Məhkəmə qərarları › İş №1(059)-13/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-13/2021

04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-13/2021 04.05.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 04 may 2021-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1987-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs öz şəxsiyyətini kənar şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub 20 avqust 2020-ci il tarixdə saat 16:00 radələrindən 18:00 radələrinədək olan müddət ərzində Zərərçəkmiş şəxs Siyəzən rayonu, Alxanlı kəndində görüşə gəlməyərək onu gözlətməsini bəhanə edərək Siyəzən şəhərinə gələrək axtarmış, həmin gün saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən Çıraqqala restoranının qarşısında Zərərçəkmiş şəxs etibarnamə və sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ 2107 markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olan zaman görüb özünün idarə etdiyi Hyundai Accent markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobil ilə təqib edib Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən "AZPETROL" YDM ilə üzbəüz yerləşən avtomobil təmir sexinin həyətində özünün idarə etdiyi avtomobilin yük yerində gəzdirdiyi, 1995 №-li şəhadətnamə ilə öz adına olan, 18250567 №-li, yivsiz, 12 kalibrli CHURCHİLL markalı yivsiz, odlu ov silahını götürərək özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, digər şəxslərin gözü qarşısında ətafdakıların qanuni mənafelərinə toxunan hərəkətlərə - xuliqanlığa yol verərək Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **-FD-*** dövlət nömrə nişanlı avtomobilin alın şüşəsinin yuxarı hissəsinə 2, avtomobilin qabaq radiator hissəsinə 1, avtomobilin alın şüşəsinin alt hissəsinə 1 ədəd güllə ataraq avtomobilin alın şüşəsini məhv etməklə və şüşəsilən rezinin dəmirini zədələməklə Zərərçəkmiş şəxs 52 manat miqdarda maddi ziyan vurmaqla nəticələnən silah istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, mövsümü olaraq ov etmək üçün 01 noyabr 2018-ci il tarixdə 12 kalibrli, “Churchill” markalı 18250567 nömrəli yivsiz ov silahı almış, həmçinin silahdan istifadə etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən 1995 nömrəli şəhadətnamə əldə etmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımış, münasibətləri normal olmuşdur. Təxminən 2020-ci ilin may ayında, saat 14:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində “Daewoo Centra” markalı avtomobillə hərəkət edərkən Siyəzən şəhəri avtovağzalın çıxışında Cəmil idarə etdiyi avtomobil ilə H.Əliyev küçəsinə, yəni baş yola çıxmışdır. Bu zaman Cəmilin idarə etdiyi avtomobilə yol verə bilmədiyindən sonuncu əl hərəkətləri ilə buna etiraz etmiş, o, isə avtomobilin şüşəsindən “nə qışqırırsan” deyib yoluna davam etmişdir. Bu hadisədən sonra uzun müddət Siyəzən rayonuna gəlməmiş, Abşeron rayonu, Kristal yaşayış kompeksində kirayə tutuduğu evdə qalmışdır. 2020-ci ilin iyun ayında Siyəzən şəhərinə gəldiyində təsadüfən axşam 21:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Elkin” marketinin qarşısında Cəmili görmüş, bu zaman sonuncunun ona tərəf gəldiyini görüb ona yaxınlaşmış və ondan nə baş verdiyini soruşmuş, Cəmil isə ona kobud cavab vermişdir. Daha sonra, Cəmildən mobil nömrəsini alaraq taksiyə əyləşib Siyəzən şəhərində yerləşən evinə gəlmiş, səhəri gün yenidən sonuncuya zəng etsə də, o, telefona cavab verməmişdir. Daha sonra, Abşeron rayonu, Xırdalan şəhərinə qayıtmış, orada olarkən Cəmil zəng edərək harada olduğunu soruşmuş, o, isə şəhərdə olduğunu, dünən ona zəng etsə də, telefona cavab vermədiyini bildirmişdir. Cəmilə üzbəüz danışıb görüşməyi təklif etdiyində sonuncu naliyiq söyüşlər söyərək telefonu bağlamışdır. Bundan sonra, Cəmilə zəng etsə də, o, telefona cavab verməmişdir. Həmin gün axşam radələrində yenidən Cəmilə zəng edərək niyə söyüş söydüyünü soruşmaq istədiyində sonuncu yenidən əxlaqsız söyüşlər söyməyə başlamışdır. Cəmilin bu hərəkətindən qəzəbləndiyindən həmin hadisədən 2-3 gün sonra, 19 avqust 2020-ci il tarixdə Cəmillə görüşmək məqsədilə yenicə kirayə götürdüyü “Hyundai accent” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən şəhərinə gələrək, həmin gün saat 15:00 radələrində yenidən Cəmilə zəng edib, ona görüşməyi təklif etmişdir. Cəmil görüşməyə razılıq versə də, görüşə gəlməmişdir. 20 avqust 2020-ci il tarixdə təxminən saat 15:00 radələrində Siyəzən şəhərində olarkən spirtli içki qəbul edib yenidən Cəmilə zəng edərək onu gözlədiyini söyləmiş, Cəmil isə cavabında “görüşəcəyikdə, darıxma” deyə bildirmişdir. Cəmilə Siyəzən rayonu, Alxanlı kənd yoluna getdiyini və onu da orada gözlədiyini bildirdikdə Cəmil gələcəyini qeyd etmişdir. Saat 16:00 radələrində Siyəzən rayonu, Alxanlı kənd yoluna çatdıqda təxminən 2 saat Cəmili orada gözləsə də, sonuncu gəlməmişdir. Bundan sonra, Cəmilə sonuncu dəfə zəng edərək ondan “gəlmirsən ?” deyə soruşduğunda Cəmil qarşılığında əxlaqsız ifadələr işlətmişdir. Bu zaman Cəmilə söydüyü söyüşlərə cavab olaraq “sənin cinsiyyət orqanını kəsib sənə yedizdirərəm” deyə bildirmiş, Cəmil isə yenidən əxlaqsız söyüşlər söyməyə davam etmişdir. Daha sonra, Alxanlı kənd yolundan çıxaraq Siyəzən şəhəri istiqamətində hərəkətə davam etmiş və Siyəzən rayonu “Çıraqqala” restoranın qarşısından keçən zaman yolda Cəmilin avtomobilini görmüşdür. Bundan sonra, avtomobilini Cəmilin idarə etdiyi avtomobilin arxası ilə sürüb sonuncunun Siyəzən şəhərində “Azpetrol” YDM-nin qarşısından avtomobil təmir sexlərinə tərəf getdiyini görüb dərhal maşınını oraya sürürək saxlamışdır. Maşından düşən kimi avtomobilin yük yerindən özünə məxsus ov silahını götürüb Cəmilə tərəf getdiyində sonuncunun avtomobilini arxa-arxaya idarə etməsini görmüşdür. Bu zaman Cəmilə avtomobili saxlaması üçün qışqırıb ov silahından avtomobilin yuxarı hissəsinə 1 dəfə atəş açsa da, Cəmil avtomobili saxlamamış, o, isə yenidən avtomobilin yuxarı hissəsinə 2-ci dəfə atəş açmışdır. Buna baxmayaraq, Cəmil avtamobili saxlamamışdır. 3-cü atəşi avtomobilin radiator hissəsinə, 4-cü atəşi də avtomobil istiqamətində açsa da, Cəmil avtomobili sürüb oradan getmişdir. Qayıdanda yerdə olan 4 ədəd gilizi və ov silahını da götürüb avtomobilə əyləşərək oradan uzaqlaşıb, Şabran rayonu istiqamətində, oradan isə körpünün üstündən Xırdalan şəhərinə, yaşadığı evə getmişdir. Bir müddət şəhərdə qaldıqdan sonra atası Vaqifə zəng edərək hadisə barədə məlumat vermişdir. Atası isə Cəmilin tutulduğunu bildirib, ona da, təslim olmağı təklif etmişdir. Bu hadisədən bir müddət sonra, yəni, 31 avqust 2020-ci il tarixdə gəlib təslim olmağı qərara almışdır. Əslində 4 dəfə atəş açmaqda məqsədi Cəmili qorxutmaq olmuş, Cəmilə atəş açarkən ətrafda heç kim olmamışdır. Hadisə 20 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” X3 ilə üzbəüz olan avtomobil təmiri sexinin qarşısında Cəmilin ünvanına əxlaqsız söyüşlər söyməsi səbəbindən baş vermişdir. Bakı şəhərində fərdi olaraq işlədiyindən ölkə ərazisində elan edilmiş karantin tədbirləri ilə əlaqədar Siyəzən şəhərinə gələ bilməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 əvvəllər də, tanımış və aralarında normal münasibətləri olmuşdur. 18 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində Ceyhun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsindəki ***-***-**-** saylı mobil nömrəyə zəng edərək görüşmək istədiyini o, isə cavabında Ceyhuna “gəl görüşək, amma gec olmasın” deyə bildirmişdir. Daha sonra, Ceyhun “rayona gələcəm yığacam səni” söyləmişdir. Bundan sonra, Ceyhunun zəngini gözləsə də, sonuncu zəng etməmişdir. Ceyhunun hansı səbəbdən onunla görüşmək istədiyini bilmişdir. Belə ki, tanışları arasında söhbət olan zaman Ceyhunun yaxşı oğlan olmadığını söyləmiş, o, da bu söhbəti eşitmişdir. 20 avqust 2020-ci il tarixdə, saat 13:00 radələrində Ceyhun yenidən zəng edərək görüşmək istəsə də, bu dəfə Ceyhuna “işim var, görüşə bilmərəm, adamlar var yanımda” deyə cavab vermişdir. Həmin gün axşam 17:00 radələrində tanışı Xoşbəxtə zəng edərək “maşınımı düzəltdirməyə gedəcəm, səndə gəl mənimlə” söyləyərək onunla Siyəzən şəhəri, H.Əliyev küçəsində görüşməyi razılaşdırmış,, habelə sonuncu ilə danışıb qurtardıqdan sonra Ceyhun yenidən zəng edərək görüşmək istədiyini və hal-hazırda onu gözlədiyini bildirmişdir. Ceyhuna Siyəzən şəhərində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında olan Ramazan adlı şəxsin avtomobilin təmiri sexinə getdiyini, onu da orada gözləyəcəyini bildirmişdir. Bundan sonra, Siyəzən şəhəri, H.Əliyev küçəsində Xoşbəxtlə görüşüb avtomobil təmiri sexinə tərəf getmişlər. X5 görüşəcəyini bildirmişdr. Ceyhunla aralarında olan söz-söhbət haqqında məlumatı olduğuna görə Xoşbəxt ona mehriban olmalarını məsləhət görmüşdür. Bundan sonra, Xoşbəxti Ramazının sexinin qarşısında düşürərək ona “gedim Ceyhunla görüşüm gələcəm” deyə bildirmişdir. Xoşbəxt avtomobildən düşəndə saat 18:00 radələrində Ceyhunun ağ rəngli “Hyundai” markalı avtomobil ilə gəlməsini, avtomobilini Quba istiqamətində onun avtomobilinin arxasında saxladığını və Ceyhunun əlində tüfənglə avtomobildən düşdüyünü görmüşdür. Ceyhun əlində olan tüfənglə onun avtomobilinə atəş açmağa başladığında dərhal avtomobili arxa-arxaya sürərək oradan uzaqlaşmışdır. Ceyhunun tüfəngdən atdığı güllələr idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107” markalı avtomobilin ön şüşəsinə dəydiyindən avtomobilin ön şüşəsi tamamilə qırılmışdır. Oradan uzaqlaşdıqdan sonra Ceyhuna zəng etsə də, sonuncu zənglərinə cavab verməmişdir. Bundan sonra, evə gedib avtomobili həyətdə saxlayaraq maşın üçün ön şüşə axtarmağa getmişdir. Siyəzən şəhərində avtomobilin ön şüşənin dəmirçi Ağamirzədə olmasını öyrəndikdən sonra, sonuncunun işlədiyi Siyəzən şəhərinin çıxışında yerləşən sexinə getmişdir. Ağamirzə “VAZ2107” markalı avtomobil üçün ön şüşəsi olduğunu və 20 manata satdığını bildirdikdə ona 20 manat pul verərək avtomobilin ön şüşəsini almışdır. Ağamirzə ön şüşəni özünün quraşdıra biləcəyini soruşduqda, sonuncuya özü quraşdıra biləcəyini qeyd etmiş və buna görə ondan ip almışdır. Bundan sonra, evə gəlib avtomobilin köhnə ön şüşəsini çıxararaq yerinə yeni alın şüşəsini qoymuş, köhnə ön şüşəni isə avtomobilə qoyaraq Siyəzən şəhəri, Gənclik qəsəbəsində gedərək qamışlıqların arasına atmışdır. Təqsirləndirilən şəxs aralarında olan söz-söhbətə görə ona atəş açmış və həmin hadisə zamanı Xoşbəxt də, orada olmuşdur. Təqsirləndirilən şəxs ilk atəş açdığı zaman aralarında 20-25 metr, avtomobilin alın şüşəsinə atəş açdığı zaman isə 40 metr məsafə olmuşdur. Avtomobilə atılan atəş nəticəsində heç bir xəsarət almamış, əlində olan dərəcəsi təyin edilməyən xəsarətin avtomobili təmir edən zaman almışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 20 avqust 2020-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ona zəng edərək avtomobilini düzəltmək üçün birlikdə Siyəzən şəhərində yerləşən Atabala adlı şəxsin avtomobil təmiri sexinə getməyi xahiş etmişdir. Bu səbəbdən 20 avqust 2020-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhəri 1 saylı tam orta məktəbin yanında Cəmil ilə görüşərək, sonuncunun idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobilə əyləşib, “Azpetrol YDM”-nin yaxınlığında yerləşən Atabala adlı şəxsin sexinə getmişdir. O, sexin qabağında avtomobildən düşmüş, Cəmil isə “Azpetrol” YDM-ə yanacaq doldurmaq üçün gedəcəyini bildirmişdir. Piyada sexə tərəf gedərkən arxadan avtomobil səsi gəldiyi üçün, həmçinin güllə səsi eşitdiyindən arxaya çevrilib baxdığında Cəmilin avtomobilinin arxa-arxaya hərəkət etməsini, eyni zamanda qarşıdan avtomobil istiqamətində bir nəfərin əlində tüfəng ilə avtomobilə atəş aça-aça gəlməsini görmüşdür. Həmin şəxs əlindəki tüfənglə Cəmilin avtomobili istiqamətində təxminən 4-5 dəfə atəş açsa da, sonuncu avtomobili sürərək oradan uzaqlaşmışdır. Atəş açan Ceyhun adlı şəxsin sonradan öz avtomobilinə əyləşib Quba istiqamətində hərəkət etdiyini görmüşdür. Bu zaman Atabala da sexə gələrək nə məsələ olduğunu soruşduğundan baş vermiş hadisə barədə Atabalaya danışmış, sonuncu özü də güllə səslərini eşitdiyini bildirmişdir. Hadisə baş verən zaman hadisəni görmüş və hadisə baş verməzdən əvvəl Zərərçəkmiş şəxs məxsus avtomobildə suvaq izləri olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, özünə məxsus olan evin həyətindən fərdi əmək fəaliyyəti ilə yəni, avtomobil təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs isə əvvəllər də tanıyımışdır. Belə ki, 20 avqust 2020-ci il tarixdə, axşam 21:00 radələrində məhəllədə olarkən Cəmil ora gələrək avtomobil üçün ön şüşəsinin olub-olmadığını soruşduqda, sonuncuya işlənmiş “VAZ2107” markalı avtomobilin ön şüşəsinin olduğunu bildirmişdir. Bu zaman Cəmil hansı qiymətə satdığını soruşduğundan ona 20 manata satdığını bildirmişdir. Bundan sonra, Cəmil ona 20 manat pul, o, isə evin həyətində saxladığı avtomobil üçün nəzərdə tutulan ön şüşəni Cəmilə vermişdir. Cəmildən ön şüşəni taxa biləcəyini soruşduqda o, özü bunu düzəldə biləcəyini bildirib, buna görə ondan ip istəmiş, o da, ona avtomobilin alın şüşəsini taxmaq üçün ip vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 3/1315 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silgəcin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda batıq zədələri vardır. Zədələrin formasına, morfoloji quruluşuna əsasən həmin zədələr hamarlüləli (yivsiz) odlu silahdan açılan atəşlə qırmaların təsirindən yetirilməyə xarakterikdir. Batıq zədələrinə görə atəşin hansı ölçüdə qırmanın təsiri nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Cinayət işinin 80-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2020-ci il tarixli, 3/1315 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ballistik ekspertizası tədqiqatnın dəyəri 70 manat təşkil edir. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli, 3/1270 saylı ekspert rəyindən görünür ki, 1 ədəd silah-zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Churcill” modelli, “18250567” nömrəli təhlükəli, yivsiz odlu ov tüfəngidir. Silahın üzərindəki zavod işarələrində hər hansı bir dəyişiklik eyni zamanda hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin 84-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 oktyabr 2020-ci il tarixli, 3/1270 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə ballistik-trasoloji ekspertizası tədqiqatnın dəyəri 64 manat təşkil edir. Cinayət işinin 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 9/5515 saylı ekspert rəyindən görünür ki, “Vaz 2107” markalı avtomobilin qabaq şüşəsinin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 40 manat, iki ədəd şüşə silənin qiyməti isə 12 (2x6m) manat müəyyən edilir. Cinayət işinin 118-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 9/5515 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatnın dəyəri 100 manat təşkil edir. Cinayət işinin 24-25-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 01 sentyabr 2020-ci il tarixli, 145 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ və sol əlin üç ədəd səthi kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 20 avqust 2020-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Cinayət işinin 22-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 01 noyabr 2018-ci il tarixdə verilmiş 1995 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 kalibrli, “Churcill” modelli, “18250567” nömrəli ov silahı Təqsirləndirilən şəxs oğlunun adına rəsmiləşdirilmişdir. Cinayət işinin 135-146-cı vərəqələrində olan 07 yanvar 2021-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunlu ittiham verilməklə, onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, həmçinin onun əməlində CM-nin 29, 120, 134 və 228.1-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Eyni zamanda qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ** FD *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş iki ədəd şüşə silən maddi sübut kimi tanınmaqla saxlanılması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağına, Təqsirləndirilən şəxs məxsus zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Churcill” modelli, “18250567” nömrəli təhlükəli, yivsiz odlu ov tüfəngi isə maddi sübut kimi tanınaraq saxlanılması üçün Siyəzən RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs “Churcill” modelli, “18250567” nömrəli ov silahını təqdim etməsini özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 oktyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 113-114-cü vərəqələrində olan 29 dekabr 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 65-66-cı vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzə şəhəri, H.Talıbov küçəsi, ev 1, mənzil 43 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Mənzil İstismar Sahəsinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 1995 №-li şəhadətnamə ilə öz adına olan, 18250567 №-li, 12 kalibrli CHURCHİLL markalı yivsiz, odlu ov tüfəngindən istifadə etməklə özünü ətrafdakılara qarşı qoyub davranışı ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işini materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən baş müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 07 yanvar 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yeni məzmunlu ittihamın verilməsinə, habelə onun əməlində Azərbaycan Respublikası CM-nin 29, 120, 134 və 228.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 221.3-cü maddəsi ilə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, gənc olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Bundan əlavə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. CM-in 221.3-cü maddəsi xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində bu cinayətin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Bu, xüsusilə qərəzli xuliqanlıq hesab edilir. Xüsusilə qərəzli xuliqanlıq təkcə təqsirkarın silah və ya silah qismində istifadə edilən əşyaların köməyilə zərərçəkmişin sağlamlığına zərər vurduğu və ya zərər vurmağa cəhd etdiyi halları deyil, həm də vətəndaşların həyatı və ya sağlamlığı üçün real təhlükə yaratdığı halları əhatə edir. Silah tətbiq etmə dedikdə, yalnız zərərçəkmişin sağlamlığına fiziki zərər vurulması və ya buna cəhd etmə deyil (məsələn, insana atəş açarkən güllənin yan keçməsi, bıçaqla zərbə vurmağa cəhd etmə və s.), həm də silahı nümayiş etdirməklə hədələmə başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011 -ci il tarixli Qərarında da deyilir ki, CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Xüsusilə qərəzli xuliqanlıq bu cinayətin törədilməsi prosesində silahın və ya silah qismində istifadə edilən əşyaların faktiki tətbiq edildiyi andan başa çatmış hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ictimai təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, ictimai yerdə, o cümlədən Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən “Azpetrol” X3 ilə üzbəüz olan avtomobil təmiri sexinin qarşısında özü ilə gətirdiyi silahdan istifadə etməsi nəticəsində həm mübahisə iştirakçısının, həm də digər şəxslərin həyat və sağlamlıqlarına da təhlükə yaratması, əmlakına zərər yetirdiyi şəxsin vəziyyətinə laqeyd münasibət bəsləməklə, soyuqqanlı şəkildə hadisə yerini tərk etməsini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinini üçdə ikisi həddinə yaxın həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 04 may 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci bəndinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Churcill” modelli, “18250567” nömrəli təhlükəli, yivsiz odlu ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilməli, həmçinin Təqsirləndirilən şəxs “Churcill” modelli, “18250567” nömrəli ov silahını təqdim etməsini özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işində saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus ** FD *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş iki ədəd şüşə silən hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 234 (iki yüz otuz dörd) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus ** FD *** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş iki ədəd şüşə silən hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də növbətçi hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “Churcill” modelli, “18250567” nömrəli təhlükəli, yivsiz odlu ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilməklə dövlət nəfinə keçirilsin, həmçinin Təqsirləndirilən şəxs “Churcill” modelli, “18250567” nömrəli ov silahını təqdim etməsini özündə əks etdirən 1 ədəd Compakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 234 (iki yüz otuz dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar