Məhkəmə qərarları › İş №1(059)-11/2025

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-11/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-11/2025 04.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Kəbirov Surət Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə 04 fevral 2025-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1,592 qram çəkidə narkotik vasitə olan heroini və xeyli miqdarda, yəni 0,477 qram çəkidə psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 07 oktyabr 2024-cü il tarixdə, saat 16:10 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospekti ərazisində olan zaman Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy cins şalvarın sağ ön cibindən bir ədəd “Whinchester” markalı siqaret qutusunun içərisində, 02 ədəd şəffaf sellofana bükülmüş bükülülərdən birinin içərisindən xeyli miqdarda, yəni 1,592 qram çəkidə narkotik vasitə olan heroin və digərin içərisindən xeyli miqdarda, yəni 0,477 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, dörd ilə yaxın müddətdir narkotik vasitə istifadə etməsə də, bu predmetləri tapdığı vaxt ara-sıra istifadə etmişdir. Belə ki, o, 07 oktyabr 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gəlmiş, habelə bundan təxminən 15 dəqiqə sonra mağazadan siqaret alıb qayıdarkən, yolun kənarından, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olan siqaret qutusu olduğunu görüb, qutunu içindəki predmetləri ilə birlikdə əynində olan gödəkçənin cibinə yerləşdirmişdir. Bu siqaret qutusunu ora atan şəxsin kimliyini müəyyən edib, qutunu həmin şəxsə qaytarmaq məqsədi ilə bir qədər orada gözləmiş, sonra polis əməkdaşları ona yaxınlaşmışdır. Belə ki, o, polis əməkdaşlarının ona yaxınlaşdığını görsə də, olduğu yerdən yayınmamış, habelə sonuncular ona yaxınlaşaraq, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün rayon Polis Şöbəsinə aparılmışdır. Beləliklə, RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman üstündən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilmiş, habelə bu vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Beləliklə, haqqında “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə, barəsində cinayət işi başlanılmışdır. Odur ki, onun təqsirini səmimi etiraf edərək polislərdən yayınmadığının, bir daha belə səhv etməyəcəyinin, yaxın zaman kəsiyində nişan mərasiminin keçiriləcəyinin nəzərə alınmasını və barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı məhkəmədə verdiyi ifadədən qismən fərqlənən ifadə verərək göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gəlmiş, habelə bundan təxminən 15 dəqiqə sonra mağazadan siqaret alıb qayıdarkən, yolun kənarından, içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamin olan siqaret qutusu olduğunu görüb, qutunu içindəki predmetləri ilə birlikdə əynində olan gödəkcənin cibinə yerləşdirmişdir. Bu siqaret qutusunu ora atan şəxsin kimliyini müəyyən edib, qutunu həmin şəxsə qaytarmaq məqsədi ilə bir qədər orada gözləmiş, sonra polis əməkdaşları ona yaxınlaşmışdır. Belə ki, o, polis əməkdaşlarının ona yaxınlaşdığını görsə də, olduğu yerdən yayınmamış, habelə sonuncular ona yaxınlaşaraq, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmə iclasında verdiyi ifadədən qismən fərqlənməsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında iş materiallarında olan sənədlərin tədqiqi mərhələsində qeyd olunan ziddiyət araşdırılmış, şəxsi axtarış ilə bağlı videodiskə baxış keçirilən zaman, həmçinin ibtidai istintaq dövründə verdiyi ifadənin elan olunduğu zaman Təqsirləndirilən şəxs oğlu aradan xeyli müddət keçdiyindən “07 oktyabr 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Bakı şəhərindən Siyəzən rayonuna gəldikdən təxminən 15 dəqiqə sonra narkotik vasitələri tapması və onu tapdıqdan sonra gödəkçəsinin cibinə yerləşdirməsi barədə” ifadəsində səhv etmiş ola biləcəyini, hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı ifadə verdiyini göstərmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında olan ziddiyətli məqam iş üçün xüsusi əhəmiyyət kəsb etmir. Belə ki, təqsirləndirilən şəxs heç bir kənar fiziki və psixi təsirə məruz qalmadan həm ibtidai istintaq dövründə, həm də məhkəmə iclasında verdiyi ifadəsində 1,592 qram çəkidə narkotik vasitə olan heroin və 0,477 qram çəkidə psixotrop maddə olan metamfetamini tapdığını, üzərində gəzdirdiyini və polislərə təqdim etdiyini etiraf göstərmiş, bununla da o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun ona elan olunmuş ittiham üzrə təqsirli olması onun özünün etirafedici ifadələri ilə yanaşı, şahidin ifadəsi, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə göstərmişdir ki, o, Təqsirləndirilən şəxs oğlunu əvvəllər tanımamış, sonuncu ilə aralarında qohumluq münasibəti, habelə ona qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında o, həmin tarixdə, təxminən saat 16:00 radələrində Siyəzən şəhərinin Heydər Əliyev prospekti ərazisində tərəflərindən şübhəli şəxs qismində saxlanılmış, üzərində şəxsi axtarış keçirilməsi üçün rayon Polis Şöbəsinə aparılmışdır. Siyəzən RPŞ-nin növbətçi hissəsində İB-nin baş müstəntiqi X2 rəhbərliyi, Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman sonuncu təklif əsasında əynində olan göy cins şalvarın sağ ön cibindən bir ədəd “Whinchester” markalı siqaret qutusunu təqdim etmiş, qutuya baxış keçirilən zaman içərisindən şəffaf sellofana bükülmüş bükülülərdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş bükümlər boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-35-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 oktyabr 2024-cü il tarixli, 6/4819 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunaraq götürülmüş... Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdə, üzərində “winchester” yazısı olan siqaret qutudakı 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,477 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,592 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq çəkisi 0,427 qram, 0,05 qram sərf edildikdən sonra heroinin qalıq çəkisi 1,542 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 oktyabr 2024-cü il tarixdə verilmiş 6971 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 105-107-ci vərəqələrində olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 07 noyabr 2024-cü il tarixli, 3257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda törətdiyi əməl dövründə “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuş, sonuncuda aşkar edilən şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs oğlunun hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 07 oktyabr 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan, eləcə də, işin 24cü vərəqəsindəki məhkəmə iclasında tədqiq edilmiş bir ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, həmin gün, saat 16:30-dan saat 16:40-dək olan müddət ərzində, Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs oğlunun üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən psixotrop maddə metamfetaminə və narkotik vasitə heroinə bənzər kütlələr onun əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd “Whinchester” markalı siqaret qutusunun içərisindən 2 ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “İphone” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 54-cü vərəqəsində olan 09 oktyabr 2024-ü il tarixli maddi sübut kimi tanınma və işin 117-124-cü vərəqələrində olan 25 dekabr 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 09 oktyabr 2024-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, onun barəsində CM-nin 234.2-ci və 234.1.1-ci maddələri ittiham verilməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs oğlunun üzərindən götürülmüş qalıq çəkisi 1,542 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi 0,427 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin 07 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 oktyabr 2024-cü il tarixli tələbnaməsindən, eləcə də, işin 110-116-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1(060)-94/2020 saylı hökmünün surətindən görünür ki, Hüseynzadə X3 Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, bu Məcəllənin 67.1-ci və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 avqust 2021-ci il tarixdə isə cəza müddətinin sona çatması ilə əlaqədar olaraq cəza çəkməkdən azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(059)-306/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona inzibati tənbeh olaraq 25 (iyirmi beş) gün müddətində inzibati həbs təyin edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 07 oktyabr 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 07 oktyabr 2024-cü il tarixdə saat 16:10 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci vərəqəsində olan 09 oktyabr 2024-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 09 oktyabr 2024-cü il tarixdə saat 16:00-da Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək, onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 98-99-cu vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin M. Zəkiyev küçəsindəki 23 nömrəli evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs oğlu subaydır, heç bir yerdə işləmir, anasının himayəsində yaşayır, barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarından 10 dəfədən artıq, psixotrop maddə metamfetamini isə 3 dəfədən artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunan Məcəllənin 125-ci maddəsinin İ və Vİİİ hissələrinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğluna münasibətdə ibtidai istintaqı həyata keçirən müstəntiq sübutların qiymətləndirilməsi barədə 25 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 09 oktyabr 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qüvvəsində saxlanılmasına, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci və 234.4.1-ci maddələri ittiham verilməməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və hesab edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən onun gənc yaşda olmasını, eləcə də, yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq xeyli miqdardan artıq miqdarda həm narkotik vasitə, həm də psixotrop maddələri saxlayıb daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini-opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasını, əvvəllər bu kateqoriyadan və mülkiyyət əleyhinə törətdiyi cinayət əməllərinə görə çəkdiyi cəzadan, həmçinin bu kateqoriyadan törətdiyi inzibati xəta əməlinə görə verilmiş tənbehdən nəticə çıxarmamasını, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməsini, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda cəzanın məqsədinə nail olmayacağını, onun gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində olan yüngülləşdirici halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 07 oktyabr 2024-cü il tarixdən 09 oktyabr 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs oğlundan götürülmüş qalıq çəkisi 0,427 qram təşkil edən psixotrop maddə metamfetamin və 1,542 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, Təqsirləndirilən şəxs üzərində 07 oktyabr 2024-cü il tarixdə Siyəzən RPŞ-nin növbətçi hissəsində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs oğlundan götürülmüş qalıq çəkisi 0,427 qram təşkil edən psixotrop maddə metamfetamin və 1,542 qram qalıq çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 07 oktyabr 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd kompakt disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi hesab olunan 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar