Məhkəmə qərarları › İş №1(059)-11/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-11/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-11/2024 20.02.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Təqsirləndirilən şəxs iştirakları ilə 20 fevral 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(006)-262/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 7(059)- 10/2023 saylı qərarı ilə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 09 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 29 iyul 2023-cü il tarixdə cəza müddəti başa çatmış, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 0,348 qram çəkidə psixtrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 27 noyabr 2023-cü il tarixdə, 15:00 radələrində Siyəzən şəhərinin T.İsmayılov küçəsində “Siyəzən Mall”un yaxınlığında Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılarkən 0,348 qram çəkidə psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarının sağ patron cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, saxlanılanadək narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmiş, habelə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 09 günü, 03 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 29 iyul 2023-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. 27 noyabr 2023-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən şəhərində yerləşən Heydər Əliyev adına parkda gəzərkən yerdə gümüşü rəngli kağız bükülüsünü görüb götürmüş, habelə açıb içərisinə baxdığında bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu aşkar edərək, istifadə etməsi üçün əynində olan şalvarın sağ patron cibinə qoymuşdur. Bundan sonra, həmin gün saat 15:00 radələrində Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən “Siyəzən mall”un yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək, onu Siyəzən RPŞ-yə dəvət etmiş, habelə razılığı əsasında RPŞ-yə aparılmışdır. Belə ki, orada Müdafiəçi iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində Şahid tərəfindən şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın sağ patron cibindən tapdığı, içərisində psixotrop maddə metamfetamin olan gümüşü rəngli kağız bükülü aşkar edilərək götürülmüşdür. Bundan sonra, aşkar edilmiş bükülü müvafiq qaydada qablaşdırılmış, ona hüquq və vəzifələri izah olunmuş, habelə zərfin üzərini imzalamışdır. Eyni zamanda, o, polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Bununla da, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması hazırda özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun sabiq əməliyyat müvəkkili, hazırda müvəqqəti saxlama yerinin rəisi Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə sonuncu ilə aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən protokol tərtib olunaraq, əməliyyat tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Bundan sonra, həmin gün, saat 15:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən şəhərinin Tofiq İsmayılov küçəsində yerləşən “Siyəzən mall”un yaxınlığında saxlayıb, özlərini təqdim etmiş, habelə ondan üzərində narkotik vasitə olub-olmamasını soruşaraq, onlarla birlikdə Siyəzən RPŞyə getməyi təklif etdiklərində, Minayət buna etiraz etməmişdir. Daha sonra, RPŞ-nin növbətçi hissəsində Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmiş, həmçinin axtarış zamanı sonuncuya üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif edilmiş, lakin o, üzərində qanunsuz predmetlərin olmadığını bildirmişdir. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, habelə sonuncunun əynində olan şalvarın sağ patron cibindən gümüşü rəngli kağız bükülünü aşkar etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, həmin predmet boş zərfə yerləşdirilərək, zərfin üzəri 96 nömrəli möhürlə möhürlənmiş, habelə üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 32-33-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2023-cü il tarixli, 3-16-16/2-6/6188 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi olan, “...şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,348 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,298 qram təşkil etmişdir. Cinayət işinin 31-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 08 dekabr 2023-cü il tarixdə verilmiş 8063 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 27 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün, saat 15:15-dən saat 15:26-dək olan müddət ərzində Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ cibindən ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə bənzər kütlə bir ədəd gümüşü rəngli bükülüdə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci və 99-104-cü vərəqələrində olan müvafiq olaraq 03 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanımaq və 27 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 0,298 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, həmçinin 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də, maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli tələbnamədən, eləcə də iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 1(006)-262/2022 saylı hökmünün, Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 7(059)-10/2023 saylı qərarının, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsinin 02 avqust 2023-cü il tarixli, 3-16-17/31/2-3005/2023 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sözügedən hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 09 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 29 iyul 2023-cü il tarixdə isə o, cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəzadan azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməlinin törədildiyi vaxt Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-63-cü vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 4(059)-46/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 85-86-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Babək küçəsindəki 15 nömrəli evdə qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(004)-2149/2021 saylı qətnaməsinin surətindən görünür ki, X4 və Təqsirləndirilən şəxs arasında Siyəzən rayon qeydiyyat şöbəsində 17 oktyabr 2017-ci il tarixdə 119 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladı 22 fevral 2018-ci il təvəllüdlü X1 anası Mahirə Adgözəlovanın yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 09 fevral 2021-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Mahirə Adgözəlovaya ödənilməsi qət edilmişdir. Hətta, Təqsirləndirilən şəxs keçmiş arvadı Mahirə Adgözəlova qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsində keçmiş əri ilə münasibətlərinin kəskinləşdiyini göstərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmü ilə qəti olaraq 1 il 4 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 07 ay 09 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 03 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib, saxlamaqla, daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (əvvəllər narkotik vasitə heroindən, hazırda isə psixotrop maddə metamfetamindən istifadə etməsi nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olaraq, ictimai faydalı işlə məşğul olmamasını, bundan əvvəl Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, müəyyən etdiyi vəzifələri mütəmadi olaraq yerinə yetirməkdən boyun qaçırdığına görə Siyəzən Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə sözügedən hökmlə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini, bu kateqoriyadan törətdiyi cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, cəzaçəkmə müəssisəsindən azad edildikdən qısa müddət sonra yenidən hüquqazidd əməllərə başlamasını, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən bu dəfə də eyni kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/2 hissəsinə yaxın həcmdə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,298 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərinə 27 noyabr 2023-cü il tarixdə videoçəkilişlə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,298 qram olan psixotrop maddə metamfetamin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 27 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar