Məhkəmə qərarları › İş №1(059)-15/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-15/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-15/2021 23.06.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin nümayəndəsi X3, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakı ilə 23 iyun 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 1984-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri, xx xxxxxxxx 1979-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabağcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs-yə məxsus Siyəzən-Zarat mənzilinin 2566-cı kilometrliyində həmin dəmir yolu xətlərinə aid, ümumilikdə 196,39 manat dəyərində olan 10 ədəd yarım yararlı KB-65 markalı rels altlıqlarını, 58 ədəd yarım yararlı qoyma boltlarını, 15 ədəd yarım yararlı sıxac boltlarını, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqaları, 28 ədəd yarım yararlı yol mıxlarını, 3 ədəd yarım yararlı calaq boltlarını və 21 kiloqram çəkidə para altlıqları (metallom) özləri ilə gətirdikləri torbalara yığarkən Xaçmaz st. XPŞ-nin xidmətdə olan polis əməkdaşları Şahid2, eləcə də Şahid1 hadisə yerinə gəldiklərini və ifşa olunmalarını gördükdə, Təqsirləndirilən şəxs1 dəmir yoluna aid olan detalları yığdığı kisəni yerə atmış, Təqsirləndirilən şəxs2 isə hadisə yerindən qaçmaqla, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da o, bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabağcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs-yə məxsus Siyəzən-Zarat mənzilinin 2566-cı kilometrliyində həmin dəmir yolu xətlərinə aid, ümumilikdə 196,39 manat dəyərində olan 10 ədəd yarım yararlı KB-65 markalı rels altlıqlarını, 58 ədəd yarım yararlı qoyma boltlarını, 15 ədəd yarım yararlı sıxac boltlarını, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqaları, 28 ədəd yarım yararlı yol mıxlarını, 3 ədəd yarım yararlı calaq boltlarını və 21 kiloqram çəkidə para altlıqları (metallom) özləri ilə gətirdikləri torbalara yığarkən Xaçmaz st. XPŞ-nin xidmətdə olan polis əməkdaşları Şahid2, eləcə də Şahid1 hadisə yerinə gəldiklərini və ifşa olunmalarını gördükdə, Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 isə dəmir yoluna aid olan detalları yığdığı kisəni yerə ataraq öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da o, bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə oğurluğa, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, həmkəndlisi Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanımaqla, sonuncu ilə həmişə yaxşı münasibətləri olmuşdur. O, 20 avqust 2020-ci il tarixdə yaşadığı evdən çıxıb, Siyəzən rayonu, Qalaşıxlı kəndindən Zarat kəndi istiqamətində gedərkən dəmir yolu xətinin kənarında Təqsirləndirilən şəxs1la rastlaşmış, bu vaxt sonuncu ona dəmir yolu xəttindən lazımsız metal detallarını metal qəbulu məntəqəsində satmaq məqsədilə yığdığını bildirmiş, həmin metalları özündə olan boş un kisələrinin içərisinə yığması üçün ondan köməklik göstərməsini xahiş etdikdə, o, buna etiraz etməyib, bu məqsədə un kisəsinin ağzını açıq vəziyyətdə tutaraq Təqsirləndirilən şəxs1 kisəyə metal yığmasına yardm etmişdir. Bundan bir qədər sonra, uzaqdan iki nəfər mülki geyimli şəxsin onlara tərəf gəldiyini görmüş, həmin şəxslərdən öndə gələni yaxınlaşaraq özünü təqdim etməklə, polis əməkdaşı olduğunu bildirdiyi üçün o, qorxduğundan əlində olan kisəni yerə qoyub, oradan qaçmışdır. Bir gün sonra, yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onu Xaçmaz st. XPŞ-yə izahat verməsi üçün dəvət etmiş, o, da sonunculara etiraz etməyərək, Xaçmaz st. XPŞ-yə getmişdir. XPŞ-də olarkən hadisə barədə məhkəmə iclasında qeyd etdiyi məzmunda izahat versə də, polis əməkdaşları baş vermiş hadisə ilə bağlı barəsində inzibati protokol tərtib ediləcəyini bildirib, özlərinin yazdığı və məzmunu ilə onu tanış etmədikləri izahata imza etməsini istəmişlər. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs1la qabaqcadan razılaşıb, oğurluq hadisəsi törətməmişdir. O, Təqsirləndirilən şəxs1la təsadüfən rastlaşaraq sonuncuya götürəcəyi əşyaları kisəyə yığmaq məqsədilə kisənin ağzını açıq vəziyyətdə tutmaqda köməlik etmişdir. Odur ki, göstərdiyi xüsusatların, himayəsində üç yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, digər təqsirləndirilən şəxsin, eləcə də zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə Siyəzən şəhəri, İ.Qayıbov küçəsi ev 35-də qeydiyyatda olsa da, Siyəzən rayonu, Qalaşıxı kəndində yaşayır və üç övladı vardır. Həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə biribirilərini uşaqlıq vaxtlarından tanıyırlar, sonuncu ilə həmişə yaxşı münasibətləri olmuşdur. 20 avqust 2020-ci il tarixdə, saat 11-12:00 radələrində o, evdən yaşadığı kəndin ərazisinə çıxmış, qonşusu Təqsirləndirilən şəxs1 ilə rastlaşmış, sonuncu ilə söhbət edərkən hər ikisi kasıbçılıq və pulsuzluqdan gileylənmişdir. Söhbət zamanı Elnur yaşadıqları evdən bir qədər məsafədə yerləşən dəmir yolu xətlərindən müxtəlif metal detalları çıxardaraq metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etməyi ona təklif etdikdə sonuncu ilə razılaşmışdır. Sonra Elnur yaşadığı evdə bir neçə boş un kisəsi olmasını və relslərdən çıxardıqları detalları kisələrə doldurub rahat apara biləcəklərini ona demişdir. Bundan sonra, onlar həmin yerə gəlməklərinə razılaşaraq bir-birindən aralanmış, Elnur yaşadığı evinə kisələri gətirməyə getmiş, bir qədər sonra razılaşdıqları yerə, dəmir yolu xətlərinin yanına bir neçə kisə sellafon torbalar da gətirmişdir. Onlar yaxınlıqda hər hansı bir şəxsin olmadığına əmin olandan sonra dəmir yolu xətlərindən detalları çıxardaraq Elnurun gətirdiyi kisələrə doldurmağa başlamışlar. Birlikdə iki kisə detal yığdıqdan sonra həmin kisələri yaxınlıqda olan kol-kosluq ərazidə gizlətməklə, üçüncü kisəyə detal yığmağa başlamışlar. Bu vaxt uzaqdan mülki geyimdə olan şəxslərin yaxınlaşmasını görmüş, həmin şəxslərdən öndə gələn şəxs yaxınlaşanda özünü təqdim edərək polis əməkdaşı olduğunu dediyi üçün o, əlində tutduğu üçüncü kisəni buraxaraq ifşa olunduqlarını başa düşüb olduğu yerdən qaçıb getmiş, Elnur isə polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bir gün sonra onun yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onu Xaçmaz st. XPŞ-yə izahatı alınması üçün dəvət etmiş, o da polis əməkdaşlarına etiraz etmədən XPŞ-yə getmiş, hadisə barədə təhqiqatçıya izahat vermişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həmkəndlisi Həsənağanı uşaqlıqdan tanımaqla, münasibətləri yaxşıdır, aralarında ədavət və düşmənçilik yoxdur. Maddi cəhətdən sıxıntısı olduğundan 20 avqust 2020-ci il tarixdə, saat 11-12:00 radələrində yaşadığı kəndin içindən keçən dəmir yolu xəttindən lazımsız metal detallarını metal qəbulu məntəqəsində satmaq üçün yığmaq qərarına gəlmiş, bu məqsədlə yaşadığı evdən özü ilə boş un kisələri götürərək dəmir yolu xəttinin kənarına getmişdir. Orada ətrafda heç kimin olmadığına nəzər yetirib, müxtəlif dəmir metalları özü ilə götürdüyü kisələrə yığmış və iki kisəni metalla doldurduqdan sonra diqqət cəlb etməmək üçün kənarda olan kol-kosun arasında gizlətmişdir. Bir müddət sonra, Siyəzən rayonu, Qalaşıxı kəndindən Zarat kəndi istiqamətində gedən həmkəndlisi Təqsirləndirilən şəxs2la rastlaşmış, sonuncuya dəmir yolu xəttindən lazımsız metal detallarını metal qəbulu məntəqəsində satmaq məqsədi ilə yığdığını bildirmiş və Həsənağadan həmin metalları un kisəsinin içərisinə yığması üçün ona köməklik göstərməsini xahiş etmiş, bu minvalla Təqsirləndirilən şəxs2 un kisəsinin ağzını açıq vəziyyətdə tutaraq, metalları kisənin içərisinə yığmağında ona köməklik etmişdir. Daha sonra, uzaqdan iki nəfər mülki geyimli şəxsin onlara tərəf gəldiyini görmüş, həmin şəxslərdən öndə gələni yaxınlaşaraq özünü təqdim etməklə, polis əməkdaşı olduğunu bildirmiş, bu vaxt polis tərəfindən ifşa olunduğunu başa düşmüş, buna görə həyəcanlanaraq əlində saxladığı, içərisində detallar olan kisəni yerə qoymuş, yanında olan Həsənağa isə qorxduğundan qaçıb naməlum istiqamətdə getmişdir. Sonra polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etmiş, bir qədər əvvəl kolların arasında içərisində dəmir yolu xətlərindən sökdüyü lazımsız detallar olan daha iki kisə gizlətdiyini bildirmiş, polis əməkdaşları həmin yerə hal şahidləri dəvət etmiş və kisələrdəki detalları yerə boşaldaraq baxış keçirmişlər. Həmin yerdə polis tərəfindən keçirilmiş baxışla əlaqədar protokol tərtib edilmiş, həmçinin hadisə yerinə gələn polis əməkdaşları onu Xaçmaz st. XPŞ-yə izahatı alınması üçün dəvət etmiş, o, isə buna etiraz etməyərək polis əməkdaşları ilə XPŞ-yə getmişdir. Xaçmaz st. XPŞ-də olarkən hadisə barədə məhkəmə iclasında qeyd etdiyi məzmunda izahat versə də, polis əməkdaşları baş vermiş hadisə ilə bağlı barəsində inzibati protokol tərtib ediləcəyini bildirmiş, özlərinin yazdığı və məzmunu ilə onu tanış etmədiyi izahata imza etməsini istəmişlər. Bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşıb oğurluq hadisəsi törətməmişdır, sonuncu ona yalnız kisənin ağzını açıq vəziyyətdə tutmaqda köməklik etmişdir. Bununla yanaşı, qeyd edir ki, dəmir yolu xəttindən müxtəlif növ metalları yığarkən hər hansı alətdən istifadə etməmiş, həmin metalları əli ilə yığmışdır. Odur ki, göstərdiyi xüsusatların, himayəsidə iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını və barəsində ədalətli hökm çıxarılmasını xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün, digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs2la qabaqcadan razılaşıb oğurluq hadisəsi törətməməsi, sonuncunun ona yalnız kisənin ağzını açıq vəziyyətdə tutmaqda köməklik etməsi ilə bağlı məhkəmə istintaqı zamanı veridiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 bu cür ifadə verməsi öz məsuliyyətini yüngülləşdirməklə, yanaşı digər Təqsirləndirilən şəxs2 gələcəkdə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs1 hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində 20 avqust 2020-ci il tarixdə, saat 11-12:00 radələrində kəndin içinə çıxarkən qonşusu Həsənağa ilə rastlaşdığını, söhbət zamanı sonuncunun cibində bir qəpik də olsa pulunun olmadığını bildirdiyini, bu vaxt onun Həsənağaya kəndin içindən keçən dəmir yolu xətlərindən gizli yolla müxtəlif detalları sökərək, satıb pul əldə etmələrini təklif etdiyini, Həsənağa ilə razılaşdıqdan sonra, sonuncuya sökəcəkləri detalları yığmaq üçün onun evində olan boş un kisələrini götürüb geri qayıdacağını dediyini, sonra evinə gedərək 9 ədəd böyük ölçüdə olan boş un kisəsi götürdüyünü, həmkəndlisi Həsənağa ilə razılaşdığı yerə qayıtdığını, sonuncu ilə həmin yerdə görüşdükdə ətrafa nəzər yetirib, kənar şəxslərin olmamasına əmin olduqdan sonra dəmir yolu xətlərində müxtəlif detalları, bolt, altlıqlar və digər hissələri sökməyə başladıqlarını və detalları sökdükcə kisələrə yığdıqlarını, iki kisə detal yığdıqdan sonra diqqət çəkməsin deyə həmin detal dolu iki kisəni dəmir yolu xətlərinin kənarında kol-kosun arasında gizlətdiklərini, bundan sonra relslərin yanına qayıdaraq yeni detallar sökərək üçüncü kisəni doldurmağa başlayandan bir qədər sonra uzaq məsafədən mülki geyimli şəxslərin onlara tərəf yaxınlaşmalarını görüb, şübhələnərək hər ikisinin hərəkətlərini dayandırdıqlarını, mülki geyimli şəxslərdən öndə olanı onlara yaxınlaşanda özünü təqdim edərək, polis əməkdaşı olmasını bildirdiyini, bu vaxt polis tərəfindən ifşa olunduqlarını başa düşdüyünü, buna görə həyəcanlanaraq əlində saxladığı, içərisində detallar olan kisəni yerə qoyduğunu, yanında olan Həsənağanın isə ifşa olunduqlarını başa düşərək, qaçıb naməlum istiqamətdə getdiyini, sonra polis əməkdaşlarına hər şeyi olduğu kimi etiraf etdiyini, bir qədər əvvəl kolların arasında içərisində dəmir yolu xətlərindən sökdükləri detallar olan daha iki kisə gizlətdiklərini dediyini, polis əməkdaşları həmin yerə hal şahidləri dəvət etdiyini və kisələrdəki detalları yerə boşaldaraq baxış keçirdiklərini, həmin yerdə polis tərəfindən keçirilmiş baxışla əlaqədar protokol tərtib edildiyini, onu hadisə yerinə gələn polis əməkdaşlarının Xaçmaz st. XPŞ-yə izahatının alınması üçün dəvət etdiklərini, buna etiraz etmədən onlarla getdiyini və orada təhqiqatçının onun izahatını aldığını səmimi şəkildə etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin İnfrastruktur Departamenti 1 nömrəli X5 nümayəndəsi X4 ifadəsində göstərdi ki, 20 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinə vurulmağa cəhd edilən maddi ziyanın 196,39 manat dəyərində hesablanması ilə tam razıdır. Bununla yanaşı qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən QSC-yə dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclası zamanı Şahid2 ifadəsində göstərdi ki, o, hazırda təqaüddədir. Xaçmaz st. XPŞ-nin Şabran stansiyasında XPM-nin rəisi vəzifəsində xidmət edərkən yəni, 20 avqust 2020-ci il tarixdə Siyəzən-Zarat mənzilinin 2566-cı kilometrində iki nəfər şəxsin dəmir yolu xəttlərində özlərini şübhəli aparmaları barədə Xaçmaz st. XPŞ-yə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Xaçmaz st. XPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1la birlikdə qeyd olunan ərazidə olarkən iki nəfər şəxsin dəmir yolu xətlərinə aid olan metal parçalarını kisəyə yığdıqlarının şahidi olmuşlar. Həmin şəxslərin hadisə yerindən uzaqlaşmamaları üçün əvvəlcə Şahid1, arxasınca isə o, cəld şəkildə onlara yaxınlaşmış, bu şəxslər onların yaxınlaşdıqlarını gördükdə hərəkətlərini dayandırmış, şəxslərdən biri ifşa olunduğunu başa düşüb, naməlum istiqamətdə qaçaraq gözdən itmiş, digəri isə özünü itirdiyindən yerində donub qalmışdır. Hadisə yerində qalan şəxsə o və Şahid1 özlərini təqdim etdikdən sonra həmin şəxsin Siyəzən rayonu, Qalaşıxı kənd sakini Təqsirləndirilən şəxs1 olmasını, qaçıb gedən şəxsin isə sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs2 olmasını bilmişlər. Elnur Həsənağa ilə birlikdə dəmir hissələri yığdığı iki kisəni relslərdən bir qədər aralıda kol-kosun arasında gizlətdiyini və kisələrə yığdıqları dəmir hissələri metal qəbulu məntəqəsinə təhvil verib pul əldə etmək istədiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 dəmir yolu xətti üstündə olan digər bir ədəd natamam kisəni göstərərək həmin kisəni də həmkəndlisi Həsənağa ilə birlikdə detallarla doldurduğunu, lakin, onların yaxınlaşmalarını görüb hərəkətlərini davam edə bilmədiklərini bildirmişdir. Bir qədər sonra Xaçmaz st. XPŞ-nin təhqiqatçısı Nadir Məmmədov hadisə yerinə gəlmiş, dəmir yoluna aid olan detallarla doldurulmuş hər üç kisəyə baxış keçirilmiş, kisələrdə olan metal detallar dəyərinin öyrənilməsi məqsədilə Təqsirləndirilən şəxs1 və hal şahidlərinin iştirakı ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid Azərbaycan Respublikası DİN-nin NBPİ-nin Dəmir Yolu NPİ-nin Xaçmaz st. X6 Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı Şahid4 ifadəsində göstərdi ki, o, hal-hazırda Zərərçəkmiş şəxs-nin X5 Siyəzən-Zarat dəmir yolu xətləri ərazisində usta vəzifəsində işləyir. 20 avqust 2020-ci il tarixdə, saat 15:00 radələrində xidməti ərazisində olarkən Xaçmaz st. XPŞ-nin əməkdaşları tərəfindən dəvət olunduğu Siyəzən-Zarat mənzilinin 2566-cı kilometrliyində iki nəfər şəxs tərəfindən oğurluğa cəhd hadisəsi ilə bağlı hadisə yerinə keçirilən baxışda iştirak etmişdir. Hadisə yerində özünü Siyəzən rayonu, Qalaşıxlı kənd sakini Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs relslərin üstündə bir ədəd içərisinə dəmir yolu xətlərinə aid dəmir hissələrlə doldurulmuş kisəni, daha sonra, relslərdən bir qədər aralıda olan kol-kosların arasında gizlətdiyi iki ədəd eyni minvalla doldurulmuş kisələri təqdim etmiş, həmkəndlisi Həsənağa ilə həmin kisələrə dəmir hissələrini gizlin olaraq yığıdıqlarını və kisələrdə olan dəmir yoluna aid dəmir hissələri metal qəbulu məntəqəsinə təhvil verərək, pul əldə etmək istədiklərini, lakin, polis əməkdaşları həmin yerə gəldikləri üçün əməllərini tam icra edə bilmədiklərini, həmkəndlisi Həsənağanın isə hadisə yerindən qaçdığını bildirmişdir. Hadisə yerinə baxış keçirilən zaman kisələrdə olan dəmir hissələr baxış keçirilməsi üçün boşaldılmış və hər hissə bir-bir baxış protokolunda qeyd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 hadisə yerindən aşkar olunan sellefon torbaya qoyulmuş bir neçə boş kisələri içinə dəmir hissələr yığmaq məqsədi ilə öz evindən gətirdiyini bildirmişdir. Həmin kisələrə baxış keçirilərkən fotoşəkillər çəkildikdən sonra təhqiqatçı tərəfindən ekspertizaya təqim olunması üçün qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid3 Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli, 9/3285 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs-nin İnfrastruktur Departametinin 01 nömrəli Xaçmaz yol sahəsi tərəfindən tərtib edilmiş 24 avqust 2020-ci il tarixli məlumatdan istifadə edilməklə, ekspertiza təyin haqqında qərarda göstərilən və ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş məlumatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 196,411 manat, o cümlədən 10 ədəd yarım yararlı KB-65 altlıqları -105,00 ( 10x10,50) manat, 58 ədəd yarım yararlı qoyma bolt -61,48 (58x1,06) manat, 15 ədəd yarım yararlı sıxac boltu -12 (15x0,80) manat, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqa -1,12 (7x0,16) manat, 28 ədəd yarım yararlı yol mıxı -8,96 (28x0,32) manat, 3 ədəd yarım yararlı calaq boltu -4,47 (3x1,49) manat və 21 kq para altlıq (metallom) -3,381 (21x0,161) manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (bir əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 175-177-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2020-ci il tarixli, 9/4351 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs-nin İnfrastruktur Departametinin 01 nömrəli Xaçmaz yol sahəsi tərəfindən tərtib edilmiş 28 sentyabr 2020-ci il tarixli məlumatdan istifadə edilməklə, ekspertiza təyin haqqında qərarda göstərilən məlumatların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 196,39 manat, o cümlədən 10 ədəd yarım yararlı KB-65 altlıqları - 105,00 ( 10x10,50) manat, 58 ədəd yarım yararlı qoyma bolt -61,48 (58x1,06) manat, 15 ədəd yarım yararlı sıxac boltu -12 (15x0,80) manat, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqa -1,12 (7x0,16) manat, 28 ədəd yarım yararlı yol mıxı -8,96 (28x0,32) manat, 3 ədəd yarım yararlı calaq boltu -4,47 (3x1,49) manat və 21 kq para altlıq (metallom) -3,36 (21x0,16) manat müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (bir əlli) manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 50-51-ci vərəqələrində olan 30 sentyabr 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olan qrup təşkil etməklə, Zərərçəkmiş şəxs-nin Siyəzən- Zarat mənzilinin 2566-cı kilometrliyində üç ədəd kisəyə yığdıqları dəmir yol xətlərinə aid 10 ədəd yarım yararlı KB-65 markalı rels altlıqları, 58 ədəd yarım yararlı qoyma boltları, 15 ədəd yarım yararlı sıxac boltları, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqalar, 28 ədəd yarım yararlı yol mıxları, 3 ədəd yarım yararlı calaq boltları və 21 kiloqram çəkidə para altlıqları öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Xaçmaz st. X6 anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə verilmiş cinayət işinin 82-84-cü vərəqələrindəki tələbnamədən, 107-108-ci səhifələrindəki 09 oktyabr 2020-ci il tarixli qətimkan tədbiri haqqında qərardan, eləcə də cinayət işinə əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(059)-48/2020 saylı hökmünün və 16 mart 2021-ci il tarixli, 1(059)-15/2021 saylı qərarının surətindən görünür ki, barəsində 09 oktyabr 2020-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 1(059)- 63/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 mart 2018-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə isə Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 1(059)-48/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından həbs edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həmçinin cəzaçəkmə müddətinin əvvəlinin 13 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmış, habelə azadlıqdan məhrum etmə cəzası çəkdiyindən onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə verilmiş cinayət işinin 62-64-cü vərəqələrindəki tələbnamədən, 144-145-ci səhifələrindəki 19 oktyabr 2020-ci il tarixli qətimkan tədbiri haqqında qərardan, eləcə də cinayət işinə əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 1(059)-60/2020 saylı hökmünün və 16 mart 2021-ci il tarixli, 1(059)-15/2021 saylı qərarının surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həmçinin cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu, yəni 26 avqust 2020-ci il tarixdən hesablanması qərara alınmış, habelə azadlıqdan məhrum etmə cəzası çəkdiyindən onun barəsində hər hansı bir qətimkan tədbirinin seçilməmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan Siyəzən RİHB-nın Zarat kənd İƏD üzrə nümayəndəliyindən verilən arayışdan və xasiyyətnamədən, həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 23 noyabr 2003-cü il təvəllüdlü Aynur və 21 fevral 2006-cı il təvəllüdlü Əli adında iki yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonu, Qalaşıxlı kəndində yaşamış Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir rəsmi şikayət daxil olmamışdır. Cinayət işinin 160-161-ci vərəqələrində olan Siyəzən RİHB-nın Zarat kənd İƏD üzrə nümayəndəliyindən verilən arayışdan və xasiyyətnamədən həmçinin iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 29 iyun 2005-ci il təvəllüdlü Hüseynağa, 24 iyul 2006-cı il təvəllüdlü Ağamir, 19 dekabr 2008-ci il təvəllüdlü Səma adında üç yetkinlik yaşına çatmayan uşağı olmaqla, Siyəzən rayonu, Qalaşıxlı kəndində yaşamış Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir rəsmi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs-nin 1 nömrəli X5 nümayəndəsi X4 tərəfindən tərtib olunmuş 01 iyun 2021-ci il tarixli ərizədən görünür ki, dəymiş zərər tam şəkildə ödənildiyinə görə zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsnin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və onlar müvafiq olaraq həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzaların həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxs tərəfin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs2 barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 oktyabr 2020-ci tarixli, 1(059)-48/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs2 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 13 oktyabr 2020-ci tarixli hökmü əsasında məhkum olunarkən həmin cinayətə münasibətdə üzərində məhkumluğu olsa da, hazırkı cinayəti törədən vaxt üzərində məhkumluğu olmamış, bu isə onun sonuncu əməlinə münasibətdə Cinayət Məcəlləsinin 18.1-ci və 83.1-ci maddələrinin tələbləri baxımından residivin mövcudluğunu istisna etmişdir. Ona görə ki, residivin müəyyənləşdirilməsi zamanı cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bununla da, Təqsirləndirilən şəxs2 hazırda məhkum olunmasına baxmayaraq, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18-ci maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən əvvəllər dəfələrlə başqa kateqoriyadan olan cinayət əməllərini törətməsinə, eləcə də məhkum olunmasına, məhkumluğunun ödənilməsinə baxmayaraq, islah olunmamasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxs tərəfin Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbinin olmaması, həmçinin Təqsirləndirilən şəxs2 barəsində şikayətin daxil olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçü nəzərə alınmaqla, ona uyğun, lakin, aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunan Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci tarixli, 1(059)-48/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 19 (on doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci tarixli hökmü ilə müəyyən edilmiş ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməklə, bu cəzanın çəkilmə müddətinin əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün onun barəsində qətimkan tədbiri seçilməmişdir və hal-hazırda da məhkəmə hesab edir ki, qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxs tərəfin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmamasını, həmçinin Təqsirləndirilən şəxs1 barəsində şikayət daxil olmamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 oktyabr 2020-ci tarixli, 1(059)-60/2020 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə, Siyəzən Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 27 oktyabr 2020-ci tarixli hökmü əsasında məhkum olunmuş və hazırda cəzasını çəkib qurtarmamış, habelə üzərində nə əvvəlki, nə də hazırkı əməlinə münasibətdə məhkumluğu olmamışdır. Bu səbəbdən də, onun əməlinə münasibətdə Cinayət Məcəlləsinin 18.1-ci və 83.1-ci maddələrinin tələbləri baxımından residiv mövcud deyildir. Ona görə ki, residivin müəyyənləşdirilməsi zamanı cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Bununla da, Təqsirləndirilən şəxs1 hazırda məhkum olunmasına baxmayaraq, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18-ci maddəsi nəzərə alınmaqla residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talamağa cəhd etmə cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, o cümlədən əvvəllər dəfələrlə başqa kateqoriyadan olan cinayət əməllərini törətməsinə, eləcə də məhkum olunmasına, məhkumluğunun ödənilməsinə baxmayaraq, islah olunmamasını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxs tərəfin Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçü nəzərə alınmaqla, ona uyğun, lakin, aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci tarixli, 1(059)-60/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin ediləcək cəza ilə əhatə olunmaqla, Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci tarixli hökmü ilə müəyyən edilmiş ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməklə, bu cəzanın çəkilmə müddətinin əvvəli 26 avqust 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün onun barəsində qətimkan tədbiri seçilməmişdir və hal-hazırda da məhkəmə hesab edir ki, qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün DİN-in NBPİ-nin DYNPİ-nin Xaçmaz st. X6 anbarına təhvil verilmiş dəmir yol xətlərinə aid 10 ədəd yarım yararlı KB-65 markalı rels altlıqları, 58 ədəd yarım yararlı qoyma boltları, 15 ədəd yarım yararlı sıxac boltları, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqalar, 28 ədəd yarım yararlı yol mıxları, 3 ədəd yarım yararlı calaq boltları və 21 kiloqram çəkidə para altlıqları Zərərçəkmiş şəxs-yə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci tarixli, 1(059)-48/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 09 (doqquz) ay 19 (on doqquz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs2 qəti cəza 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2020-ci il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci tarixli, 1(059)-60/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə olunmaqla, Təqsirləndirilən şəxs1 qəti cəza 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 26 avqust 2020-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün DİN-in NBPİ-nin DYNPİ-nin Xaçmaz st. X6 anbarına təhvil verilmiş dəmir yol xətlərinə aid 10 ədəd yarım yararlı KB-65 markalı rels altlıqları, 58 ədəd yarım yararlı qoyma boltları, 15 ədəd yarım yararlı sıxac boltları, 7 ədəd yarım yararlı ikiqat burulmuş halqalar, 28 ədəd yarım yararlı yol mıxları, 3 ədəd yarım yararlı calaq boltları və 21 kiloqram çəkidə para altlıqları Zərərçəkmiş şəxs-yə qaytarılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan cəmi 100 (bir yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar