Məhkəmə qərarları › İş №1(059)-11/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-11/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-11/2022 11.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 11 yanvar 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1972-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən rayonu, Beşdam kəndinin, Qarabulaq adlanan ərazisində yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2021-ci ilin iyun ayından 16 avqust 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda X2 “Siyəzənneft” NQÇİ-nin 1 saylı NQÇS-nin 1 saylı Qaz-kompressor stansiyası arası X5 Xəttinin naqilsiz hündürlüyü 8 metr olan 30 ədəd qoşa dayaqlarını oğurlamaqla, X2 “Siyəzənneft” NQÇİ-yə 3840 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən 08 sentyabr 2021-ci il tarixdən 23 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda X6 Çıxarma İdarəsinin 1 saylı Neft-qaz hasilatı sahəsində yerləşən istismar quyularının 1269,63 manat dəyərində 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçülərdə kəsilmiş 325,44 metr 75 mm-lik (2”), divarın qalınlığı 4,2mm, səthində korroziyaya uğrayan pas ləkələri olan nasos kompressor borularını, 3125,85 manat dəyərində 87 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçülərdə kəsilmiş 693,95 metr 86 mm-lik (2,5”), divarın qalınlığı 5,5mm, səthində korroziyaya uğrayan pas ləkələri olan nasos kompressor borularını, 337,75 manat dəyərində müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 106 mm-lik (3”), divarın qalınlığı 6,5 mm, səthində korroziyaya uğrayan pas ləkələri olan nasos kompressor borularını, 40,65 manat dəyərində 27,10 metr olan AS-35 mm-lik səthində oksidləşmə izləri olan çılpaq naqilləri, 30 manat dəyərində iki ədəd 50 mm-lik (2”) siyirtmələri, 30 manat dəyərində bir ədəd 80 mm-lik (3”) siyirtməni və 60 manat dəyərində bir ədəd 100 mm-lik (4”) siyirtməni oğurlamaqla, X2 “Siyəzənneft” NQÇİ-nə 4893,88 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Beşdam kəndi ərazisində olan köhnədən qalma olan işlək olmayan dəmir materialdan olan elektrik dirəkləri olmuş, habelə 2021-ci ilin iyun ayından bu dirəkləri kəsmək, eləcə də həyətyanı sahəsinə yığmaq qərarına gəlmiş, həmin vaxtdan 15 avqust 2021-ci il tarixədək olan dövr ərzində 29 ədəd elektrik dirəyini kəsərək yaşadığı evin həyətyanı sahəsinə yığmışdır. Növbəti dəfə o, 15 avqust 2021-ci il tarixdə Siyəzən rayonundakı Nardaran yolunun kənarına tək gedib, orda olan elektrik dirəklərindən birini yaşadığı evdən götürdüyü laqonda ilə kəsməklə, yerə uzatmış, 16 avqust 2021-ci il tarixdə isə evdə qonaq olan bacısının oğlu Kamranla birlikdə idarə etdiyi Uaz markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ora getmişdir. Kəsdiyi elektrik dirəyinin yanındakı otları təmizləyərkən XDMX-nin əməkdaşları ona yaxınlaşaraq, nə etdiyini maraqlandıqda, o, həmin şəxslərə elektrik dirəklərini kəsdiyini bildirmişdir. Daha sonra, o, hadisə yerinə gəlmiş Siyəzən RPŞ-nin əməkdaşlarına baş verənləri izah etmiş, habelə dəvət əsasında izahatının alınması üçün sonuncularla birlikdə RPŞ-yə getmişdir. Bundan sonra, o, digər 29 ədəd elektrik dirəyinin yaşadığı evin həyətyanı sahəsində olmasını polis əməkdaşlarına bildirmiş və sonuncular tərəfindən keçirilmiş baxış zamanı ona 30 ədəd dəmirdən olan elektrik dirəklərinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə məxsus olması məlum olmuşdur. O, dirəkləri kəsib apararkən yanında başqa şəxslər olmamış, onları özünə məxsus Uaz markalı avtomobillə daşıyıb, yaşadığı evin həyətyanı sahəsinə gətirərək, orada saxlamış və həmin 30 ədəd elektrik dirəyindən 29 ədədi həyətyanı sahədə olduğu üçün onları polis əməkdaşlarına göstərmişdir. Digər 1 ədəd elektrik dirəyi isə Siyəzən rayonu, Nardaran kəndinin alt hissəsində yolun kənarında yerdə qalmış və onu da polis əməkdaşlarına təqdim etmişdir. O, elektrik dirəklərinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə məxsus olmasını bilməmişdir. Bundan başqa o, 08 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində Siyəzənneft NQÇİ-yə məxsus yaşadığı evin yaxınlığında yerləşən mədəndən də oğurluq etmişdir. Belə ki, o, həmin mədəndə olan dəmir borulardan oğurlayaraq onlardan yararsız olanlarını metal qəbulu məntəqəsinə satmağı, yararlı vəziyyətdə olanları isə yaşadığı ünvanın həyətyanı sahəsində həyət işlərində hasar tikmək üçün istifadə etməyi düşünmüşdür. Bu məqsədlə o, 08 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində hər gün təxminən 4-5 ədəd olmaqla, mütəmadi olaraq mədənin ərazisindən dəmir boruları oğurlamağa başlamışdır. Belə ki, o, hər gün səhər saatlarında NQÇİ-nin 1 saylı Neft-qaz hasilatı sahəsində yerləşən istismar quyularının yerləşdiyi əraziyə getməklə, həmin boruları ona məxsus laqonda vasitəsilə kəsmiş, daha sonra isə bu boruları atın yəhərinə bağlayaraq dartıb, yaşadığı ünvana aparmış, 23 sentyabr 2021-ci il tarixdə oğurladığı boruların yarısını metal qəbulu məntəqələrinə satmaq, qalanını isə həyətdə hasar tikintisində istifadə etmək üçün 4 metr ölçülərdə olmaqla, doğramaq qərarına gəlmişdir. O, həmin vaxt üçün təxminən 4-5 gün əvvəl Şahid3 yaşadığı ünvana gedərək, sonuncuya həyətində dəmir boruların olduğunu, onları doğramaq lazım olduğunu, bu məqsədlə Şahid2 və Şahid1la birlikdə 23 sentyabr 2021-ci il tarixdə Siyəzən rayonunun çıxışında “üzüyün yanı” adlanan yerdə olmasını istəmiş, habelə sözügedən tarixdə, səhər saat 08:00 radələrində “üzüyün yanı” adlanan əraziyə gedərək, Kənan, Xəyal və Yusifi oradan götürmüş, sonuncuları yaşadığı Siyəzən rayonu, Qarabulaq kəndinə aparmışdır. Bundan sonra, adlarını çəkdiyi şəxslər boruları onun üçün doğramağa başlasalar da, onlar boruların oğurluq olmasından məlumatsız olmuşlar. Belə ki, o, onlara həmin boruların özünə məxsus olmasını bildirmiş, habelə pul qarşılığında qeyd olunan işi icra etdirmişdir. Onlar həmin boruları doğrayarkən Siyəzənneft NQÇİ-nin işçiləri və Siyəzən RPŞ-nin əməkdaşları yaşadığı ünvana gəlmiş, həmçinin sonuncular boruların və çılpaq naqillərin hər birini ayrı-ayrılıqda ölçmüş, bu zaman onun 32 ədəd 4 metr uzunluğunda, müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mm-lik (2”) nasos kompressor boruları, 87 ədəd 4 metr uzunluğunda, müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor boruları, müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mm-lik (3”) nasos kompressor boruları, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm(3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələr, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqil oğurladığı məlum olmuşdur. O, oğurladığı borulardan yararsız vəziyyətdə olanları metal qəbulu məntəqəsinə satmağı düşünsə də, onlardan heç birini satmamışdır. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, kifayət qədər yaşının olmasının, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının, həmçinin himayəsində 2 yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, 23 sentyabr 2021-ci il tarixdə, səhər saat 09:00 radələrində idarənin baş mexaniki Şahin Nəcməddinov ona müraciət edərək, 1 nömrəli neft qaz çıxarma sahəsinin 1 saylı xidmət sahəsinin ərazisində su xətlərində sızma müşahidə olunduğunu bildirmişdir. Belə ki, sözügedən dövrdə həmin ərazidə sızmalar müşahidə olunmuş, bununla bağlı həmin əraziyə işçilər yollanaraq orada qaynaq işləri aparmış, habelə məhz 23 sentyabr 2021-ci il tarixdə işçilər yenidən həmin əraziyə getdikdə, orada neft quyularının müxtəlif ölçülərdə su, qaz və neft xətlərinin olmadığını müşahidə etmiş, habelə bu barədə dərhal ona məlumat verilmişdir. O, Şahinə əraziyə bir daha baxış keçirməsini və ətraf ərazilərə baxmasını tapşırmış, sonuncu isə bir qədər sonra ona zəng edərək, həmin əraziyə yaxın yerdə bir neçə nəfər şəxsin laqonda vasitəsilə dəmir boru doğradıqlarını bildirmişdir. Bu zaman o, Şahinə həmin yerə getməməsini, polisə bu barədə məlumat verdikdən sonra ora polis ilə birlikdə gedərək, borulara sonuncularla birlikdə baxış keçirməsini istəmişdir. Bundan sonra, o, idarənin hüquqşünası Ramin Əmirovu da işçilər ilə birlikdə həmin əraziyə göndərmiş, X4 adlanan ərazidə mədənin yaxınlığında yerləşən evdə boruların doğrandığını müşahidə etdikdən sonra bu barədə polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra, Siyəzən RPŞ-nin əməkdaşları, həmçinin o da, ora getmiş, qeyd edilən həyətdə olan borulara baxış keçirilərkən Təqsirləndirilən şəxs boruları oğurlaması müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs həyətində olan materiallar hər biri ayrı-ayrılıqda ölçülmüş, bu zaman onun 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mmlik (2”) nasos kompressor boruları, 87 ədəd 4 metr uzunluğunda, müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor boruları, müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mm-lik (3”) nasos kompressor boruları, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm (3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələr, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqili oğurlaması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs başqa həmin ərazidə üç nəfər digər şəxslər də olmuş, həmin şəxslər rəhbəri olduğu şirkətə məxsus oğurlanmış boruları laqonda vasitəsilə doğramışlar. Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həyətinə və sonuncunun boruları oğurladığı əraziyə baxış keçirdikdən sonra polis əməkdaşları həmin şəxsləri Siyəzən RPŞ-yə aparmışlar. O, Təqsirləndirilən şəxs həmin vaxt sonuncu tərəfindən Siyəzən NQÇİ-yə məxsus işıq dirəklərini oğurladıqdan sonra tanımış, habelə aralarında heç bir ədavət olmamışdır. Eyni zamanda, təmsil etdiyi hüquqi şəxsə ümumilikdə dəymiş 8733,88 manat maddi zərərin bir qismi oğurlanmış əşyaların qaytarılması ilə, bir qismi isə pul şəklində ödənilmişdir. Odur ki, hazırda təqsirləndirlən şəxs tərəfindən dəymiş ziyan tam şəkildə ödənildiyindən sonuncuya qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, 22 sentyabr 2021-ci il tarixdə o, tanışı Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs dəmir borular aldığını, habelə sonuncunun həmin boruları əvəzi ödənilməklə, doğramalarını istədiyini bildirmiş, Xəyal və Yusif isə onunla razılaşmışlar. Bundan sonra, o, Xəyal və Yusifə 23 sentyabr 2021-ci il tarixdə, saat 08:00 radələrində “üzüyün yanı” adlanan ərazidə olmalarını istəmiş, habelə həmin gün Təqsirləndirilən şəxs onları sözügedən ərazidən götürməklə, yaşadığı ünvana aparmışdır. Onlar Hacının yaşadığı ünvana çatdıqda orada həyətyanı sahədə çoxlu sayda dəmir boruların olmasını görmüş və Hacıya məxsus laqonda aparatları vasitəsilə bu boruları doğramağa başlamışlar. Həmin gün, təxminən saat 11:00 radələrində Siyəzənneft NQÇİnin işçiləri və Siyəzən RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş, bu zaman onlara doğradıqları boruların Təqsirləndirilən şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Daha sonra, orada olan boruların və çılpaq naqillərin hər biri ayrı-ayrılıqda ölçülmüş və bu vaxt Təqsirləndirilən şəxs tərəfindən 32 ədəd 4 metr uzunluğunda, müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mm-lik (2”) nasos kompressor borularının, 87 ədəd 4 metr uzunluğunda, müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor borularının, müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mm-lik (3”) nasos kompressor borularının, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm (3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələrin, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqilin oğurlandığı məlum olmuşdur. Bundan sonra, polis əməkdaşları onları Siyəzən RPŞ-yə aparmış, habelə o, heç bir oğurluq etməmişdir. Çünki, o, həmin boruların oğurluq olmasını bilsə idi, ümumiyyətlə orada işləməzdi. Təqsirləndirilən şəxs həmin boruları haradan əldə etməsini soruşduqda isə sonuncu onları aldığını qeyd etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində işləyən Şahid2 və Şahid1 da boruların oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 159-161-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 6/4687-9/7564 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş gümüşü rəngli, mərkəzi ox ətrafında burulmuş 6 ədəd naqildən (bir ədədinin diametri təxminən 2,5 mm) ibarət nümunə alüminium, diametrləri 7,5 sm, 8,6 sm və 10,6 sm divarlarının qalınlıqları uyğun olaraq 4,2 mm, 5,5 mm və 6,5 mm olan, 3 ədəd metal boru nümunələrinin hər biri dəmir əsaslı ərintidən hazırlanmışdır. Eyni zamanda, rəydən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublikada yerləşən bazalarda və inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə, eləcə də qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş əvvəllər uzun müddət istismarda olmasını və köhnəlməsi nəzərə alaraq tədqiq edilən tədqiqat obyektlərinin, 23 sentyabr 2021-ci il tarixə, hazırkı rəyin fiziki-kimyəvi tədqiqatın nəticələrini də nəzərə alaraq 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 75 mm-lik (2”), divarın qalınlığı 4,2 mm, səthində korroziyaya uğrayan pas ləkələri olan nasos kompressor borularının respublikadaxili orta bazar pərakəndə satış qiyməti (32 əd x 4 metr) + 325,44 metr = 453,44 metr; 453,44 metr x 2.80m = 1269,63 manat, 87 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 86 mm-lik (2,5”), divarın qalınlığı 5,5 mm, səthində korroziyaya uğrayan pas ləkələri olan nasos kompressor borularının qiyməti (87 əd x 4 metr) + 693,95 metr = 1041,95 metr; 1041,95 metr x 3,00m = 3125,85 manat, müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 95,50 metr 106 mm-lik (3”) divarın qalınlığı 6,5 mm nasos, səthində korroziyaya uğrayan pas ləkələri olan kompressor borularının qiyməti 96,50 metr x 3,50m = 337,75 manat, 27,10 metr olan AS-35 mm-lik səthində oksidləşmə izləri olan çılpaq naqilin qiyməti 40,65 manat, habelə təqdim edilməyən tədqiqat obyektləri üzrə iki ədəd 50 mm-lik (2”) siyirtmələrin qiyməti 30 (2əd x 15,00m) manat, bir ədəd 80 mm(3”) siyirtmənin qiyməti 30 manat, bir ədəd 100 mm-lik (4”) siyirtmənin qiyməti 60,00 manat, ümumilikdə 4893,88 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 158-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 9/7564-9/4687 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli, 9/8294 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublikada yerləşən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən diametri 144 mm, 1952-ci ildə yerə basdırılmış və uzun müddət istifadə edilmiş 30 ədəd 8 metr uzunluğunda qoşa dəmir boruların hazırkı işlənmiş vəziyyətdə, 16 avqust 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 3840 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 163-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci səhifəsində olan qəbzdən, eləcə də işin 179-191-ci vərəqələrində olan 27 noyabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4cü maddələri ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək, ona CMnin 177.2.2 və 177.2.3-2-ci maddələri ilə yenidən ittiham elan olunmuş, həmçinin, onun, eləcə də Şahid3, Şahid2, Şahid1 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Eyni zamanda, 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, dəmir boruların doğranması üçün istifadə edilmiş 03 ədəd laqonda iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilsə də, maddi sübut kimi tanınmış, o cümlədən 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən və ünvan 3üş ümumilikdə 30 ədəd qoşa elektrik dayaqları, eləcə də 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mm-lik (2”) nasos kompressor boruları, 87 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor boruları və müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mmlik (3”) nasos kompressor boruları, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm (3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələr, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqil zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə qaytarılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 130-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2021-ci il tarixli tələbnaməsindən, 131-132-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 oktyabr 2004-cü il tarixli, 1-34/2004 saylı hökmünün surətindən, eləcə də 175-178-ci vərəqələrində olan Siyəzən rayon icra və probasiya şöbəsinin 27 noyabr 2021-ci il tarixli, 2756/2021-64-1 saylı məktubundan, habelə ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs əsas cəzanı çəkmək üçün Siyəzən rayon icra və probasiya şöbəsi tərəfindən 1 saylı MTCÇM-yə göndərilmiş və o, 11 yanvar 2005-ci il tarixdə həmin müəssisədə qeydiyyata alınmış, cəza müddəti qurtardığına görə 11 yanvar 2008-ci il tarixdə 1 saylı MTCÇM-dən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-122-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 4(059)-43/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 149-150-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, himayəsində 16 iyun 2004-cü il təvəllüdlü Nicat və 23 sentyabr 2005-ci il təvəllüdlü Qənimət adında iki yetkinlik yaşına çatmayan uşaqları olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olan, Siyəzən rayonu, Beşdam kəndinin, Qarabulaq adlanan ərazisində yaşamış, Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin fikri müsbətdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə tərəfindən 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, İdarəyə dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs neft kəmərlərinə, dövlət əhəmiyyətli elektrik enerjisi, su xətlərinə münasibətdə təkrarən özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, eləcə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, kifayət qədər yaşı olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun neft kəmərlərinə, dövlət əhəmiyyətli elektrik enerjisi, su xətlərinə münasibətdə təkrarən özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, kifayət qədər yaşı olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2021-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, habelə 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, dəmir boruların doğranması üçün istifadə edilmiş 03 ədəd laqonda hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən və ünvan 3üş ümumilikdə 30 ədəd qoşa elektrik dayaqları, eləcə də 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mm-lik (2”) nasos kompressor boruları, 87 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor boruları və müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mm-lik (3”) nasos kompressor boruları, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm (3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələr, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqil zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 19 (on doqquz) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, habelə 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, dəmir boruların doğranması üçün istifadə edilmiş 03 ədəd laqonda hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsindən və ünvan 3üş ümumilikdə 30 ədəd qoşa elektrik dayaqları, eləcə də 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş, 32 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 325,44 metr 60 mm-lik (2”) nasos kompressor boruları, 87 ədəd 4 metr uzunluğunda və müxtəlif ölçüdə kəsilmiş 693,95 metr 73 mm-lik (2,5”) nasos kompressor boruları və müxtəlif ölçülərdə kəsilmiş ümumi uzunluqları 96,50 metr 89 mm-lik (3”) nasos kompressor boruları, 2 ədəd 50 mm-lik (2”), 1 ədəd 80 mm (3”) və 1 ədəd 100 mm-lik (4”) siyirtmələr, ümumi uzunluğu 27,10 metr olan AS-35 mm-lik çılpaq naqil zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Zərərçəkmiş şəxs “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 200 (iki yüz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar