Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-16/2023 28.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 28 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1975-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,354 qram narkotik vasitə heroini üzərində saxlamış, 01 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək Siyəzən şəhərinin Şəhriyar küçəsində saxlanılmış, həmin vaxt üzərində olan cib bıçağı ilə özünə qarın nahiyəsindən xəsarət yetirmiş, daha sonra “qarnın ön divarının sol məmə xəttindən göbəyin və sol qabırğa altı nahiyədə yerləşən kəsilmiş yaralar” diaqnozu ilə tibbi yardım göstərildikdən sonra Siyəzən RMDM-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükülüsünün içərisində olan digər gümüşü rəngli siqaret kağızı bükülüsündə 0,354 qram narkotik vasitə heroin və özünə xəsarət yetirdiyi 1 ədəd bıçaq aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, 01 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində, Siyəzən şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən Siyəzən Rayon Mərkəzi Poliklinikasının yaxınlığında Siyəzən RPŞ-nin CAB-nin Tural adlı əməliyyat müvəkkili ilə görüşmüş, habelə o vaxt sonuncuyla dartışmışdır. Belə ki, həmin vaxt Tural adlı əməliyyat müvəkkili onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılacağını bildirdikdə, o, bunun səbəbini soruşmuş, Tural isə Siyəzən Rayon Mərkəzi Poliklinikasının yaxınlığına gəldiyi taksi sürücüsü Turxanı və onun yeznəsi Fuadı da saxladığını bildirmiş, onunla getməsini, deyilənə imza atmasını tələb etmiş, bunun əsasında da Turalla dartışmışlar. Bundan əlavə, həmin məqamda Tural adlı əməliyyat müvəkkili onun əvəzinə yeznəsi Fuadın sənədləşdiriləcəyini bildirdikdə, o, Turala belə bir halı görməyəcəyini qeyd edib, məcburiyyətdən özünə evdən götürdüyü bıçaqla xəsarət yetirmiş, oradan isə bıçaq qarnında yaşadığı Siyəzən şəhərinin Şəhriyar küçəsinə getsə də, polis əməkdaşları tərəfindən saxlanılmış, habelə orada bıçağı sonunculara təhvil vermişdir. Bundan başqa, o, 4 saatdan çox müddətdə yaralı vəziyyətdə, Siyəzən RPŞ-də olmuş, habelə orada olan vaxt RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfov ona yaxınlaşıb, şikayət etməməklə, narkotik aludəçisi olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əməli törətməsini qəbul etdiyinə dair sənədə imza edəcəyi halda, yeznəsi Fuadı və taksi sürücüsü Turxanı sərbəst buraxacaqlarını bildirmişdir. Eyni zamanda, həmin ərəfədə, təxminən 4 saat yarım ərzində cibində narkotik vasitə ilə gəzmiş, həmçinin X3 Mərkəzində Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış həyata keçirilmişdir. Halbuki, həmin vaxta qədər cibində narkotik vasitə olmamış, habelə bu kütlə Siyəzən RPŞ-nin sabiq əməliyyat işləri üzrə rəis müavini Əhməd Nəcəfovun iştirakı ilə RPŞ-də üzərinə qoyulmuşdur. Eyni zamanda, o, Siyəzən RPŞ-nin CAB-nin Tural adlı əməliyyat müvəkkilini 01 dekabr 2022-ci il tarixdə ilk dəfə görmüş, o cümlədən nə ona, nə də ki digər polis əməkdaşlarına qarşı düşmənçilik və ədavəti olmamış, həmçinin yeznəsi Fuada görə narahat olduğu üçün məruz qaldığı təsir və təzyiqlərlə bağlı rayon prokurorluğuna şikayət verməmişdir. Bundan başqa, o, 01 dekabr 2022-ci il tarixə kimi bir gündən bir narkotik vasitələr heroindən və marixuanadan istifadə etsə də, saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz hərəkətlərinə, habelə onların hədə-qorxusuna məruz qalması, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsi, bununla da təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Halbuki, məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və təxminən 15-20 il olar narkotik vasitə olan qurudulmuş marixuanadan, 3-4 il isə heroindən istifadə edir. Bundan əlavə, istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Üzərindən aşkar edilən narkotik vasitə heroini saxlanıldığı vaxtdan təxminən 2-3 saat əvvəl Siyəzən şəhərinin H.Əliyev küçəsində mərkəz adlanan yerdə olan çayxananın yanında yerdən tapmışdır. Belə ki, orada dayanarkən yerdə diqqətini cəlb edən kibrit qutusunu götürüb, içərisinə baxdıqda, qutuda ağ rəngli kağız bükülü, bu bükülüdə isə ora narkotik vasitə olan heroin yerləşdirilmiş digər gümüşü rəngli bükülü olmuş, narkotik vasitə heroin istifadəçisi olduğundan həmin bükülünü özü ilə götürərək əynində olan qara rəngli gödəkcənin sol yan iç cibinə qoysa da, qutunu küçəyə atmışdır. 01 dekabr 2022-ci il tarixdə, təxminən saat 17:00 radələrində Siyəzən şəhərinin Şəhriyar küçəsində olarkən Turxan adlı taksi sürücüsünə onu Siyəzən şəhərinin H.Əliyev küçəsinə aparmasını istəmiş, bu zaman yeznəsi Fuad da, mağazaya getməli olduğunu bildirərək, avtomobilə əyləşmişdir. O, avtomobilə əyləşərkən, mülki geyimli Siyəzən RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, üzərində narkotik vasitə saxlanılmasında şübhəli olduğunu bildirməklə, onu RPŞ-yə dəvət etdikdə, o, üzərində narkotik vasitə olduğu üçün məsuliyyətdən yaxa qurtarmaq və polis əməkdaşları ilə birlikdə RPŞ-yə getməmək məqsədilə əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxladığı açılıb-bağlanan bıçaqla özünə qarın nahiyəsindən xəsarət yetirmiş, bunu görən polis əməkdaşları isə dərhal onu Siyəzən RMDM-yə aparmış, orada ona tibbi yardım göstərildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra, orada ona hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş verilmiş və istəyi əsasında Müdafiəçi iştirakı təmin edilməklə, üzərində sonra şəxsi axtarışın keçirilməsinə başlanılmış, həmin vaxt ona üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edildikdə, o, polis əməkdaşlarına gödəkcəsinin cibinə baxmalarını bildirmiş və gödəkcənin qoltuq cibində narkotik vasitə olduğunu qeyd etmişdir. Müstəntiq tərəfindən verilmiş göstərişə əsasən əməliyyat müvəkkili tərəfindən qeyd edilən gödəkcəyə baxış keçirilməsinə başlanılmış, həmin məqamda gödəkcənin sol yan iç, qoltuq cibində bir ədəd ağ rəngli siqaret folqasına bükülmüş, digər gümüşü rəngli siqaret folqası bükümü, bu bükümdə isə narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, o, həmin kütlənin “kokos”, yəni heroin olmasını qeyd etmişdir. Bundan sonra, müstəntiq tərəfindən verilmiş göstərişə əsasən əməliyyat müvəkkili tərəfindən şəxsi axtarış davam etdirildikdə, üzərindən 27 manat pul aşkar edilsə də, sayıldıqdan sonra onun özünə qaytarılmış, habelə üzərindən qanunla qadağan edilmiş, əlavə heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra, üzərindən aşkar edilmiş siqaret kağızı bükülüsünün içərisində olan digər siqaret folqası bükümünün içərisindəki narkotik vasitə heroinə bənzər kütlə yenidən bükümlərə bağlanaraq, əvvəlki halına gətirilib, 1 ədəd ağ rəngli boş zərfə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla, üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Eyni zamanda, əməliyyat müvəkkili onun özünə xəsarət yetirdiyi cib bıçağının onda olduğunu, bıçağı təqdim etmək istədiyini bildirmiş və bıçağı təqdim etmişdir. Bundan sonra, 1 ədəd bıçaq ağ rəngli boş zərfə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla, üzəri möhürlənmiş, o və bütün digər iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Bundan əlavə, ondan üzərinə keçirilmiş şəxsi axtarış, əşyalara baxış və götürmə istintaq hərəkətinə hər hansı etirazının olub-olmaması soruşulmuş, o, heç bir etirazının olmadığını bildirdikdən sonra baxış və şəxsi axtarış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Həmçinin, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi təsir olmamış, o, ifadəsini özü sərbəst formada vermişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımamış, habelə düşmənçilik və ədavəti olmamış, sonuncunun ətrafında aparılan əməliyyat tədbirində onunla yanaşı, CAB-nin digər əməliyyat müvəkkili Tural Nəsirov və PPXT-nin polis nəfəri Vasif Səfərov iştirak etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etməsi və dövriyyəsi barədə 01 dekabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında CAB-nin rəisi Fikrət Məstəliyevin tərtib etdiyi qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edildikdən sonra protokol hazırlanmış, həmçinin əməliyyat tədbirində iştirak edən şəxslər müvafiq qaydada təlimatlandırılmışlar. Bundan sonra, Müdafiəçi də şöbəyə dəvət olunaraq, keçiriləcək tədbir barədə məlumatlandırılmış, iş üzrə ibtidai araşdırmanın aparılması isə RPŞ-nin İB-nin müstəntiqi Şahin Rzayevə həvalə edilmişdir. Beləliklə, 01 dekabr 2022-ci il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs yaşadığı ünvanda, küçədəki avtomobildə saxlanılaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün RPŞ-yə dəvət edildikdə, sonuncu bundan imtina etməklə, özünə üzərində olan bıçaqla qarın nahiyəsindən xəsarət yetirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəflərindən dərhal X3 Mərkəzinə aparılmış, orada ona ilkin tibbi yardım göstərilmişdir. Daha sonra, orada həkimin, eləcə də Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, habelə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir predmet varsa könüllü təqdim etməsi təklif edildikdə, o, gödəkcəsinin iç cibindən bir bükülü təqdim etmiş, habelə müstəntiq tərəfindən bükülüyə baxış keçirilərkən şifahi sorğu zamanı içəridəkinin “kokos”, yəni heroin olduğunu bildirmişdir. Daha sonra, bükülü boş bir zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra, CAB-nin əməliyyat müvəkkili X2 Pərviz Adgözəl oğlunun özünə xəsarət yetirdiyi bıçağı təqdim etmiş, habelə bu bıçaq da müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs hər hansı bir qeyri-insani rəftara, psixi və ya fiziki təsirə məruz qalmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etsə də, hazırda əməliyyat aparatında olan məlumata əsasən onun satışı ilə də məşğul olmağa başlamış, o cümlədən sonuncu heç bir yerdə işləməməklə, öz cinayətkar əməllərindən əl çəkməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 40-41-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2022-ci il tarixli, 6/6857 saylı ekspert rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,354 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,304 qram təşkil etmişdir. Cinayət işinin 39-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 100-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 yanvar 2023-cü il tarixli, 3/1824 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin 99-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-ballistik ekspertizası tədqiqatının dəyəri 64 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş 7496 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 24-25-ci vərəqələrində olan 01 dekabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan, eləcə də bununla bağlı işin 26-cı vərəqəsinə əlavə olunmaqla, məhkəmə istintaqı zamanı tədqiq olunmuş 1 ədəd Kompakt diskdən görünür ki, 01 dekabr 2022-ci il tarixdə, saat 17:47-dən saat 17:58dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində X3 Mərkəzində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə onun əynindəki qara rəngli gödəkcənin sol yan iç cibindən bir ədəd ağ rəngli siqaret kağızı bükülüsünün içərisində olan digər gümüşü rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüş, həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə, saat 17:00 radələrində, Siyəzən şəhərinin Şəhriyar küçəsində Siyəzən RPŞ-nin əməkdaşlarının ona yaxınlaşdıqlarını görüb, üzərində narkotik vasitə olduğu üçün qorxudan üzərindəki cib bıçağı ilə özünə xəsarət yetirdiyini bildirmişdir. Eyni zamanda, şəxsi axtarış zamanı Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2 Pərviz Adgözəl oğlunun özünə xəsarət yetirdiyi cib bıçağının onda olduğunu bildirərək, bu bıçağı təqdim etmiş, habelə üzərində qan izləri olan 1 ədəd bıçaq da iş üzrə əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-110-cu vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin rəisinin 23 fevral 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, habelə, onun barəsində CM-nin 234.2-ci və 228.4-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin kütləsi və 1 ədəd bıçaq maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 dekabr 2022-ci il tarixli tələbnaməsindən, eləcə də işin 92-95-ci vərəqələrində olan Xaçmaz Rayon Məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli, 1(067)- 128/2018 saylı hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə 14 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-ci vərəqəsində olan 01 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma və 33-cü vərəqəsində olan eyni tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulsa da, eyni gündə də tutmadan azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 59-cu vərəqəsində olan 07 dekabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 76-77-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Şəhriyar küçəsindəki 27 saylı evdə qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Yəni, Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiklərini təsdiq edəcək mötəbər sübuta malik olmamış, habelə onun bildirdikləri cinayət işində olan digər sənədlərlə öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs saxlanılarkən Siyəzən RPŞ-nin əməkdaşlarının qanunsuz, habelə onların hədə-qorxusuna məruz qalmasına, həmçinin üzərindən aşkar olunan ittihamın əsasını təşkil edən narkotik vasitənin ona aid olmadığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmə tərəfindən daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edilməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən əvvəllər mülkiyyət, ictimai təhlükəsizlik əleyhinə, bundan sonra ardıcıl 3 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməllərinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını, saxlanılarkən özü-özünə xəsarət yetirməklə, ibtidai istintaqa təzyiq göstərməyə cəhd etməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişinin gələcəkdə ailə üzvlərinə mənfi təsir göstərə biləcəyini, barəsində cəzasını yüngülləşdirici və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulsa da, eyni gündə də tutmadan azad edilmiş, bununla da, onun azadlığının faktiki məhdudlaşdırıldığı bir gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 145 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq çəkisi 0,304 qram olan narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 145 (bir yüz qırx beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-16/2023
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-16/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver