Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-7/2023 16.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, bina 25, ev 51-də, qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi, 16-cı küçədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli yolla talama məqsədilə 24 iyul 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs Samux rayon Əhmədbəyli kəndində yaşadığı evinin həyətində yerləşən saxlanc yeri hesab olunan tövlənin kilidlənməmiş qapısından qanunsuz daxil olaraq oradan sonuncuya məxsus l(bir) baş qiyməti 700 manat dəyərində olan iri buynuzlu dananı gizli yolla talayıb qəsdən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun Abbasəli adlı sinif yoldaşı vardır, onun da X4 adlı bir tanışı vardır, o, Sənanla Abbasəli vasitəsilə tanış olmuşdur. Abbasəli Sənanı “Galaxy” firmasında işə düzəltmişdir. Ona ağ rəngli “Ford tranzit” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil vermişdilər ki, rayonlara firmaya məxsus məişət əşyaları paylasın. O, Sənanla təxminən bir həftə görüşmüş, axırıncı dəfə, yəni 24 iyul 2022-ci il tarixdə saat 15 radələrində o, Abbasəli ilə Gəncə şəhəri “Azərittifaq” adlanan yerdə yerləşən çayxanada görüşmüş, görüşən zaman Sənan da gəlməli imiş. Ancaq Sənan gec gəldiyindən Abbasəli Beyləqan rayonuna dəfn yerinə getməli olduğundan o, Sənanı gözləmədən çıxıb getmişdir. O, əvvəllər Samux rayon Əhmədbəyli kəndində yerləşən mebel sexində işlədiyindən həmin kəndlə bağlı məlumatı olmuşdur. Onun anası xəstə olduğundan ona dərman lazım olmuş, o da özündə qərara gəlmişdir ki, oğurluq edib bir qədər pul əldə etsin. Sənan da onun yanına gələn zaman o, Sənana demişdir ki, “Samuxda kənddə mal var, onu götürmək lazımdır, ancaq maşın yoxdur, sənin maşınınla gedək gələk”. Sənan da ona demişdir ki, avtomobildə şirkətə məxsus mallar vardır. O, da ona demişdir ki, malları bir yer var ora boşaldarlar. Bundan sonra onlar avtomobildə olan məişət əşyalarını “Savxoz Nizami” adlanan yerə təxminən 50 metr qalmış yolun sol tərəfində yerləşən çayxanaya boşaltmışlar. Bundan sonra o, Sənana demişdir ki, “İmamzadə yoluna sür”. Onlar İmamzadə yoluna daxil olduqda o, Sənana yolu göstərərək Samux rayon Əhmədbəyli kəndinə aparmış və fikri olmuşdur ki, sahədə olan heyvanlardan oğurluq etsin, ancaq asfalt yolla gedən zaman həmin kənddə yaşayan qohumu Zərərçəkmiş şəxs evinin qapısının açıq olduğunu, evinin həyətində olan tövlədə isə danaların olduğunu görüb qərara gəlmişdir ki, oradan oğurluq etsin, bunun üçün də Sənana demişdir ki, avtomobili geri sürsün. Sənan da avtomobili geri sürmüş və o, qohumu Aydıngilin evinin qarşısında dayanmışdır. Avtomobildən düşüb avtomobilin arxa qapısını açmış və sonra Aydına məxsus tövləyə daxil olaraq 1 (bir) baş kiçik dana oğurlayaraq küçəyə çıxartmış və avtomobilə mindirib Gəncə şəhərinə yola düşmüşlər. Yolda o, Sənana demişdir ki, həmin malı kiməsə satmaq lazımdır. Bundan sonra məişət əşyalarını “Savxoz Nizami” adlanan yerə təxminən 50 metr qalmış yolun sol tərəfində yerləşən çayxanaya boşaltdıqları yerə getmişlər. O, Sənanla çayxanaya düşmüş, o, həmin vaxt qəssab çağırmış, ayrı-ayrılıqda 3 qəssab gəlmiş, qəssablardan hər biri 200- 250 manat verirmiş, ancaq Sənan buna razılıq verməmiş və demişdir ki, qohumu Elyar da qəssab işləyirmiş, ona 300 manata satacaqlar. O da etiraz etməmiş və onlar sonra Elyarın qəssabxanasının yanına getmişlər, orada o, avtomobildən düşməmiş, bir qədər keçmiş Sənan gəlib demişdir ki, heyvanı 300 manata satmışdır. Sonra dananı satdıqları şəxsin evinə aparmışlar. 300 manat puldan 20 manat Sənana vermiş, 280 manat pul isə özünə qalmışdır. Bundan sonra Sənan məişət əşyalarını çayxanadan götürüb evə qayıtmış, o, isə çayxanada qalmışdır. 280 manatın 40 manatını xərcləmiş, 240 manatdan 150 manatını poz-qazana vermiş, qalanını isə xərcləmişdir. Sənan onun oğurluq etdiyini bilməmişdir. O, Sənana həmin malın borc əvəzində verildiyini demiş və o, da ona köməklik etmişdir. Zərərçəkmişə dəymiş ziyan tam ödənilmişdir. Əməlindən peşmandır. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, yaşadığı evin həyətində yerləşən tövlədə iri buynuzlu mal-qara saxlayaraq ailəsini dolandırır. Onun ailəsinə məxsus 7 baş iri buynuzlu heyvanı vardır. 24 iyul 2022-ci il tarixdə saat 16 radələrində o, yaşadığı evdə olan zaman qardaşıgil onlara qonaq gəlmişlər, o, qardaşı Əfqanla kənddə yerləşən çayxanaya getmək qərarına gəlmiş və evin qarşısında söhbət edib qardaşının avtomobilinə minərək çayxanaya getmişlər. Təxminən bir saat keçmişdir ki, arvadı ona zəng edərək demişdir ki, tövlədə olan kiçik buzov yoxdur, o, da birinci olaraq elə bilmişdir ki, yəqin ipdən açılaraq harasa itmişdir. Buna görə də o, evə qayıtmış və evində quraşdırılmış kameraya baxmış və baxan zaman görmüşdür ki, iki nəfər şəxs onun tövləsindən buzovu çıxardaraq arxası furqonlu bir avtomobilə mindirib aparmışlar. O, artıq bilmişdir ki, heyvan oğurlanmışdır. Ona məxsus 1 baş buzov qəhvəyi rəngli, diri çəkisi 100 kq, ət çıxarısı 50 kq, 1 kq ətin qiymətini 11 manat olmasını nəzərə alsaq buzovun qiyməti 550 manatdır. Oğurluq nəticəsində ona 550 manat maddi ziyan dəymişdir. Ona məxsus tövlənin qapısı açıq olmuş, açıq qapıdan daxil olmuşlar. Ona məxsus Samux rayon Əhmədbəyli kəndində yerləşən tövlədən 1 baş buzov oğurlanmış, başqa heç bir şey oğurlanmamışdır. Zərərçəkmiş şəxs 31 yanvar 2023-cü il tarixli notarialnı qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışmışdır, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, qəssablıqla məşğul olaraq ailəsini dolandırır. X4 onun uzaqdan qohumudur. 24 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, işlədiyi “Pasolka” adlanan ərazidə yerləşən qəssabxanada olan zaman qohumu Sənan gəlmiş və ona demişdir ki, satılıq buzov var, onu satmaq istəyir, Sənanın yanında da sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs olmuş, Sənan ona demişdir ki, işlədiyi firmada malı nisyə bir şəxsə vermiş, ancaq həmin şəxsin pulu olmadığından bunun əvəzinə heyvan vermişdir. O, da ondan heyvanın harada olduğunu soruşan zaman ona demişdir ki, heyvan “Ford” markalı avtomobilin yük yerindədir. O, da yük yerinə baxmış və Sənanla qiymətdə razılaşaraq 300 manata danışmışlar. Buzov çox balaca olduğundan o, onu kəsə bilməmiş və qərara gəlmişdir ki, yaşadığı evin həyətində olan tövlədə baxsın. O, 300 manat pulu əlbəəl formada Sənana verdikdən sonra heyvanı qapıya aparmışdır. Həmin günün sabahısı, yəni xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun qəssabxanasına gələrək, qohumu Sənanın satmış olduğu buzovun oğurluq olduğunu bildirmişlər, o, da polis əməkdaşlarına həmin heyvanın oğurluq olduğundan xəbəri olmadığını demiş, belə ki, o, Sənandan heyvan alan zaman o, ona demişdir ki, işlədiyi firmada malı nisyə bir şəxsə vermiş, ancaq həmin şəxsin pulu olmadığından bunun əvəzinə heyvan vermişdir. Onun oğurluq barədə heç bir məlumatı olmamışdır. O, sonradan bilmişdir ki, həmin heyvan oğurluq olmuş və Sənan yanında gəlmiş olduğu Valeh adlı şəxslə oğurluq etmişdir. Bundan sonra o, almış olduğu buzovu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. X4 tanışıdır, həm də iş yoldaşı olmuşdur, Təqsirləndirilən şəxs isə sinif yoldaşıdır. Sənan Valehi ona görə tanımışdır. 24 iyul 2022-ci il tarixdə saat 14 radələrində Sənan ona zəng edərək onunla görüşmək istədiyini və bəzi sənədlərin yazılmasına köməklik etməyini xahiş etmişdir. Həmin vaxt o, Valehlə birlikdə olmuş, Sənan gec gəldiyi üçün o, Beyləqana yas yerinə getməli olduğundan Sənanın gəlməyini gözləmədən çıxıb getmiş, Valehə də demişdir ki, Sənanı özü qarşılayar. Həmçinin o, Valehə də yas yerinə getməyi təklif etmiş, ancaq Valeh yol uzaq olduğundan onunla getməyə razı olmamışdır. Bundan sonra o, çıxıb getmiş, o, artıq Goranda olan zaman Sənan ona zəng edərək çayxanaya gəldiyini demiş, o da demişdir ki, artıq gecdir, o, yas yerinə yola düşmüşdür. Bundan sonra o, öyrənmişdir ki, X11 Rayon Əhmədbəyli kəndinə getmiş, Valeh öz qohumlarıgildən 1 (bir) baş dana oğurlamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Samux rayon Əhmədbəyli kəndindən ona məxsus tövlədən oğurlanmış 1 ədəd buzovun yerini göstərir, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Əhmədbəyli kəndindən yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlədən 1 ədəd buzovu oğlurladığı yeri göstərmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertiza Mərkəzinin 05 oktyabr 2022-ci il tarixli, 9\6413 nömrəli rəyindən görünür ki, 01 (bir) baş yerli cinsə məxsus, qəhvəyi rəngli, diri çəkisi 100 kq, ət çıxarısı 50 kq olan ekək buzovun 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 700 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 02 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarına əsasən 177.2.1, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 03 il 03 aya endirilmiş, xx.xx.2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Samux rayon polis şöbəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və Samux rayon polis şöbəsinin MSY-dən azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Samux rayon PŞ-nin MSY-dən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmişə dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 16-cı küçəsində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 02 (iki) gün müddətində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Buzov” saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Sevinc qəsəbəsi, 16cı küçəsində yerləşən fərdi yaşayış ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Buzov” saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(058)-7/2023
Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-7/2023
16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver