaqla məşğul olur. İlk dəfə narkotik vasitə olan nəşədən, yəni marixuanadan təxminən 3 ay əvvəl istifadə etmiş, axırıncı dəfə isə təxminən bir ay əvvəl istifadə etmişdir. O, Samux rayonunda yaşadığı üçün bilirəm ki, Kür çayının sahilində yabanı halda çətənə kolları bitir, buna görə də kimdənsə narkotik vasitə almaqdansa, fikirləşmişdir ki, gedib yığsın və bir müddət istifadə etsin. Buna görə də 2023-cü ilin iyun ayının əvvəllərində o, Samux rayonu ərazisindən keçən Kür çayının sahilində, xatırlamadığı bir yerdə meşəlik olan ərazidən yabanı halda bitən çətənə kollarını tapıb, həmin kollardan bir qədər özü istifadə istifadə etmək üçün yığmış, daha sonra geri qayıdan zaman Gəncə-Kür avtomobil yolunda, kənd arasında “Dudunun kafesi” adlanan yerdə yerləşən yolayrıcının sağ tərəfində çinar ağacının haça kimi ayrılmış yerinin ortasında gizlətmişdir. Həmin nəşəni quruyandan sonra ara-sıra istifadə etməyi düşünürmüş. Gizlədən zaman həmin nəşədən istifadə etmək üçün bir qədər özünə də götürmüşdür. Bundan sonra yaşadığı evə gəlmişdir. Həmin nəşədən o, tapdığından təxminən 10 gün sonra siqaretə doldurmaqla çəkmə yolu ilə bir dəfə istfadə etmiş və istifadə edən zaman görmüşdür ki, nəşə yabanı olduğundan çəkmək olmur, buna görə də 29 iyul 2023-cü il tarixdə təxminən saat 19 radələrində o, həmin nəşəni qəsəbədə yerləşən zibilliyə tullamaq qərarına gəlmiş, həmin vaxt o, piyada qəsəbədə “Padstansiya” adlanan yerin yaxınlığında yerləşən zibilxanaya gedən zaman ona iki nəfər mülki geyimdə tanımadığı şəxslər yaxınlaşmış, onlar ona polis vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək demişlər ki, onun qanunsuz olaraq narkotik vasitə gəzdirməyi və istifadə etməyi barədə əməliyyat məlumatı vardır. Buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. O, Polis şöbəsinin inzibati binasında olan zaman ondan üzərində narkotik vasitə və digər qadağan olunmuş maddə olub-olmadığını soruşmuşlar, həmin vaxt üzərində, yəni əynində olan göy rəngli cins şalvarın sağ cibində narkotik vasitə olduğunu bildirmişdir. Bu zaman ondan müdafiəçi olub-olmadığını soruşmuşlar, həmin vaxt müdafiəçi olmadığı üçün dövlət tərəfindən müdafiəçi ilə təmin edilməyi barədə ərizə ilə müraciət etməyini bildirmişlər, onu dövlət hesabına müdafiəçi ilə təmin etmişlər və sonra o, həmin bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən qurudulmuş marixuana qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilən zaman çəkisi 17 qram olmuşdur. Şifahi sorğu zamanı ona başqa yerdə də narkotik narkotik vasitə, psixotrop maddə saxlayıb-saxlamadığını soruşmuşlar, həmin vaxt o, bilmişdir ki, polis əməkdaşları onun narkotik vasitə gizlətməyindən şübhələniblərmiş, yaşadığı evində ailəsi-uşağı olduğundan və evində axtarış aparacaqlarını istəmədiyi üçün polis əməkdaşlarına narkotik vasitə gizlətdiyini səmimi etiraf etmiş və gizlətdiyi yeri könüllü olaraq təqdim edə biləcəyini demişdir. Polis əməkdaşları ona narkotik vasitəni harada gizlətdiyini deyəndə o, onlara Gəncə-Kür avtomobil yolunda, kənd arasında “Dudunun kafesi” adlanan yerdə yerləşən yolayrıcının sağ tərəfində çinar ağacının haça kimi ayrılmış yerinin ortasında gizlətdiyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə xidməti avtomobillə narkotik gizlətmiş olduğu yerə getmişdirlər. Həmi yerə çatandan sonra videoçəkilişlə o, Kür çayının Samux rayon ərazisindən keçən hissəsindən narkotik tərkibli çətənə kollarını yığıb qurudaraq çinar ağacının haça kimi olan hissəsində gizlədib saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra qırmızı rəngli paket olan kütlə qablaşdırılaraq götürülmüşdür. Əməlini səmimi etiraf edirmiş. Həmin qurudulmuş marixuanaları özü istifadə etmək üçün əldə etmiş, qurudulmuş marixuana yığdığını, istifadə etdiyini, heç kimə deməmiş, heç kimin də bundan xəbəri olmamışdır. O, əvvəllər heç kəsdən narkotik vasitə, psixotrop maddə almamış, heç kimə narkotik vasitə, psixotrop maddə satmamış, verməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Samux Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis başleytanantı vəzifəsində işləyir. 29 iyul 2023-cü il tarixdə Samux rayon İstixana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin, xx xxxxxx 1994-cü il tarixdə Samux rayonu İstixana qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Samux rayon İstixana qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və 29 iyul 2023-cü il tarixdə günorta saat 18 radələrində Samux Rayon Polis Şöbəsinin Kibercinayətkarlığa qarşı Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Samux rayon İstixana qəsəbəsi istiqamətində hərəkət etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt yaşadığı kəndin girişində yerləşən "xxxx" ASC-nin yaxınlığında olması barədə əməliyyat məlumatı olmuşdur. Samux rayonu İstixana kəndində ərazisində Təqsirləndirilən şəxs "xxxx" ASC-nin yaxınlığında olması müəyyən edilmiş, onlar ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələri göstərmiş və ona qanunsuz olaraq narkotik vasitələri daşıması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatları olduğunu, buna görə də onu Samux Rayon Polis Şöbəsinə getməyə dəvət etmişlər, Təqsirləndirilən şəxs isə heç bir etiraz etməmiş və onlar Samux Rayon Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsinin inzibati binasında Samux RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş-leytenantı Həsən Qurbanov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuş və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sağ yan cibində 1(bir) ədəd polietilen kəsiyi bükülünü təqdim edərək qurudulmuş marixuana olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Ayxan Həsənovdan aşkar edilmiş qurudulmuş marixuana təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 17 qram olduğu müəyyən edilməklə qablaşdırılmış və AR DİN-nin 180 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəyə oxşar kütlənin qurudulmuş marixuana olduğunu, şifahi olaraq təxminən 1 ay əvvəl çimmək üçün Kür çayı sahilinə gedən zaman toplayaraq saxladığını bildirmişdir. Saxlamış olduğu narkotik vasitənin bir qismini isə Kür yolunda ağacın içərisində gizlətdiyini etiraf etmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, protokol tərtib olunarkən AR CPM-nin tələblərinə əsasən baxış zamanı və protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir ərizə, şikayət və təklif daxil olmamışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə xidməti avtomobillərlə şübhəli şəxs Təqsirləndirilən şəxs Kür yolunda gizlətmiş olduğu narkotik vasitənin olduğu yerə gedilmişdir. Həmin yer Gəncə-Kür avtomobil yolunda, kənd arasında “Dudunun kafesi” adlanan yerdir. Orada dayandıqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin yerdə yerləşən yolayrıcının sağ tərəfində haça kimi ayrılmış çinar ağacı göstərərək narkotik vasitə olan qurudulmuş marixuananı orada gizlətdiyini könüllü olaraq etiraf etmişdir. Həmin yerə baxış 20:05-də başlanılmışdır. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video çəkiliş başlanmış və Təqsirləndirilən şəxs göstərməsinə əsasən ağaca baxış keçirilmiş və baxış zamanı ağacın haça kimi ayrılmış yerindən sellofan paketdə spesifik qoxusu olan ilk baxışdan marixuanaya oxşar kütlə aşkar edilmişdir. Kütləyə baxış keçirilmiş, baxış zamanı kütlənin yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya oxşar olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 410 qram olması müəyyən edilmişdir. Kütlə qanunamüvafiq qaydada qablaşdırılmış, üzərinə qeydlər aparılmış, qeydlər uca səslə oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra kütlənin ağzı bağlanaraq, bağlanc yerləri möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir, narkotik vasitələri satması barədə heç bir əməliyyat məlumatı olmamışdır və özü istifadə etmək məqsədilə əldə etməsi müəyyən edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 iyul 2023-cü il tarixli “Şübhəli şəxsi tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 29 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasdından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan göy cins şalvarın sağ yan cibində narkotik vasitə olan marixuananın olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan sellofan paketində spesifik qoxusu olan ilk baxışdan marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 17.00 qram marixuana olduğu müəyyən edilmişdir. Həmin sellofan paket qablaşdırılmışdır. Sellofan paketin üzəri iştirakçılar tərəfindən imzalanaraq expertizaya göndərilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 iyul 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Samux Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 4(058)-18/2023 saylı qərarınıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə təyin edilmiş məhkəmə bioloji ekspertizanın 30 iyul 2023-cü il tarixli 16/762 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 14,92 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 400 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 2 (iki) ədəd kağız paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmə narkoloji ekspertizasının 20 sentyabr 2023-cü il tarixli 1590 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 atası Təqsirləndirilən şəxs, anası X3r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, X4 1-ci dərəcəli əlil olmasına görə müavinət alır. Samux rayonu Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»n İ Siyahısında qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, ailəli olmaqla himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, arvadının 1-ci dərəcə əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyətə cəlb edilməmişdir. Buna görə də məhkəmə cəzanın məqsədlərinə nail olmaq üçün Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmasına zərurət olmadığı qənaətinə gəlir və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət, 31 iyul 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixədən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış, Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitələrin ekspertizadan sonrakı qalığı – 14,87 qram və 399,95 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana məhv edilməli, şübhəli şəxsin üzərinə və narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Habelə iş üzrə mülki iddia da yoxdur. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 44 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 264 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən tutulduğu (həbsdə saxlanıldığı) iki gün müddət, 31 iyul 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixədən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olduğu 3 ay 29 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq ona təyin edilmiş cəzadan 7 ay 28 gün müddət çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il, 04 (dörd) ay, 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata götürülsün. Cəzanın icrası Samux rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişdirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut qismində tanınmış və Samux Rayon Polis Şöbəsinin saxlama anbarına saxlanca verilmiş narkotik vasitə olan metanfitaminin ekspertizadan sonrakı qalığı – 14,87 qram və 399,95 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeyd edilmiş videoçəkilişin köçürüldüyü 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 211805 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22) köçürülsün. İbtidai istintaq mərhələsində və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 44 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 264 manat pul dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №1(058)-52/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-52/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver