Məhkəmə qərarları › İş №1(059)-18/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-18/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-18/2022 22.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçilər-fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 22 fevral 2022-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1984-cü il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri, xx xxxxxxxx 1991-ci il tarixdə keçmiş Dəvəçi rayonu, Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də dezinfektor vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 12 iyul 2021-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay stansiyası ərazisində yerləşən dəmir yolu xətləri ərazisindən 2788,34 manat dəyərində 34 ədəd rels yanlıqları, 103,70 manat dəyərində 34 ədəd calaq bolt qaykalarını, cəmi 2892,04 manat dəyərində özgənin əmlakını götürüb aparmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 12 iyul 2021-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Gilgilçay stansiyası ərazisində yerləşən dəmir yolu xətləri ərazisindən 2788,34 manat dəyərində 34 ədəd rels yanlıqları, 103,70 manat dəyərində 34 ədəd calaq bolt qaykalarını, cəmi 2892,04 manat dəyərində özgənin əmlakını götürüb aparmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 iyul 2021-ci il tarixdə, saat 09-10:00 radələrində Siyəzən rayonu, Yenikənd kəndi ərazisində olan Gilgilçay dəmir yolu stansiyasında olarkən dəmir yolu xətlərinin kənarında rels yanlıqları ilə hissələrinin olmasını görmüş, həmin detalları gizli olaraq aparıb sataraq pul əldə etmək qərarına gəlmiş, bu səbəbdən də həmin tarixdə günorta saatlarında tanışı və həmkəndlisi Lətifin mobil telefon nömrəsinə zəng edərək ona dəmir yolu xətlərinin kənarında dəmir detalların olmasını bildirib, bu detalları onunla birlikdə gizli götürərək, aparmaqla, satıb pul əldə etməyi təklif etmiş, o, da onunla razılaşmışdır. Bu məqsədlə, həmin gün, axşam saatlarında Gilgilçay stansiyası ərazisinə getməklə, dəmir yolu xətlərinin kənarından özünə məxsus əl arabası ilə detalları aparmaq qərarına gəlmiş, habelə axşam saat 22:00 radələrində o, Lətiflə görüşüb, orada olan dəmir yolu xətlərinə aid rels yanlıqlarını və hissələrini arabaya yükləyərək sonuncunun yaşadığı evin həyətinə aparmışlar. Bir gün sonra rels yanlıqları ilə bolt qaykalarını təhvil vermək üçün Lətif metal qəbul edən Şahid3 mobil telefonuna zəng edib, yararsız və özünə məxsus olan rels yanlıqlarını satmaq istədiyini bildirmiş, habelə razılıq əsasında Vasif detalların yaşadığı evə tərəf gətirilməsini, həmçinin onlara əvvəlcə baxacağını, məhz bundan sonra alacağını qeyd etmişdir. Lətiflə dəmir detalları Vasifə aparmaq üçün Siyəzən şəhərində Vaz 21124 markalı avtomobillə taksi fəaliyyəti göstərən Şahid1la daşımanı 30 manata razılaşdırdıqdan sonra Vasifin yaşadığı ünvanın qarşısına gedilmiş, habelə həmin detalları sonuncuya 320 manata sataraq təhvil vermişlər. Bundan sonra, onlar aldıqları puldan 30 manatı Adilə yol haqqı kimi verərək, qalan pulu aralarında bərabər bölməklə, hərəsinə 145 manat pul götürmüşlər. Bir qədər sonra onlara polis əməkdaşları tərəfindən zəng edilmiş, habelə Xaçmaz st. XPŞ-yə dəvət edilmişlər. Bu səbəbdən də, o və Lətif etiraz etmədən şöbəyə gedərək hər şeyi olduğu kimi deyib, dəmir yolu xətlərinə aid detalları təhvil verdikləri şəxs barədə polis əməkdaşlarına məlumat vermişlər. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasının, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, digər Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verməklə, yanaşı törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının, faydalı əmək fəaliyyəti ilə məşğul olmasının, eləcə də zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsinin, o cümlədən sonuncunun nümayəndəsi tərəfdən ona qarşı şikayət və tələbin olmamasının nəzərə alınıb, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs QSC-də dispetçer vəzifəsində işləyir. İşlədiyi "xxxx" QSC dəmir yolu xətlərinin tikintisi və bina-qurğuların layihələndirilməsi ilə məşğul olur. 12 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" QSC–yə məxsus rels yanlıqlarının və calaq bolt qaykalarının oğurlanması nəticəsində QSC-yə ümumilikdə 2892,04 manat ziyan dəymiş, bu ziyan aradan qaldırılmışdır. Odur ki, sonunculara qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndi ərazisində avtomobil təmiri sexinin qarşında metal qəbulu məntəqəsini atası Şahid2la birlikdə işlədir. O, 13 iyul 2021-ci il tarixdə evdə olarkən tanımadığı nömrədən telefonuna zəng gəlmiş, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs2 onda rels yanlıqlarının olmasını, pula ehtiyacı olduğu üçün onları satdığını bildirmişdir. Bu zaman o, Lətifdən həmin detalların köhnə və ya təzə olmasını soruşmuş, sonuncu isə təzə olmadığını, yararsız halda olduğunu qeyd etmiş, habelə bir qədər sonra Lətif yenidən ona zəng edərək, rels yanlıqlarını gətirdiyini ona bildirmişdir. Bu səbəbdən də o, yaşadığı evdən bayıra çıxmış, həmçinin evin qarşısında avtomobilin dayanmasını və ona bir qədər öncə zəng edən Lətiflə bir nəfər şəxsin olmasını görmüş, həmin vaxt Lətif avtomobilin yük yerində 34 ədəd rels yanlığı bolt qaykaları ilə birlikdə olmasını göstərmiş və o, detallara baxmışdır. Bu vaxt o, Lətifə və onun yanında gələn Təqsirləndirilən şəxs1 rels yanlıqlarının onlarda haradan olmasını, yanlıqların yararsız olub-olmamasını soruşmuş, bu vaxt Lətif rels yanlıqlarının lazımsız və yararsız olduğunu ona bildirmişdir. Buna görə də o, həmin detalları Lətifdən ümumilikdə 320 manat pul müqabilində almaqla, yanlıqları və bolt qaykanı işlədiyi məntəqəyə aparmış, habelə bu barədə atası Şahid2 məlumat vermişdir. On gün sonra, yəni 23 iyul 2021-ci il tarixdə, o, metal qəbulu məntəqəsində olarkən polis əməkdaşları məntəqəyə gəlmiş, orada dəmir yoluna aid detal olub-olmaması ilə maraqlanmış, o da 34 ədəd rels yanlığı və bolt qaykası barədə polislərə məlumat verərək, həmin detalları onlara təqdim etmiş, sonra atasına zəng edib, bu barədə onu xəbərdar etmişdir. Bir qədər sonra atası məntəqəyə gəlmiş, polislərə daha bir nəfər şəxsdən 14 ədəd rels yanlığı ilə bolt qayka almasını bildirmiş və hər şeyi olduğu kimi polislərə danışmışdır. Məhkəmə iclasında Şahid2 Bahaddin oğlu ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndi ərazisində avtomobil təmiri sexinin qarşında metal qəbulu məntəqəsini oğlu Vasiflə birlikdə işlədir. 13 iyul 2021-ci il tarixdə, axşam saatlarında evə gələrkən oğlu Vasif Siyəzən rayon sakini Təqsirləndirilən şəxs2 320 manat müqabilində 34 ədəd rels yanlığı və bolt qayka alması barədə ona məlumat vermiş, bu zaman o, Vasifdən hansı səbəbdən dəmir yoluna aid detalları almasını soruşduqda, sonuncu Lətifin telefonla ona zəng etdiyini, detalların yararsız və özünə məxsus olmasını, həmçinin yalvar-yaxar edərək, pula çox ehtiyacı olduğunu bildirdiyinə görə detalları ondan almasını qeyd etmişdir. Bundan bir müddət sonra, yəni 23 iyul 2021-ci il tarixdə, saat 10-11:00 radələrində o, metal qəbulu məntəqəsində olarkən bir nəfər şəxs ona yaxınlaşmış, dəmir detal satmaq istədiyini bildirmiş, o, da həmin şəxsə problemli dəmir almadığını deyərək xəbərdarlıq etmiş, detallar barədə soruşaraq maraqlanmış, bu şəxs isə detalların köhnədən qalmasını onların özünə məxsus olmasını və heç bir problem olmayacağını ona bildirmişdir. Bundan sonra o, 14 ədəd rels yanlığı ilə bolt qaykaya görə həmin şəxsə 140 manat pul verməklə, bu detalları ondan almışdır. Bir qədər sonra o, Quba rayonunda olarkən oğlu Vasif ona zəng etmiş, rels yanlıqlarına görə məntəqəyə polis əməkdaşlarının gəldiyini ona bildirmiş, bu səbəbdən də o, məntəqəyə qayıtmaqla, polislərə yanlıqları necə aldığını izah etmiş, sonuncular tərəfindən məntəqədə keçirilən baxış zamanı ümumilikdə 48 ədəd rels yanlığı ilə bolt qaykalarını onlara təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təxminən 2021-ci ilin iyul ayının əvvəlində evdə olarkən həmkəndlisi Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edərək, Şabran rayonuna metal aparmaq lazım olduğunu bildirməklə, onu həyətlərinə çağırmış, o, da özünə məxsus Vaz 21124 markalı, Rusiya Federasiyası qeydiyyat nişanlı avtomobillə Lətifin yaşadığı evə getmiş, orada digər həmkəndlisi Təqsirləndirilən şəxs1 də olmasını görmüşdür. Orada olarkən həyətdə 30-35 ədəd dəmir detalların olmasını görmüş, salamlaşdıqdan sonra Lətif ona dəmir detalların tullantı olmasını deyərək, həmin detalları Şabran şəhərinə aparmasını xahiş etmişdir. Bundan sonra, o, metal detalların nə olduğunu, haradan əldə etdiklərini soruşduqda, Əmrağa detalların köhnə tullantı metal olmasını təkrar etmişdir. Söhbət zamanı o, həmin detalları aparmaq üçün 30 manat pul istəyərək onlarla razılaşmış, habelə Lətif və Əmrağa bu detalları avtomobilin yük yerinə, eləcə də salonun arxa oturacaqlarının ayaq altına yükləmişlər. Bundan sonra, onları Şabran rayonuna sonuncuların dedikləri və tanımadığı bir şəxsin ünvanına aparmış, orada detallar boşaldıldıqdan sonra, Lətif ona 30 manat yol pulu vermiş, lakin o, rels yanlıqlarının Lətif və Əmrağa tərəfindən oğurlanmasından xəbəri olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-cu səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/5422 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" QSC-nin icraçı direktoru R.Sadıqov tərəfindən tərtib edilmiş 83-1/2021 nömrəli, 27 iyul 2021-ci il tarixli məlumata əsasən calaq bolt, qayka dəstinin və rels yanlığının 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4082,88 manat müəyyən edilir. Belə ki, 48 ədəd rels yanlığı-3936,48 (48X82,01 man) manat, 48 ədəd calaq bolt və qayka-146,40 (48X3,05) manat. Qərarda və məlumatda rels yanlığının tipi göstərilməmiş, həmçinin məmulatların istismar müddəti barədə məlumat olmadığından köhnəlmə faizi tətbiq edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 48-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-ci vərəqəsindəki 30 noyabr 2021ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 151-156-cı səhifələrində olan 08 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə elan olunmuş ittiham və barələrində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Şahid2 Bahaddin oğlunun və Şahid3 barələrində CM-nin 194-cü maddəsi ilə, X3 və Şahid1 barələrində CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd olunmuşdur. Həmçinin, Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 332-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti Xaçmaz st. XPŞ-nin İTQ-ya göndərilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 oğlurladıqları 48 ədəd rels yanlıqları və 48 ədəd calaq bolt-qaykaları iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına verilmiş, həmçinin X1 14 ədəd rels yanlığı və 48 ədəd calaq bolt-qaykasını oğurlaması faktı üzrə bu cinayət işindən yeni cinayət işinin ayrılması məqsədə müvafiq bilinmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 sentyabr 2021-ci il tarixli tələbnamələrindən görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91 və 110-cu səhifələrindəki qətimkan tədbirinin seçilməsi barədə 30 noyabr 2021-ci il tarixli qərarlardan görünür ki, müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan tarixlərdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-148-ci vərəqələrində olan arayışlardan, xasiyyətnamələrdən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışlardan və əmək müqaviləsinin surətindən görünür ki, himayəsində 13 may 2017-ci il təvəllüdlü Minarə adında bir azyaşlı övladı olmaqla, "xxxx" MMC-də dezinfektor vəzifəsində işləyən və Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs2, həmçinin himayəsində 30 avqust 2008-ci il təvəllüdlü Arzu və 02 yanvar 2010-cu il təvəllüdlü Ağabala adında uşaqları olmaqla, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olub, yaşayan Təqsirləndirilən şəxs1 barəsində Siyəzən RİHB-nin Yenikənd kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi tərəfindən 22 fevral 2022-ci il tarixdə tərtib olunmuş ərizədən görünür ki, onların təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cəzanın verilməsi məsələsi məhkəmənin mülahizəsinə buraxılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsinə yaxın həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı övladı olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq talama cinayət əməlini törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, himayəsində bir azyaşlı övladı olmaqla, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması, həmçinin faydalı əmək fəaliyyəti ilə məşğul olması və yaşayış yeri üzrə müsbət xaraterizə edilməsi kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın son həddinin ½ hissəsinə yaxın həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş 34 ədəd rels yanlığı və 34 ədəd calaq bolt-qaykaları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-yə qaytarılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Siyəzən və Xızı rayonlarının ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz st. XPŞ-nin anbarına təhvil verilmiş 34 ədəd rels yanlığı və 34 ədəd calaq bolt-qaykaları hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" QSC-yə qaytarılsın. İş üzrə aparılmış ekspertizanın dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar