Məhkəmə qərarları › İş №1(058)-6/2024

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-6/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-6/2024 08.01.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, ev 4, mənzil 48-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 (beş) ədəd ümumi təmiz çəkisi yaş halda 500 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda Samux rayonu, Sərkar kəndində yerləşən sahibsiz ərazidə şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etmiş, 22 avqust 2023-cü il tarixdə saat 09 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 5 (beş) ədəd ümumi təmiz çəkisi yaş halda 500 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu Sərkar kəndində yerləşən sahibsiz ərazidən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, işləmir, narkotik istifadəçisidir. Samux rayonu Kür çayının sahillərində çətənə kolları yabanı şəkildə bitməsi haqda məlumatı olmuşdur. Buna görə də özü istifadəçisi olduğu üçün qərara gəlmişdir ki, yabanı halda bitən çətənə kolları tapıb özü üçün istifadə etsin. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Samux rayonu ərazisində Kür çayının sahilində yabanı halda bitmiş çətənə kolları tapmışdır. Həmin kollar istifadə üçün yararsız olmuşdur. Həmin vaxt fikirləşmişdir ki, bir neçə toxum götürüb özü əkib yetişdirsin. Həmin yerdən 5 ədəd toxum götürmüşdür. Həmin toxumları cibində saxlayaraq daşımışdır və heç kimə bu barədə heçnə deməmiş, toxumları təxminən iyun ayında Samux rayonu, Sərkar kəndi ərazisində sahibsiz torpaq sahəsində heç kim görə bilməyəcəyi yerdə əkmişdir. Həmin əkmiş olduğu çətənə kollarını yaxşı yetişməsi üçün mütəmadi olaraq diblərini sulamış və kök ətrafına peyin tökürmüşdür. O, 5 ədəd toxum əkmiş və 5 ədəd toxumda cücərərək böyümüşdür. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Samux rayonu, Sərkar kəndində əkmiş olduğu çətənə kollarına qulluq edən zaman bir neçə nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim edib ondan bu ərazidə çətənə kollarını əkib-becərməyini soruşmuşlar və torpaq sahəsinə baxış keçirdəcəklərini bildirmişlər. O, kimsəsiz torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və həmin torpaq sahəsində çətənə kollarını əkməsini bildirmişdir. O, düşünmüşdür ki, polis əməkdaşları artıq onun narkotik vasitə hesab edilən çətənə kollarını əkməsini bilmişlər. Buna görə də səmimi olaraq etiraf etmişdir. Bundan sonra həmin torpaq sahəsinə polis əməkdaşları və adını sonradan Şahid3 kimi bildiyi aqronomun iştirakı ilə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı könüllü həmin ərazidə çətənə kollarını əkib becərməsini bildirmişdir. Həmin sahəyə baxış zamanı orada 05 ədəd müxtəlif ölçülərdə çətənə kolları aşkar edilərək, kənara qoyulmuşdur. Aqronom Şahid3 05 ədəd aşkar edilmiş kolları müəyyən etdikdən sonra həmin kolların aqro-texniki qaydada qulluq olunmuş çətənə kolları olmasını bildirmişdir. Sonra aşkar edilmiş çətənə kolları qablaşdırılmış və götürülmüşdür. Həmin çətənə kollarının qablaşdırma ilə birlikdə çəkisi 660 (altı yüz altmış) qram olmuşdur. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon X2 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 22 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin Samux rayonu, Sərkar kəndində yerləşən sahibsiz ərazidə narkotik xassəli çətənə bitkiləri əkib-becərməsi barədə Samux RPŞnə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat dərhal Samux RPŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə olan çətənə kolları əkməsi ehtimal olunan Samux rayonu, Sərkar kəndində yerləşən sahibsiz əraziyə baxış keçirilməsi ilə bağlı təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, bundan sonra şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılaraq, keçiriləcək baxışda iştirak etmək üçün aqronom ixtisasına malik olan Samux rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və yaşayan Şahid3 mütəxəssis qismində könüllü olaraq tədbirə cəlb olunmuşdur. 22 avqust 2023-cü il tarixdə saat 09 radələrində Samux RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Samux rayonu, Sərkar kəndində yerləşən sahibsiz əraziyə gedilmiş, həmin ərazidə Təqsirləndirilən şəxs müəyyən edililərək, ona yaxınlaşıb orada nə işlə məşğul olduğu soruşulan zaman o, çətənə bitkilərini əkdiyini və onlara aqrotexniki qulluq göstərdiyini bildirmişdir. Bundan sonra həmin yerə Samux rayon X3 Qrupunun baş təhqiqatçısı polis mayoru Murad Balakişiyev, aqronom Şahid3 dəvət olunmuş, sonra baxış və götürmə istintaq hərəkəti keçirilmiş, baxış zamanı təmizlənmiş ərazinin təxminən 3 kv.m olması bir-birləri ilə 1-2 metr aralı məsafələrdə, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmış və qulluq göstərilməklə kökü torpaqda olan 05 (beş) ədəd narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar elektron tərəzidə çəkilmiş və çəkinin 660 (altı yüz altmış) qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitə hesab edilən çətənəyə oxşar kollar qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsini tam kurs bitirmiş və rəsmi olaraq Samux rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişaf şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. 22 avqust 2023-cü il tarixdə Samux RPŞ-nin baş təhqiqatçısı polis mayoru Murad Balakişiyev tərəfindən Samux rayonu, Sərkar kəndində yerləşən sahibsiz ərazidə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan əraziyə baxış keçirilməsi üçün mütəxəssis qismində iştirakı ilə bağlı qərar qəbul edilərək hüquq və vəzifələri izah edilmiş və sonra həmin tarixdə, yəni 22 avqust 2023-cü il tarixdə saat 09 radələrində Samux RPŞ -nin əməliyyat qrupunun üzvləri ilə polis şöbəsinə məxsus xidməti avtomobillərlə Samux rayonu, Sərkar kəndinə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkiləri əkməsi ehtimal olunan əraziyə gedilmişdir. Bundan sonra həmin əraziyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış və götürmə İstintaq hərəkəti keçirilmişdir. Baxış zamanı təmizlənmiş ərazinin təxminən 3 kv.m olması bir-birləri ilə 1-2 metr aralı məsafələrdə, dibləri yumşaldılmış, alaq otlarından təmizlənmiş və qulluq göstərilməklə kökü torpaqda olan 05 (beş) ədəd narkotik vasitə hesab edilən çətənə kolları aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənə kolları elektron tərəzidə çəkilmiş və çəkinin 660 (altı yüz altmış) qram olması müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitə hesab edilən çətənə kolları qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 22 avqust 2023-cü il tarixli 16/838 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan bir ədəd sintetik kisədə, ümumi sayı 05 ədəd, ümumi təmiz çəkisi 500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 1707 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 22 gün müddətinə İslah işləri cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir Beləliklə, məhkəmə iclasında sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə və mənbədən əldə etdiyi xeyli miqdar hesab edilən, əkilib-becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 (beş) ədəd ümumi təmiz çəkisi yaş halda 500 qram olan çətənə (kannabis) bitkilərini istintaqa məlum olmayan tarixdə və vaxtda - Samux rayonu, Sərkar kəndi ərazisində yerləşən sahibsiz fermada şəxsi istifadə etmək məqsədi ilə qəsdən qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq göstərərək ətraflarını yumşaldaraq sulamış, alaq otlarından təmizləmiş, və bu bitkilərin yaxşı bəslənməsi üçün kök ətrafına peyin verib becərib yetişdirməklə kultivasiya etməsi, 22 avqust 2023-cü il tarixdə saat 09 radələrində Samux rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qəsdən olaraq kultivasiya etdiyi həmin əkib becərilməsi qadağan olunmuş, tərkibində narkotik maddələr olan 05 (beş) ədəd ümumi təmiz çəkisi yaş halda 500 qram olan çətənə (kannabis) bitkiləri Samux rayonu Sərkar kəndi ərazisində yerləşən sahibsiz ərazidə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 bölməsinin 22 avqust 2023-cü il tarixli 16/838 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki ümumi sayı 05 (ğeş) ədəd, ümumi təmiz çəkisi 500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kanbinis) bitkiləridir. (Çətənə bitkisi 05 ədəd, ümumi çəkisi 500 qram, təqdiqata istifadə olundu cəmi -0.1 qram qalıq-499.9 qram) Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəməistintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 237.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,9 qram 05 (beş) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertizasının xərci 60.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkamaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 499,9 qram 05 (beş) ədəd olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60.80 məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən 20 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayət ivə ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar