Məhkəmə qərarları › İş №1(059)-21/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-21/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-21/2024 23.04.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs iştirakı ilə 23 aprel 2024-cü il tarixdə, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1997-ci il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 1(101)- 900/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(003)- 1117/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılaraq, cəzası çəkilmiş hesab edilməklə, azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən şəhəri, X5 küçəsi, ev 24 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Siyəzən şəhəri, X5 küçəsində yerləşən 41 nömrəli evin qarşısından sonuncuya məxsus olan VAZ-2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan əvvəl itələməklə, sonra isə mühərrikini işlək vəziyyətə gətirməklə idarə edərək qanunsuz ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs vahid niyyətlə, Zərərçəkmiş şəxs1 Yusif oğlunun yaşadığı ünvan 2 ünvanı istiqamətində yerləşən otlaq sahəsindən sonuncuya məxsus, səllimi formada qidalanan, 01 ədədinin qiyməti 40 manat 1 illik, təxmini çəkisi 4 kiloqram olan ev quşu qazlarının 03 ədədini 17 sentyabr 2023-cü il tarixdə saat 11:00 radələrində, 04 ədədini 19 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində, 05 ədədini 21 sentyabr 2023-cü il tarixdə saat 14:00 radələrində, 02 ədədini isə 22 sentyabr 2023-cü il tarixdə saat 16:00 radələrində qazanc əldə etmək niyyəti ilə gizli yolla talayaraq ələ keçirib ümumilikdə 560 manat dəyərində 14 ədəd ev quşu qazlarını oğurlamaqla, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar 23 sentyabr 2023-cü il tarixdə saat 19:20də, Zərərçəkmiş şəxs2 məxsus Siyəzən şəhəri, X5 küçəsi, ev 11 ünvanında yerləşən evin həyətinə bu evin həyət qapısını açaraq qanunsuz daxil olaraq, orada olan sonuncuya məxsus 01 ədəd “Stels Pilot” markalı, 200 manat dəyərində velosipedi qazanc əldə etmək niyyəti ilə gizli talayaraq ələ keçirib Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla özgə əmlakını oğurlamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, 11 sentyabr 2023-cü il tarixdə, saat 23:00 radələrində spirtli içkinin təsiri altında qonşusu, Zərərçəkmiş şəxs3 məxsus olmaqla, sonuncunun Siyəzən şəhəri, X5 küçəsi, ev 41 ünvanında yaşadığı evin qarşısında saxlamış olduğu VAZ-2101 markalı, yaşıl rəngli, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili itələməklə, mühərrikini işlək vəziyyətə gətirmiş, habelə, avtomobili 500-600 metr idarə etdikdən sonra, yanacağı bitdiyi üçün, avtomobilə yanacaq alaraq, bir qədər rayon ərazisində idarə etmişdir. Bundan sonra, həmin avtomobili idarə edərək Siyəzən rayonunun ərazisində yerləşən “Beşbarmaq Pirinin altı” deyilən əraziyə gedib, orada olan iaşə obyektlərinin birində yemək yemiş, daha sonra isə, oradan bir qədər aralıda yerləşməklə Qorxmaz adlı şəxsə məxsus olan kafedə iki bakal spirtli pivə içmişdir. Daha sonra, avtomobili Siyəzən rayonu, Zarat kəndi ərazisində yerləşən stasionar post istiqamətində, həmin posta çatmamış kanalın üstü tərəfdən sağ istiqamətdə hərəkət etdirərək, orada saxlayıb, bir-iki saat yatmışdır. Eyni zamanda, həmin tarixdə, səhər saat 05:00 radələrində yuxudan ayılıb, avtomobilin mühərrikini işə salmaqla idarə etmiş, lakin bu zaman avtomobili, əks istiqamətdən gələn yük avtomobilindən qaçırarkən kanala aşırmış, habelə polis əməkdaşları hadisə yerinə gələnə kimi orada gözləmişdir. Qeyd edir ki, spirtli içkinin təsiri altında olduğundan sözügedən avtomobili talama məqsədi olmadan idarə etmiş, habelə həmin avtomobil zərərçəkmiş şəxsə qaytarılmışdır. Bundan əlavə, Zərərçəkmiş şəxs1 Yusif oğlunu hadisədən əvvəl tanımamışdır. ünvan 5 ünvanı istiqamətində yerləşən otlaq sahəsində səllimi formada qidalanan ev quşu qazlarından 03 ədədini, 17 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində, 04 ədədini, 19 sentyabr 2023-cü il tarixdə, saat 15:00 radələrində, 05 ədədini, 21 sentyabr 2023-cü il tarixdə, saat 14:00 radələrində, 02 ədədini isə 22 sentyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində oğurlamış, habelə oğurladığı cəmi 14 ədəd ev quşu qazının bir ədədini təxminən 5-10 manat müqabilində Siyəzən rayonunun ərazisində tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları isə siqaret və spirtçi içki olan arağa xərcləmişdir. Bundan başqa, 23 sentyabr 2023-cü il tarixdə, saat 19:20-də qonşusu Zərərçəkmiş şəxs2 məxsus ünvan 6 ünvanında yerləşən evin həyətinə həmin evin həyət qapısını açaraq daxil olmuş, habelə orada bağçada olmaqla, sonuncuya məxsus 01 ədəd “Stels Pilot” markalı, 200 manat dəyərində velosipedi oğurlasa da, hadisədən təxminən 2- 3 gün sonra geri qaytarmışdır. Hazırda əməlindən peşmançılıq hissi keçirməsinin nərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında, həmçinin məhkəməyədək istintaq zamanı verdikləri ifadələrlə, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, VAZ-2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 7-8 il öncə 700 manat müqabilində satın almış, təxminən 3 il öncəyə kimi etibarnamə əsasında idarə etdiyi həmin avtomobilə verilmiş etibarnamənin müddəti bitsə də, avtomobil faktiki onun istifadəsindədir. Belə ki, köhnə olan həmin avtomobilin qapıları bağlanmasa da, onu mütəmadi olaraq yaşadığı Siyəzən şəhəri, X5 küçəsi, ev 41 ünvanın qarşısında saxlamışdır. Bundan başqa, 10 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində yaşadığı evə getmiş, növbəti gün yəni, 11 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında işə gedən əmisi oğlu Cavanşir sözügedən avtomobilin yaşadığı evin qarşısında olmamasını ona bildirdikdən sonra bir-iki saat avtomobili axtarsa da, sonradan, Siyəzən RPŞ-nə müraciət etmiş, habelə polis əməkdaşları tərəfindən avtomobili mütəmadi saxladığı yerə baxış keçirilmişdir. Bundan sonra, həmin avtomobil polis əməkdaşları tərəfindən tapılarkən, Təqsirləndirilən şəxs tərəfindən idarə edilməklə, Siyəzən rayonu Zarat kəndi yaxınlığında kanala aşırıldığı məlumu olmuşdur. Qeyd edir ki, Təqsirləndirilən şəxs qonşusu olmaqla, sonuncunu uzun müddətdir tanıyır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməklə, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, hadisədən əvvəl nə Təqsirləndirilən şəxs, nə də ki, sonuncunun atasını tanımamışdır. Bundan başqa, 17 sentyabr 2023-cü il tarixdə 03 ədəd, 19 sentyabr 2023-cü 04 ədəd, 21 sentyabr 2023-cü il tarixdə 05 ədəd, 22 sentyabr 2023-cü il tarixdə isə 02 ədəd, cəmi 14 ədəd ev quşu qazları sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs tərəfindən oğurlanmaqla, ona 560 manat məbləğində ziyan vurulmuşdur. Hazırda ona vurulmuş ziyan ödənilmədiyinə görə Təqsirləndirilən şəxs şikayətçidir. Zərərçəkmiş şəxs2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, 23 sentyabr 2023-cü il tarixdə, saat 18:00 radələrində Siyəzən şəhəri ərazisində yerləşən “Gənclik” şadlıq sarayında təşkil olunan qohumunun toy məclisinə getmiş, məclisdən qayıdarkən isə ünvan 6 ünvanında yerləşən evinin həyətindəki 01 ədəd “Stels Pilot” markalı, Rusiya istehsalı olan 28-lik, təxminən 200 manat dəyərində velosipedinin yerində olmadığını görmüş, habelə bu barədə Siyəzən RPŞ-nə şikayət etmişdir. Bundan sonra, polis əməkdaşları evinə baxış keçirmiş, habelə təxminən iki gün sonra, velosipedinin tapılması barədə ona məlumat vermişlər. Hazırda velosipedi qaytarıldığından, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-42-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2023-cü il tarixli, 9/7398 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş 01 ədəd 2022-ci ildə Rusiya Federasiyasında istehsal olunmuş, qara rəngli, “Stels Pilot 380” markalı, 28 ölçülü velosipedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 45-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2023-cü il tarixli, 9/7590 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 14 ədəd, 1 illik, diri çəkisi 4 kiloqram olan qazların 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti və ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 560 (14ədx40man) manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 8-10-cu, 20-21-ci, 24-29-cu və 74-78ci səhifələrində olan baxış keçirmə və götürmə haqqında, eləcə də, cinayət işinin 216-228ci səhifələrində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollardan, eləcə də, fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 23 sentyabr 2023cü il tarixdə, saat 19:20-də ünvan 6 ünvanında yerləşən evinin həyətindən oğurlanmış 01 ədəd “Stels Pilot” markalı velosipedin saxladığı yeri göstərməklə, götürdüyünü, Zərərçəkmiş şəxs1 17-22 sentyabr 2023-cü il tarixləri aralığında ünvan 5 ünvanı istiqamətində yerləşən otlaq sahəsində səllimi formada qidalanan ev quşu qazlarının oğurlandığı yeri, Zərərçəkmiş şəxs3 isə yaşadığı evin qarşısında saxlamış olduğu VAZ- 2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin talama məqsədi olmadan ələ keçirildiyi yeri göstərir, habelə Təqsirləndirilən şəxs törətdiyi əməlləri təfərrüatlı şəkildə izah etməklə, hadisələrin baş verdiyi yerləri göstərib, olanları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 234-246-cı səhifələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, sonuncunun əməlində Cinayət Məcəlləsinin 185.2.4-cü və 186.1-ci maddələrinin tərkibi olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Zərərçəkmiş şəxs3 faktiki istifadəsində olan 1978-ci il istehsalı, VAZ-2101 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs2 məxsus qara rəngli, 28-lik ölçüdə, “Stels Pilot” markalı velosiped maddi sübut kimi tanınaraq, sahiblərinə qaytarılması nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 103-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2023-cü il tarixli tələbnamədən, işin 181-191-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli, 1(101)-900/2019 saylı hökmünün surətindən, eləcə də, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(003)-1117/2021 saylı qərarının çıxarışdan görünür ki, X3 Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(003)-1117/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılaraq, cəzası çəkilmiş hesab edilməklə, azad edilmişdir. Beləliklə, Orcuqulu Əliyev üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin125-126-cı vərəqələrində olan 10 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, X3 barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 197-198-ci səhifələrindəki 25 yanvar 2024-cü il tarixli məcburi gətirmə haqqında qərardan, işin 201-202-ci səhifələrindəki 28 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan, eləcə də işin 209-cu səhifədəki 20 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, X1 yaşadığı və qeydiyyatda olduğu ünvanlara çağırışlar göndərilsə də, sonuncu istintaqdan yayındığından barəsində 25 yanvar 2024-cü il tarixdə Siyəzən RPŞ-nin istintaq bölməsinə məcburi gətirilməsi barədə qərar qəbul olunmuş, lakin, onun məcburi gətirilməsi mümkün olmadığına görə Təqsirləndirilən şəxs barəsində 28 yanvar 2024-cü il tarixdə axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, sonuncu 20 fevral 2024-cü il tarixdə, saat 12:00-da Xızı rayonunun ərazisində tutularaq Siyəzən RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 229-231-ci vərəqələrində olan 21 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək MSY-dən azad edilməsi barədə qərardan görünür ki, X3 həmin tarixdə, saat 19:00-da həbsdən azad edilməklə, sonuncu barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, daha ciddi qətimkan tədbiri olan “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş Siyəzən Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 3(059)-246/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci, 510-cu və 535.1-ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati tənbeh olaraq 30 gün müddətində həbs təyin olunmuşdur. Cinayət işinin 161-162-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən şəhərinin Xətai küçəsindəki 24 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən rayon İHB-nın Siyəzən şəhər İƏD nümayəndəliyinə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 tərəfindən 23 aprel 2024-cü il tarixdə tərtib olunmuş ərizədən görünür ki, o, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3la barışmış, həmçinin ona qarşı heç bir şikayəti yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən 23 aprel 2024-cü il tarixdə tərtib olunmuş ərizədən görünür ki, o, törətdiyi əməllərdə özünü təqsirli bilir və barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 1(059)-21/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikasının CM-nin 185.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, habelə həmin hissədə cinayət işinin icraatına xitam verilmişdir. Odur ki, cinayət işi üzrə icraata hissəvi xitam verilməsi nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrar özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, gənc yaşda olmasını, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini, habelə Zərərçəkmiş şəxs2 ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun yaşayış sahəsinə qanunsuz daxil olaraq, təkrar oğurluq etmə kimi hüquqazidd əməlləri törətməsini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, cəzasını ağırlaşdıran halın mövcud olmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini (əvvəllər törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinə görə çəkdiyi cəzadan nəticə çıxarmamasını, habelə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 7(003)-1117/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 6 (altı) ay azaldılaraq, cəzası çəkilmiş hesab edilməsinə baxmayaraq, hüquqazidd əməllərini davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), barəsində axtarış tətbiq olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni kateqoriyadan olan cinayət əməli törətməsinə, həmçinin hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə, saat 12:00-dan 21 fevral 2024-cü il, saat 19:00-a kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V bəndinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, qara rəngli, 28-lik, “Stels Pilot” markalı velosipedin sahibi, Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 100 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qara rəngli, 28-lik, “Stels Pilot” markalı velosiped sahibi, Zərərçəkmiş şəxs2 qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar