Məhkəmə qərarları › İş №1(059)-10/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-10/2021

27.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-10/2021 27.07.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1, nümayəndəsi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçiləri fərdi fəaliyyət göstərən vəkil X3 və 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 27 iyul 2021-ci il tarixdə, Siyəzən şəhəri Siyəzən Rayon Məhkəməsinin inzibati binasında 31 avqust 1991-ci il tarixdə Astara rayonu, Sərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sərək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə, saat 11:50 radələrində idarə etdiyi, “Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən 83-cü kilometrliyində 40-45 km/saat sürətlə Dağıstan sərhəddi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı tələblərini yerinə yetirməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, Dağıstan sərhəddi istiqamətində yolun sağ tərəfindən yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 1-ci tağımının stasionar postunun qarşısında idarə etdiyi avtomobilin qabaq sağ küncü ilə postun qarşısında yolun sağ hissəsində dayanmış, Zərərçəkmiş şəxs2 məxsus “Range Rover” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol küncü ilə toqquşmuş, bundan sonra hərəkətini davam etdirərək sürücü Zərərçəkmiş şəxs2 sənədlərini yoxlayan piyada, YPX inspektoru Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 döş qəfəsinin və çanağın müştərək travması, hər iki ağ ciyərlərin əzilməsi, sağ kürək sümüyünün, sağ 1, 2, 3, 4, 5, 6, 10-cu və sol 1, 4, 5, 7, 8, 9-cu qabırğaların yerini dəyişmiş sınıqları, iki tərəfli travmatik pnevmotoraks (plevra boşluğuna hava yığılması), çanaqda sağ qalça və sol qasıq sümüklərinin yerini dəyişmiş qəlpəli sınıqları, başın təpə nahiyyəsinin və sol qaşın əzilmiş yaraları, baş beyin silkələnməsi və gövdənin yumuşaq toxumalarının çoxlu sayda əzikləri kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, habelə "xxxx" MMC-nə məxsus “Mitsubishi Fuso xüsusi təyinat” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə 375 manat məbləğində, Zərərçəkmiş şəxs2 məxsus “Range Rover” markalı, ** TP *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 2700 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, mülki iddianı isə qəbul etməyərək ifadəsində göstərdi ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. Belə ki, 2017-ci il tarixdən 156 evakuasiya xidmətində işdən çıxana qədər sürücü işləməklə, həmin xidmətə məxsus olan “Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. 05 sentyabr 2020-ci il tarixdə, saat 10:30 radələrində şirkət tərəfindən verilmiş sifariş əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən çəkisi 3 ton olan traktoru idarə etdiyi Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib Xaçmaz rayonuna yola düşmüş, bu zaman qohumu Şahid da idarə etdiyi avtomobildə olmuşdur. Təxminən saat 11:50 radələrində Bakı-Quba-Dağıstan sərhədinin Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində yolun sağ zolağı ilə təxminən 40-45 km/saat sürətlə Xaçmaz rayonu istiqamətində hərəkət edərkən ondan qarşıda heç bir nəqliyyat vasitəsi hərəkətdə olmamışdır. Bu zaman şirkətdən zəng gəldiyi üçün mobil telefonla danışmış və YPX stasionar postuna yaxışlaşdığını görüb telefon əlaqəsini kəsərək yolun sağ hərəkət zolağı ilə öncədən qeyd etdiyi sürətlə hərəkətini davam etdirmişdir. Lakin, posta yaxınlaşdığında fikri yayındığından postun qarşısında yolun sağ kənarında dayanmış nəqliyyat vasitələrini görməmiş, bir anlıq fikri özünə qayıtdığında qarşıda qara rəngli “Range Rover” markalı avtomobilin dayandığını və həmin avtomobilin sol hissəsinin qismən onun hərəkət yolunun sağ hərəkət zolağının üzərində dayandığını görmüş, avtomobilə yaxınlaşdığında isə bir anlıq həmin avtomobil ilə toqquşmamaq üçün avtomobilin sükanını yolun soluna istiqamətləndirərək hadisədən yayınmaq istəsə də, hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi avtomobilin qabaq sağ küncü ilə “Range Rover” markalı avtomobilin arxa sol küncünü, sonra isə vurduğu avtomobilin sol yanında dayanan, YPX alayının inspektoru adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 də vurmuşdur. Zərbənin təsirindən inspektor qarşıya düşərək asfalt örtüyünün üzərinə çırpılmışdır. Dərhal avtomobilini saxlayaraq yerə düşmüş və YPX əməkdaşları, eləcə də, yoldan keçənlərin köməkliyi ilə xəsarət almış inspektor Zərərçəkmiş şəxs1 xəstəxanaya yola salmış, özü isə hadisə yerində qalmaqla, müstəntiqin yol nəqliyyat hadisəsi yerinə keçirilən baxışında iştirak etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Mülki iddianı isə qəbul etmir. Belə ki, ondan tələb olunan məbləğ həddindən artıq çox olmaqla, hər hansı bir mötəbər sənədə və ya sübuta əsaslanmır. Odur ki, mülki iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər, o cümlədən mülki iddiaçı Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin verdiyi ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, 2006-cı ildən DİN-nin BDYPİ-nin YPXA-nın 1-ci tağımında inspektor vəzifəsində işləyir. 05 sentyabr 2020-ci il tarixdə Bakı-Quba-Dağıstan sərhəddi yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən 83-cü kilometrliyində yerləşən stasionar postda xidmətdə olarkən saat 11:50 radələrində Dağıstan sərhəddi istiqamətində hərəkət edən qara rəngli “Range Rover” markalı avtomobili saxlayıb xüsusi karantin qaydalarına əməl etməsi vəziyyətini yoxlayarkən həmin avtomobildən arxada Dağıstan sərhəddi istiqamətində hərəkət edən “Mitsubishi Fuso” markalı yük avtomobili sürətlə postun ərazisinə daxil olaraq qabaq hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən asfaltın üzərinə yıxılmış, başı asfalta çırpılmış və huşunu itirmiş, ayılanda isə xəstəxanada olduğunu görmüşdür. Cinayət işinin materiallarından görünür ki, təqsirkar şəxs tərəfindən onun sağlamlığına çox böyük zərər vurulmuşdur. Belə ki, həmin hadisə baş verən vaxtdan bu günə kimi müalicə olunsa da, sağlamlığ hələ tam şəkildə bərpa olunmamışdır. Bundan sonra, da xeyli müddət intensiv müalicəyə ehtiyacı vardır. 05 sentyabr 2020-ci il tarixindən bu günə kimi müalicəsi üçün 15000 manata yaxın xərci çıxmış, bundan sonrakı müalicəsinə sərf olunacaq məbləğ isə hələ tam məlum deyildir. Qeyd edir ki, təqsirləndirən şəxsin bu cinayət əməli nəticəsində ona maddi zərərdən başqa mənəvi zərər də dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və sonuncu tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam şəkildə ödənilməsini istəyir. Odur ki, Təqsirləndirilən şəxs qarşı maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 25030 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin qaraj müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs "xxxx" MMC-də sürücü işləmiş və MMC-yə məxsus olan “Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə edərək vətəndaşların sifarişi ilə yük daşımaqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdə idarə etdiyi “Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindən Xaçmaz rayonuna traktor apararkən saat 11:50 radələrində Bakı- Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən 83-cü kilometrliyində yerləşən, DİN-nin BDYPİ-nin YPXA-nın İ tağımının stasionar postunda, həmin postda xidmət aparan DİN-nin BDYPİ-nin YPXA-nın İ tağımının inspektoru Zərərçəkmiş şəxs1 vuraraq ona xəsarət yetirmişdir. Hadisə zamanı MMC-yə məxsus “Mitsubishi Fuso” xüsusi təyinat markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə 375 manat ziyan dəymişdir. Hazırda MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 05 sentyabr 2020-ci il tarixdə idarə etdiyi "Range Rover" markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı-Quba-Dağıstan sərhəd yolu ilə Bakı şəhərindən Quba rayonu istiqamətində hərəkətdə olarkən təxminən saat 11:50 radələrində yolun sağ tərəfində yerləşən Siyəzən rayonu, Zarat kəndi ərazisindəki BDYPİ-nin YPX Alayının stasionar postuna çatarkən həmin postda xidmət aparan YPX inspektoru ona "saxla" əmri vermiş, habelə o, idarə etdiyi avtomobili sol təkəri asfalt örtüyün, qalan hissəsi isə yolun sağ ehtiyat örtüyünün üzərində olmaqla, saxlamışdır. YPX inspektoru Zərərçəkmiş şəxs1 (adını sonradan bildiyi) avtomobilinə yaxınlaşaraq özünü təqdim edib, ondan sənədlərini tələb etmişdir. Bu zaman onunla eyni istiqamətdə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi "Mitsubishi Fuso" markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa sol hissəsi ilə toqquşduqdan sonra sənədlərini yoxlayan inspektoru da vuraraq qarşıya asfalt örtüyün üzərinə atmışdır. Bundan dərhal sonra, o, YPX Alayının stasionar postunda olan polis əməkdaşları, Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobildən düşən tanımadığı şəxs hadisə nəticəsində zərbənin təsirindən asfalt örtüyün üzərinə yumalanaraq yıxılmış inspektora yaxınlaşmışdır. Oraya yığılmış şəxslər YPX inspektoru Zərərçəkmiş şəxs1 Siyəzən RMDM-ya çatdırılmasına, eləcə də, sonuncuya ilkin tibbi yardım göstərilməsinə köməklik etmişlər. Hadisənin baş verməsindən təxminən 1 saat sonra hadisə yerinə DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi Cəsarət Bayramov gəlmiş və bununla bağlı zəruri sənədləşmələr aparılmışdır. Hadisə zamanı xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, 05 sentyabr 2020-ci il tarixdə səhər saatlarında həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “156” evakuasiya xidmətinin avtomobili ilə Xaçmaz rayonuna traktor aparmaq üçün yola düşmüş, avtomobili Asim idarə etmiş, o, isə sərnişin oturcağında əyləşmişdir. Təxminən saat 11:50 radələrində Asimin idarə etdiyi “Mitsubishi Fuso xüsusi təyinat” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Quba-Dağıstan sərhəd yolunun Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində yolun sağ zolağı ilə təxminən 40-45 km/saat sürətlə Xaçmaz rayonu istiqamətində hərəkətdə olduqları vaxt onlardan qarşıda hərəkətdə heç bir nəqliyyat vasitəsi olmamışdır. Bu zaman şirkətdən Asimə zəng gəldiyindən o, mobil telefonla danışmış və YPX stosionar postuna yaxınlaşdıqda isə telefon əlaqəsini kəsərək yolun sağ hərəkət zolağı ilə hərəkətini davam etdirmişdir. Posta yaxınlaşanda qarşıda yolun sağ tərəfində qara rəngli “Range Rover” markalı avtomobilin, onun qarşısında isə ağ rəngli “Ford” markalı mikroavtobusun dayandığını görmüşdür. Asimin bir anlıq fikri yayınmış, ani olaraq qara rəngli “Range Rover” markalı avtomobilə dəyəcəyini görüb sükanı sola qaçırmaq istəsə də, hadisənin qarşısını ala bilməmiş, idarə etdiyi yük avtomobilinin qabaq sağ tərəfi ilə qara rəngli “Range Rover” markalı avtomobilin arxa sol tərəfini vurmuş və sonra vurduğu avtomobilin sol yanında dayanan YPX inspektorunu da idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. İnspektor zərbənin təsirindən asfalt örtüyün üzərinə çırpılmışdır. Asim dərhal avtomobili saxlamış və onlar avtomobildən düşərək inspektora yaxınlaşmışlar. YPX əməkdaşları və yoldan keçənlərin köməkliyi ilə xəsarət almış inspektoru YPX avtomobilinə qoyub xəstəxanaya yola salmışlar. Məhkəmə iclasında elan edilmiş, işin 94-95-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 8/2097 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mitsubishi Fuso xüsusi təyinat” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında elan edilmiş, işin 93-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş, işin 102-104-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə-tibb ekspertizasının 27 noyabr 2020-ci il tarixli, 178 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində döş qəfəsinin və çanağın müştərək travması, hər iki ağciyərlərin əzilməsi, sağ kürək sümüyünün, sağ 1,2,3,4,5,6,10-cu və sol 1,4,5,7,8,9-cu qabırğaların yerini dəyişmiş sınıqları, ikitərəfli travmatik pnevmotoraks (plevra boşluğuna hava yığıntısı), çanaqda sağ qalça və sol qasıq sümüklərinin yerini dəyişmiş qəlpəli sınıqları, başın təpə nahiyəsinin və sol qaşın əzilmiş yaraları, baş beyin silkələnməsi və gövdənin yumşaq toxumalarının çoxlu sayda əzikləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə baş vermiş avtomobil qəzası zamanı yarana bilər, yaranma müddəti 05 sentyabr 2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmaya aid edilir. İş üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş, ibtidai istintaq zamanı keçirilmiş hadisə yerinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında protokollarla da sübuta yetirilir. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 dekabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş, işin 35-ci səhifəsində olan AE seriyalı, 420876 saylı sürücülük vəsiqəsinin surətindən, həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 05 yanvar 2021-ci il tarixli, 016-971- 1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2015-ci il tarixdən 12 avqust 2025-ci il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə iclasında elan edilmiş işin 33-cü səhifəsində olan 05 sentyabr 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 5004 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs müayinəsi zamanı onun alkoqol qəbul etməsi aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 35-ci səhifəsində olan AC seriyalı, 353473 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mitsubishi Fuso xüsusi təyinatlı” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" QSC-dir. Məhkəmə iclasında elan edilmiş işin 36-cı səhifəsində olan 01 sentyabr 2020-ci il tarixli, 167 nömrəli yol vərəqəsinin surətindən görünür ki, “Mitsubishi Fuso xüsusi təyinatlı” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi əsasında 01 sentyabr 2020-ci il tarixdən 01 oktyabr 2020-ci il tarixədək idarə edilməsi üçün Təqsirləndirilən şəxs verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 88-ci səhifəsində olan avtomaşına dəymiş zərərlə bağlı məlumatdan görünür ki, “Mitsubishi Fuso xüsusi təyinatlı” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində 375 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin 39-cu səhifəsində olan AC seriyalı, 313262 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Range Rover minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2dur. Məhkəmə iclasında elan edilmiş işin 71-ci səhifəsində olan "xxxx" MMC tərəfindən 08 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş 334 nömrəli nöqsan aktından görünür ki, “Range Rover minik” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində 2700 manat zərər dəymişdir. Məhkəmə iclasında elan edilmiş işin 96-cı səhifəsində olan 20 noyabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, “Mitsubishi Fuso xüsusi təyinat” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı və “Range Rover” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün müvafiq olaraq sahibləri "xxxx" MMC-yə və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-130-cu vərəqələrində olan 27 noyabr 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və Zərərçəkmiş şəxs2 ərizələrindən (məhkəmədə tərtib edilmiş) görünür ki, onların təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Məhkəmə iclasında elan edilməklə, iş materiallarına əlavə edilmiş iddia ərizəsindən, Siyəzən Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(059)-10/2021 saylı protokolundan, "xxxx" MMC City Hospital tərəfindən 11 iyun 2021-ci il tarixdə verilmiş 493 nömrəli arayışdan, eləcə də 01 fevral 2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş ziyana görə cinayət işi üzrə mülki iddiaçı kimi tanınmış, o cümlədən mülki cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş ziyana görə 15000 manat maddi, 10000 manat mənəvi zərərin, eləcə də 30 manat dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmiş, həmçinin, o, X6 klinikasında 05 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixinə kimi stasionar müalicədə olduğu müddətdə klinikanın hesabına 7600 manat mədaxil etmiş, eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərkən 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən (mülki cavabdeh), zərər çəkmiş şəxsin, o cümlədən mülki iddiaçının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirəndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinin İİİ hissəsinin İ bəndinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərər çəkmiş şəxsin müalicəsi və ona qulluq göstərilməsi xərcləri şəklində özünü göstərir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179-cu maddəsini İİ və İİİ hissələrinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırki, tələb bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsi məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğundan, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin İİ və İİİ hissələrinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia qaldıraraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində sağlamlığına vurulmuş maddi ziyana görə 15000 manat məbləğində vəsaitin ona ödənilməsini tələb edir. Hazırki iş üzrə verilmiş ittihamdan və məhkəmə tibbi ekspertiza rəyindən də göründüyü kimi təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurulmuşdur. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş maddi ziyanı 15000 manat məbləğində qiymətləndirsə də, sonuncunun təqdim etdiyi arayışla onun X6 klinikasında 05 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixinə kimi stasionar müalicədə olduğu müddətdə klinikanın hesabına 7600 manat mədaxil etdiyi məlum olmuşdur. Belə olan halda məhkəmə zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına vurulmuş ziyanın 7600 manat məbləğində müəyyən olunmasını və iddia tələbinin bu hissəsinin qeyd edilən həcmdə, yəni qismən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, həmçinin zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş mülki iddianın mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, bu hissədə də iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mülki iddianın mənəvi zərərlə bağlı hissəsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 sağlamlığına ziyan vurulması ilə bərabər baş vermiş hadisə sonuncunun mənəvi sarsıntı yaşamasına, əsəb və stress keçirməsinə səbəb olmuş, beləliklə də, onun şəxsi qeyri-əmlak hüquqları pozulmuşdur. Bununla da, məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar zərərçəkmiş şəxs, mülki iddiaçının sağlamlığına zərərin vurulması nəticəsində yaşadığı sarsıntı özözlüyündə mənəvi zərərin vurulması kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə mənəvi zərəri 1400 manat həddində müəyyən edir və hesab edir ki, həmin məbləğdə vurulmuş mənəvi ziyanın təqsirləndirilən şəxs, mülki cavabdehdən zərərçəkmiş şəxs, mülki iddiaçının xeyrinə tutulması ədalətli və ağlabatandır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək mülki iddiaya münasibətdə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş 7600 manat məbləğində maddi ziyanın və 1400 manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 9000 manat pul, eləcə də 30 manat dövlət rüsumunun 36%-i, yəni 10,80 manatı tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübüt kimi tanınmış “Mitsubishi Fuso xüsusi təyinat” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibi, zərərçəkmiş şəxs "xxxx" MMC-yə, “Range Rover” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi, Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs sağlamlığına vurulmuş 7600 (yeddi min altı yüz) manat məbləğində maddi ziyanın və 1400 (bir min dörd yüz) manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 9000 (doqquz min) manat pul, eləcə də 30 manat dövlət rüsumunun 36%-i, yəni 10,80 (on manat 80 qəpik) manatı tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar