Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-21/2022 22.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 22 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxx 1986-cı il tarixdə, Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,297 qram narkotik vasitə heroin əldə edərək üzərində saxlamış, 18 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən şəhərinin Babək küçəsində saxlanılaraq gətirildiyi Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli pencəyin ön sağ cibindən 1 ədəd magna markalı siqaret qutusunun arxasında, göy rəngli siqaret kağızına bükülmüş 1 ədəd əlavə göy rəngli siqaret kağızı bükülüsündə ümumilikdə 0,297 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan heroindən 2 il olar inyeksiya yolu ilə istifadə etmişdir. 17 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən rayonun ərazisindən keçən dəmiryolunun kənarı ilə yaşadığı ünvana gedərkən yerdən görüb götürdüyü bir ədəd göy rəngli bükülünün içərisində digər bir ədəd göy rəngli bükülüyə bükülmüş vəziyyətdə 1 ədəd kütlə, yəni qəhvəyi rəngli tozşəklilli maddə, narkotik vasitə olan heroin olmuş, bundan sonra həmin bükülünü istifadə etmək üçün əynində olan qara rəngli pencəyin ön sağ yan cibində olan 1 ədəd magna markalı siqaret qutusunun arxasına qoymuşdur. 18 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Babək küçəsi ilə mağazaya gedərkən Siyəzən RPŞ-nin polis əməkdaşları ona yaxınlaşıb, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə, şəxsi axtarış aparılmasından ötrü RPŞ-yə dəvət etmişlər. Razılıq əsasında aparıldığı Siyəzən RPŞ-nin növbətçi hissəsində üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, bundan əvvəl qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququ təmin olunmaqla, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi təqdim edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda, o, əynində olan qara rəngli pencəyin qabaq sağ yan cibindən 1 ədəd siqaret qutusunu arxasındakı narkotik vasitə ilə birlikdə təqdim etmiş, bu qutunun arxasındakı bükülüdə olan kütlənin narkotik vasitə “kokos”, yəni narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin bükülü açılaraq iştirakçılara göstərilmiş, sonra onun üzərində şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd içərisində narkotik vasitə heroin olan bükülü müvafiq qaydada qablaşdırılmış, habelə zərfin üzəri imzalanmışdır. Bundan sonra, üzərində şəxsi axtarışın keçirilməsinə dair yazılmış protokol, ucadan oxunmuş, şəxsi axtarış zamanı ərizə, şikayət, təklif daxil olmamış, protokol imzalarla təsdiq edilmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirməsinin, himayəsində bir azyaşlı uşağının olmasının, bir daha cinayət əməli törətməyəcəyi barədə vədinin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin PPXT-nin polis nəfəri Şahid3 ifadəsində göstərdi ki, 18 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-də xidmətdə olarkən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz saxlanılmasında və istifadəsində şübhəli olduğuna görə Siyəzən şəhərinin Babək küçəsində saxlanılaraq üzərində şəxsi axtarış keçirilməsindən ötrü Siyəzən RPŞ-nin növbətçi hissəsinə aparılmış, faktla bağlı araşdırma aparılması RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Rəhmin Zeynalova həvalə olunmuşdur. Bundan sonra, Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, həmin vaxt videoçəkiliş Siyəzən RPŞ-nin KTQ-nin baş inspektoru X3 tərəfindən həyata keçirilmişdir. Bundan əvvəl müstəntiq Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri, müdafiə hüquqları izah olunaraq, bununla bağlı müvafiq bildiriş təqdim olunmuş, həmçinin keçirilən şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Daha sonra, şəxsi axtarışa başlamazdan əvvəl müstəntiq Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması soruşulduqda, sonuncu əynində olan qara rəngli pencəyin qabaq sağ cibindən 1 ədəd “Magna” markalı göy rəngli siqaret qutusunu, qabaq sol cibindən isə 1 ədəd kibrit qutusunu və əynində olan qara rəngli şalvarın arxa sol cibindən 1 ədəd narıncı rəngli alışqanı da çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra, müstəntiq Rəhmin Zeynalov tərəfindən siqaret qutusunun içərisinə keçirilmiş baxış zamanı orada 8 ədəd filtirsiz və 3 ədəd filtirli siqaretlər aşkar olunmuş, bu siqaret qutusunun üzərinə baxış keçirilərkən üzərində olan sellofanın altında bir ədəd göy rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Həmin bükülü müstəntiq Rəhmin Zeynalov tərəfindən açıldıqda onun başqa bir ədəd göy rəngli siqaret kağızı bükülüsünə büküldüyü müəyyən olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən içərisində narkotik vasitə “kokos” olduğu bildirilən bükülü müstəntiq Rəhmin Zeynalov tərəfindən açıldığında orada narkotik vasitə heroinə bənzər kütlələrin olduğu təsbit olunmuşdur. Daha sonra, müvafiq göstərişi əsasında Şahid1 tərəfindən şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən qanunsuz digər əşyalar aşkar olunmamışdır. Bundan sonra, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan və üzəri göy rəngli siqaret kağızı ilə örtülmüş 1 ədəd göy rəngli siqaret kağızı bükülüsü müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, bu barədə tərtib olunmuş protokol da imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, şahidlər Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və CABın sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhər Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Şahid1 məhkəmə iclasında dindirilmələrini tələb etməmiş, sonuncuların ibtidai istintaq zamanı verdikləri ifadələrlə razı olduğunu qeyd edib, barəsində olan cinayət işinə qısa müddət ərzində baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19-cu maddəsinin İV hissəsinin V bəndinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Beləliklə, Təqsirləndirilən şəxs bu hüququndan istifadə etməmək niyyəti, habelə bunun sonuncunun hüquqlarını məhdudlaşdırmadığı nəzərə alınmaqla, məhkəməyə ünvanladıqları ərizələrlə ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmiş Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhər Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Şahid1 məhkəməyədək istintaq zamanı verdikləri ifadələrin elanı ilə kifayətlənilməsi məqsədə müvafiq hesab edilməlidir. Bu mənada, məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlər Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və CAB-ın sabiq əməliyyat müvəkkili, hazırda Bakı şəhər Suraxanı RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Şahid1 digər Şahid3 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli, 6/4650 saylı ekspert rəyindən görünür ki, “Azərbaycan Respublikası DİN Zərflər üçün № 96” dairəvi möhür əksi “Vət. Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,297 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,247 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 88,70 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 dekabr 2021-ci il tarixdə verilmiş 4988 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 23-24-cü vərəqələrində olan 18 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 18 oktyabr 2021-ci il tarixdə saat 17:28-dən saat 17:35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynində olan qara rəngli pencəyin qabaq sağ cibindən 1 ədəd magna markalı siqaret qutusunun arxasında, göy rəngli siqaret kağızına bükülmüş 1 ədəd əlavə göy rəngli siqaret kağızı bükülüsündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 69-70-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin müstəntiqinin 20 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 117-123-cü vərəqələrində olan 23 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,247 qram təşkil edən narkotik vasitə olan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 noyabr 2021-ci il tarixli tələbnaməsindən, həmçinin işin 88-90-cı vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1(059)- 63/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, habelə o, 24 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-68-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 4(059)-50/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə olunmuş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 27 iyul 2020-ci il təvəllüdlü Nihad adında bir azyaşlı övladı olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun islah olunmamasını, həmçinin barəsində yuxarıdakı yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısı həcmində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 18 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,247 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,247 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 18 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə aparılan şəxsi axtarışın görüntüləri köçürülmüş 1 ədəd DVD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №1(059)-21/2022
Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-21/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver