Məhkəmə qərarları › İş №1(059)-14/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-14/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-14/2022 15.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə 15 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 6,224 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 16 sentyabr 2021-ci il tarixdə, saat 19:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən satıcı qismində işlədiyi “Məhəllə market” adlı mağazada saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,224 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1 ilə yaxın müddət olar, çəkmə üsulu ilə narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 16 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvanın qarşısında olarkən, yolun qırağında diqqətini cəlb edən, habelə içərisində qurudulmuş marixuana kütləsi olan kibrit qutusunu şəxsi istifadəsi üçün özü ilə götürüb, əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibinə qoymuş və satıcı işlədiyi, Siyəzən şəhəri, Heydər Əliyev küçəsində yerləşən “Məhəllə market” adlanan mağazaya getmişdir. İşlədiyi mağazada olarkən polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitələrin saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək RPŞ-yə dəvət etdiklərində, buna etirazının olmadığını bildirmişdir. RPŞ-nin növbətçi hissəsində müstəntiq, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyini, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın olduğunu bildirib, habelə şəxsi axtarışa başlamazdan əvvəl hüquq, vəzifələrini və müdafiə hüquqlarını izah edib, bu barədə bildiriş təqdim etmiş və o da, bildirişi imzalamaqla götürüb, hüquqlarının Müdafiəçi tərəfindən müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. Sonra, üzərində şəxsi axtarış keçirilərkən təklif əsasında əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd pul qabını və içərisində narkotik maddə qurudulmuş marixuna olan kibrit qutusunu təqdim etmişdir. Bundan sonra, ilk olaraq pul qabına baxış keçirilərkən oradan, rəsmi sənədlərinin və 6 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinasları formasında ümumilikdə 11 manat pulunun olduğu müəyyən olunmuşdur. Daha sonra, təqdim etdiyi 1 ədəd kibrit qutusuna baxış keçirilmiş, bu zaman qutunun içərisindəki kütlənin nə olduğu soruşulduqda, həmin kütlənin “nəşə” olduğunu bildirmiş və polis əməkdaşları tərəfindən kibrit qutusunun ağzı açıldıqda orada narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən olunmuş, habelə həmin 1 ədəd kibirt qutusu yenidən əvvəlki qaydada ağzı bağlanılaraq masanın üzərinə qoyulmuşdur. Bundan sonra, üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş və bu zamanı üzərindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar olunsa da, əlavə qanunla qadağan olunan hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və psixi təsir olunmayıb, ifadəsini özü sərbəst formada vermiş, həmçnin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, habelə üzərində narkotik vasitə saxlamasından ailə üzvlərinin və digər şəxslərin məlumatı olmamışdır. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Siyəzən şəhəri sakini Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə 16 sentyabr 2021-ci il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunaraq, RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Siyəzən RPŞ-nin rəhbərliyinin tapşırığı ilə həmin gün saat təxminən 19:00 radələrində RPŞ-nin Məlumat Portalının operatoru Şahid4 Qiyas oğlu ilə birlikdə Siyəzən şəhəri, H.Əliyev küçəsinə gedərək orada yerləşən Təqsirləndirilən şəxs işlədiyi “Məhəllə market” adlı mağazanı müşahidəyə götürmüş və bir qədər sonra sonuncunun mağazada olduğunu görmüşdür. Bundan sonra, mağazaya daxil olaraq, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlamasına dair əsaslı şübhə olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-nə dəvət etmiş, sonuncu da üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə rayon Polis Şöbəsinə getməyə razılıq vermişdir. RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, bundan öncə sonuncuya və digər iştirakçılara qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs müdafiə hüququ təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmiş və onun barəsində araşdımanın aparılması İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan göy rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd kibrit qutusunu və pul qabını çıxararaq, masanın üzərinə qoymuş və kibrit qutusu Şahid4 tərəfindən açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuş, habelə şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, bu zaman sonuncunun üzərindən qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzəri möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi əvvəldən axıra kimi RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 tərəfindən "Nikon" markalı fotoaparatla çəkilməklə, qeydə alınmış, həmçinin şəxsi axtarış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bu barədə tərətib olunaraq ucadan oxunmuş protkol doğru olduğundan iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahidlər Siyəzən RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin İNQBK təhlükəsizliyi qrupunun baş inspektoru Şahid3, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 sentyabr 2021-ci il tarixli, 7/951 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış zərfdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,224 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,03 qram sərf olunduqdan sonra marixuananın qalıq çəkisi 6,194 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizasının dəyəri 89 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 24 sentyabr 2021-ci il tarixdə verilmiş 3610 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-23-cü vərəqələrində olan 16 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 16 sentyabr 2021-ci il tarixdə saat 19:40-dan saat 19:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynində olan göy rəngli cins şalvarın qabaq sağ yan cibindən 1 ədəd kibrit qutusunda aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-90-cı vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 08 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,194 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 16 sentyabr 2021-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Compakt Disk də iş üzrə maddi sübut kimi tanınmaqla, cinayət işi materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 72-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-cı vərəqəsində olan 16 sentyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 57-58-ci vərəqələrində olan 18 sentyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-78-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun gənc olmaqla, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayət olmamasını, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdən 18 sentyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17-1.6-cı maddəsinə əsasən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 6,194 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və onun üzərində 16 sentyabr 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 6,194 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və Təqsirləndirilən şəxs üzərində 16 sentyabr 2021-ci il tarixdə video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 89 (səksən doqquz) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar