Məhkəmə qərarları › İş №1(059)-19/2023

Siyəzən Rayon Məhkəməsi Qərar — İş №1(059)-19/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 1(059)-19/2023 14.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 vəkili və nümayəndəsi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2, onun vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi1 iştirakları ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, onu xüsusi ittihamçı qismində tanımaqla, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan, onu ağır cinayətlərdə əsassız olaraq ittiham etməklə barəsində internet resurslarında sosial şəbəkələr vasitəsilə böhtan xarakterli məlumatlar yaymış X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Siyəzən rayon sakini, özünü bloger adlandıran X4 09 və 22 fevral 2023-cü il tarixlərində Tural Tağızadə adlı özünün facebook hesabında onun barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında kütləvi şəkildə video görüntüləri nümayiş etdirərək, yaymış, həm də məlumatların yazılı formada olan mətninin görüntüsünü təqdim edərək, Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, X4 özünün Tural Tağızadə adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 09 fevral 2023-cü il tarixində, (14 dəqiqə 30 saniyə) olan, həqiqəti əks etdirməyən video görüntülərdə olan məlumatları kütləvi nümayiş etdirərək, yayaraq bildirir ki, dəqiqə 01:40-dan 02:34-dək “Deməli, Aynurə Dadaşovanın məzuniyyət götürməmişdən yəni, istirahətə getməmişdən öncə bizlərə məlum olur ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev cənabları, ali həzrət də məzuniyyət götürüb və o, da istirahətə gedir. İndi xronologiyanı məntiqnən araşdırsaq nəticə çıxarmaq elədə çətin deyil, kurorta istirahətə gedirlər, bəli məhz istirahətə gedirlər, məqsəd bizə məlum deyil, aralarında olan şəxsi münasibətlərdən bizlər məlumatlıyıq, amma, ikisinin eyni anda ard-arda məzuniyyət götürmələri və istirahətə getmələri bu qədər oxşarlıq ola bilməz, bunlar arasında əlaqələr bağlar var.” Göründüyü kimi X6 xanımla onun bir yerdə istirahətə getməsi ilə bağlı həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq ona böhtan atmışdır. Dəqiqə 04:06-dan 04:42-dək “Aynurə Dadaşova istirahət eləməyində olsun hələhələ bütün xalqımız can Türkiyəmizdə baş verən zəlzələnin üçüncü günündə hansı ki, itkilərin sayı on mini keçir, yaralıların sayı otuz səkkiz minin üstündədi, üzərindədi, belə bir halda X5 Dadaşovanın məzuniyyət götürərək istirahətə getmələri, dincəlmələri bizdə ikrah hissi doğurur və hər bir qanında Azərbaycanlı qanı olan biri belə bir vaxtda istirahətə getməz.” Göründüyü kimi X6 xanımla onun yenə də, bir yerdə istirahətə getməsi ilə bağlı həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq ona böhtan atmışdır. Dəqiqə 11:51 -dən 12:20dək “Busuz da, siz guya sən ol Aynurə Dadaşova və yaxud da, Rüfət Hacıyev olsun izləmirsiz məni, çox çirkinləşmisiniz e, bezdirmisiniz, hamınız xirtdəyə qədər rüşvətin içərisində bulaşmısınız, əmin olun ki, sizlər xirtdəyə qədər rüşvətə bulaşanlar, bu ölkə üçün potensial vətən xainləridir.” Göründüyü kimi Tural Tağıyev onu Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə ağır cinayətdə ittiham edərək üzərinə böhtan atmış və onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Dəqiqə 12:54-dən 13:09-dək “İndidə başqa söz verib sənə Rüfət Hacıyev harasa və ona görə də Naftalanda dincələ-dincələ müəyyən məsələləri müzakirə eliyirsiniz, bilmirəm nə məsələdisə amma yaxında görəcəyik bilinki nəzarətimizdədir.” Göründüyü kimi X6 xanımla onun dincəlməsi ilə bağlı həqiqətə uyğun olmayan, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq ona böhtan atmışdır. Xüsusilə bidirir ki, 09 fevral 2022-ci il tarixli video görüntülərlə 50 nəfər kənar şəxs tanış olmuşdur. Bundan əlavə, Aynurə xanımla o, heç vaxt birlikdə Naftalana getməmiş, heç vaxt birlikdə görüşərək istirahət etməmiş, onunla heç bir şəxsi münasibəti olmamışdır, hamısı yalandır böhtandır. Bundan başqa X4 özünün Tural Tağızadə adlı facebook hesabı vasitəsi ilə internet informasiya ehtiyatında 22 fevral 2023-cü il tarixdə (06 dəqiqə 18 saniyə) olan, həqiqəti əks etdirməyən video görüntülərdəki məlumatları kütləvi nümayiş etdirərək, yayaraq bildirir ki, dəqiqə 02:43-dən 03:11-dək “X9-Xaçmaz Regional Təhsil İdarəsinə təyin olunandan bunu hərkəs görür çox təəssüflər olsun təbii ki, bu hamıya aid deyil, əksəriyyət ətrafında olanlar cavan-cavan qızlar yupkaları qısalır biz görmüşük ki, bəylər müəllim ziyalı həmişə nümunədir, şərəf ləyaqət deməkdi təhsil, ə, bu adam sanki priton yiyəsidi nə bilim bar işlədir kafe işlədir öz bildiyini eliyir necə istəyirsə elədə diyir.” Göründüyü kimi Tural Tağıyev onu təhqir edərək şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Dəqiqə 04:44-dən 05:19-dək “Rüfət Hacıyev hansı ki, əyani magistraturada təhsil ala-ala məktəb direktoru olması və təbii ki, hamı bilir ki, gündə Bakıya gəlib-gedə bilməz. Axı ən azından beş tam onda beş, yəni saat gün ərzində bu tələbə iştirak eləməlidi, bu proseslərdə hansı ki, nəzərdə tutulub Nazirlər Kabinetinin qərarınan orda açıq şəkildə göstərilir ki, nə şəkildə olmalıdır gəlməsi, belə mümkünsüzdü ancaq deməli bu getməyib alıb, Azərbaycandıda verib pulunu alıb, bu da bir fakt sənə.” Göründüyü kimi Tural Tağıyev onu vəzifəli şəxs olduğundan Azərbaycan Respublikası CM-nin 312.2-ci maddəsi ilə ağır cinayətdə ittiham edərək üzərinə böhtan atmışdır. Xüsusilə bidirir ki, 22 fevral 2022-ci il tarixli video görüntülərlə 44 nəfər kənar şəxs tanış olmuşdur. Eyni zamanda, onun rəhbərlik etdiyi Quba-Xaçmaz Regional Təhsil İdarənin tabeliyində 413 tam orta məktəb, 10 məktəbdən kənar müəssisə və 59 məktəbəqədər təhsil müəssisəsi vardır. Onun ümümilikdə 3500-ə qədər işçisi olmaqla, ailəlidir, iki azyaşlı övladı vardır. Göründüyü kimi Tural Tağıyev yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayaraq, onun şərəf və ləyaqətini nalayiq formada, ailəsinin, ictimaiyyətin və 3500-ə yaxın tabeliyində olan işçilərin qarşısında qəsdən alçaltmışdır. Xüsusilə qeyd edir ki, X4 onu rüşvət verərək magistr təhsili aldığını və xirtdəyə qədər rüşvətin içərisində bulaşdıqlarını bildirməklə, Azərbaycan Respublikası CM-nin 311-ci və 312-ci maddələri ilə ağır cinayətlərdə ittiham etmişdir. Yuxarıda göstərilən və sübut kimi şikayətinə əlavə edəcəyi faktlar X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün əsasdır. İnternet informasiya ehtiyatında ona böhtan ataraq təhqir edən X2 barəsində xüsusi ttiham qaydasında cinayət təqibi aparılmalı və sonuncu məsuliyyətə cəlb olunmalıdır. Odur ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə ittiham hökmü çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Rüfət Hacıyevin vəkili və nümayəndəsi Müdafiəçi2 şikayəti müdafiə edərək göstərdi ki, Siyəzən rayon sakini, özünü bloger adlandıran X4 09 və 22 fevral 2023-cü il tarixlərində Tural Tağızadə adlı özünün facebook hesabında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həqiqətə uyğun olmayan, yalan və uydurma, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları internet informasiya ehtiyatında kütləvi şəkildə video görüntüləri nümayiş etdirərək, yaymış, həm də məlumatların yazılı formada olan mətninin görüntüsünü təqdim edərək, Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Ona görə də, hazırkı xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməklə, məhkəmə baxışının təyin olunması, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 xüsusi ittihamçı qismində tanınması, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 isə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayəti qəbul etməyərək göstərdi ki, o, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Belə ki, onun xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Rüfət Hacıyevə şəxsən sualları olacağına görə sonuncunun özünün məhkəmə iclasına gəlməsini istəyir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Tural Tağıyevin vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi1 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin mövqeyini müdafiə edib, sonuncunun bildirdikləri ilə razı olduğunu qeyd etdi. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş üzrə məhkəmənin hazırlıq iclası əvvəlcə, 10 mart 2023-cü il tarixə, saat 09:30-a təyin edilsə də, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəbə, eləcə də Azərbaycan Respublikası CM-nin 296-cı maddəsinin tələbinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin bilə-bilə yalan xəbərçilik etməyə dair iltizama şəxsən özünün imza etməsi onun ayrılmaz hüququ olduğuna, bununla əlaqədar sonuncunun məhkəmə hazırlıq iclasında şəxsən iştirakının zəruriliyinə görə məhkəmənin hazırlıq iclası 14 mart 2023-cü il tarixə, saat 11:20-ə təxirə salınmış, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Rüfət Hacıyev bu barədə həm vəkili və nümayəndəsi vasitəsilə, həm də rəsmi qaydada, yəni SMS bildirişlə məlumatlandırılsa da, o, sonuncu məhkəmə hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, o cümlədən bu səbəblərin həqiqətən üzrlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Bununla da, şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Eyni zamanda, məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Rüfət Hacıyevin vəkili və nümayəndəsi Müdafiəçi2 xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin işləri ilə əlaqədar, yəni iclası olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, habelə işə onun iştirakı olmadan, nümayəndəsi kimi onun iştirakı ilə baxılmasını xahiş etdiyini bildirməklə, yanaşı iclasa gəlməməsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin hüququ olduğunu, sonuncunun iclaslara gəlməyəcəyini, onu etibarnamə əsasında özünün təmsil edəcəyini qeyd etmiş, iclasın xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iştirakı olmadan davam etdirilməsini rica etmiş, qeyd olunan halı Azərbaycan Respublikası CPM-in 88.5-ci maddəsi ilə (xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir) əsaslandırmışdır. Lakin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Tural Tağıyev, eləcə də onun vəkili (fərdi qaydada fəaliyyət göstərən vəkil) Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin iştirakını zəruri hesab etmişlər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 14-cü bəndinə əsasən xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq, belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur. Azərbaycan Respublikası CPM-in 88.5-ci maddəsinə əsasən xüsusi ittihamçı şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və üzərinə qoyulmuş vəzifələri yerinə yetirir. Yenə bu Məcəllənin 103.1-ci maddəsinə əsasən xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. Məhkəmə qeyd edir ki, xüsusi ittihamçının nümayəndəsi də şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir. Lakin, xüsusi və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinin xüsusiyyətləri xüsusi ittihamçının nümayəndəsinin fəaliyyətində nəzərə alınmalıdır. Belə ki, xüsusi ittihamçının nümayəndəsi cinayət prosesində təmsil etdiyi şəxsi əvəz edərək ittihamı həyata keçirir, lazımi sübutları toplayaraq məhkəməyə təqdim edir və onların əsasında təqsirləndirilən şəxsin təqsirini sübut etmək üzrə fəaliyyəti həyata keçirir. Bu baxımdan xüsusi ittihamçının nümayəndəsinin prosessual mövqeyi sırf ittiham mövqeyidir. Cinayət prosesinin digər iştirakçılarının nümayəndəsi kimi xüsusi ittihamçının nümayəndəsinin prosessual hüquqlarının dairəsi təmsil etdiyi şəxsin verdiyi etibarnamənin məzmunu, habelə onun göstərişləri ilə müəyyən edilir. Ona görə də xüsusi ittihamçının nümayəndəsi öz vəzifəsini həyata keçirərkən, o cümlədən CPM- in 103.5-ci maddəsində sadalanmış hüquqlardan istifadə edərkən təmsil etdiyi şəxsin verdiyi göstərişləri və etibarnaməni rəhbər tutmalıdır. Bu mənada, qeyd olunur ki, məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş Müdafiəçi2, ona xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən 25 fevral 2023-cü il tarixdə verilmiş etibarnamə əsasında sonuncunu üçüncü şəxslər qarşısında təmsil etməli, o cümlədən onun hüquq və maraqlarını müdafiə etməlidir. Yəni, bu zaman nümayəndənin etibarnamə ilə verilmiş təmsilçilik səlahiyyətlərindən kənara çıxaraq, təmsil etdiyi şəxsin adından bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar edilməsi istisna edilir və belə bir halın baş verməsi prosessual yanlışlığa yol verilməsi ilə yanaşı, təmsil olunan şəxsin vəziyyətinin aşkar ağırlaşması deməkdir. Çünki, təmsil edən şəxs təmsil olunanın iradəsindən kənar, ona zidd sonuncu üçün cinayət məsuliyyəti yarada biləcək əsaslar müəyyənləşdirə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 21 fevral 2014-cü il tarixli qərarında hüquqi mövqeyini nümayiş etdirməklə, xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq, belə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunmasını birbaşa müəyyən etmişdir. Deməli, bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunma xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şəxsilə birbaşa bağlı olmaqla, sonuncunun belə şikayət verdiyi təqdirdə, məhkəmənin hazırlıq iclasında şəxsən iştirakını zəruri edir. Beləliklə, cinayət məsuliyyəti barədə xəbərdarlıq zəruri sübutlara və dəlillərə malik olmayan bir şəxsin digər şəxs barəsində əsaslandırılmamış ittihamla çıxış etməsinə çəkindirməyə əsasdır. İşin faktiki hallarından da göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 bilə-bilə yalan xəbərçilik etməyə görə xəbərdarlıq edilməsi məqsədilə məhkəmənin hazırlıq iclasında şəxsən iştirakı zəruri olsa da, sonuncu üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməmiş, onun nümayəndəsinin isə belə bir məsuliyyətə görə xəbərdar edilməsinə yol verilməməklə yanaşı, cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmamış, icazə verilməmişdir. Beləliklə, Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Bu Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Sözügedən Məcəllənin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndinin İİ cümləsində məhkəmələrə tövsiyə edilri ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, bilə-bilə yalan xəbərçilik etməyə görə CM-nın 296cı maddəsi ilə xəbərdar olunması məqsədilə məhkəmənin hazırlıq iclasında şəxsən iştirakı zəruri olan xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilməsindən və məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-in 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 299.8, 300.1.3, 300.5 və 302.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin məhkəmə baxışına təyin edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar