Məhkəmə qərarları › İş №1(058)-52/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-52/2024

02.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-52/2024 02.09.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində X1 üzrə Şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Samux şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 11 radələrində arvadı Zərərçəkmiş şəxs yaşadığı Samux rayonu Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evinin qonaq otağında Zərərçəkmiş şəxs ilə ailəsini nə üçün özü ilə birlikdə Bakı şəhərinə aparmaması səbəbi ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən itələyərək yerə yıxmaqla yerdə yıxılı vəziyyətdə təpik və yumruqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə zərbələr endirərək ona sol əlin hematomasından, əzilmiş yarasından, yanaq, burun nahiyələrinin qançırlarından və sağ əlin İV barmağının əzilmiş yaralarından ibarət qəsdən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Bəzi ailədaxili məsələlərə görə aralarında narazılıqlar vardır. Hal-hazırda o, Bakı şəhərində qalaraq orada işləyir. Nübar ona deyir ki, onu da özüylə Bakı şəhərinə aparsın və birlikdə bir ailə olaraq yaşasınlar. Lakin o, Nübarı özü ilə Bakı şəhərinə aparmaq istəmədiyindən 26 yanvar 2024-cü il tarixdə Nübarın yaşadığı Samux rayon Çobanabdallı kəndində yerləşən Nübarın ata evində Nübarla aralarında mübahisə yaranmış, bu zaman o, Nübarı itələmiş, nəticədə nübar yerə yıxılmış, bundan sonra o, Nübarı ayağı ilə vurmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Samux rayonu Çobanabdallı kəndində yerləşən evin qonaq otağında baş vermiş, mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, ona görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evə atası, anası və azyaşlı övladı ilə qalır. Təqsirləndirilən şəxs onun əridir. Bəzi ailədaxili məsələlərə görə aralarında narazılıqlar olmuşdur. Əri Gündüz Bakı şəhərində yaşayır və orada işləyir. Lakin o, həmişə Gündüzə deyir ki, onu da özü ilə Bakı şəhərinə aparsın və birlikdə bir ailə olaraq yaşasınlar, ancaq nədənsə Gündüz onu aparmaq istəmir. 26 yanvar 2024-cü il tarixdə aralarında olan mübahisəyə aydınlıq gətirmək üçün Gündüz Bakı şəhərindən Samux rayonuna gəlmiş, onun yaşadığı Samux rayon Çobanabdallı kəndində yerləşən evə isə saat 11 radələrində gəlmişdir. Həmin vaxt Gündüzlə aralarında mübahisə yaranmış və Gündüz onu itələyərək yerə yıxmış, daha sonra Gündüz onun üz nayihəsindən vurmuşdur. Rəydə göstərilən kəsilmiş yaralar isə ona Gündüz tərəfindən yetirilməyib, əlində olan həmin kəsik xəsarətlər onun ehtiyatsızlığı nəticəsində sözügedən hadisədən əvvəl olmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs onun uşağının atası olduğu üçün ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə onun kürəkənidir.Qızı ilə kürəkəni arasında mütəmadi ailədaxili mübahisələr olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində Samux rayonu Çobanabdallı kəndində yerləşən onlara məxsus evdə kürəkəni Gündüzlə qızı Nübar arasında mübahisə baş vermiş, mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. O, səs küy eşidən kimi qarşı otaqdan çıxıb mübahisə olan otağa daxil olanda Gündüzün onun qızı Nübarı yerə yıxdığını və Nübarın üz nayihəsində xəsarət olduğunu görmüşdür. Daha sonra qızı əsəbi olduğundan DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Şahid2 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı xəstəxanaya getdiyi üçün məhkəmədə iştirak edə bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərəfindən Şahid2 ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Bakı şəhərində fərdi taksi fəaliyyəti ilə məşğul olur. Samux Rayon Çobanabdallı kənd sakini Səmədova X3 arvadıdır, 2022-ci il tarixdən bir yerdədirlər, belə ki, onunla Rusiyada tanış olmuş, rəsmi nikahları isə 2023-cü ilin may ayında qeydə alınmışdır. Onların Melisa adlı bir övladları var. Bəzi ailədaxili məsələlərə görə aralarında narazılıqlar vardır. Hal-hazırda oğlu Bakı şəhərində qalaraq orada işləyirmiş, əvvəllər ailəsi Samux rayonu Çobanabdallı kəndində ata yurdunda qalırmış, buna görə də aralarında tez-tez mübahisələr olur. 26 yanvar 2024-cü il tarixdə oğlu Gündüz Bakı şəhərindən Samux rayonuna gəlmiş, arvadı Nübarın yaşadığı Samux Rayon Çobanabdallı kəndində yerləşən ata evinə getmiş və orada arvadı ilə mübahisə edib dalaşmışdır, ancaq həmin vaxt bunu bilməmiş, elə bilmişdir ki, Gündüz Bakı şəhərindədir, arvadı ilə mübahisə etdikdən sonra Nübar Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə şikayət etmiş və şikayət edərkən də onun Nübar haqqında kənddə yaxşı sözlər danışmadığını, ona şər-böhtan atdığını bildirmişdir. Ancaq o, Nübarla demək olar ki, danışmırmış, axırıncı dəfə o, Nübarı Bakı şəhərində oğluyla birlikdə qaldıqları kirayə evdə görmüş, ilk gündən oğlunun onunla ailə həyatı qurmağından narazı olmuş, buna görə də onun haqqında şikayət etmişdir. O, göstərmişdir ki, mübahisədən sonra bilmiş ki, mübahisəyə səbəb oğlunun ondan ayrılmaq istəməyi, Nübarı özüylə Bakı şəhərinə aparmaq istəməməyi olmuşdur. Hadisə xx.xx.2024-cü il tarixdə Samux rayonu Çobanabdallı kəndində qızın yaşadığı evdə baş vermiş, ancaq o, mübahisə olduğunu bilməmiş, ümumiyyətlə onların evinə getməmiş, yaşadığı ünvanda evdə olmuşdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik Hüquqi şəxs tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sol əlin hematoması, əzilmiş yarası, yanaq, burun nahiyələrinin qançırları və sağ əlin İV barmağının əzilmiş yaraları, sol biləyin kəsilmiş yaralarıdır ki, bu xəsarətlərdən sol. biləyin səthi kəsilmiş və kəsilmiş yaralarından başqa digər xəsarətlər - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Sol biləyin səthi kəsilmiş və kəsilmiş yaraları qərarın təsvir hissəsində göstərilən tarixdən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Qeyd olunan sol əlin səthi kəsilmiş və kəsilmiş yaraları yerləşmə nahiyəsi və xarakterinə görə onun özü tərəfindən yetrilməsi istisna edilmir. Elektron sorğunun nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci madəsinə əsasən xitam verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən iş üzrə ibtidai istintaq dövründə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs tərəfindən cinayət işi üzrə məhkəmə istintaqı dövründə, yəni xx.xx.2024-cü il tarixdə verilmiş, notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş, ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 1(058)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin məcmusu hadisənin baş vermə mexanizmini və təqsirləndirilən şəxsin həmin əməli təqsirli olaraq törətməsini müəyyən etmək üçün kifayət edir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin himayəsində az yaşlı uşağının olması məhkəmə tərəfindən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bunlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin fikrincə, zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizə, həmçinin onun ifadəsində göstərdiyi xüsusatlar, yəni hazırda onun təqsirləndiilən şəxdən şikayətinin olmaması və ona yüngül cəza verilməsini xahiş etməsi və təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə hazırda təqsirləndirilən şəxsə bu cəzalar içərisində daha yüngül cəza növünün, yəni cərimə cəzasının təyin edilməsini mümkün edir. Məhkəmə bu qərara gələn zaman təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə cəzasına məhkum edilsin. Cəzanın icrası Samux Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar