Məhkəmə qərarları › İş №1(059)-12/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-12/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-12/2023 14.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 14 fevral 2023-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1987-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri, xx xxxxx 1993-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(059)- 20/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1- 1-ci və 67.1-ci maddələri tətbiq edilməklə, üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(002)-121/2022 saylı qərarı ilə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmış, habelə 10 iyun 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuş, üzərində məhkumluğu olan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 10 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2yla qabaqcadan əlbir olan qrup təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı fərdi yaşayış evinin hasarla əhatələnmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya aid bir ədəd 200 manat dəyərində olan 6 litr su tutumlu odun samovarını oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar olaraq 11 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2yla qabaqcadan əlbir olan qrup təşkil edərək, Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 8 saylı fərdi yaşayış evinin hasarla əhatlənmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya aid bir ədəd üzərində “Тула” sözləri yazilmiş 240 manat dəyərində olan 6 litr su tutumlu odun samovarını oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 10 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup təşkil edərək, Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı fərdi yaşayış evinin hasarla əhatələnmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya aid bir ədəd 200 manat dəyərində olan 6 litr su tutumlu odun samovarını oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar olaraq 11 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup təşkil edərək, Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 8 saylı fərdi yaşayış evinin hasarla əhatlənmiş həyətyanı sahəsinə qanunsuz daxil olaraq oradan sonuncuya aid bir ədəd üzərində “Тула” sözləri yazilmiş 240 manat dəyərində olan 6 litr su tutumlu odun samovarını oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər tanımaqla, yaxşı münasibəti olmuş, onunla düşmənçilik və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 uzun müddət olar, tanısa da, Zərərçəkmiş şəxs2 tanımamışdır. 10 oktyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində o, küçədə tanışı Təqsirləndirilən şəxs2la görüşüb, söhbət edərkən, sonuncuya 06 oktyabr 2022-ci il tarixdə digər tanışı Zərərçəkmiş şəxs1 evində qonaq olduğu vaxt evin həyətyanı sahəsində gördüyü 1 ədəd samovarı oğurlamağı təklif etmişdir. Təqsirləndirilən şəxs2 onun təklifini qəbul etmiş, habelə 10 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində sonuncu ilə yaşadığı binanın qarşısında görüşdükdən sonra onlar Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı fərdi yaşayış evinə tərəf getmiş, oraya çatdıqdan sonra o, Sərhədə Hikmətin evinin hasarından atlanma yolu ilə evin həyətyanı sahənin iç tərəfdən giriş qapısının qarşısında qoyulmuş 1 ədəd samovarı götürməyi təklif etmişdir. Sərhəd onun təklifi ilə razılaşaraq Hikmətin evinin hasardan atlanmaq yolu ilə evin həyətyanı sahəsinə daxil olmuş və oradan götürdüyü 1 ədəd gümüşü rəngli samovarı hasardan ona vermiş, həmçinin onlar hadisə yerindən uzaqlaşıb, onun yaşadığı binaya tərəf getmişlər. Orada o, oğurladıqları 1 ədəd samovarı Sərhədə təhvil verib, yaşadığı mənzilə getmişdir. 11 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində o, Sərhədlə görüşüb Siyəzən şəhərinin A.Mustafayev küçəsində piyada hərəkət edərkən həmin küçədə yerləşən və Zərərçəkmiş şəxs2 məxsus 8 saylı fərdi yaşayış evinin darvazasının açıq olduğunu görmüş, habelə darvazaya tərəf yaxınlaşıb içəriyə daxil olarkən iç tərəfdən darvazanın solunda qapısı olmayan dolabın içərisində 1 ədəd gümüşü rəngli samovarı görmüş və onu oradan götürmüşdür. Bundan sonra o, bayıra çıxıb, Zərərçəkmiş şəxs2 evinin qarşısında həmin samovarı Sərhədə verib oradan uzaqlaşaraq yaşadığı ünvana tərəf getmişdir. Bundan başqa, o, 12 oktyabr 2022-ci il tarixdə, saat 12:00 radələrində Sərhədlə Siyəzən şəhər mərkəzi parkında görüşmüş, bu zaman sonuncu ona Hikmət və Vazehin evindən oğurladıqları samovarların hər birini 50 manata satdığını və 100 manat məbləğində pul əldə etdiyini bildirmiş, lakin, o, samovarları kimə satdığını Sərhəddən soruşmamışdır. Bundan sonra onlar ərzaq mağazasına gedib, həmin pulu orada xərcləmişlər. Məhkəmə iclasında ona elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etsə də, məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən elan edilmiş məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər tanımaqla, yaxşı münasibəti olmuş, onunla düşmənçilik və ədavəti olmamışdır. 10 oktyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində o, küçədə tanışı Təqsirləndirilən şəxs1la görüşüb, söhbət edən vaxt sonuncu ona 06 oktyabr 2022-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs1 evində qonaq olarkən sonuncunun evinin həyətyanı sahəsində gördüyü 1 ədəd samovarı oğurlamağı təklif etmiş, o, isə bununla razılaşdıqdan sonra, 10 oktyabr 2022-ci il tarixdə, saat 21:00 radələrində Təbriz ilə onun yaşadığı binanın qarşısında görüşüb, Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı fərdi yaşayış evinə tərəf getmiş, oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs1 ona Hikmətin evinin hasarından atlanma yolu ilə evin həyətyanı sahənin iç tərəfdən giriş qapısının qarşısında qoyulmuş 1 ədəd samovarı götürməyi təklif etmişdir. Bundan sonra o, təkliflə razılaşaraq Hikmətin evinin hasardan atlanmaq yolu ilə evin həyətyanı sahəsinə daxil olmuş və yerdə qoyulmuş 1 ədəd gümüşü rəngli samovarı götürüb hasardan Təqsirləndirilən şəxs1 vermiş, həmçinin onlar hadisə yerindən uzaqlaşıb, Təbrizin yaşadığı binaya tərəf getmişlər. Orada Təbriz oğurladıqları 1 ədəd samovarı ona təhvil verib yaşadığı evə getmiş, o, isə oradan uzaqlaşaraq öz yaşadığı ünvana getmiş, habelə əlində olan 1 ədəd samovarı yaşadığı evin yaxınlığında yerləşən uçuq vəziyyətdə olan tikilinin içərisində gizlətmişdir. 11 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində o, yenidən Təqsirləndirilən şəxs1la sonuncunun yaşadığı binanın qarşısında görüşmüş, həmçinin Siyəzən ərazisində gəzmək qərarına gəlmişlər. Siyəzən şəhərinin A.Mustafayev küçəsində piyada hərəkətdə olduqları vaxt həmin küçədə yerləşməklə, Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin darvazasının açıq olduğunu görmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs1 darvazaya tərəf yaxınlaşıb içəriyə daxil olmuş, habelə oradan, iç tərəfdən darvazanın sol hissəsində qapısı olmayan dolabın içərisində 1 ədəd gümüşü samovarı görüb, götürmüşdür. Daha sonra, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 evinin qarşısında həmin samovarı ona verib oradan uzaqlaşaraq yaşadığı ünvana getmiş, o, isə əlindəki 1 ədəd samovarla 1 gün əvvəl oğurladıqları samovarı saxladığı tikiliyə tərəf getmiş, həmin samovarı da oradan götürüb, ümumilikdə 2 ədəd gümüşü rəngli samovarla “Buta” restoranına gedərək həmin restoranı işlədən X3 ilə görüşmüş, sonuncuya əlindəki samovarların ona məxsus olduğunu və satmaq istədiyini bildirdikdə, Elçin bu samovarlara görə ona cəmi 100 manat məbləğində pul verə biləcəyini qeyd etmişdir. Razılıq əsasında o, 2 ədəd samovarı Elçin İsgəndərova təhvil verib, 100 manat pulu alaraq, oradan uzaqlaşmışdır. Bundan əlavə, o, 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1la Siyəzən şəhər mərkəzi parkında görüşdükdə, sonuncuya samovarların satışından 100 manat əldə etdiyini bildirmiş, habelə onlar bu məbləği ərzaq mağazasında xərcləmişlər. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, hadisə vaxtı evdə olmamış, o cümlədən xəstəliyi ilə əlaqədar X7 Diaqnostika Mərkəzindən buraxıldıqdan sonra 06 oktyabr 2022-ci il tarixdə müalicə almaqda köməklik göstərilməsi üçün 10 gün ərzində Siyəzən şəhərində yaşayan qardaşı Arif Mahmudovun evinə qalmışdır. Həmin ərəfədə, yəni 09 oktyabr 2022ci il tarixdə saxladığı toyuq-cücəyə dən vermək məqsədilə yaşadığı Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı fərdi yaşayış evinə getmiş, o vaxt samovar evinin həyətyanı sahəsində olsa da, növbəti dəfə, yəni 12 oktyabr 2022-ci il tarixdə gəldikdə, samovarı yerində görməmişdir. Bundan sonra, Siyəzən RPŞ-nin İTB-nin mərhum sahə rəisi Elmir müəllimə zəng vurub anasından yadigar qalmış samovarının oğurlanması barədə məlumat vermiş, RPŞ-yə də ərizə ilə müraciət etmişdir. Eyni zamanda, dəyəri təxminən 200 manat məbləğində samovarı polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Odur ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla hər hansı bir formada düşmənçilik və ədavəti olmamışdır. Oğurluq hadisəsi 11 oktyabr 2022-ci il tarixdə, saat 19:00 radələrində baş versə də, bundan məlumatları olmamış, yalnız 12 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yuxudan oyandıqda, dəm çaynikini qapının qarşısında görüb təəccüblənmiş, həyətyanı sahəyə çıxdıqda isə samovarın yerində olmadığını görmüşdür. Bundan sonra, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş, 13 oktyabr 2022-ci il tarixdə isə Siyəzən RPŞ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Eyni zamanda, anasından yadigar qalmaqla, dəyəri təxminən 240 manat təşkil edən samovarı polis əməkdaşları tərəfindən ona qaytarılmışdır. Odur ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 9/7499 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd təxminən 6 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 200 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 9/7500 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “Тула” sözləri olan təxminən 6 litr su tutumlu odun samovarının istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 240 manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 14-15-ci, 21-22-ci, 29-30-cu, 172-180ci vərəqələrində olan müvafiq olaraq 12, 13, 15 oktyabr və 18 noyabr 2022-ci il tarixli baxış keçirmə və götürmə, eləcə də ifadənin hadisə yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müvafiq olaraq 10-11 oktyabr 2022-ci il tarixlərdə, saat 21:00 və 19:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Siyəzən şəhərinin İsmət Qayıbov küçəsindəki 61 saylı və Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhərinin A.Mustafayev küçəsindəki 8 saylı fərdi yaşayış evlərinin həyətyanı sahələrinə qanunsuz daxil olaraq oralardan sonunculara aid samovarları oğurlamalarını etiraf etmiş, habelə baş vermiş hadisələrin törədilmə mexanizmini təfərrüatlı şəkildə izah edərək, olanları bir daha təsdiq etmişlər. Bundan əlavə, X3 15 oktyabr 2022-ci il tarixdə Siyəzən RPŞ-yə yaxınlaşaraq, 11 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona 2 ədəd gümüşü rəngli samovarı özünə məxsus bildirib, satdığını qeyd etmiş, həmçinin araşdırma zamanı həmin samovarların oğurlandığı məlum olduğuna, eləcə də sübut əhəmiyyəti kəsb etdiklərinə görə onlar müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 210-212-ci vərəqəsindəki 29 dekabr 2022-ci il tarixli cinayət işi üzrə əşyaların maddi sübut hesab edilməsi barədə, 220-227-ci vərəqələrindəki 22 yanvar 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan, eləcə də zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 14 fevral 2023-cü il tarixli ərizələrindən görünür ki, X1 istintaqa təqdim etdiyi, habelə maddi sübut kimi tanınmaqla, Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş 1 ədəd təxminən 6 litr su tutumlu odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd üzərində “Тула” sözləri olan təxminən 6 litr su tutumlu odun samovarı isə digər Zərərçəkmiş şəxs2 qaytarılmış, həmçinin Elçin İsgəndərovun iki ədəd gümüşü rəngli samovarı istintaqa könüllü təqdim etdiyi zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd kompakt disk də, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 181-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 noyabr 2022-ci il tarixli tələbnaməsindən, eləcə də işin 200-205-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2010-cu il tarixli, 1(059)-45/2010 saylı hökmünün surətindən görünür ki, İlyasov X5 Rayon Məhkəməsinin 19 iyul 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, əmlakı müsadirə edilməməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 sentyabr 2014-cü il tarixdə isə o, cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs1 üzərində məhkumluğu olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 noyabr 2022-ci il tarixli tələbnamədən, işin 189-199-cu vərəqələrində olan Siyəzən Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 1(059)-20/2020 saylı hökmünün, eləcə də iş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(002)-121/2022 saylı qərarının və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin 13 iyun 2022-ci tarixli, xx/xx-3255 nömrəli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 68.1.1-1-ci və 67.1-ci maddələri tətbiq edilməklə, üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş qalan 1 il 1 ay 5 gün azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılmış, habelə 10 iyun 2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad olunmuşdur. Beləliklə, hazırkı cinayət əməllərinin törədildiyi vaxt Təqsirləndirilən şəxs2 üzərində məhkumluğu olmuşdur. Cinayət işinin 99-100-cü səhifələrində olan 15 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 168-171-ci səhifələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 4(059)-49/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Siyəzən rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi X4 vəsatəti təmin edilməmiş, həmçinin Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 160-161-ci vərəqələrindəki 17 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-166-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 4(059)-48/2022 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə istintaq müddəti həddində, yəni 2 ay 18 gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 146-147-ci vərəqələrində olan xasiyyətnamədən, arayışlardan, həmçinin iş materiallarına əlavə edilmiş vəsiqədən, elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan həmçinin himayəsində 15 sentyabr 2016-cı il Giləbacı adında bir azyaşlı uşağı olan şəhid qardaşı Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİH-in Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 148-149-cu vərəqələrində olan arayışdan, xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 barəsində Siyəzən RİH-in Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş qəbzlərdən, habelə zərərçəkmiş şəxslər tərəfindən 14 fevral 2023-cü il tarixdə tərtib olunmuş ərizələrdən görünür ki, onlar ərizələrində dəymiş zərərləri tam şəkildə ödənildiyinə, yəni samovarları onlara qaytarıldığına görə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadığını göstərmiş, həmçinin sonunculara yüngül cəza təyin edilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun şəhid qardaşı olmaqla, himayəsində 15 sentyabr 2016-cı il Giləbacı adında bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, oğurluq əməllərinin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayət əməlinə görə verilmiş cəzadan nəticə çıxarmamasını, bununla da, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, lakin, barəsində yuxarıda sadalanan yüngülləşdirici halların, xüsusilə də şəhid qardaşı olmaqla, himayəsində 15 sentyabr 2016-cı il Giləbacı adında bir azyaşlı uşağının olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddi həcmində cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 15 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması Cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxslərin əmlaklarını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, oğurluq əməllərinin törədilməsində iştirakını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər bu kateqoriyadan törətdiyi cinayət, eləcə də inzibati xəta əməllərinə görə çəkdiyi cəzadan, verilmiş tənbehlərdən nəticə çıxarmamasını, habelə qısa müddət əvvəl, barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinin tətbiq edilməsi ilə əlaqədar cəzasının müddətinin azaldılmasına, nəticədə cəzaçəkmə müəssisəsindən azad olunmasına baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah, o cümlədən tərbiyə olunmamasını, yeni cinayət törətməyə meylliyini) və onun tərəfindən əvvəldə olduğu kimi mülkiyyət əleyhinə kateqoriyadan olan cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin ½ hissəsi həcmində cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd təxminən 6 litr su tutumlu odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd üzərində “Тула” sözləri olan təxminən 6 litr su tutumlu odun samovarı isə digər Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməli, həmçinin digər maddi sübut X2 iki ədəd gümüşü rəngli samovarı könüllü istintaqa təqdim etdiyi zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd təxminən 6 litr su tutumlu odun samovarı Zərərçəkmiş şəxs1, 1 ədəd üzərində “Тула” sözləri olan təxminən 6 litr su tutumlu odun samovarı isə digər Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin, həmçinin digər maddi sübut X2 iki ədəd gümüşü rəngli samovarı könüllü istintaqa təqdim etdiyi zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd kompakt disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar