Məhkəmə qərarları › İş №1(059)-12/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-12/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-12/2022 11.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 11 yanvar 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Siyəzən şəhəri B. Bayramov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə COVİD-19 infeksiyasına yoluxması ilə bağlı verdiyi testin nəticəsi 08 sentyabr 2021-ci il tarixdən pozitiv olduğu üçün COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyata alındıqdan sonra yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsindəki fərdi yaşayış evində karantinə alınmasına və karantin qaydalarına uyğun olaraq 14 gün müddət ərzində yaşadığı evi tərk etməməli olmasına baxmayaraq, 10 sentyabr 2021-ci il tarixdə karantin rejimi qaydalarını pozub yaşadığı və özünü təcriddə olduğu ünvanı tərk edərək yeni növ COVİD-19 xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin tarixdə saat 13:00 radələrində Siyəzən şəhərinin Babək Bayramov küçəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 41 saylı evin 1-ci mənzilində qeydiyyatda olsa da, şəhərin B.Bayramov küçəsində yerləşən yeni inşa edilmiş fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və təxminən 1 il olar, narkotik vasitə heroindən istifadə edir. O, 07 sentyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində tanışı Mərifət Quliyevə zəng edərək, onunla birlikdə çay içmək üçün sonuncunun yaşadığı evə getmiş, habelə həmin gün saat 14:00 radələrində Mərifətin evində olarkən sonuncunun qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri zamanı orada polis əməkdaşları tərəfindən tutularaq üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki qara rəngli cins şalvarın sağ ətək hissəsindən bir ədəd kağız bükülüdə narkotik vasitə heroin aşkar edilmiş, həmçinin bu səbəbdən şübhəli şəxs qismində tutularaq rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Bundan əvvəl COVİD 19 infeksiyasına qarşı ondan yaxma analizi götürülmüş, analizi verəndən sonra səhəri gün testin nəticəsinin pozitiv olduğu ona bildirilmiş və onu saxlandığı müvəqqəti saxlanma yerindən birbaşa xəstəxanaya aparmışlar. Xəstəxanada olarkən bədən hərarəti yüksək olduğundan yenidən müayinə edilərək bədən hərarəti ölçülmüş, ciyərləri rentgen yoxlamasından keçirilmiş, qan analizləri götürülmüş, habelə həkimlər ona koronavirus xəstəliyinə tutulduğunu, 14 gün ərzində özünü təcrid edərək ev şəraitində müalicə olunmalı olduğunu, yaşadığı ünvanı tərk etməməsini və kənar şəxslərlə ünsiyyətə girməməsini bildirməklə, bununla bağlı ona bildirişi və iltizamı təqdim etmiş, o, isə həmin sənədlərlə tanış olaraq onları imzalamışdır. Növbəti analizinin vaxtı isə 21 sentyabr 2021-ci il tarixə təyin olunmuş, həmin müddətədək, yəni 08 sentyabr 2021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək ona evdə özünü təcrid şəraitində qalması bir daha nəzərinə çatdırılmış, həmçinin sahə həkiminin nömrəsi verilmişdir. Daha sonra, onu Təcili Tibbi yardım avtomobilinə əyləşdirib, ev şəraitində 14 gün ərzində təcrid olunması üçün yaşadığı evə aparmışlar. Bir-iki gün evdə olduqdan sonra atası Vahid onun xəstəliyi ilə əlaqədar Sevda adlı sahə həkiminə zəng vurmuş, telefon danışığı zamanı həkim atasına onun xəstəliyi çox yüngül formada keçirdiyini, elə də güclü bir müalicəyə ehtiyacının olmadığını bildirmişdir. Sahə həkimi Sevda atası ilə telefon danışığı zamanı sonuncuya COVİD 19 xəstəliyi ilə əlaqədar dövlət tərəfindən pulsuz bir neçə ədəd iynə-dərman və vitamin kompleksi verildiyini bildirmiş, onun şəxsiyyət vəsiqəsi ilə gəlib həmin dərmanları götürə biləcəyini diqqətinə çatdırmışdır. Həmin vaxt digər araşdırma ilə əlaqədar onun şəxsiyyət vəsiqəsi rayon Polis Şöbəsində olduğuna və atası işdə olduğuna görə 10 sentyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində koronavirus xəstəsi ola-ola özünü təcrid qaydalarını pozaraq, şəxsiyyət vəsiqəsini götürmək məqsədi ilə yaşadığı ünvanı tərk etmiş, bu zaman Siyəzən şəhərinin ünvan 3n Siyəzən RPŞ-nin 3 nəfər mülki geyimli əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib, ara məsafəsi saxlamaqla, dəqiqləşmə apararaq ad, ata adı və soyadını soruşmuş, daha sonra onun aktiv koronavirus xəstəsi ola-ola hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq, yaşadığı ünvanı tərk etməsi və bununla da xəstəliyin yayılması üçün real təhlükə yaratması ilə maraqlanmış, o, isə koronavirus xəstəsi olduğunu etiraf edib şəxsiyyət vəsiqəsini götürmək üçün rayon Polis Şöbəsinə getdiyini bildirmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanı tərk etməyin məsuliyyət yaratdığını, bir daha belə hallara yol verməyin təhlükəli olması barədə izah verərək yaşadığı evə qayıtmasını təmin etmiş, bundan sonra barəsində özünü təcrid qaydalarını pozduğuna görə cinayət işi başlanılması barədə məlumatlandırılmışdır. Daha sonra, 14 günün tamamında yaşadığı evə təcili tibbi yardım xidmətinin əməkdaşları gələrək, ondan növbəti yaxmanı götürmüş, həmin analizin cavabı isə neqativ olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, ilk dəfə az ağır cinayət əməlini törətməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, 10 sentyabr 2021-ci il tarixdə, saat 09:00 təlimatında onlara COVİD 19 xəstələri ilə bağlı Siyəzən rayon X1 Publik hüquqi şəxsindən COVİD 19 xəstəliyi ilə əlaqədar test nəticələrinin cavabları müsbət çıxmış və evdə özünü təcrid şəraitində müalicə alan xəstələrin adlı siyahısı barədə məlumat verilmişdir. Həmin gün, saat 13:00 radələrində Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 və RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3 ilə birlikdə Siyəzən şəhərinin B.Bayramov küçəsində xidmət apararkən Təqsirləndirilən şəxs sözügedən küçədə yerləşən fərdi yaşayış evində özünü təcriddə olduğu ünvanı tərk edərək, küçədə gəzdiyini müşahidə etmiş, sonuncunun adı təlimatda onlara təqdim olunmuş COVİD 19 xəstələrinin siyahısında olduğundan ona yaxınlaşmışlar. Bundan sonra, sabiq əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxslə ara məsafəsi saxlamaqla, özünü ona təqdim etmiş və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs COVİD 19 testinin cavabı müsbət çıxdığından özünü təcrid formasında yaşadığı ünvanda olmalı olduğu halda hansı səbəbdən karantin rejimi qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyini soruşmuş, sonuncu COVİD 19 xəstəsi olduğunu etiraf edərək, şəxsiyyət vəsiqəsini götürmək üçün evdən çölə çıxdığını qeyd etmişdir. Tərəflərindən onunla profilaktiki söhbətlər aparılaraq, özünü təcriddə olduğu ev ünvanı tərk etməməsi ilə bağlı bir daha ətraflı izah verilib, ona xəbərdarlıq edilmişdir. Bundan sonra, onlar təlimata əsasən müalicəsini özünü təcrid formada yaşadığı ünvanda davam etdirməli olan COVİD 19 xəstələri aşkar olunduqları təqdirdə onların yaşadıqları ünvana qaytarılması təmin olunmalı olduğuna görə Təqsirləndirilən şəxs ara məsafəsi saxlamaqla, yaşadığı və özünü təcriddə olduğu ünvana geri dönməsini təmin etmiş, habelə CAB-ın sabiq əməliyyat müvəkkili Şahid1 bununla əlaqədar raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3, eləcə də məhkəməyə ünvanlanmış teleqramında məhkəməyədək istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, o cümlədən məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahid Siyəzən RPŞ-nin CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan X2 X3 Şəxsin 11 sentyabr 2021-ci il tarixli, 1036 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X4 Əleyhinə Stansiyaya göndərilmişdir. 08 sentyabr 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuş, Təqsirləndirilən şəxs həmin tarixdən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-ci vərəqəsində olan 08 sentyabr 2021-ci il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs yeni növ koronovirus (COVİD-19) infeksiyası ilə bağlı nəticələrinin müsbət olması səbəbi ilə 08 sentyabr 2021-ci il tarixindən 14 gün ev şəraitində fərdi təcrid olunmaq üçün buraxılması, test nəticələrinin mənfi çıxacağı müddətə qədər yaşadığı evi tərk etməyərək sanitariya-gigiyena normalarına, epidemiya əleyhinə və xüsusi karantin rejiminin qaydalarına riayət edəcəyi, qeyd olunan normaları və qaydaları pozacağı təqdirdə Azərbaycan Respublikası CM-nin 139-cu və Azərbaycan Respublikası İXM-nin 211-ci maddələri ilə cinayət və inzibati məsuliyyət daşıyacağı barədə məlumatlandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 13-cü vərəqəsində olan X2 X3 Şəxsin 11 sentyabr 2021-ci il tarixli, 1038 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2021-ci il tarixdə COVİD-19 görə Nazofarengial yaxma götürülmüş, müayinə olunmaq üçün X4 Əleyhinə Stansiyaya göndərilmişdir. 08 sentyabr 2021-ci il tarixində müayinənin nəticəsi pozitiv (müsbət) olmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-78-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi barədə 29 noyabr 2021-ci il tarixli qərardan görünür ki, 08 sentyabr 2021-ci il tarixdən COVİD-19 xəstəsi kimi qeydiyyata alınmaqla, 14 gün ərzində yaşadığı Siyəzən şəhərinin B.Bayramov küçəsində yerləşən fərdi yaşayış evində özünü təcrid formada karantinə alınmış Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 13:00 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd Kompakt Disk iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 sentyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-60-cı vərəqələrində olan 03 noyabr 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-17-ci vərəqələrində olan arayış və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 03 sentyabr 2014-cü il təvəllüdlü Ayan və 26 avqust 2017-ci il təvəllüdlü Yəhya adında iki yetkinlik yaşına çatmayan övladı olmaqla, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Belə ki, “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, eləcə də yaşayış yeri üzrə müsbət xaraterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, o cümlədən narkotik vasitə istifadəçisi olmaqla, bununla əlaqədar barəsində araşdırma aparıldığını bildiyi halda, yenidən hüquqazidd hərəkət edərək hazırkı cinayət əməlini törətməsini, bununla da, hüquq pozuntusuna meylliyini, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, barəsində yüngülləşdirici halların olmasını, xüsusilə himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsində cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat 13 radələrində karantin rejimi qaydalarını pozub yaşadığı, eləcə də özünü təcriddə olduğu ünvanı tərk etməsi və onun aşkar olunaraq saxlanılması prosesinin videogörüntüləri köçürülmüş 1 ədəd, həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd olmaqla, cəmi 2 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar