Məhkəmə qərarları › İş №1(059)-20/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-20/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-20/2023 20.04.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 20 aprel 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1989-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(059)-66/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu Məhkəmənin 19 yanvar 2023-cü il tarixli, 7(059)-2/2023 saylı qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 5 ay 13 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 01 il 02 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırkı vaxta çəkilməmiş 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qalmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində caza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 5,425 qram narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamış, 07 dekabr 2022-ci il tarixdə, saat 22:15 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli bilinərək, Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlanılaraq gətirildiyi RPŞnin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı həmin 5,425 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ağ rəngli salfet kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, təxminən 4-5 il olar marixuanadan və heroindən istifadə etmişdir. 07 dekabr 2022-ci il tarixdə, saat 18:00 radələrində Siyəzən rayonunun Vaqif küçəsində olarkən yolun kənarında, daşın altından içərisində narkotik vasitə qurudulmuş marixuana olan ağ rəngli salfet kağızı bükülüsü tapmış, habelə marixuanadan istifadə etmək məqsədi ilə bükülünü əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur. Daha sonra, həmin tarixdə, saat 22:15 radələrində Siyəzən şəhərinin Səttar Xeyrullayev küçəsində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, RPŞ-yə aparılmış, orada Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, habelə əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən marixuananı çıxarıb təqdim etmiş və aşkar olunan predmetin özünə aid olduğunu bildirmişdir. Bundan sonra, müvafiq qaydada sənədləşdirmələr aparılmış, izahatı alınmış, həmçinin 2 gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Siyəzən rayon sakini kimi qiyabi tanımış, sonuncu ilə boks idman növü ilə məşğul olmuş, lakin, ona qarşı hər hansı bir formada düşmənçiliyi və ədavəti olmamışdır. 07 dekabr 2022-ci il tarixdə Maxsud Maqsudovun narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən protokol tərtib edilməklə, RPŞ-nin rəisinin adından qərar qəbul olunmuş, habelə qərarın icrası Siyəzən RPŞ-nin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra, 07 dekabr 2022-ci il tarixdə Maxsud Maqsudovun ətrafında əməliyyat tədbirləri keçirilməyə başlanmış, həmçinin üç nəfər polis əməkdaşı ilə birlikdə həmin gün, saat 22:00 radələrində Siyəzən şəhərinin Səttar Xeyrullayev küçəsi nəzarətə götürülmüş, həmçinin qeyd olunan ərəfədə Maxsud Maqsudovun sözügedən küçə ilə hərəkətdə olduğunu görüb, ona yaxınlaşmaqla, özlərini təqdim etmiş, həmçinin Maxsuda narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli olduğunu, onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirdikdə, sonuncu buna etiraz etməyib, onlarla birgə RPŞ-yə getmiş, habelə orada növbətçi hissədə müstəntiq Şahin Rzayev tərəfindən hüquq və vəzifələri izah olunmuş Maxsud Maqsudova müdafiəçi kimi vəkil Müdafiəçi təqdim edilmişdir. Bundan sonra, videoçəkilişlə Maxsud Maqsudovun üzərində şəxs axtarış keçirilmiş, habelə təklif əsasında sonuncu qara rəngli gödəkcənin sağ yan cibindən ağ rəngli salfet kağız bükülüsündə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Daha sonra, bükülü onun tərəfindən açılmış və yoxlanış keçirilmişdir. Bundan sonra, aşkar edilmiş kütlə boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri Maxsud Maqsudovun özü, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, Maxsud Maqsudov polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 7/1388 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız bükülüdə təmiz çəkisi 5,425 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 5,405 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 110-111-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş 7497 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 07 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:35-dən saat 22:44-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd ağ rəngli salfet kağızı bükülüsündə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu vərəqələrindəki 09 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və 112-117-ci vərəqələrində olan 28 fevral 2023cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,405 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 dekabr 2022-ci il tarixli tələbnaməsindən, işin 106-109-cu vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(059)-66/2022 saylı hökmündən, eləcə də iş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 7(059)-2/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bu Məhkəmənin 19 yanvar 2023cü il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 5 ay 13 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5ci maddəsinə əsasən 01 il 02 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hazırkı vaxta çəkilməmiş 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası qalmışdır. Bununla da, Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 07 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci vərəqələrində olan 09 dekabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97a-97b-ci vərəqələrində olan 21 yanvar 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri həmin tarixdə ləğv edilmiş, həmçinin ona Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bu məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 83-84-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Vaqif küçəsindəki 12 saylı evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadə, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Azərbaycan Respublikasının CM-nin 18-cü maddəsinin 4-cü hissəsinin 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin, bu Məhkəmənin 19 yanvar 2023-cü il tarixli qərarı ilə ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 5 ay 13 günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5ci maddəsinə əsasən 01 il 02 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanaraq bir daha qeyd etmək olar ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırkı cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsi nəzərə alınmaqla, residiv yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların da olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(059)- 66/2022 saylı hökmü ilə təyin edilmiş və bu Məhkəmənin 19 yanvar 2023-cü il tarixli, 7(059)-2/2023 saylı qərarı ilə əvəz edilməklə, çəkilməmiş azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və V hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bu mənada məhkəmə qeyd edir ki, Siyəzən Rayon Məhkəməsinin 19 yanvar 2023cü il tarixli, 7(059)-2/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalından dərhal həbs edilmiş, həmçinin onun barəsində seçilmiş həbs növündə qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində caza çəkməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsa da, onun barəsində sözügedən qərarla seçilmiş həbs növündə qətimkan tədbiri Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından qərar üzrə əvəz edilmiş cəza icraya yönəldiyindən qüvvədən düşmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş cəzanın icrasının təmin edilməsinə nail olmaq məqsədilə sonuncunun barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,405 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 1(059)-66/2022 saylı hökmü ilə təyin edilmiş və bu Məhkəmənin 19 yanvar 2023-cü il tarixli, 7(059)-2/2023 saylı qərarı ilə əvəz edilməklə, çəkilməmiş 11 (on bir) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza olaraq 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 5,405 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin video görüntüsünün yaddaşına köçürüldüyü 1 (bir) ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 72 (yetmiş iki) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar