Məhkəmə qərarları › İş №1(059)-2/2020

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-2/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-2/2020 08.09.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Bədəlov Xəyal Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1973-cü il tarixdə Ermənistan Respublikasının Krasnoselsk rayonunda doğulmuş, Azərbaycan Republikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 294.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Bank VTB (Azərbaycan)” ASC ilə tanışı X11 arasında bağlanmış 14961 ABŞ dolları məbləğində kredit götürülməsinə dair xx xxxxx 2013-cü il tarixli, 112388-1-6301 nömrəli kredit müqaviləsi üzrə bankla özü arasında bağlanmış eyni tarixli 112390-7-3886 nömrəli zaminlik müqaviləsinə əsasən Adil Əsədova zamin olmaqla, “Bank VTB (Azərbaycan)” ASC-nin X11, digər zamin X8 və özündən 2267,94 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair xx xxxxxx 2017-ci il tarixdə mülki iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etməsindən sonra xx xxxxx 2017-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-nin Bakı şəhəri, Hüseyn Cavid prospekti 32 ünvanda yerləşən Elmlər filialına müraciət edərək Adil Əsədovun adına olan kredit borcunu tam ödəcəyini bildirib, həmin kredit üzrə 2267,26 ABŞ dollarının ödənişinə dair bankın mütəxəssisi Şahid3 tərəfindən xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli kassa mədaxil orderinin tərtib edilməklə sonuncu tərəfindən imzalanaraq özü tərəfindən də imzalanıb xəzinəyə ödənişi həyata keçirmək üçün özünə təqdim edilməsinə nail olduqdan sonra həmin orderi imzalayıb guya xəzinəyə order üzrə ödənişi həyata keçirmək üçün hərəkət etməsi görüntüsü yaradaraq həmin məbləğdə pul vəsaitini filialın xəzinəsinə ödəməyib filialdan bayıra çıxaraq orderi özündə saxlamaqla bankdan sürətlə uzaqlaşdıqdan sonra qeyd edilən xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli kassa mədaxil orderinin mətnində olan “Pulu qəbul edən şəxsin imzası” qrafası qarşısında olan filialın xəzinədarının imzasını qeyd edilən müddətdə istintaqa məlum olmayan şəxs vasitəsilə bir qrup şəxs qismində istintaqla müəyyən olunmayan şəraitdə qəsdən fərqli imza ilə imzalamaqla Siyəzən Rayon Məhkəməsinin icraatında olan 2(059)-21/2019 nömrəli mülki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən, işdə iştirak edən şəxs kimi özünün həmin iddia üzrə 2267,26 ABŞ dollarını guya bankın filialına ödəməsinə dair mövqeyini əsaslandıran yazılı sübutu saxtalaşdırıb, vəzifədən azad edən həmin saxta orderi xx xxxx 2018-ci il tarixdə Siyəzən şəhəri, Bəşir Səfəroğlu 47 ünvanında yerləşən Siyəzən Rayon Məhkəməsində həmin mülki iş üzrə keçirilən iclas zamanı məhkəməyə təqdim etməklə bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Bank VTB (Azərbaycan)” ASC ilə keçmiş qayınatası X11 arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 112388-1-6301 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 14961 ABŞ dolları məbləğində kredit verilərkən o, həmin kredit müqaviləsi üzrə keçmiş qayınatası Adil Əsədovun etibarnamə üzrə nümayəndəsi və zamini olmuşdur. “Bank VTB (Azərbaycan)” ASC-nin “Əcəmi" filialının əməkdaşları tərəfindən sözügedən kredit müqaviləsi üzrə banka olan borcun ödənilməsinin zəruriliyi bildirildikdən sonra göstərilən məbləği banka ödəmişlər. Tərəflərindən banka edilən ödənişə baxmayaraq, bir müddət sonra onlara borclarının tam ödənilmədiyi bildirilmişdir. Belə olan təqdirdə, o, banka hansı məbləğdə borclarının olduğuna dair rəsmi məlumat əldə etmək məqsədilə “Bank VTB (Azərbaycan)” ASC-nin “Əcəmi” filialına, yaxınlaşmış, lakin, məlumat əldə edə bilməmişdir. Hətta, bununla bağlı “Bank VTB (Azərbaycan)” ASC-nin “Əcəmi” filialının rəhbərliyinin qəbulunda olsa da, borcları barədə yenə rəsmi cavab verilməmişdir. Daha sonra, o, “Bank VTB (Azərbaycan)” ASC-nin baş ofisinə müraciət etsə də, oradan da rəsmi məlumat əldə edə bilməmişdir. Bundan sonra, xx xxxxx 2017-ci il tarixdə borcun tam ödənilməsi məqsədilə özü ilə pul da götürərək “Bank VTB (Azərbaycan)” ASC-nin “Elmlər” filialına gedib zamin olduğu kredit müqaviləsi üzrə banka konkret hansı məbləğdə borcun qaldığına dair sənəd istədiyini bildirdikdə bankın mühafizə xidmətini həyata keçirən polis əməkdaşı onu adını və soyadını sonradan bildiyi bankın əməkdaşı olan Şahid3 yönləndirmişdir. O, Ülkərə etibarnaməni də təqdim edib Adil Əsədovun etibarnamə üzrə nümayəndəsi olduğunu bildirərək, banka hansı məbləğdə borcularının olduğunu soruşsa da, sonuncu cavabında krediti götürən şəxsin o, olmadığını əsas gətirərək banka olan mövcud borcun miqdarını deyə bilməyəcəyini bildirmişdir. O, rəsmi məlumatın əldə edilməsində israr etdikdən sonra Şahid3 “Bank VTB (Azərbaycan)” ASC-nin baş ofisi ilə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Lakin, bankın baş ofisindən sonuncuya verilən göstəriş əsasında məlumat verməkdən yenidən imtina edilmişdir. Belə olan təqdirdə, etibarnamə üzrə nümayəndə olduğu kredit müqaviləsi üzrə rəsmi məlumat almaq hüququnun olmasını izah etmək məqsədilə bankın hüquqşünasının olub-olmamasını soruşmuşdur. Lakin, bankdan ona ödəniş etməsini, yalnız bundan sonra borcun miqdarı barədə məlumat verəcəklərini bildirmişlər. O, yenidən onlara etibarnamə əsasında məlumat əldə etmək hüququnun olmasını və bunun əksini isbat edən hər hansı bankdaxili təlimat və ya digər tənzimləyici normaların olduğu təqdirdə verilməsini tələb etmişdir. Lakin, onlar ona yalnız banka olan kredit borcunu ödədikdən sonra ödəməni təsdiq edən sənəd əsasında mövcud borc barədə məlumat verəcəklərini bildirmişlər. O, hüquqlarının bank işçiləri tərəfindən pozulmasını bildirərək bu barədə aidiyyəti qurumlara şikayət edəcəyini bildirdikdən, artıq onlara qanun əsasında tələblərini izah edə bilmədiyini və ya onların başa düşmək istəmədiklərini bildikdən sonra çarəsiz qalaraq rəsmi məlumat əldə etmədən ödənişi həyata keçirəcəyini bildirmişdir. Bu zaman bankın əməkdaşı Şahid3 xx xxxxx 2013-cü il tarixli, 112388-1-6301 nömrəli kredit müqaviləsi üzrə banka olan 2267,26 ABŞ dolları məbləğində kredit ödənişinin və bunun üçün xidmət haqqı olaraq 6,89 ABŞ dolları məbləğində pulun ödənilməsini təsdiq edən qəbzləri vermişdir. Qəbzləri götürdükdən sonra pulun ödənilməsi üçün kassaya yaxınlaşmışdır. Əsəbi və gərgin olduğundan cibindəki pulları çıxardaraq hamısını kassaya təqdim etmişdir. Xatirində qaldığı qədəri ilə cibində olan pul əskinasları dollar şəklində olmuşdur. Bankın xəzinədarı kredit ödənişinin dollarla qəbul ediləcəyini, lakin qalıq pulun manatla qaytarılacağını dedikdə, o, daha da əsəbiləşərək bankın dollar ehtiyatının olub-olmadığını soruşmuşdur. Həmin ərəfələrdə ona Şahid3 tərəfindən təqdim edilən qəbzlərin say çoxluğu və xəzinədara təqdim etdiyi qəbzlərə imza atarkən emosional gərgin vəziyyətdə olduğundan hansı sənədlərə imza etdiyini xatırlamır. Ödənişi həyata keçirdikdən sonra, yenidən Şahid3 yaxınlaşaraq sonuncunun hərəkətlərinin qeyri-qanuni olması barədə xatırlatma verərkən bankın mühafizə xidmətinin əməkdaşı ona yaxınlaşaraq mübahisə etməmələrini bildirmişdir. O isə mübahisə etmək fikrində olmadığını, sadəcə pozulmuş hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət edəcəyini bildirmişdir. Bundan dərhal sonra, sənədlərini götürərək bankdan çıxmışdır. İstər bankda olduğu zaman, istərsə də çıxarkən bank daxilində sakitliyin pozulmasına səbəb olan hər hansı hərəkətlərə yol verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 294.1-ci və 320.2-ci maddələri ilə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən Rayon Məhkəməsinin hakim köməkçisi Şahid1 ifadəsində göstərdi ki, o, 2011-ci ilin noyabr ayından hazıradək Siyəzən Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. İşi məhkəmə proseslərini təşkil etməkdən, məhkəmə iclaslarının protokolunu tərtib etməkdən və məhkəmə aktlarının layihələrinin tərtib olunmasında hakimə köməklik etməkdən ibarətdir. Təqsirləndirilən şəxs baş vermiş hadisəyə qədər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Mahiyyəti üzrə bildirir ki, “Bank VTB (Azərbaycan)” ASC X11, X8 və Təqsirləndirilən şəxs 2267,94 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasına dair xx xxxxxx 2017-ci il tarixdə iddia ərizəsi ilə Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. İddia əsasında məhkəmənin icraatında 2(059)-21/2019 nömrəli mülki işə hakim Bəylər Ələkbərovun sədrliyi ilə baxılmış, o, da həmin mülki işin əvvəlki məhkəmə iclaslarında katib kimi iştirak etmiş və məhkəmə iclaslarının protokollarını tərtib etmişdir. Lakin, xx xxxx 2018-ci il tarixdə məhkəmə iclası Xəyal Bədəlovun katibliyi ilə keçirilmiş, məhkəmə iclas protokolunun tərtibatı zamanı cavabdeh Təqsirləndirilən şəxs məhkəmədə çıxışı zamanı bankın tələb etdiyi məbləği banka ödədiyini və hər hansı bir borc qalmadığını bildirdiyini və sözügedən tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs 2267,26 ABŞ dollarının “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsinə dair xx xxxxx 2017-ci il tarixli, ********* saylı kassa mədaxil orderini məhkəməyə təqdim etdiyini iş materiallarına əlavə olunmuş sənədlərlə birlikdə görmüşdür. Qəbzdə pulun bank tərəfindən təhvil almasına dair möhür və ya ştamp olmamasını və bu səbəbdən məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edildiyinin şahidi olmuşdur. Təyin edilmiş ekspertiza əsasında ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin-mədaxil orderində olan imza bankın əməkdaşları tərəfindən deyil, digər şəxs tərəfindən icra edilmişdir. Daha sonra, işə mahiyyəti üzrə baxan məhkəmə iddianı təmin edərək iddiada tələb olunan pulun cavabdehlərdən tutulmasına dair qətnamə qəbul etmişdir. Eyni zamanda qeyd olunan kassa-mədaxil orderində icra edilmiş imzanın saxta olub-olmamasının müəyyən edilməsi məqsədilə mülki iş üzrə sübutların saxtalaşdırılmasının araşdırılmasına dair xüsusi qərardad qəbul olunaraq materiallar Baş Prokurorluğa göndərilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, 2014-cü ildən hazıradək “Bank VTB (Azərbaycan)” ASC-də, 2016-cı ildən isə həmin bankın Elmlər filialında xəzinədar vəzifəsində işləyir, vəzifəsi filialın xəzinəsinə daxil olan və çıxan pul vəsaitlərini qəbul etməkdən ibarətdir. Mahiyyəti üzrə bildirir ki, cavabdeh X11 ilə iddiaçı "Bank VTB (Azərbaycan)" ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli "avtomobil krediti müqaviləsi"nə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 ay müddətinə illik 16%-lə 14961 ABŞ dolları məbləğində kredit verilmişdir. Onda olan məlumata görə X11 "avtomobil krediti müqaviləsi" üzrə öhdəliklərini xx xxxxx 2016-cı il tarixdən icra etməmişdir. xx xxxxx 2017-ci il tarixdə o, kassada Şahid4 adlı xəzinədar əməkdaşları ilə xidmətdə olarkən Təqsirləndirilən şəxs Adil Əsədovun adına olan krediti tam bağlamaq üçün filiala yaxınlaşmış və həmin vaxt ona əməkdaşları Şahid3 xidmət göstərmiş, o, isə bu prosesləri xəzinənin şüşə gözlüyündən müşahidə etmişdir. Bu zaman İlham filiala Adil Əsədovun adından verilmiş etibarnaməni təqdim etmişdir. İlham ilk öncə kreditin tam bağlanması üçün ümumi məbləği soruşmuş, məlumatın dəqiqliyinə şübhə edərək həmin məlumatın yazılı verilməsini tələb etmiş və qalıq borcu barədə də, arayış istəməklə banka olan borcu tam ödəyəcəyini bildirmişdir. Buna görə də Ülkər arayış verilməsi üçün 11,80 manat ekvivalentində olan 6,89 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderini və 2267,26 ABŞ dollarının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderlərini tərtib etmiş və həmin sənədləri imzalayaraq İlhama təqdim etmişdir. Sonuncu öz növbəsində ********* nömrəli kassa mədaxil orderini kassaya təqdim edərək 6,89 ABŞ dollarının manat ekvivalentində 11,80 manat ödəniş etmişdir. Həmin vaxt pulu İlhamdan xəzinədar Şahid4 qəbul etdikdən sonra, xəzinədar tərəfindən imzalanaraq və ştamp vurularaq Təqsirləndirilən şəxs qaytarılmışdır. Bu zaman İlhamla Anar ümumi məbləğin ödənişi barədə mübahisə etmişlər. Belə ki, mübahisə qalıq pulun ABŞ senti ilə qaytarılması ilə bağlı olmuşdur. Mübahisədən bir neçə dəqiqə sonra İlham 2267,26 ABŞ dollarının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderini heç bir ödəniş etmədən götürərək bankdan kənarlaşmış və Anar sözügedən qəbzə imza etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, 2015-ci ilin noyabr ayından hazıradək “Bank VTB (Azərbaycan)” ASC-nin “Elmlər” filialında aparıcı mütəxəssis vəzifəsində işləyir, vəzifəsi filialın fiziki və hüquqi şəxslər olan müştərilərinə xidmət göstərməkdən ibarətdir. Belə ki, filiala müraciət edən müştərilərin bank köçürmələri, kredit ödənişləri və digər bank əməliyyatlarına dair sənədləri tərtib edib, həmin sənədi imzalayaraq müştəriyə təqdim edir. 2019-cu ilin fevral ayından ailə quraraq Abbasova soyadını daşıyır, 2017-ci ildə, hadisə baş verən zaman isə soyadı Kərimova olmuşdur. Adil Əsədov adlı müştəri işlədiyi bankdan avtomaşın almaq məqsədi ilə 2013-cü ildə 14961 ABŞ dolları kredit götürmüş, 2017-ci ilin aprel ayına 2267 ABŞ dolları borcu qalmışdır. xx xxxxx 2017-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə ilə filiala yaxınlaşaraq ona müraciət edib qeyd olunan krediti tam bağlayacağını bildirmişdir. İlham ilk öncə kreditin tam bağlanması üçün ümumi məbləği soruşmuş, məlumatın dəqiqliyinə şübhə edərək həmin məlumatın yazılı verilməsini tələb etmiş, həm qalıq borcu barədə arayış istəməklə, həm də banka olan borcu tam ödəyəcəyini bildirmişdir. Buna görə də o, banka olan tam borc barədə arayış verilməsi üçün 11,80 manat ekvivalentində olan 6,89 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderi və banka olan borcun, yəni 2267,26 ABŞ dollarının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderlərini tərtib etmiş, həmin sənədləri imzalayaraq İlhama təqdim etmiş, sonuncu da həmin sənədləri imzalamışdır. Bundan sonar, İlham 6,89 ABŞ dollarını manat ekvivalentində 11,80 manatı kassaya vermişdir. Lakin, kreditin bağlanması üçün Təqsirləndirilən şəxs filialın kassasına 2267,26 ABŞ dolları, ümumiyyətlə hər hansı bir məbləğdə pul ödəməmiş, yəni, İlham borcu tam olaraq bağlayacağını dediyi üçün o, buna dair kassa mədaxil orderi tərtib edərək İlhama vermişdir. Lakin, İlham tərtib olunan ********* nömrəli kassa mədaxil orderinə əsasən kassaya pul təqdim etməmiş, habelə vəsait ödənilmədiyindən həmin qəbz kassir tərəfindən imzalanmamış və ona ştamp vurulmamışdır. O, 2267,26 ABŞ dolların ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderini geri tələb etsə də, İlham həmin qəbzi geri qaytarmayaraq filialı tərk etmişdir. Buna görə də o, bankın iqtisadi təhlükəsizlik şöbəsinə təqrir yazmışdır. Sonradan kredit ödənilmədiyinə görə Bank Siyəzən Rayon Məhkəməsinə kreditin ödənilməsi iddiası ilə müraciət etmiş, İlham da özü ilə apardığı ********* nömrəli kassa mədaxil orderində pulu qəbul edən məsul şəxsin imzası qrafasnda bankın kassirinin imzasını saxtalaşdıraraq guya banka olan krediti ödədiyini məhkəməyə bildirərək, həmin kassa mədaxil orderini də məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən zaman “Bank VTB (Azərbaycan)” ASC-nin “Elmlər” filialında xəzinədar vəzifəsində işləmiş, vəzifəsi filialın xəzinəsinə daxil olan və çıxan pul vəsaitlərini qəbul etməkdən ibarət olmuşdur. X11 ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 ay müddətə illik 16 faizlə 14961 ABŞ dolları məbləğində kredit verilmişdir. Onda olan məlumata görə X1 müqaviləsi üzrə öhdəliklərini xx xxxxx 2016-cı il tarixdən icra etməmişdir. xx xxxxx 2017-ci il tarixdə o, kassada Şahid2 adlı xəzinədar əməkdaşla xidmətdə olarkən Təqsirləndirilən şəxs Adil Əsədovun adına olan krediti tam bağlamaq üçün filiala yaxınlaşmış və bu zaman ona əməkdaşları Şahid3 xidmət göstərmişdir. Bir qədər keçdikdən sonra, Təqsirləndirilən şəxs Şahid3 ilə mübahisə etdiyini xəzinənin şüşə gözlüyündən müşahidə etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs arayış verilməsi üçün xidmət haqqının ödənilməsi barədə ********* nömrəli kassa mədaxil orderini kassaya təqdim edərək 11,80 manat ekvivalentində olan 6,89 ABŞ dolları məbləğində ödəniş etmişdir. Həmin vaxt qeyd etdiyi məbləğ tərəfindən qəbul edildikdən sonra, imzalanıb ştamp vurularaq Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs Şahid3 yanına getmiş və bir qədər keçdikdən sonra, kassaya qayıdaraq ümumi məbləği ödəyəcəyini bildirmişdir. Lakin, o, ümumi məbləği qalıq məbləğin ABŞ “senti” ilə qaytarılması şərti ilə ödəyəcəyini bildirdikdə, o, öz növbəsində İlhama bunun qeyrimümkün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mümkünsüzlüyün səbəbini soruşduqda o, ona bankda (ümumiyyətlə respublikada fəaliyyət göstərən bankların dövriyyəsində) ABŞ “senti’ nin olmadığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlindəki kassa mədaxil orderini götürərək çölə tərəf qaçmışdır. O, bu barədə bankın mühafizə xidmətinin rəisinə məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 104-107-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 33815 nömrəli ekspert rəyinin təsdiq edilmiş surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 213-cü vərəqəsində “Bank VTB (Azərbaycan)” ASC-nin 3 nömrəli “Elmlər” filialı ilə X7 adından bağlanmış olan xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli və 225-ci vərəqəsində ********* nömrəli kassa mədaxil orderlərində “Ödəyicinin imzası” qrafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, rəyin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 213-cü vərəqəsində “Bank VTB (Azərbaycan)” ASC-nin 3 nömrəli “Elmlər” filialı ilə X7 adından bağlanmış olan xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli və 225-ci vərəqəsində ********* nömrəli kassa mədaxil orderlərində “MXİ/Filialın məsul əməkdaşının imzası” qrafalarındakı imzalar X9 tərəfindən icra olunmuşdur. Eyni zamanda, rəyin surətindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 213-cü vərəqəsində “Bank VTB (Azərbaycan)” ASC-nin 3 nömrəli “Elmlər” filialı ilə X7 adından bağlanmış olan xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli və 225-ci vərəqəsində ********* nömrəli kassa mədaxil orderlərində “Pulu qəbul edən məsul şəxsin imzası” qrafalarındakı imzaların Şahid2 və Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunduğu müəyyən edilsə də, “Pulu qəbul edən məsul şəxsin imzası” qrafalarındakı imzaların Şahid2 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 16-20-ci səhifələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-21/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilməklə, cavabdehlər X5, X2 və Təqsirləndirilən şəxs müştərək qaydada 1938,92 ABŞ dolları əsas, müqavilə müddətinin bitdiyi tarixə 24,88 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra, yəni xx xxxxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixə kimi illik 5 %-lə hesablanmış 47,42 ABŞ dolları faiz, 2,80 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2014,02 (iki min on dörd ABŞ dolları 02 sent) ABŞ dolları ödəniş vaxtına manata məzənnəsi üzrə borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulması, tutmanın X7 mülkiyyətində olan "KİA RİO" markalı, (buraxılış ili 2013, mühərrik nömrəsi G4FACS449143, ban nömrəsi KNADN412BD6219919, rəngi gümüşü metallik), ** EH *** dövlət qeydiyyat nişanlı minik avtomaşınına yönəldilməsi, həmin avtomaşının ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, borc məbləği ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh Adil Əsədova qaytarılması, eləcə də aparılmış məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertizalarının tədqiqatının dəyərini təşkil edən cəmi 497 (dörd yüz doxsan yeddi) manatın cavabdehlər X5, X2 və Təqsirləndirilən şəxs müştərək qaydada tutularaq Azərbaycan Respublikasını dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 100-101-ci səhifələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(105)-2484/2019 saylı qərardadının surətindən görünür ki, iddiaçının nümayəndəsi X6 iddiadan imtina etməsi barədə ərizəsi qəbul edilmiş, habelə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(059)-21/2019 saylı qətnaməsi ləğv edilməklə, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin cavabdehlər X10, X4 və Təqsirləndirilən şəxs qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 108-109-cu səhifələrində olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(059)-369/2018 saylı protokolunun surətindən görünür ki, Sədrlik edənin icazəsi ilə cavabdeh, eləcə də digər cavabdehin nümayəndəsi Təqsirləndirilən şəxs məhkəməyə ödəniş qəbzlərinin əsillərini təqdim edir və bu ödəniş qəbzləri iddiaçının nümayəndəsinə nümayiş etdirilir. Bundan sonra, Sədrlik edənin icazəsi ilə iddiaçının nümayəndəsi məhkəməyə vəsatətlə müraciət edərək, cavabdeh, eləcə də digər cavabdehin nümayəndəsi Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinin bəzisində möhür olmadığını bildirərək bu məsələnin araşdırılması üçün vaxt verilməsini və mülki işin məhkəmə baxış iclasının başqa vaxta təyin olunmasını xahiş edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 78-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxx 2019-cu il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 132-ci səhifəsində olan xx xxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cildinin 139-140-cı səhifələrində olan xasiyyətnamədən və arayışdan görünür ki, ünvan 1 A ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qəsəbə ərazisində qeydiyyatda olduğu müddət ərzində onun barəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təhlil edilən cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan iki şərtin məcmusunun mövcud olması tələb olunur. Birincisi, hərəkət qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir (hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür). İkincisi, hərəkətin qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir. İşin faktiki halları ilə bağlı toplanılmış sübutların məcmusunun hərtərəfli və obyektiv öyrənilməsi məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Çünki, Təqsirləndirilən şəxs xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli kassa mədaxil orderinin mətnində olan “Pulu qəbul edən şəxsin imzası” qrafası qarşısında olan filialın xəzinədarının imzasını qeyd edilən müddətdə istintaqa məlum olmayan şəxs vasitəsilə bir qrup şəxs qismində istintaqla müəyyən olunmayan şəraitdə qəsdən fərqli imza ilə imzalamaqla Siyəzən Rayon Məhkəməsinin icraatında olan 2(059)-21/2019 nömrəli mülki iş üzrə işdə iştirak edən şəxs kimi özünün həmin iddia üzrə 2267,26 ABŞ dollarını guya bankın filialına ödəməsinə dair mövqeyini əsaslandıran yazılı sübutu saxtalaşdırıb, vəzifədən azad edən həmin saxta orderi xx xxxx 2018-ci il tarixdə Siyəzən Rayon Məhkəməsində həmin mülki iş üzrə keçirilən iclas zamanı məhkəməyə təqdim etməklə bilə-bilə saxta rəsmi sənəddən istifadə etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməlləri törətməsini inkar etsə də, məhkəmədə tədqiq olunmuş və məntiqi baxımından biri-birini tamamlayan mötəbər və təkzibedilməz sübutlarla bu cinayətlərin onun tərəfindən törədilməsi tam təsdiqini tapır. Eyni zamanda məhkəmədə o da müəyyən olunur ki, hazırkı cinayət hadisələri xx xxxx 2018-ci il tarixdə və ondan əvvəl baş vermiş və həmin müddətlərdən də iki ildən artıq müddət keçmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxsə ittiham olunan Cinayət Məcəlləsinin 294.1-ci və 320.2-ci maddələrinin sanksiyalarından da aydın olur ki, həmin əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddirlər. Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 294.1-ci və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdə özünü təqsirli bilməməsini, həmin cinayətlərin xx xxxx 2018-ci il tarixdə və ondan əvvəl törədilərək hazıradək CM-nin 75.1.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə həmin maddələri ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayanması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda – təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Bundan əlavə, məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsinin həll edilməsi məsələsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Siyəzən Rayon Məhkəməsinə təqdim edilmiş “Bank VTB (Azərbaycan)” ASC-nin 3 nömrəli “Elmlər” filialına aid 2267,26 ABŞ dolları ödənilməsinə dair tərtib edilmiş xx xxxxx 2017-ci il tarixli, ********* nömrəli kassa-mədaxil orderi xx xxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla iş üzrə maddi sübut qismində tanınmasına baxmayaraq, həmin orderin əslinin cinayət işinin materiallarına əlavə edilmədiyi müəyyən edilmişdir ki, bu hal da maddi sübutla bağlı məsələyə münasibətdə nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə 226 manatlıq ekspertiza xərcinə münasibətdə qeyd edir ki, qeyd olunan xərclə bağlı məsələ mülki məhkəmə icraatı qaydasında həll edildiyindən bu hal da CPM-in 346.1.21-ci maddəsinə əsasən məhkəmə xərclərinin həlli ilə bağlı məsələdə nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 44.2.1, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 294.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 44.2.1-ci maddələri tətbiq edilməklə ona həmin maddələr ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar