Məhkəmə qərarları › İş №1(059)-23/2024

Siyəzən Rayon Məhkəməsi Hökm — İş №1(059)-23/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Siyəzən Rayonu İş № 1(059)-23/2024 11.06.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 11 iyun 2024-cü il tarixdə, Siyəzən şəhərində, Siyəzən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında 23 avqust 1988-ci il tarixdə Şabran rayonunun Zarat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 1(060)-19/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, üzərində məhkumluğu olan, Siyəzən rayonunun Zarat kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1,741 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 02 fevral 2024-cü il tarixdə, saat 12:00 radələrində Siyəzən rayonunun Zarat kəndində yaşadığı evin qarşısında Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-nin NH-də üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin cibindən 01 ədəd kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,695 qram və 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,046 qram olmaqla, ümumi təmiz çəkisi 1,741 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 480 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış və 13 fevral 2024-cü il tarixdə, saat 16:45 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində yaşadığı evin yaxınlığında Siyəzən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq, gətirildiyi RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əynində olan tünd qara rəngli qolsuz gödəkcənin sağ iç hissəsindən 1 ədəd sarı rəngli, şəffaf sellofan torbanın içərisində aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməməklə, ifadəsində göstərdi ki, o, Siyəzən rayonun Zarat kəndində mərhum valideynlərinə məxsus evdə tək yaşayır, habelə 2-3 il olar narkotik vasitə heroindən istifadə edir. Bundan başqa, 02 fevral 2024-cü il tarixdə, təxminən saat 11:00-30 radələrində yaşadığı evdən həmkəndlisi olmaqla, hazırda Siyəzən Rayon Məhkəməsinin icraatında barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi olan X6 ilə birlikdə çıxarkən Siyəzən RPŞ-nin əməkdaşı X7 qoluna qandal bağlamış, habelə sonra, Siyəzən RPŞ-nin ƏİÜ rəisi müavini X4 və CAB-nin rəisi X1 evinin həyətyani sahəsinin kənarında olduqlarını görmüşdür. Bundan sonra, adlarını qeyd etdiyi polis əməkdaşları yaşadığı evə daxil olmaqla, evə baxış keçirməyə başlamış və bu zaman Fikrət Məstəliyev evdə olan kibrit qutusunda narkotik vasitə aşkar etdiyini bildirsə də, aşkar edilmiş narkotik vasitə sayılan heroin ona məxsus olmamaqla, Fikrət Məstəliyev tərəfindən ora yerləşdirilmiş, yaşadığı evdə narkotik vasitə olmadığını qeyd etmiş, şəxsinə qarşı haqsızlıq edildiyi üçün özünə xəsarət yetirmişdir. Həmin vaxt, Fikrət Məstəliyev ona narkomaniya xəstəliyindən müalicə olunması üçün müalicə mərkəzinə göndərilməsini təklif edib, bunu hakimdən də xahiş edəcəyini qeyd etmişdir. Daha sonra, adlarını qeyd etdiyi polis əməkdaşları tərəfindən Şahin Qasımov ilə birlikdə “Chevrolet Niva” markalı avtomobil ilə Siyəzən RPŞ-yə gətirilmişdir. Orada, Rövşən Cəlilov, Fikrət Məstəliyev, Qorxmaz Sultanov və adlarını bilmədiyi əməliyyat müvəkkilləri ayaqlarına, ayaqlarının altına və demək olar ki, üz nahiyəsindən başqa hər yerinə dəyənək və ayaqları ilə zərbələr endirmişlər. Eyni zamanda, ağrıları olduğu üçün ona verilmiş narkotik vasitədən istifadə etmiş, habelə həmin vasitənin təsiri altında olduğundan üzərində videoçəkiliş vasitəsi ilə keçirilmiş şəxsi axtarışı və sənədlərə imza etməsini xatırlamır. Bununla yanaşı, ilk dəfə saxlanılarkən, iki gün RPŞ-nin MSY-də saxlanıldıqdan sonra, sərbəst buraxılsa da, döyülməsi ilə bağlı həkimə müraciət etməmişdir. Bundan başqa, 13 fevral 2024-cü il tarixdə, saat 15:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində yaşayan bacısının evinin yaxınlığında həmin rayonun polis əməkdaşları tərəfindən saxlanılaraq, Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və Şahid1 təhvil verilmiş, habelə sonuncular tərəfindən Siyəzən RPŞ-yə gətirilmişdir. Bu dəfə RPŞ-də Şahid2, Əbdülkərimov Məmmədov və Rövşən Cəlilov tərəfindən döyülmüş, habelə sonuncu sellofan torbada olan narkotik vasitənin ona məxsus olmasını bildirməsini istəyib, bu vasitəyə görə də, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılacağını və narkomaniya xəstəliyindən müalicə olunması üçün müalicə mərkəzinə göndəriləcəyini qeyd etmişdir. Belə ki, həmin vaxt əynində olan gödəkcənin sağ cibinə Şahid2 tərəfindən yerləşdirilən narkotik vasitə qurudulmuş marixuananın həcmi böyük olduğu üçün cibinə çətinliklə yerləşmişdir. Həmçinin, Siyəzən RPŞ-nin MSY-də saxlanılarkən özünə xəsarət yetirmiş, habelə barəsində həbs qətimkan tədbiri seçilməklə, 3 saylı İstintaq Təcridxanasına göndəriləndən təxminən 2-3 gün sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və aidiyyəti üzrə prokurorluğa şikayət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də ƏİÜ rəis müavini X10, CAB-ın rəisi X3 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün məhkəməyədək istintaq dövründə ittihamı qəbul etməsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, Siyəzən rayonu Zarat kəndində yaşamaqla, 2-3 il olar narkotik vasitə heroindən “kakosdan” istifadə edir. 02 fevral 2024-cü il tarixdə, saat təxminən 11:00 radələrində mağazadan siqaret almaq üçün yaşadığı evdən çıxmış, bu zaman elə həmin küçədə, yerə baxdığında içərisində sellofan paketdə və gümüşü rəngli kağızda narkotik vasitə heroin və 01 ədəd şüşə flakon olan kibrit qutusu olduğunu görüb, istifadə etmək üçün cibinə yerləşdirmişdir. Bundan sonra, mağazadan siqaret almaqla, bir qədər yaşadığı məhəllədə vaxt keçirib, yaşadığı evə tərəf gedərkən ona yaxınlaşmış polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada ona hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş verilmiş, habelə üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmışdır. Bundan sonra, Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman təklif əsasında əyində olan qolsuz, qara rəngli gödəkcənin sol cibindən baxış keçirilərkən içərisində bir ədəd kəsilmiş flakon, bir ədəd şəffaf və kiçik ölçülü, bir ədəd gümüşü rəngli bükülülərdə narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd kibrit qutusunu təqdim etmiş, habelə təqdim edilmiş predmetlər kibrit qutusunda bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq, qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, əlavə qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa bildirmişdir ki, o, təxminən 3-4 ildir el arasında nəşə kimi tanınan marixuanadan da, ara-sıra istifadə edir. 13 fevral 2024-cü il tarixdə, saat təxminən 15:00 radələrində işsiz olduğu üçün evdə ürəyi sıxıldığından yaşadığı evdən çıxaraq kənd ərazisində gəzməyə başlamış, habelə kənddə su kanalının yanından keçərkən baxdığında içərisində narkotik vasitə qurudulmuş marixuana olan sarı rəngli sellofan paket diqqətini cəlb etdiyindən, həmin narkotik vasitəni hissə-hissə istifadə etmək üçün paketi qolsuz gödəkcəsinin zəncirbəndini açaraq sağ iç tərəfinə yerləşdirmişdir. Bundan sonra, yaşadığı ev istiqamətində bir qədər hərəkət etməyə başlamış, habelə həmin tarixdə, saat 16:45 radələrində ona yaxınlaşmış polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün rayon Polis Şöbəsinə dəvət edilmişdir. Orada ona hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş verilmiş, habelə üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmışdır. Bundan sonra, Müdafiəçi iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman təklif əsasında qolsuz, əynində olan qara rəngli gödəkcənin sağ iç hissəsindən içərisində yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki kütlələri olan 01 ədəd sarı rəngli şəffaf sellofan paketi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Siyəzən rayonunun Zarat kəndində yaşayan Təqsirləndirilən şəxs hadisədən öncə tanımamışdır. 02 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən müvafiq raport yazılmaqla, əməliyyat axtarış tədbirinin keçirilməsi üçün şöbə rəhbərliyindən icazə alınmış, habelə həmin tarixdə, saat təxminən 12:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında onun və PPXT-nın polis nəfər Vasif Səfərov tərəfindən saxlanılmaqla, Siyəzən RPŞ-yə dəvət edilmişdir. RPŞ-də müstəntiq Şahid Lətifov tərəfindən Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, sonuncu təklif əsasında əynində olan qolsuz gödəkcənin sol cibindən içərisində bir ədəd kəsilmiş flakon, bir ədəd şəffaf və bir ədəd gümüşü rəngli bükülülərdə narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd kibrit qutusunu təqdim etmiş, habelə aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılmışdır. Bundan başqa, 13 fevral 2024-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs onun və RPŞ-nin CAB-nin əməliyyat müvəkkilli Şahid1 tərəfindən Siyəzən RPŞ-yə gətirilmişdir. RPŞ-də bu dəfə də, müstəntiq Şahid Lətifov tərəfindən Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, sonuncu təklif əsasında əynində olan gödəkcəsinin iç tərəfində saxladığı içərisində təxminən 200-300 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sarı rəngli sellofan paketi könüllü təqdim etmiş, habelə bu vasitə də, müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Siyəzən rayonunun Zarat kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs qarşı düşmənçilik və ədavəti olmamışdır. 13 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və gəzdirməsi barədə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən müvafiq raport yazılmaqla, əməliyyat axtarış tədbirinin keçirilməsi üçün şöbə rəhbərliyindən icazə alınmış, habelə həmin tarixdə, saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs Siyəzən rayonunun Zarat kəndində, yaşadığı evin yaxınlığında onun və RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkilli Şahid2 tərəfindən saxlanılmaqla, Siyəzən RPŞ-yə dəvət edilmişdir. RPŞ-də müstəntiq Şahid Lətifov tərəfindən Müdafiəçi iştirakı, eləcə də, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, sonuncu təklif əsasında əynində olan gödəkcəsinin iç tərəfində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sarı rəngli sellofan paketi təqdim etmişdir. Eyni zamanda, təqdim edilmiş sellofan paketin içərisindəki kütləyə baxış keçirildikdən sonra, bu kütlə təqdim edilmiş formada boş zərfdə qablaşdırılmış, habelə zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılarkən və ya sonuncunun üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin ƏİÜ rəis müavini X10 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sonuncu barəsində olan çoxsaylı cinayət və inzibati xəta haqqında işlərdən tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 02 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Şahin Qasımov və Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Siyəzən rayonunun Zarat kəndindəki evinin qarşısında saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilmiş, habelə bu zaman o, Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamaqla, oraya getdikləri xidməti avtomobildə əyləşməklə, gözləmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs könüllü şəkildə onların xidməti avtomobilinə əyləşərək, rayon Polis Şöbəsinə gəlmiş, sonuncu saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Əlavə olaraq qeyd edir ki, dəyənək polis serjantlarına təhkim olunmaqla, sonuncular tərəfindən istifadə olunur. Bundan başqa, 13 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, lakin, həmin tarixdə sonuncu rayon Polis Şöbəsinə gətirilərkən ƏİÜ rəis müavini kimi şöbəyə gətirilən bütün şəxsləri izləmək vəzifəsi olduğundan, onu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin CAB-ın rəisi X3 ifadəsində göstərdi ki, o, təxminən 5-6 ildir Təqsirləndirilən şəxs sonuncu barəsində olan çoxsaylı cinayət və inzibati xəta haqqında işlərdən tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bundan başqa, 02 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı Şahin Qasımov və Təqsirləndirilən şəxs sonuncunun yaşadığı Siyəzən rayonun Zarat kəndindəki evinin qarşısında saxlanılaraq, Siyəzən RPŞ-yə gətirilmiş, habelə bu zaman Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamaqla, evə baxış keçirməmiş və sonuncunun üzərində aşkar edilən kibrit qutusuna narkotik vasitə yerləşdirməmişdir. Bundan əlavə, rayon Polis Şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, sonuncu üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etməklə, əməlini səmimi etiraf etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs saxlanılarkən və ya üzərində şəxsi axtarış keçirilərkən tərəfindən və ya digər polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki təsirə, qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid Siyəzən RPŞ-nin məlumat portalının operatoru X8 ifadəsində göstərdi ki, o, işlədiyi müddət ərzində Təqsirləndirilən şəxs sonuncu barəsində olan çoxsaylı cinayət və inzibati xəta haqqında işlərdən tanısa da, ona qarşı düşmənçilik və ədavəti olmamışdır. Bununla yanaşı, 02 və 13 fevral 2024-cü il tarixlərdə keçirilmiş əməliyyat tədbirlərində yəni, Təqsirləndirilən şəxs saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, həmçinin xidməti vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar ona qandal təhkim edilməmiş və o, bu vasitədən istifadə etməmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2024-cü il tarixli, 3-16-16/2-6/764 saylı ekspert rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №96” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş maddələr...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdə kibrit qutusunun içərisində 1 (bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,695 qram və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,046 qram ümumi təmiz çəkisi 1,741 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd şüşə flakonun içərisində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata 0,07 qram heroin istifadə olunduqdan sonra onun qalıq çəkisi 1,671 qram təşkil etmişdir. Cinayət işinin 111-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 114 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2024-cü il tarixli, 3-16-16/2-7/236 saylı ekspert rəyindən görünür ki, üzərində “1.Sübhəli şəxs.....Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdə 1 (bir) ədəd sarı rəngli, şəffaf sellofan torbada təmiz çəkisi 480,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram marixuana istifadə olunduqdan sonra onun qalıq çəkisi 479,9 qram təşkil etmişdir. Cinayət işinin 33-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 72 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 159-160-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X2 Ekspert komissiyası tərəfindən 23 fevral 2024-cü il tarixdə verilmiş 1233 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-101-ci və 23-24-cü vərəqələrində olan müvafiq olaraq 02 və 13 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokollardan, eləcə də işin müvafiq olaraq 25-ci və 102-ci vərəqələrindəki məhkəmə iclasında tədqiq edilmiş iki ədəd Kompakt diskin yaddaşına köçürülmüş videogörüntüdən görünür ki, 02 fevral 2024-cü il tarixdə, saat 12:34-dən saat 12:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə heroinə bənzər kütlə əynindəki qara rəngli qolsuz gödəkcənin sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan başqa, 13 fevral 2024-cü il tarixdə, saat 17:24-dən saat 17:35-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə əynindəki qara rəngli qolsuz gödəkcənin sağ hissəsinin içərisindən 01 ədəd sarı rəngli şəffaf sellofan paketdə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda, videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş predmetləri sərbəst şəkildə, kənar təsir olmadan təqdim etməsi və bu zaman onda hər hansı bir formada fiziki zorakılığın əlamətlərinin olmadığı vizual müşahidə edilmişdir. Hər iki şəxsi axtarış zamanı “Samsung Galaxy A53 5G” markalı mobil telefon vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 174-182-ci vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 13 mart 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş 13 mart 2024-cü il tarixli ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkiləri 1,671 qram narkotik vasitə heroin və 479,9 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Siyəzən RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilsə də, Təqsirləndirilən şəxs üzərinə 02 və 13 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışların görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Compakt Disklər cinayət işi üzrə maddi sübut kimi tanınmaqla, saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 fevral 2024-cü il tarixli tələbnaməsindən, işin 149-155-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 1(060)-19/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt Şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3cü maddəsi tətbiq edilməklə, qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 iyun 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırkı əmələ münasibətdə üzərində məhkumluğu olan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 92-ci vərəqəsində olan 02 fevral 2024cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131-132-ci vərəqələrində olan 04 fevral 2024-cü il tarixli tutulmuş şəxsin həbsdən azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Siyəzən RPŞnin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 72-73-cü vərəqələrində olan Siyəzən RPŞ-nin İB-nin baş müstəntiqinin 06 mart 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və qətimkan tədbirinə xitam verilməsi haqqına qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək, istintaq ********* nömrə ilə davam etdirilmiş, həmçinin Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə 15 fevral 2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmaqla, sonuncu barəsində ********* nömrəli cinayət işi üzrə 04 fevral 2024-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-58-ci vərəqələrində olan Siyəzən Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 4(059)-5/2024 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin tarixdə 03 (üç) ay həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə edilmiş Siyəzən rayon prokurorluğunun müstəntiqi X5 08 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs RPŞ-nin MSY-də özünə xəsarət yetirməsi, polis əməkdaşları tərəfindən qanunsuz tutulması, döyülməsi faktı ilə bağlı toplanmış 50c-24 nömrəli material üzrə cinayət hadisəsi, eləcə də hər hansı şəxsin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-158-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Siyəzən rayonun Zarat kəndində qeydiyyatda olmaqla yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs haqqında Siyəzən RİHB-nın Zarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir rəsmi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan 11 dəfə artıq miqdarda və qurudulmuş marixuananı isə xeyli miqdardan 96 dəfə artıq miqdarda əldə edib saxlamaqla, daşıma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Həmçinin, Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, eləcə də RPŞnin əməliyyat işləri üzrə rəis müavini X10 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar olaraq müvafiq araşdırma aparılması üçün Siyəzən rayon prokurorluğuna məlumat verilsə də, Siyəzən rayon prokurorluğunun müstəntiqi X5 08 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə onun fiziki təsirə məruz qalması faktı təsdiq olunmamışdır. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Siyəzən RPŞ-də oranın əməkdaşları, eləcə də RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini X10 tərəfindən fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar toplanmış materiallarla, o cümlədən müvafiq ifadələrlə, izahatlarla öz təsdiqini tapmamışdır. Belə olan, halda Təqsirləndirilən şəxs Siyəzən RPŞ-nin əməkdaşları, eləcə də RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Rövşən Cəlilov tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirməsinə münasibətdə qeyd etdiklərinə məhkəmədə daxil inam yaranmamış, habelə həmin fikirlərin öz mənafeyinə uyğun deyilməklə, məsuliyyətdən yayınmaq niyyəti ilə ifadə olunmuş söz və mülahizələrdən ibarət olduğu aşkarlanmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla belə, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən istintaq bölməsinin baş müstəntiqi cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə 13 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham, dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, habelə barəsində CM-nin 234.2-ci maddəsinin tərkibi olmadağından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməsinə razılaşır və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməllərdə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, satış məqsədi ilə olmasa da, üzərində qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdardan 11 dəfə artıq, qurudulmuş marixuananı isə xeyli miqdardan 96 dəfə artıq miqdarda əldə edib saxlamasını, aşkar edilmiş predmetlərin çeşidlərini, cəzasını ağırlaşdıran halların mövcud olmasını, yüngülləşdirən halların isə olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, (opioidlərin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, narkotik vasitələrə meylli olmaqla, ibtidai araşdırma dövründə cəmiyyətdən təcrid edilməməsinə baxmayaraq, ibtidai araşdırma orqanının humanist mövqeyinə zidd hərəkət edib, islah yoluna qədəm qoymayıb, narkotik aludəçisi olaraq eyni hərəkətlərini davam etdirməsini, yeni cinayət törətməyə meylliyini, o cümlədən tərbiyə olunmamasını), o cümlədən sonuncu dəfə mülkiyyət əleyhinə cinayət əməlinin törədilməsinə görə məhkum olunmasına baxmayaraq, islah olunmamasını, tərəfindən eyni kateqoriyadan cinayət əməlinin təkrar qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, bununla da narkotik vasitə aludəçisi kimi hüquq pozuntusuna meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin 5/6 hissəsində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2024-cü il tarixdən 04 fevral 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Siyəzən RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,671 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 479,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar Təqsirləndirilən şəxs üzərində 02 və 13 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Siyəzən RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,671 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 479,9 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana kütlələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs üzərində 02 və 13 fevral 2024-cü il tarixlərində keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 186 (bir yüz səksən altı) manat məbləğində ekspertiza xərci tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar