Məhkəmə qərarları › İş №1(059)-23/2023

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-23/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-23/2023 28.03.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 28 mart 2023-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022ci il tarixli, 1(059)-89/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 27 dekabr 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmış, məhkəmənin qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 01 (bir) gününü çəksə də, 28 mart 2023-cü il tarixdə bu cəzanın 02 (iki) iİ 02 (iki) ay 25 (iyirmi beş) gün hissəsi çəkilməmiş qalmış, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, ümumi təmiz çəkisi 0,456 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlamış, 07 dekabr 2022-ci il tarixdə, saat 22:20 radələrində Siyəzən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu üçün Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlanılaraq, gətirildiyi RPŞ-nin növbətçi hissəsində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret folqasında 0,456 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, 07 dekabr 2022-ci il tarixdə, axşam saat 22:00 radələrində laqunda ilə dəmir kəsməyə gedərkən, Siyəzən RPŞ-nin əməkdaşları onu Siyəzən şəhərinin S.Xeyrullayev küçəsində saxlayıb, RPŞ-yə aparmış, orada Müdafiəçi iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmiş, habelə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən hazırda haradan və necə əldə etməsini xatırlamadığı siqaret folqası bükülüsündə heroin kütləsi aşkar edilərək götürülmüşdür. Bundan sonra, müvafiq qaydada sənədləşdirmələr aparılmış, həmçinin o, 2 gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. Bundan əlavə, saxlanılarkən polis əməkdaşları tərəfindən qeyri-insani hərəkətlərə məruz qalmamışdır. Hazırda əməlindən çox peşman olmasının nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid Siyəzən RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs məktəbdə oxuduğu vaxtdan tanısa da, sonuncu ilə paralel siniflərdə oxuduqları üçün münasibətləri, habelə düşmənçilik və ədavəti olmamış, əməliyyat tədbirində onunla yanaşı, 3 nəfər polis əməkdaşı da olmuşdur. 07 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən protokol tərtib edilməklə, RPŞ-nin PPXT-nin polis nəfərləri Fuad Quliyev, Emil Bağırov, Elgün Muradov və İB-nin müstəntiqi Şahin Rzayevlə birlikdə əməliyyat qrupu yaradılıb, RPŞ-nin rəisinə məruzə olunmuşdur. Bundan sonra, həmin gün, saat 22:00 radələrində Siyəzən şəhərinin İ.Qayıbov küçəsində xidmət apararkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onlar hərəkətə keçmiş, həmin ərəfədə Təqsirləndirilən şəxs şəhərin S.Xeyrullayev küçəsində hərəkətdə olduğunu görüb, ona yaxınlaşmaqla, özlərini təqdim etmiş, həmçinin Turala onlarla birlikdə RPŞ-yə getməli olduğunu bildirdikdə, Tural buna etiraz etməyib, onlarla birgə RPŞ-yə getmiş, habelə orada növbətçi hissədə müstəntiq Şahin Rzayev tərəfindən hüquq və vəzifələri izah olunmuş Təqsirləndirilən şəxs özünün də razılığı əsasında müdafiəçi kimi vəkil Müdafiəçi təqdim edilmişdir. Bundan sonra, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilmiş, habelə sonuncunun şalvarının sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret folqasında heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra, bükülü onun tərəfindən açılmış, həmçinin sorğu əsasında Təqsirləndirilən şəxs içəridəkinin “kokos”, yəni heroin olduğunu bildirmişdir. Bundan sonra, aşkar edilmiş kütlə boş zərfə qoyularaq, müvafiq qaydada qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs özü, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir formada qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 35-36-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 6/6949 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi, “...(imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,456 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,406 qram təşkil etmişdir. Cinayət işinin 34-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 Ekspert komissiyası tərəfindən 09 dekabr 2022-ci il tarixdə verilmiş 7498 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 25-26-cı vərəqələrində olan 07 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 07 dekabr 2022-ci il tarixdə, saat 22:51-dən saat 23:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində Siyəzən RPŞ-nin növbətçi hissəsində keçirilən şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret folqası bükülüsündə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Nikon” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-69-cu və 111-117-ci vərəqələrində olan müvafiq olaraq 09 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanımaq və 27 fevral 2023-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,406 qram çəkidə narkotik vasitə heroin kütləsi maddi sübut kimi tanınmaqla, saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 07 dekabr 2022-ci il tarixdə, saat 22:51-dən 23:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk də maddi sübut kimi tanınaraq, cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 79-cu vərəqəsindəki Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən 26 dekabr 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən, işin 104-107-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(059)-89/2022 saylı hökmünün surətindən, eləcə də iş materiallarına əlavə olunmuş Siyəzən rayon icra və probasiya şöbəsinin 28 mart 2023-cü il tarixli, 294/2023-64-1 nömrəli məktubundan görünür ki, Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətdə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, habelə Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə Siyəzən rayon icra və probasiya şöbəsində qeydiyyata alınmaqla, onun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmış, həmçinin 22 iyun 2025-ci il tarixdə cəzası başa çatan Təqsirləndirilən şəxs məhkəmənin yuxarıda qeyd olunan hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 01 gününü çəksə də, 28 mart 2023-cü il tarixdə bu cəzanın 02 iİ 02 ay 25 gün hissəsi çəkilməmiş qalmaqdadır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 19-cu vərəqəsində olan 07 dekabr 2022-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 61-62-ci vərəqələrində olan 09 dekabr 2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən, eləcə də iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, himayəsində 03 may 2018-ci il təvəllüdlü İnci adında bir azyaşlı uşağı olan və Siyəzən şəhərinin İ.Qayıbov küçəsindəki 23 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs barəsində Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Siyəzən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadə, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun gənc yaşda olmaqla, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(059)-89/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü hələ qanuni qüvvəsini almamış, yəni 07 dekabr 2022-ci il tarixdə hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən hüquqi mövqeyinə əsaslanarq bir daha qeyd etmək olar ki, hazırkı əmələ münasibətdə Azərbaycan Respublikası CM-in 18-ci maddəsində göstərilən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edərək saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, eləcə də şəxsiyyətini (narkotik vasitələrə meylli olmaqla, ictimai faydalı işlə məşğul olmamasını, son bir il ərzində məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən eyni kateqoriyadan olan cinayət əməlinin törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, əvvəlki məhkəmə hökmü ilə ona təyin edilmiş cəzaya əsasən cəmiyyətdən tam təcrid edilməməsinə baxmayaraq, məhkəmənin humanist mövqeyinə zidd hərəkət edib, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini), beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, pis vərdişi səbəbindən ailə üzvlərinə, o cümlədən himayəsindəki azyaşlı uşağın tərbiyəsinə mənfi təsir göstərməsini, bununla belə, barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 1/3 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinin İİ və İV hissələrinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Bu Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Məhkəmə hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(059)-89/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmalı və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən toplamaqla, o, qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 28 mart 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci və 346.1.19-cu maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,406 qram təşkil edən narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 07 dekabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 55 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Siyəzən Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 1(059)-89/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 02 (iki) ay 25 (iyirmi beş) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü, təyin olunan azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablansın və azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 28 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,406 qram təşkil edən narkotik vasitə heroin kütləsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 07 dekabr 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 1 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 55 (əlli beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar