Məhkəmə qərarları › İş №1(058)-8/2025

Samux Rayon Məhkəməsi Hökm — İş №1(058)-8/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Samux rayonu İş № 1(058)-8/2025 12.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Samux rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, Samux rayonu Samux şəhərində qeydiyyatda olmaqla həmin ünanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Samux rayonu Kolayır kəndində yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə edib dalaşmış və dava zamanı qəsdən sonuncunu vuraraq ona kürək nahiyyəsinin, hər iki bazu nahiyyəsinin, sağ baldırın, sağ biləyin hematomaları, qarın nahiyyəsinin, sol dirsək nahiyyəsinin, sağ göz ətrafının, burunun, hər iki dizin qançırlarından ibarət sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şakir ona zəng edərək qonaqlıq vermək istədiyini demiş və onu Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya dəvət etmişdir. Şakir o vaxtadan qonaqlıq verməyi söz veribmiş. Həmin tarixdə saat 21 radələrində o, hal-hazırda dünyasını dəyişmiş dostu X4 ilə birlikdə Şakirin yaşadığı Gəncə şəhəri “Skonnu” adlanan yerə getmişdirlər. Orada Şakirlə görüşdükdən sonra Hüseyn və Şakirlə birlikdə Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya getmişdirlər. Həmin yeməkxanada onlar spirtli içki qəbul etmişdirlər. Saat 23: 50 radələrində kafe bağlandığı üçün oradan durmuşdurlar. Onlar kafedən durduqdan sonra Şakir içkili olduğu üçün evlərinə getmək istəmədiyini və onu ortaq tanışları olan İska adlı şəxsin evinə aparmaqlarını xahiş etmişdirlər. Bundan sonra taksi çağırmışlar və birlikdə İskanın yaşadığı evə getmişdirlər. O, taksidən düşüb İskanın evinin qapısını döysə də İska evdə olmadığı üçün qapını açan olmamışdır. Həmin vaxtı Şakir gəlmiş olduqları taksinin içərisində yatıbmış. O, Şakiri bir təhər yuxudan oyadıb ona İskanın evdə olmadığını demişdir. Şakir isə ondan xahiş etmişdir ki, onu öz evinə aparsın və bir gecəlik qalsın. Bundan sonra taksi ilə Şakiri öz yaşadığı Samux rayonu Kolayır kəndində yerləşən evinə aparmışdır. Həmin vaxt Hüseyində onunla birlikdə gəlmiş, belə ki, Hüseyn onunla qonşu kənd olan Sərkar kəndində yaşayırmış. Şakir onun yaşadığı evə çatan zaman sərxoş olduğu üçün yatıbmış. O, Hüseyinlə birlikdə Şakiri avtomobildən düşürdərək yerə uzatmışdır ki, onu ayıltsın. O, su gətirərək Şakirin üstünə tökmüşdür. Bu zaman Şakir ayılmış və əsəbi halda onu söyməyə başlamışdır. O, Şakiri sakitləşdirmək istəsə də Şakir dartınaraq onu vurmaq istəyirmiş. Hüseyn adlı tanışı isə Şakiri tutmaq istəyirmiş. Şakir Hüseyinin əlindən çıxaraq onun üzərinə gələn zaman o, Şakirlə süpürləşmiş və Şakiri yerə yıxmış, Şakiri yerə yıxdıqdan sonra yerdə əsəbindən bir neçə dəfə Şakiri vurmuşdur ki, onu ayıltsın. Daha sonra Şakirin üzərindən durmuşdur. O, Şakirin üzərindən durduqdan sonra Şakir qaçaraq evin həyətindən çıxıb getmişdir. O, göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Samux rayonu Kolayır kəndində yaşadığı evin həyətində baş vermiş, baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir, hadisə zamanı Şakiri vurmuş , hadisənin baş verməsinə səbəb Şakirin sərxoş olmağı olmuşdur. Hadisə vaxtı orada o, Şakir və Hüseyn olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Onunla aralarında heç bir düşmənçilik və ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mirzamanla telefon əlaqəsi saxlamış, Mirzamanı Gəncə şəhərində yerləşən “Əlibəyin” kafesi adlanan yeməkxanaya dəvət etmişdir. Belə ki, o, Mirzamana qonaqlıq verməli imiş. Həmin tarixdə saat 21 radələrində Mirzaman Hüseyn adlı şəxslə onun yaşadığı əraziyə gəlmişdirlər. O, Hüseyn və Mirzamanla birlikdə Gəncə şəhərində yerləşən “ Əlibəyin” kafesi adlanan yeməkxanaya getmişdirlər. Həmin yeməkxanada spirtli içki qəbul etmişdirlər. Saat 23: 50 radələrində kafe bağlandığı üçün oradan durmuşlar. Onlar birlikdə İska adlı tanışının evinə getməliymişlər. Onlar İska gilə getmiş, lakin İska evdə yox imiş. Bundan sonra o, Mirzamana demişdir ki, onu öz evlərinə aparsın. Bundan sonra Mirzaman onu öz yaşadıqları Samux rayonu Kolayır kəndində yerləşən evlərinə aparmışdır. O, Mirzamanm yaşadığı evə çatan zaman sərxoş olduğu üçün yatmışdır. Mirzaman onu avtomobildən düşürdərək yerə uzatmış ki, ayıltısın. Mirzaman su gətirərək onun üstünə tökmüşdür. Mirzamanın üzərinə su tökməsinə əsəbləşmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman Mirzaman üzərinə dartındığı üçün Hüseyn onu tutub aralamaq istəyirmiş. O, Hüseynin əlindən çıxaraq Mirzamanın üzərinə getmişdir. Bu zaman o, Mirzamanla süpürləşmiş, Mirzaman onu yerə yıxmış və yerdə əli və ayağı ilə bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. O, bundan sonra Mirzamanın evindən çıxaraq qaçmışdır, Samux rayonu Kolayır kəndində yerləşən “Əli” marketin qabağında huşunu itirmiş və yerə yıxılmışdır, orada olan şəxslər ona təcili tibbi yardım çağırmışlar. Həmin vaxt 103 xidməti onu Samux MX-na aparmışdır. Hadisə xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Samux rayonu Kolayır kəndində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində baş vermişdir, baş vermiş mübahisə 5 dəqiqə davam etmişdir, hadisə zamanı onu Təqsirləndirilən şəxs vurmuşdur, hadisənin baş verməsinə səbəb onun sərxoş olmağı olmuşdur. Hadisə vaxtı orada Mirzaman və Hüseyn olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Samux rayonu Kolayır kəndində “Əli Market” adlanan mağazanı işlədir. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Samux rayonu Kolayır kəndində yerləşən işlətdiyi “Əli Market” adlanan mağazaya gedən zaman mağazanın qarşısında yerdə bir nəfərin uzandığını görmüşdür. Həmin şəxsin üst başı su imiş, o, həmin şəxsi qaldırmaq istəsə də o, oyanmadığı üçün təcili yardım çağırmış, daha sonra isə polisə məlumat vermişdir. Həmin şəxsin onun mağazasının qarşısında yıxılaraq uzanması müşahidə kamerasına düşmüş və həmin görüntüləri istintaqa təqdim etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nəvəsidir, xx.xx.2024-cü il tarixdə gecə saatlarında ona zəng gəlmiş və nəvəsi Şakirin huşsuz vəziyətdə xəstaxananın qarşısında yerdə uzandığı barədə ona məlumat verilmişdir, o isə bu barədə Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Daha sonra sözügedən xəstəxananın qarşısına getmiş və nəvəsi Şakiri xəstəxananın qarşısında uzanmış halda görmüşdür. Daha sonra onu evə aparmış, Şakir ona bildirmişdir ki, onu döyüblər. O özü də Şakirin bədəni üzərində müəyyən döyülmə izləri müəyyən etmişdir. Daha sonra Şakir ona bildirmişdir ki, o, tanışı Təqsirləndirilən şəxslə mübahisə etmiş və Mirzaman onu döymüşdür. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik Hüquqi şəxsin tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli 169 nömrəli ekspert rəyindən görünür ki, 1999-cu il təvəllüdlü vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və tibbi sənəddə yazılanlara əsasən nəticəyə gələrək Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - kürək nahiyəsinin hər iki bazu nahiyəsinin, sağ baldırın, sağ biləyin hematomaları, qarın nahiyəsinin, sol dirsək nahiyəsinin, sağ göz ətrafının, burunun, hər iki dizin qançırlarıdır ki, bu xəsarətlər -bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 03 sentyabr 2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. 02 oktyabr 2024-cü il tarixli ittiham elan edilməli olan şəxsin axtarışa verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. 18 noyabr 2024-cü il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM 73- 1.1-ci maddəsinə əsasən CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilib. Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2025-ci il tarixdə istintaq təcridxanasına daxil olmuşdur. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hazırda heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına yüngül xəsarət yetirməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarındakı digər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. İşin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Hazırda təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışsalar da, bu hal Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi nəzərə alınmır. Belə ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından göründüyü kimi, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində CM 73-1.1-ci maddəsinə əsasən CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilib. Belə olan halda hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasına baxmayaraq qanunvericiliyin sözügedən tələbinə əsasən onun cinayət məsuliyyətindən azad olunması istisnadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsin hazırda təqsirləndirilən şəxslə barışması, ondan heç bir şikayət və tələbinin olmaması isə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli və cəza çəkdiyi müddət ərzində onun üzərinə günün müəyyən saatlarında yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət bir gün həbsdə saxlama müddətinə iki gün azadlığın məhdudlaşdırılması cəzası hesabı ilə hesablanaraq 6 ay 12 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Samux rayonu ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Göstərdiyi 41 saat hüquqi yardıma görə 246 manat pul dövlət büdcəsinin vəsaiti hesabına Samux rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi ödənilməsi üçün onun aşağıdakı hesabına köçürülsün: (“Beynəlxalq Bank” ın Gəncə filialı kod; 509352, VÖEN: **********, müxbir hesab: AZ 03NABZ ********************; SWİFT: İBAZAZ2X; Hesab AZ 92 İ BAZ **********5860355255 VÖEN: **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar