Məhkəmə qərarları › İş №1(059)-2/2021

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-2/2021

23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-2/2021 23.02.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Naibov Nurlan Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs–Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2021-ci il tarixdə, Siyəzən Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1954-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, Qaladərəsi küçəsi, ev 761 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs müştərək qaydada Şahid3 və X3 ilə birlikdə 19963,71 ABŞ dolları əsas, 9374,13 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 29537,84 ABŞ dolları məbləğində pulu qətnamənin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsinə uyğun olaraq manatla Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsinə dair Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(103)-2271/2015 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3(059)-162/2018 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 11 gün müddətinə inzibati həbs tənbeh növü təyin olunmasına və ona tələbi icra etməsi üçün xx xxxxxx 2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyəti ilə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxxxx 2020-ci il tarixli manat məzənnəsi ilə 50214,3 manat məbləğində kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla banka xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2011-ci ilin yay aylarında özünə minik avtomobili almaq üçün Bakı şəhərində yerləşən Patamdar qəsəbəsindəki maşın bazarına geldərək Şahid3 satışa çıxartdığı BMW X-5 markalı, 2001-ci il buraxılışlı, ağ rəngli avtomobili bəyənmiş və həmin avtomobili almaq qərarına gəlmiş, habelə avtomobilin qiymətini şifahi qaydada 20 000 ABŞ dollarına razılaşmışlar. Bundan sonra, o, Şahid3 ilkin olaraq 2000 ABŞ dolları məbləğində pul ödəmiş, qalan məbləği isə sənədləşdirmə başa çatdıqdan sonra aylıq 500 ABŞ dolları ödəmək şərti ilə avtomobili ondan almışdır. O, qeyd olunan avtomobili adına sənədləşdirmək məqsədilə avtomobilin texniki pasportunu Şahid3 tələb etdikdə avtomobilin texniki pasportunun olmadığı və sözügedən avtomobilin Zərərçəkmiş şəxs ASC-yə məxsus olduğu məlum olmuşdur. Yaranmış mübahisəli məsələyə aydınlıq gətirilməsi məqsədilə Zərərçəkmiş şəxsın 1 saylı Səbail filialına müraciət etmiş və həmin filialda onu qəbul edərək, həqiqətən də aldığı avtomobilin bankın 1 saylı filialına məxsus olduğunu bildirməklə, ona avtomobilin onda qalması və hər ay avtomobilə görə 500 ABŞ dolları məbləğində pulu banka ödəməsi təklif edilmiş, o, həmin gün 500 ABŞ dolları və sonrakı ay üçün 400 ABŞ dolları məbləğində pulu banka ödəməli olmuşdur. Bundan əlavə ona bankda əvvəlcədən avtomobilə görə verdiyi 2000 ABŞ dolları məbləğində pulu da banka ödənilməli olduğu bildirilmişdir. Eyni zamanda, bankda Şahid3 adına kredit rəsmiləşdirilərkən, o və X3 zamin qismində müqaviləyə əlavə edilmişdir. Həmin vaxtdan iki ay keçəndən sonra qeyd olunan avtomobil istismara yararsız hala düşdüyünə görə avtomobildən imtina edərək, bank əməkdaşlarının iştirakı ilə avtomobilin əvvəlki sahibi Şahid3 təhvil vermişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs ASCnin ləğvedicisi onların barəsində məhkəməyə müraciət etmiş və qeyd olunan məhkəmə tərəfindən ondan, Şahid3 və İlkin Gülməmmədovdan müştərək qaydada 19 963,71 ABŞ dolları əsas, 9374,13 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 29 537,84 ABŞ dolları (manatla məzənnədə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsinə dair xx xxxxx 2015-ci il tarixli qətnamə çıxarılmışdır. Bütün bunlara baxmayaraq o, Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanaşır və imkanı daxilində yaxın müddət ərzində məhkəmə qətnaməsi üzrə borclu olduğu kredit borcunu tam olaraq ödəyəcəyinə söz verir. Törətdiyi əməli məqsədyönlü şəkildə etməməklə, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, kifayət qədər yaşının olmasının, müxtəlif xəstəliklərdən əziyyət çəkməsinin, heç bir yerdə işləməməsinin nəzərə alınmasını və ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini, icraçı direktorun vəzifəsini müvəqqəti olaraq icra edən Vüqar Abdullayev tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli, **********168 saylı etibarnamə əsasında ləğv etmə prosesində olan bankların hüquqlarının müdafiə olunması ilə bağlı cinayət işlərində zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak edir. Şahid3 ilə Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin 1 saylı filialı ilə arasında istehlak krediti haqqında xx xxxx 2011-ci il tarixdə bağlanmış 8027 A saylı müqaviləyə əsasən 36 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 22900 ABŞ dolları məbləğində pul bank tərəfindən Şahid3 verilmiş, bağlanmış müqavilənin təminatı olaraq “BMW X5” markalı, **- KB-*** dövlət qeydiyyat nişanlı avtomobil girova qoyulmuşdur. Bundan əlavə, bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün zaminlər Təqsirləndirilən şəxs və X1 müqaviləsinə əsasən Şahid3 zamin duraraq onunla birgə məsuliyyət daşımağa başlamışlar. Kredit müqaviləsində qeyd olunan müddət başa çatdıqdan sonra Şahid3 və zaminlər kredit müqaviləsinin şərtlərini pozaraq ödəniş etmədikləri üçün bank tərəfindən onların barəsində məhkəməyə müraciət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Şahid3, zaminlər Təqsirləndirilən şəxs və İlkin Gülməmmədovdan müştərək qaydada Zərərçəkmiş şəxs ASC-nin xeyrinə cəmi 29537,84 ABŞ dolları (manatla məzənnədə) məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. xx xxxx 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ASC-nin lizensiyası ləğv olunduğu üçün onun ləğv etmə prosesinin həyata keçirilməsi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmiş, aparılan araşdırma zamanı Şahid3 və adları qeyd olunmuş zaminlər tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Zərərçəkmiş şəxs ASC-yə borclu olduqları cəmi 29537,84 ABŞ dolları (manatla məzənnədə) məbləğində pul vəsaitindən heç bir ödəniş edilmədiyi məlum olmuşdur. Araşdırma zamanı həmçinin, o da məlum olmuşdur ki, adları qeyd olunan şəxslər qərəzli olaraq məhkəmə qətnaməsində qeyd olunan kreditor borclarını ödəməkdən yayınmışlar. Borc məbləğinin ödənilməməsinə baxmayaraq, təqsirləndirilən şəxs barəsində cinayət qanunun müvafiq maddəsinin sanksiyası daxilində cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən şahid Siyəzən rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxx 2015-ci il tarixli, 2(103)-2271/2015 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs, Şahid3 və X2 müştərək qaydada cəmi 29537,84 ABŞ dolları (manatla məzənnədə) məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməlidir. Borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o, heç bir üzrlü səbəb olmadan icra tələbini təmin etməmişdir. İcra sənədini icra etmək məqsədilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə, görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3 (059)-162/2018 saylı qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 11 gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada xəbərdarlıq verilmişdir. Bütün bunlara baxmayaraq, borclu Təqsirləndirilən şəxs pul vəsaitini tam olaraq ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi üzrə borclu olduğu kredit borcu ödənmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 196.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə istintaqında şahid Siyəzən icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Şahid2 şahid şöbənin böyük icra məmuru Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində göstərdi ki, o, xx xxxx 2011-ci il tarixdə "Zərərçəkmiş şəxs" ASC-yə “BMW” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili girov qoyaraq öz adına kredit müqaviləsi bağlamışdır. Bundan əlavə, bank tərəfindən təklif olunan Təqsirləndirilən şəxs və X3 ona zamin dayanaraq avtomobili onlara mülki qaydada sürməyə etibarnamə vermişdir. Adları qeyd olunan zaminlər kreditin vaxtında banka ödənilməsini öhdələrinə götürərək öz imzaları ilə təsdiqləmişlər. Bir neçə ay keçdikdən sonra bank tərəfindən avtomobilin kreditinin ödənilməməsi barədə ona məlumat verilmişdir. Bundan sonra, o, dəfələrlə Sumqayıt şəhərinə gedərək avtomobili və zaminlər Təqsirləndirilən şəxs və İlkin Gülməmmədovu axtarmış və onları tapa bilmədiyinə görə bununla əlaqədar Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, lakin, məhkəmə onun iddiasını təmin etməmişdir. Bir neçə vaxt keçdikdən sonra bank tərəfindən ona zəng olunaraq banka dəvət olunmuş və orada BMW markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobili mühərriki və sürət qutusu (boş ban) olmayan vəziyyətdə ona təhvil verilmiş, habelə həmin vaxt bankın əməkdaşları tərəfindən ona qeyd olunan avtomobili təmir edərək tam olaraq saz vəziyyətə gətirdikdən sonra banka borclu olduğu məbləğin əvəzinə təhvil versə, onun borclu olduğu məbləğin tam olaraq silinə biləcəyi bildirilmişdir. Bundan sonra, o, avtomobilin mühərrikini və sürətlər qutusunu əldə edərək avtomobili tam olaraq təmir edib, banka təhvil vermək istəyən zaman, artıq "Zərərçəkmiş şəxs"ın nümayəndələri bankın ləğv olunmasını ona bildirmişlər. Bundan bir müddət keçdikdən sonra Bakı Apelyasiya Məhkəməsi tərəfindən ondan, Təqsirləndirilən şəxs və İlkin Gülməmmədovdan müştərək qaydada cəmi 29537,84 ABŞ dolları (manatla məzənnədə) məbləğində pul vəsaitinin alınaraq Zərərçəkmiş şəxs ASC-nin xeyrinə ödənilməsinə dair xx xxxxx 2015-ci il tarixli qətnamə çıxarılmışdır. Bu qətnamədən 20 ay keçdikdən sonra 2016-cı ilin dekabr ayında Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası DSMF Hərbi qulluqçuların və Xüsusi rütbəli şəxslərlə iş Departamentinə qərar, icra vərəqəsi və məktubun sürəti göndərilmiş, habelə həmin tarixdən etibarən əvvəllər Fövqəladə Hallar Nazirliyində işlədiyi üçün və oradan təqaüdə çıxdığına görə onun təqaüdündən "Zərərçəkmiş şəxs" ASC-nin hesabına xx xxxxxx 2020ci il tarixə kimi 7408 manat məbləğində pul tutulmuşdur. BMW markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən avtomobillər üçün nəzərdə tutulmuş saxlanc yerindədir və hər zaman qeyd olunan banka həmin avtomobili təhvil verə bilər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 128-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/78 nömrəli ekspert rəyindən görünür ki, “BMW X 5” markalı, 2001-ci il buraxılışlı, WBAFB31071LG92410 ban nömrəli, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 9500 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Cinayət işinin 8-12-ci vərəqələrində olan Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxx 2015-ci il tarixli, 2(103)-2271/2015 saylı qətnaməsinin, eləcə də eyni tarixli, eyni nömrəli icra vərəqəsinin surətlərindən görünür ki, əsas borc kimi 19963,71 ABŞ dolları, faiz borcu kimi 9374,13 ABŞ dolları, cərimə kimi 200 ABŞ dolları, cəmi 29 537,84 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi gün valyuta məzənnəsinə uyğun olaraq manatla Şahid3 Əbdurrəhman oğlundan, Təqsirləndirilən şəxsdan və X2 müştərək qaydada "Zərərçəkmiş şəxs" ASC-nin xeyrinə tutulmalıdır. Cinayət işinin 13-14-cü vərəqələrində olan Siyəzən rayon icra şöbəsinin xx xxxxxxx 2015-ci il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişin surətlərindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxx 2015-ci il tarixli, 2(103)-2271/2015 saylı icra sənədi icra olunması üçün icraata daxil olmuş, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bu barədə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmışdır. Cinayət işinin 35-36-cı vərəqələrində olan qanuni qüvvəsini almış Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3(059)-162/2018 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 11 (on bir) gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 70-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, hazırda üzərində məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 162-163-cü vərəqələrindəki xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(059)-59/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və onun barəsində axtarış elan olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan, eləcə də Siyəzən RPŞ-nin eyni tarixli, 183-11-966-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Siyəzən şəhəri ərazisində müəyyən olunaraq Siyəzən RPŞ-nin MSY-yə, oradan isə xx xxxxxx 2020-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Sumqayıt Bələdiyyəsi “Xəzər Bağçılıq” Cəmiyyəti ərazisi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 28 nömrəli və Siyəzən Rayon İcra Hakimiyyətinin Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 211 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da, Sumqayıt şəhəri, Xəzər Bağları yaşayış massivi, Qaladərəsi küçəsi, bağ evi 761 ünvanında yaşamışdır. Cinayət işinin 130-133-cü vərəqələrində olan tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Serebro-vasmulyar” xəstəliyi ilə əlaqədar “beyin qan dövranının pozulması sol tərəfli hemipuzer arterial hipertenziya iki dərəcə” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Cinayət işinin 119-cu vərəqəsindəki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(004)-133/2020 saylı qərarından görünür ki, bu cinayət işi üzrə Şahid3 mülkiyyətində olan “BMW X 5” markalı, 2001-ci il buraxılışlı, ağ rəngli, WBAFB31071LG92410 ban nömrəli, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla, zərərçəkmiş banka xeyli miqdarda ziyan vurması tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, “Serebro-vasmulyar” xəstəliyi ilə əlaqədar “beyin qan dövranının pozulması sol tərəfli hemipuzer arterial hipertenziya iki dərəcə” diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, kifayət qədər yaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun iqtisadi fəaliyyət sahəsində olan cinayət törətməsini, o cümlədən Azərbaycan Respublikası adından çıxarılmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla, zərərçəkmiş banka xeyli miqdarda ziyan vurmasını, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən hökmün elan olunduğu xx xxxxxx 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-in 254-cü maddəsinin İ və İİ hissələrinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı mülki iddiadan imtina edildikdə və ya cinayət təqibi üzrə icraata xitam verildikdə əmlak üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırılmış qərarına əsasən ləğv edilir. Məhkəmə icraatı zamanı və bu maddədə göstərilməyən digər hallarda əmlak üzərinə qoyulmuş həbs yalnız məhkəmənin qərarı əsasında ləğv edilə bilər. Məhkəmə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət təqibi orqanı tərəfindən qanunsuz üzərinə həbs qoyulmuş əmlakı həbsdən azad edir. Məhkəmə CPM-in 346.1.18-ci maddəsinin tələbləri baxımından əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olması məsələsini həll edərək hesab edir ki, “BMW X 5” markalı, 2001-ci il buraxılışlı, ağ rəngli, WBAFB31071LG92410 ban nömrəli, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs deyil, Şahid3 mülkiyyətində olmaqla, təqsirləndirilən şəxslə hüquqi bağlılığı olmadığından, həmçinin, sözügedən avtomobilə tutmanın yönəldilməsi icra icraatı qaydasında mümkün olduğundan bu avtomaşının üzərinə qoyulmuş həbs ləğv edilməli və həmin nəqliyyat vasitəsi həbsdən azad edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) ay 16 (on altı) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Sumqayıt şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(004)- 133/2020 saylı qərarı ilə “BMW X 5” markalı, 2001-ci il buraxılışlı, ağ rəngli, WBAFB31071LG92410 ban nömrəli, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin və həmin nəqliyyat vasitəsi həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar