Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-15/2025 21.04.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 21 aprel 2025-ci il tarixdə, Bakı şəhərində, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1970-ci ildə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Siyəzən Rayon Məhkəməsinin 1(059)- 65/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-150/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 23 avqust 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin həmin tarixdən 14 yanvar 2025-ci il tarixədək məhkəmənin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 21 gününü çəkmiş, 01 il 07 ay 03 gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,04 qram təşkil edən, 01 ədəd narkotik vasitə olan “Metadon” həbini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 14 yanvar 2025-ci il tarixdə, saat 18:45 radələrində Siyəzən şəhəri, S.Xeyrullayev küçəsi ərazisində Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş xeyli miqdarda, ümumi çəkisi 0.04 qram təşkil edən 01 ədəd narkotik vasitə olan “Metadon” həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, uzun müddət narkotik vasitələrdən istifadə etmiş, habelə bu vasitələrdən istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmuş, son vaxtlar isə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün ağrı kəsici dərmanlardan istifadə etmişdir. Habelə, ağrıları olanda istifadə etmək məqsədi ilə Bakı şəhərinin “Şamaxinka” adlanan ərazisində tanımadığı şəxsdən üzərində M40 yazılan 01 ədəd metadon həbi alıb, üzərində saxlamışdır. 14 yanvar 2025-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhərinin S.Xeyrullayev küçəsi ilə gedən zaman ona yaxınlaşmış polis əməkdaşları üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə rayon Polis Şöbəsinə dəvət etdiklərində, buna etiraz etməmişdir. Beləliklə, Siyəzən RPŞ-də hüquq və vəzifələri izah olunmaqla bərabər ona, bu barədə bildiriş təqdim edilmiş, habelə Müdafiəçi iştirakı təmin edilmişdir. Həmçinin, üzərində keçirilmiş şəxsi axtarış zamanı təklif əsasında əynində olan boz rəngli gödəkcənin iç cibindən şəffaf sellofana bükdüyü, üzərində M40 yazılan 01 ədəd metadon həbini təqdim etmişdir. Bundan sonra, müstəntiq tərəfindən həmin metadon həbinə baxış keçirilmiş, daha sonra isə, həmin həb bir ədəd ağ rəngli, içərisi boş olan zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda, əməlindən səmimi peşmançılıq hissi keçirməsinin və xəstə olmasının nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncuya qarşı heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində saxlaması barədə 14 yanvar 2025-ci il tarixdə əməliyyat aparatına məlumat daxil olmuş məlumat əsasında tərəfindən raport yazılmaqla, müvafiq qərar qəbul edilmiş və qərar RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmişdir. Beləliklə, rəhbərliyinin tapşırığı ilə həmin tarixdə, o, CAB-nin əməliyyat müvəkkili X3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin S.Xeyrullayev küçəsinə getmişlər. Habelə, saat 18:45 radələrində Əlizamanı yaşadığı küçədə görüb, ona yaxınlaşaraq, özlərini təqdim etmişlər, həmçinin narkotik vasitələrin dövriyyəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış keçirilməsi üçün RPŞ-nə dəvət etmişlər. Beləliklə, RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunmaqla yanaşı, sonuncunun üzərində keçirilən şəxsi axtarış zamanı Müdafiəçi iştirakı təmin edilmişdir. Eyni zamanda, keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif əsasında əynində olan boz rəngli gödəkcənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan metadon həbinə bənzər predmeti təqdim etmişdir. Bundan sonra, təqdim edilmiş həb müstəntiq tərəfindən bir ədəd ağ rəngli içərisi boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənməklə, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Habelə, Təqsirləndirilən şəxs üzərində davam edən şəxsi axtarış zamanı əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-cü vərəqəsində olan 14 yanvar 2025-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin gün saat 19:10-dan saat 19:15-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan boz rəngli gödəkçənin iç cibindən şəffaf sellofanda üzərində “M 40” yazısı olan 01 ədəd narkotik vasitəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli, 6/196 saylı ekspert rəyindən görünür ki, “1....Təqsirləndirilən şəxs..” qeydli zərfdəki sellofana bükülmüş 01 ədəd blister kəsiyində olan 01 ədəd bozumtul-qəhvəyi rəngli dərman tabletinin tərkibində təsiredici maddəsinin miqdarı 0,04 qram olan narkotik vasitə-metadon müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) tabletdən 0,5 tablet tədqiqata sərf edilmiş, 0,5 tablet qalıq qalmışdır. Cinayət işinin 32-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizasının dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 21 fevral 2025-ci il tarixdə verilmiş 1048 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 16 noyabr 2023-cü il tarixdən Sumqayıt şəhər NM-də (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 58-ci və 108-114 vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 16 yanvar 2025-ci il tarixli maddi sübut kimi tanınma və 06 mart 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tərkibində təsiredici maddənin miqdarı 0,04 qram olan 0,5 tablet-metadon həbi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, həmçinin digər maddi sübut 14 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-cu vərəqəsində olan 14 yanvar 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə saat 18:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 66-67 vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 4(059)-3/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 yanvar 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 yanvar 2025-ci il tarixli tələbnaməsindən, işin 89-92-ci vərəqələrində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 1(124)-150/2024 saylı hökmündən, eləcə də, iş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(059)-65/2023 saylı hökmündən və Siyəzən rayon icra və probasiya şöbəsinin 09 aprel 2025-ci il tarixli, 214/2025-64-10 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 mart 2024-cü ildə qərarı ilə cəzasının çəkilməmiş 02 ay 1 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, 15 may 2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, həmçinin Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs 23 avqust 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin o, həmin tarixdən 14 yanvar 2025-ci il tarixədək ağır cinayətlər məhkəməsinin yuxarıda qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 21 gününü çəksə də, bu cəzanın 01 il 07 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75 vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2001-ci təvəllüdlü Kamilə adlı yetkinlik yaşına çatan bir uşağı olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nın Siyəzən şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-cı vərəqəsində olan Siyəzən Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli 18-1-69/2- 80/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsində 2010-cu ildən “Opioidlərin qəbulu nəticəsində əmələ gələn psixi və davranış pozuntuları” dioqnozu ilə narkoloji xəstə kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə metadonu xeyli miqdarda əldə edib saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini və yaşadığı yer üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 1(059)-65/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 02 ay 1 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu götürülməmiş və ödənilməmiş yenidən 14 yanvar 2025-ci il tarixdə az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan metodon həbini xeyli miqdarda əldə edib saxlayaraq, daşımasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də, bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni məhkumluğu ödənilmədən Təqsirləndirilən şəxs tərəfindən eyni kateqoriyadan cinayət əməlinin yenidən qəsdən törədilməsinin onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırmasını və onun Salyan Rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə, həmçinin xx.xx.2024-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, yenidən cinayət əməli törətməklə, islah olunmamasını nümayiş etdirməsini, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 1/2 hissəsi həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-150/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 23 avqust 2024-cü il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin həmin tarixdən 14 yanvar 2025-ci il tarixədək (barəsində həbs qətimkan tədbiri seçilən tarixədək) məhkəmənin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 21 gününü çəkmiş, 01 il 07 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-150/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 07 ay 03 gün hissəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanaraq 09 ay 16 gün müəyyən olunmalı və bu cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, o, qəti olaraq 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu 14 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Sumqayıt şəhər NM-də qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 1 ədəd tədqiqatdan sonrakı qalığı 0,5 tablet narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 14 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-150/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 03 (üç) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanaraq 09 ay 16 gün müəyyən edilərək bu cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını “ciddi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 14 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər NM-də qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tərkibində təsiredici maddənin miqdarı 0,04 qram olan 0,5 tablet-metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, 14 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №1(059)-15/2025
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-15/2025
21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver