Məhkəmə qərarları › İş №1(059)-23/2022

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-23/2022

15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-23/2022 15.02.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 15 fevral 2022-ci il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1996-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,271 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində saxlayaraq daşımış, 02 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Siyəzən şəhərinin H. Əliyev küçəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qırmız rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd salfet bükülünün içərisində ümumi təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində narkotik vasitə heroinin izləri olan 2 ədəd 1 ml, 2 ml şpris və 1 ədəd şüşə ampula aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 ilə yaxın olar, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etmişdir. 02 oktyabr 2021-ci il tarixdən bir neçə gün əvvəl Bakı şəhərində olarkən “Şamaxinka” adlanan ərazidə yerdən götürməklə, içərisinə baxdığı bir ədəd salfetka bükülünün içərisində qəhvəyi rəngli toz şəklində heroinə bənzər kütlənin olduğunu görüb, bu bükülünü götürərək cibinə qoymuş, habelə narkotik vasitə heroinin bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini əynində olan qırmız rəngli idman gödəkcəsinin sağ yan cibinə qoymuşdur. 02 oktyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində ağrıları olduğu üçün o, həmin heroinin bir hissəsini istifadə etmiş və yaşadığı evin qarşısında atası Famil Əhədovla rastlaşmış, bu zaman sonuncu onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün onunla mübahisəsi yaranmışdır. Çünki atası Famil Əhədov bir neçə dəfə ona narkotik vasitələrdən uzaq durmasını və müalicə olunmasını tapşırmışdır. Atası onunla söz mübahisəsi etdikdən sonra çıxıb getmiş, habelə həmin məqamda yaşadığı evin qarşısında olarkən atası Familin bir neçə nəfər şəxslə birlikdə ona yaxınlaşdığını görmüş, bu şəxslər özlərini Siyəzən RPŞ-nin əməkdaşı kimi təqdim edərək, onun narkotik vasitə qəbul etdiyini, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib, onu RPŞ-nə dəvət etmişlər. O və atası Famil RPŞ-nin növbətçi hissəsində olarkən sorğu əsasında üzərində qanunla qadağan olunmuş əşya olduğunu bildirmiş, bu zaman ona videoçəkilişdən istifadə edilməklə, vəkilin iştirakı ilə müstəntiq tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə, buna etiraz etməmiş, habelə hüquq və vəzifələri izah olunmaqla, ona Müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, təklif əsasında əvvəlcə əynində olan qara rəngli qısaqol gödəkcənin hər iki ciblərini boşaltmış, oradan hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra o, əynində olan qırmızı rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd inyeksiya vasitəsi, 1 salfet bükülüsü, 1 ədəd üzərində limon duzu yazısı olan sarı rəngli sellofan paketi çıxararaq masanın üzərinə qoymuş, göy rəngli cins şalvarından 1 ədəd içərində kibritlər olan kibrit qutusu, günəbaxan tumları, şalvarın sağ cibindən isə əlavə 1 ədəd içərində kibrit ilə dolu kibrit qutusunu da çıxarıb təqdim etmişdir. Üzərindən çıxarıb təqdim etdiyi 1 ədəd salfetkaya, 1 ədəd inyeksiya vasitəsinə, 1 ədəd limon duzu yazısı olan sellofan paketə polis əməkdaşları tərəfindən keçrilmiş baxış zamanı salfetkanın içərisində qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, limon duzu və şprisi isə narkotik vasitə heroini qəbul edərkən istifadə etmişdir. Bundan sonra, üzərində davam edən şəxsi axtarış zamanı sağ ayağında olan qara rəngli ayaqqabının içərisindən 1 ədəd narkotik vasitənin qaynadılması üçün istifadə edilən sınıq vəziyyətdə olan şüşə qab (flakon), sol corabından əlavə 1 ədəd inyeksiya vasitəsi aşkar edilmiş, habelə aşkar edilmiş bütün predmetlər müvafiq qaydada qablaşdırılmaqla, qablaşdırmanın üzəri möhürlənərək imzalanmış, şəxsi axtarış yekunlaşdırılmışdır. Bu barədə tərtib edilmiş protokol doğru olduğu üçün imzalarla təsdiq edilmiş, polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təzyiq və zor tətbiq edilməmişdir. 03 oktyabr 2021-ci il tarixdə qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına və daşıdığına görə barəsində Siyəzən RPŞ-də cinayət işi başlanmış, həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra 04 oktyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və ona istintaq müddətində hər həftənin dördüncü günü təyin olunmuş cədvəl üzrə polis orqanına gələrək qeydiyyatdan keçmək öhdəliyi qoyulmuşdur. Bundan sonra o, işləmək üçün Bakı şəhərinə gedərək barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmuş, istintaqın çağırışlarına gəlməmiş, nəticədə qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan olunmuşdur. 16 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı evin qarşısında olarkən barəsindəki axtarış işi ilə əlaqədar Siyəzən RPŞ-nin iki nəfər mülki geyimli əməkdaşı tərəfindən saxlanılaraq RPŞ-yə aparılmış, orada ona müstəntiqin iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə, şəxsi axtarış keçiriləcəyi elan edilmiş, buna etiraz etmədikdən sonra, Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Bu zaman təklif əsasında o, əynində olan qara rəngli qolsuz gödəkcənin altından geyindiyi əlavə qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret qutusunu çıxararaq masaya doğru yaxınlaşdırmış, həmin siqaret qutusu baxış keçirilməsi üçün müstəntiq tərəfindən açıldığında içərisində bir ədəd narkotik vasitənin qəbulunda istifadə olunan sınıq vəziyyətdə olan şüşə qab, bir ədəd içərisində ağ kristalşəkilli kütlə olan şəffaf rəngli selofan paket aşkar olunaraq götürülmüş, habelə sorğu əsasında o, bir ədəd sınıq şüşə qabı, ağ kristalşəkilli kütlə olan limon duzunu narkotik vasitənin qəbulunda istifadə etdiyini bildirmişdir. Daha sonra, o, sol ayağının corab hissəsində gizlətdiyi və üstündə olan narkotik vasitə heroini məhlul halına gətirərək içərisinə doldurduğu bir ədəd inyeksiya vasitəsini də çıxarıb, masanın üzərinə qoymuş, həmin şprisdəki məhlulun içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra, müstəntiqin göstərişi əsasında üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən əlavə hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya aşkar edilməmiş, habelə aşkar edilmiş bu predmetlər də müvafiq qaydada qablaşdırılmış, eyni zamanda, bu barədə tərtib edilməklə, ucadan oxunmuş protokol da doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 02 oktyabr 2021-ci il tarixdə X12 RPŞ-yə oğlu Təqsirləndirilən şəxs narkomanlara qoşularaq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat verdikdən sonra həmin gün bu məlumat əsasında CAB-nin rəisi Fikrət Məstəliyev tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair RPŞ-nin rəisinin imzası ilə təsdiq edilmiş müvafiq qərar tərtib olunmuş, Fikrət Məstəliyev tərəfindən ona və Siyəzən CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X3 təlimatlandırılma keçirilmiş, o gün saat 17:00 radələrində Babək Güləliyevlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Siyəzən şəhərinin H.Əliyev küçəsindəki 101 saylı evin qarşısına gedərkən sonuncunun yaşadığı evin qarşısında dayandığını görüb, özlərini təqdim etmiş, üzərində narkotik vasitə gəzdirməsinə dair əsaslı şübhə olduğunu bildirərək şəxsi axtarış aparılması məqsədilə Siyəzən RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılığı əsasında sonuncu Siyəzən RPŞ-yə aparılmış, faktla bağlı araşdırma aparılması RPŞ-nin İB-nin müstəntiqi X7 həvalə olunmuşdur. Daha sonra, növbətçi hissədə onun, növbətçi hissəsinin növbətçi köməkçisi Şahid2 və X6 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmış, Babək Güləliyev isə xidməti zərurətlə bağlı şəxsi axtarışda iştirak etməmişdir. Hüquq və vəzifələri izah olunmaqla, Müdafiəçi təqdim edildikdən sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, bundan qabaq təklif əsasında sonuncu əvvəlcə əynində olan qara rəngli qısaqol gödəkcənin ciblərini boşaltmış, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkcənin altından geyindiyi qırmızı rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd üzərində limon duzu yazısı olan sarı rəngli paketi, 1 ədəd istifadə olunmuş inyeksiya vasitəsi şprisi, 1 ədəd ağ rəngli salfetka bükülünü, göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd içərisində çoxlu sayda kibritlər olan kibrit qutusunu, 2 ədəd siqareti, şalvarın sağ yan cibindən isə əlavə 1 ədəd içərisində kibritlər olan kibrit qutusunu və çoxlu sayda günəbaxan tumlarını çıxarıb masanın üzərinə qoymuşdur. Tərəfindən növbə ilə əvvəlcə sarı rəngli limon duzu yazısı olan paketə baxış keçirilərkən içərisində ağ kristal şəkilli kütlələr aşkar edilmiş, daha sonra baxış keçirilmiş 1 ədəd salfet bükülüdəki kütlənin qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilsə də, 1 ədəd istifadə olunmuş şprisin içərisi boş olmuşdur. Bundan sonra, tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun sağ ayağında olan qara rəngli ayaqqabının içərisindən 1 ədəd narkotik vasitənin qaynadılması üçün istifadə edilən sınıq vəziyyətdə olan şüşə qab (flakon), sol corabından isə əlavə 1 ədəd boş inyeksiya vasitəsi şpris aşkar edilmiş və bu predmetlər də qablaşdırılması üçün masanın üzərinə qoyulmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sağ ayağındakı ayaqqabıdan və sol ayağında olan corabından aşkar edilərək götürülmüş həmin şüşə qabdan, eləcə də inyeksiya vasitəsindən narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra, aşkar edilmiş bütün predmetlər qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparatla video çəkiliş edilmiş, həmin vaxt iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Daha sonra, bur barədə tərtib edilməklə, ucadan oxunmuş protokol da doğru olduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında digər şahid Siyəzən RPŞ-nin növbətçi hissəsinin növbətçi köməkçisi Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 36-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2021-ci il tarixli, 6/4365 saylı ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş”....yazısı olan zərfdəki 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi 0,271 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd şprisin (1 ml və 2 ml) və bir ədəd şüşə ampulun içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir. Həmin zərfdə üzərində “Limon duzu” yazısı olan sarı rəngli paketdəki ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitə və psixotrop maddələrə aid olmayan limon turşusudur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram heroin sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,221 qram təşkil etmişdir. Cinayət işinin 35-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 132-135-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 6/5529 saylı ekspert rəyindən görünür ki, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ..........."yazısı olan paketdə, bir ədəd 1 ml-lik şprisin içərisindəki 0,6 ml həcmində tünd qəhvəyi rəngli qatılaşmış məhlul kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,134 qramdır; bir ədəd şüşə ampulun içərisində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini müəyyən etmək mümkün deyildir; bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 5,558 qram ağ rəngli xırda kristallardan ibarət maddə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan limon turşusudur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına daxildir. Tədqiqata 0,2 ml sərf edildikdən sonra heroin məhlulunun qalıq çəkisi 0,4 ml təşkil etmişdir. Cinayət işinin 131-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış materialların məhkəmə ekspertizasının dəyəri 114 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 152-153-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən 24 dekabr 2021-ci il tarixdə verilmiş 3074 nömrəli komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 154-155-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 18 dekabr 2021-ci il tarixdə verilmiş, 5169 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomanoyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 26-27-ci vərəqələrində olan 02 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qırmızı rəngli idman gödəkcəsi və onun üzərində qara rəngli qısa qol gödəkcə, göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, bundan əlavə, başında qara rəngli idman papağı, gözündə eynək, ağzında ağ rəngli tibbi maska olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu ilk öncə əynində olan qara rəngli qısa qol gödəkcənin ciblərini boşaltmış, lakin hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Daha sonra, əynində olan qara rəngli qısa qol gödəkcənin altından geydiyi qırmızı rəngli idman gödəkcəsinin sağ yan cibindən 1 ədəd üzərində limon duzu yazısı olan sarı rəngli paket, 1 ədəd istifadə olunmuş inyeksiya vasitəsi şpris, 1 ədəd ağ rəngli salfetka bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra, əynində olan göy rəngli cins şalvarının qabaq sol yan cibindən 1 ədəd içərisində çoxlu sayda kibritlər olan kibrit qutusunu, 2 ədəd siqaret, sağ yan cibindən isə əlavə 1 ədəd içərisində kibritlər olan kibrit qutusu və çoxlu sayda günəbaxan tumlarını çıxarıb masanın üzərinə qoymuşdur. CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən növbə ilə ilk öncə sarı rəngli limon duzu yazısı olan paketə baxış keçirilərkən içərisində ağ kristalşəkilli kütlələr olduğu müəyyən olunmuşdur. Daha sonra, 1 ədəd salfet bükülüdə olan kütləyə baxış keçirilməsi üçün ağzı açılmış və həmin bükülüyə baxış keçirilərkən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmiş, 1 ədəd istifadə olunmuş şpirisin içərisi isə boş olmuşdur. Bundan sonra, göstəriş əsasında Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və sonuncunun sağ ayağında olan qara rəngli ayaqqabının içərisindən 1 ədəd narkotik vasitənin qaynadılması üçün istifadə edilən sınıq vəziyyətdə olan şüşə qab (flakon), sol corabından isə əlavə 1 ədəd boş inyeksiya vasitəsi şpris aşkar edilmiş və qablaşdırılması üçün masanın üzərinə qoyulmuşdur. Şəxsi axtarış zamanı RPŞ-nin KTQ-nun baş inspektoru X4 tərəfindən “Nikon” markalı fotoaparat vasitəsilə videoçəkiliş edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sağ ayağındakı ayaqqabıdan və sol ayağında olan corabından aşkar edilərək götürülmüş həmin şüşə qabdan və inyeksiya vasitəsindən narkotik vasitə qəbul edərkən istifadə etdiyini bildirmişdir. Bundan sonra, aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 123-124-cü vərəqələrində olan 16 dekabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyninə qara rəngli qolsuz qış gödəkcəsi və onun alt hissəsində isə əlavə qara rəngli qış gödəkcəsi, göy rəngli cins şalvar, qara rəngli ayaqqabı, başına qara rəngli papaq, gözündə eynək olmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs əvvəlcə əynində olan qara rəngli qolsuz gödəkcənin altından geyindiyi əlavə qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret qutusunu çıxararaq masaya doğru yaxınlaşdırmış, həmin siqaret qutusu müstəntiq tərəfindən açıldığında içərisində bir ədəd narkotik vasitənin qəbulunda istifadə olunan sınıq vəziyyətdə olan şüşə qab, bir ədəd içərisində ağ kristalşəkilli kütlə olan şəffaf rəngli selofan paket aşkar olunaraq götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd sınıq şüşə qabı narkotik vasitənin qəbulunda istifadə etdiyini və bir ədəd şəffaf sellofanda olan ağ kristalşəkilli kütlələrin isə limon duzu olmasını qeyd etmişdir. Təqsirləndirilən şəxs daha sonra sol ayağının corab hissəsində gizlətdiyi içərisi məhlul ilə dolu olan bir ədəd inyeksiya vasitəsini də çıxararaq masaya qoymuş, şifahi sorğu zamanı həmin bir ədəd şprisdə olan məhlulun narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra, göstəriş əsasında CABın əməliyyat müvəkkili Anar Əmirov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və onun əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən özünə məxsus bir ədəd şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, çoxlu sayda mobil nömrələr, bijuteriya bilərzik, bir ədəd əlavə siqaret qutusu və bir ədəd alışqan, əynində olan cins şalvarın sol yan balaca cibindən bir ədəd kosmetik alət hesab olunan “makkaş”, 2 ədəd 20 qəpiklik pul əskinası, bir ədəd açar aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində davam etdirilən şəxsi axtarış zamanı əlavə hər hansı qanunla qadağan olunmuş predmet və ya əşya aşkar edilməmişdir. Bundan sonra, aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci, 137-138-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 03 oktyabr və 17 dekabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də işin 156-166-cı vərəqələrində olan 04 yanvar 2022ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,221 qram narkotik vasitə olan heroin, 2 ədəd şpris (1ml və 2 ml), 1 ədəd şüşə ampula, qalıq çəkisi 0,4 ml heroin məhlulu və 1 ədəd şüşə ampula cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 02 oktyabr və 16 dekabr 2021-ci il tarixlərində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 89-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 20-ci vərəqəsindəki 02 oktyabr 2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elə həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrindəki 04 oktyabr 2021-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Əhədov X8 RPŞ-nin MSY-dən azad edilmiş və onun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 97-98-ci səhifələrindəki qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 25 noyabr 2021-ci il tarixli qərardan, işin 101-102-ci vərəqələrindəki cinayət işi üzrə icraatın dayandırılması haqqında 25 noyabr 2021-ci il tarixli qərardan, eləcə də 104-cü səhifədəki 16 dekabr 2021-ci il tarixli axtarışda olan şəxsin müəyyən edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana çağırış göndərilsə də, sonuncu istintaqa gəlməmiş, buna görə də 25 noyabr 2021-ci il tarixdə onun barəsində axtarış elan edilməklə, cinayət işi üzrə icraat dayandırılmış, Siyəzən RPŞ-nin CAB-da bu barədə 850171 nömrəli axtarış işi açılmış, həmçinin, Təqsirləndirilən şəxs 16 dekabr 2021-ci il tarixdə Siyəzən şəhərində yaşadığı evin qarşısında saxlanılaraq RPŞ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 114-115-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 4(059)-57/2021 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 01 (bir) ay 08 (səkkiz) gün müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 90-91-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də işin 93-cü vərəqələrindəki doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, himayəsində 04 yanvar 2019-cu il təvəllüdlü Mənsurə və 05 iyul 2021-ci il təvəllüdlü Həsən adında iki azyaşlı uşaqları olmaqla, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşamış Təqsirləndirilən şəxs barəsində Siyəzən RİHB-nin Siyəzən şəhər İƏD üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını, eləcə də yaşayış yeri üzrə barəsində şikayət olmamaqla, müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" növündə qətimkan tədbirinin şərtlərini pozaraq ibtidai istintaq orqanından qaçıb gizlənməsini və barəsində axtarış elan olunmasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, bununla belə, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin 1/3 hissəsi həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdən 04 oktyabr 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,221 qram narkotik vasitə olan heroin, 2 ədəd şpris (1ml və 2 ml), 1 ədəd şüşə ampula, qalıq çəkisi 0,4 ml heroin məhlulu və 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin 02 oktyabr və 16 dekabr 2021-ci il tarixlərində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, cəmi 228 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 16 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,221 qram narkotik vasitə olan heroin, 2 ədəd şpris (1ml və 2 ml), 1 ədəd şüşə ampula, qalıq çəkisi 0,4 ml heroin məhlulu və 1 ədəd şüşə ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 02 oktyabr və 16 dekabr 2021-ci il tarixlərində Siyəzən RPŞ-nin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın video görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP(XİİS) hesabı: X2, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41 NABZ **********000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab AZ 34 CTRE ********************) hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar