Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-62/2024 14.10.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəlllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olan və yaşamış və barəsində “Başqa yerə getməmək haqqında İltizam” qətimkan təbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 23.66 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 08 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində Samux rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Samux rayonu, Qiyaslı kəndində saxlanılaraq Samux rayon Polis şöbəsinin inzibati binasına aparılmaqla üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman həmin qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 23.66 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, Vətən uğrunda gedən 44 günlük müharibədə iştirak etmiş, Qarabağ qazisidir. ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 1 il müddətdir ki, o, narkotik vasitə olan marixuana istifadə edir. 2024-cü ilin iyun ayının 1-də Samux rayonu ərazisindən keçən “Kür” çayının kənarına balıq yeməyə getmiş, həmin vaxt “Kür” çayının sahilində yabanı halda çətənə kollarının bitməsini görmüşdür. Narkotik vasitələrin istifadəçisi olduğundan, dərhal marixuananı tanımış və istifadə etmək üçün yığmışdır. O, çətənə kollarını ağ sellofana yığıb marixuananı isitfadə etmək üçün cibinə qoymuşdur. 08 iyun 2024-cü il tarixdə təxminən saat 10:30 radələrində Samux rayonu, Qiyaslı kəndində qonaqlıqda iştirak etmək və həmçinin marixuananı istifadə etmək niyyəti ilə yaşadığı evdən çıxıb heç kimin görməyəcəyi sahələrə getmək qərarına gəlmişdir. “Kür” çayının sahilində tapıb yığdığı içərisində marixuana olan bükümü isə əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxlamışdır. 08 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində Samux rayonu, Qiyaslı kəndində yolda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib vəsiqələrini göstərmişlər və ondan harada yaşadığını soruşmuşdurlar və daha sonra narkotik vasitə çəkməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə Samux RPŞnin inzibati binasına getmiş, inzibati binada vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qanunla qadağan olunmuş hansısa əşyanın və ya predmetin olub olmadığı soruşulan zaman əynində olan şalvarın sağ yan cibində saxladığı sellofan bükümdə olan marixuananı təqdim etmişdir və bildirmişdir ki, həmin sellofan bükümün içərisində marixuana vardır. O, həmin narkotik vasitəni özü təqdim etmiş, belə ki, bilmişdir ki, artıq polis əməkdaşları onda narkotik vasitənin olduğunu bilmişlər. Üzərində daşıdığı narkotik vasitə çəkilən zaman 28.1 qram olmuşdur. Himayəsində 1 azyaşlı uşağı var ailəyə o, tək baxır, ailəyə ondan başqa gəlir gətirən yoxdur. Əməlində peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Samux rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. 08 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edildikdən sonra həmin məlumat əsasında təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 08 iyun 2024-cü il tarixdə saat 11:30 radələrində Samux rayon polis şöbəsinin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Şahid2 ilə birlikdə Samux rayonu, Qiyaslı kəndinə gedərək, Samux rayonu, Qiyaslı kəndində Təqsirləndirilən şəxs müəyyən etmişdirlər. O, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşmışdırlar və xidməti vəsiqələri Təqsirləndirilən şəxs göstərərək özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və üzərində gəzdirməsi barədə Samux RPŞ-nin CAB-na əməliyyat məlumatı olmasını və birlikdə Samux RPŞ-nə getməyini təklif etmişlər, Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək Samux rayon Polis şöbəsinin inzibati binasına getmişdir. İnzibati binada Samux RPŞ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı, polis kapitanı Rəcəb Cəbrayılov tərəfindən şöbənin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə protokolla tanış edərək hüquq və vəzifələri izah olunmuşdur və onun paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli şalvarın sağ yan cibindən sellefon paket çıxardaraq içərisində qurudulmuş marixuana olmasını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketin içərisində ilk baxışdan qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Bundan sonra həmin sellofan paket elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlə qablaşdırma ilə birlikdə ümumi çəkisi 28.1 (iyirmi tam onda bir) qram olmaqla qablaşdırılmış və möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında xx.xx.2024-cü il tarixli şəxsi axtarış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 28.1 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 bölməsinin xx.xx.2024-cü il tarixli, 16/664 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 23.66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi – 23,66 qram, tədqiqata sərf edildi – 0.02 qram, qalıq 23.64 qram) ekspertiza xərci 32.40 manat). Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı 1 (bir) ədəd sellofan büküm təqdim edir. Həmin polietilen torbanın içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunur. Həmin kütlə elektron tərəzidə çəkilir və kağızla birlikdə çəkisi 28.1 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə olan marixuana olduğunu, ona məxsus olduğunu, həmin narkotik vasitəni tapdığını, arabir narkotik vasitə olan marixuananı istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan portal sorğusuna əsasən DİN-nin BƏSİİ-dən daxil olmuş 29 iyun 2024-cü il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Narkomaniya xəstələyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2373 nömrəli sərəncamı ilə Laçının azad olunmasına görə medalı ilə, xx.xx.2020-ci il tarixli 2374 nömrəli sərəncamı ilə Hərbi xidmətlərə görə medalı ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250 s nömrəli sərəncamı ilə “Vətən müharibəsi” iştirakçısı medalı ilə Təqsirləndirilən şəxs təltif edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir az yaşlı uşağının olması, vətən uğrunda gedən 44 günlük müharibədə iştirak etməsini, qazi olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, bir az yaşlı uşağının olması, vətən uğrunda gedən 44 günlük müharibədə iştirak etməsini, qazi olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Samux ayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,64 qram təşkil edən narkotik vasitə olan marixuna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Samux rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23.64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-62/2024
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-62/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver